Yaşamaq eşqi

 

Düz gözümün içinə baxırdı. Gözlərindəki istəyi dipdiri, qayğılı, bir az da məyus halda gördüm. Bu istəklə çoxdanın tanışları olduğumuz üçün məhrəm adamlar kimi baxışırdıq. Halımdan anidən tutuldum qeyri-ixtiyari başımı aşağı dikdim. Ürəyim sudan çıxmış balıq kimi çırpınırdı. "Görəsən, nəsə hiss edib? Yox, hiss edə bilməz, xəbər tutmağı mümkünsüzdür. Münasibətdə heç bir qəribəliyə, şübhəyə yol verməmişəm. Yox, bilmir... Bəs, bilmirsə, gözlərindəki bu qayğı, narahatçılıq nədəndir? Nəsə ürəyim narahatdır. Axı, qadınlar bu məsələdə çox həssas olurlar." Tez baxışlarımı tavanda, sonra qarşımdakı armudu stəkandakı çayda, gilas mürəbbəsində gəzdirib ona, mənimlə masa ətrafında üzbəüz oturan Cəmiləyə zillədim.

Həmin Cəmilə idi, mənə əziz, doğma olan, ömrün otuz beş ilini bir canda yaşadığımız Cəmilə. Saçındakı hənanın rəngi solduğundan alın qulaqətrafı yerlərdə tüklər diqqəti özünə çəkirdi. Xəyallar məni keçmişə sarı dartıb apardı.

Cəmiləni sevib evlənməmişdim. İndiki cavanlar bunu bilməz. Keçmiş illərdə valideynin bəyəndiyi qızla evlənmək məcburiyyətində idin. Başqalarından fərqli olaraq evlənəcəyim qızla heç olmasa, bir-iki dəfə görüşmək istəyim qız evində rəğbətlə qarşılanmasa da, sonda qəbul edildi. Bu səbəbdən Cəmilə ilə iki dəfə şəhərin müxtəlif yerlərində görüşdük, hər dəfəsində görüş dənizkənarı parkda gəzintidən sonra sona çatdı. Elə oradan da taksiyə minib Cəmiləni evlərinə kimi ötürdüm. Allahın insana bəxş etdiyi gözəlliyin hər üçünü: səsi, görkəmi əxlaqı xoşuma gəldi. budur, ömrümüzün dördüncü on ilinə yaxınlaşırıq".

- Ay Qərib, uşaqlardan xəbər?

Cəmilənin qəfil səsi məni xəyallardan ayırdı. Çay dolu stəkanı əlimə götürüb astaca bir-iki qurtum vurdum. "- Uşaqlar, uşaqlar... Bunun dərdi yalnız uşaqlardır. Uşaqlar olandan sonra mən yaddan çıxdım, mən yox oldum bu evdən. İki oğlu, iki qızı böyüdüb ev-eşik sahibi etsək , dərdin-sərin yalnız onlar olub, son bir neçə ildə nəvələrin. Unutdun məni, Cəmilə. Necə yaşadığımı bilmədin".        

- Salamatlıqdır, - könülsüz cavab verdim.

Sevincək səsi eşidildi:

- Dördü ilə , hətta nəvələrlə danışmışam. Yaxşıdılar.

Stəkanı nəlbəkiyə qoydum. Üzünə baxmadan sağ əlimlə sol əlimin biləngini tumarlamağa başladım. Son bir ayda ordakı ağrının məni çox narahat etdiyini Cəmilə bilirdi. "- Nəsildə bir adam saxlamayıb danışmasın. Bütün günü beynində uşaqları, nəvələridir. Mən başıdaşlı qalmışam ortalıqda. Artıq altmışa yaxınlaşıram. Ömrümə qalıb ki? Yetmiş yaşayanı barmaqla göstərirlər. Allah məni təzədən bu dünyaya qaytaracaq ki, yenə yaşayım? Eh... Bax, bir azdan onların istəklərini deyəcək: filan uşağa bu lazımdır, filan nəvəyə o."

- Lap yaxşı, - dedim.

-Yaxşıdılar, , narahat olma, - gülə-gülə sözünə davam etdi. - Aydan qızımız yenə hamilədir, bir-iki günə yeddinci aya keçəcək. Turşudan, duza qoyulmuş meyvədən istədi. Yenə baba olacaqsan, ay Qərib. - Durub çaydandan özünə çay süzüb oturdu dərhal da sözünə davam etdi.

- Gülərin yoldaşı hələ ezamiyyətdən qayıtmayıb. Gərək yağdan, baldan, meyvədən alıb uşaqlar üçün aparaq.

"Doğrudan düz deyiblər ki, evliliyə qədəri şeirlə yazılır, toydan sonra isə nəsrlə. Yəqin ki, nəsr yazmağın daha ağır, daha məşəqqətli olduğunu düşünüblər. Bax, gör necə yana-yana danışır. Bircə kəlmə öz həyatımız, öz istəyimiz barədə söz açmır. Heç elə bil biz mövcud deyilik."

- Aslan dedi ki, altı-bazar uşaqları götürüb bizə gələcək. Gərək yaxşı bazarlıq edəsən.

"İnanmıram, Aslan istəsin, yəqin ki, özü çağırıb. Bu insan rahatlığı bunda görür. Niyə, niyə bizim xanımlar belə olur? Sevgi, məhəbbət uşaq olana, ən yaxşı halda isə nəvə dünyaya gələnəcəndir. Bundan sonra, kişi sən sağ, mən salamat. Özü bu cür yaşamaq istəyir, bəs bəlkə mən bu cür yaşaya bilmirəm. Axı, mən insanam, mən kişiyəm, mənim düşüncələrim, hisslərim, arzu-istəklərim var. Niyə olmasın? Axı, mən öz həyatımı yaşamaq istəyirəm. Bunu niyə anlamırsan, Cəmilə?"

Fikirlərim içim-içalatımı kəsib doğrayırdı. Cəmilənin səsi yenə qulaqlarıma doldu.

- Hünərlə danışanda qızı Cəmilə telefonu güclə atasından aldı. - Sevincdən səsi işıq saçırdı. - Bilirsən, dedi? Dedi ki, iki günə on yaşım tamam olacaq. Sən , baba da mənim hədiyyəmi gətirməlisiz. Dedim ki, bizim canımız da sənə qurbandır.

"Bax, bunu düz demisən. Onsuz da biz valideynlər övladlara qurban gedirik. Biri mən, bu ayın proqramı artıq hazır bu illərlə davam edir. Gərək maşınla ev-ev gəzək ki, uşaqların, nəvələrin könlü şad olsun. Məgər mən elə bunun üçünmü lazımam? Eh, ay Cəmilə, özün yaşayırsan, məni yaşamağa qoyursan."

Cəmilənin şaqraq gülüşündən otaqdakı termonun şüşələri cingildədi:

- Gərək o şeytan üçün yaxşı hədiyyə alaq. Gələn ayın əvvəlində böyük nəvəmiz Muradın ad günüdür. Atası da burda yoxdur. Onun üçün babat hədiyyə almalıyıq, - deyib gözlərimə zilləndi. Başıaşağı halda mızıldandım:

- İnşəAllah.

Saata baxdım, altıya beş dəqiqə qalırdı. Payızin üçüncü ayı başladığından günlər tamam qısalmışdı. Bir tərəfdən bu mənim işimə yarayırdı. Səbəbi isə mənə çox əziz, çox doğma idi. Son iki ildə tanış olduğum, son iki ayda isə daha çox yaxın olduğum, həyatı mənim üçün zinətləndirən, mənə sevdirən Ülkərimlə bağlı idi. Bir həftə əvvəl ilk dəfə onu öpdüm. İlahi, mən necə xoşbəxt idim. Bu yaşda kişiyəm, öpüş vaxtı bütün bədənimi əsməcə tutmuşdu. Tir-tir əsirdim. Yaxşı ki, utanmağıma imkan vermədi. Aramızda müəyyən yaş fərqi olsa da, onu sezdirməməyə çalışıb, hətta bunun təbii bir hiss olduğunu deməklə dünyanın sevincini mənə yaşatdığının fərqinə, yəqin ki, özü varmadı.

Qeyri-iradi əlim pencəyimin döş cibinə girdi, mobil telefonu çıxardıb votsap yazışmalarına baxdım. Ülkəri axtardım. "Əzizim, saat 7-də həmin yerə gələrəm".

Cəmilənin: "- Ay Qərib" - səsinə əməlli diksindim. Baxışlarımız anidən toqquşdu. Hiss etdim ki, gözlərimdəki nigarançılığı gizlədə bilmədim, istəsəm , bacarmadım. Qadın həssaslığı dərhal göründü.

- olub sənə, niyə bikefsən?

- Heç.

Diqqətlə məni süzdü. Yenə başımı aşağı dikdim. "- deyim, ay Cəmilə? Deyim ki, bu hala düşməyimdə günahkar sənsən? Deyim ki, mən bu cür yaşaya bilmirəm, mən qadın nəvazişi, qadın sığalı istəyirəm. Mən qadını sinəmə sıxıb doyunca öpmək, onu sevmək, onu oxşamaq, onu əzizləmək istəyirəm? Axı, sevgi hissi yaşa deyil, ruha bağlıdır?!"

- Əzizim, özünü darıxdırma. Uşaqlara bir az dəstək lazımdır, sonra hər şey yaxşı olacaq. Bu dəqiqə sənin üçün yemək hazırlayıb gətirirəm. Bilirəm ki, acsan, - deyib cəld ayağa durdu, mətbəxə tərəf addımladı.

 

"- Dəstək qurtaran deyil, Cəmilə. Bir azdan nəvələrə, yaşayası olsaq, nəticələrə lazım olacaq. bir son nəfəsimizdə, bu dünya ilə vidalaşanda olub-keçənlərə peşman olarıq. Onda da çox gec olacaq. Bəlkə qismətim belədir, bilmirəm. Amma onu bilirəm ki, kimsə məni gözləyir, məndən çox darıxır, məndən çox intizar çəkir. Onun da bəxti bəd gətirib, bir qız uşağı ilə taleyin ümidinə qalıb. Onu yaşatmaqla bəlkə Allah günahlarımdan keçər. Bu qadın, sanki həyatımın boş qalmış xanalarını doldurdu. Hər gün, hər saat məni sonsuz sevgi ilə gözləyir, lap elə "qara paltarlı qadın" olsa da. Bağışla məni, Cəmilə, mən getməliyəm. Ülkərimlə öz dünyamızda bir-iki saat da olsa, yaşamaq üçün getməliyəm."

- Gör, sənin üçün ləzzətli yemək gətirmişəm. Ye, çayını da verim, bir az rahatlan.

- İştaham yoxdur.

Özümdən asılı olmayaraq bu iki kəlmə söz içimi-içalatımı yandırdı, hətta kövrəldim . Bacarıb tez üzümü kənara çəkdim. Əslində son iki ayda bunaoxşar halımı Cəmilə bir-iki dəfə görmüşdü. Düzdü, dirəşib səbəbini soruşmamışdı, amma qadınlarda olan güclü hissiyyata əsaslansam, mənimlə nəsə baş verdiyini duymuş olardı. Üzümə vurmamışdı. Qərarım bu idi ki, əgər soruşsa, hər şeyi danışım. İstər kişilərin, istərsə qadınların evdən uzaqlaşmalarının səbəbkarı əks tərəfin olduğunu deyərdim. Heç kim bunu dana bilməz. Bu olmadı mən bu sözləri Cəmiləyə demədim. Desəydim, olacaqdı, bilmirəm, hər halda qanıqaraçılıq sözsüz idi. Bəlkə elə bu cür davam etməyi yaxşıdı. Bilmirəm... Tamam gicəlib qalmışam.

Cəmilə stulu yanıma çəkdi. Sol əlimin ağrıyan yerini sığallamağa başladı. Həmin vaxtı ürəyimin ağrısı qat-qat çox idi. Cəmilənin kövrək səsi başımdan girib, ayaqlarımdan çıxırdı.

- Qərib, əzizim, niyə darıxırsan? Şükür Allaha, hər işimiz qaydasındadır. Doğrudur, uşaqlara, nəvələrə görə bir az narahatçılığımız var, o da düzələcək. Mən yazıq neyləyim?

Cəmilənin son cümləsindən elə qəhərləndim ki, sanki bu dəqiqə ürəyim ağzımdan çıxacaqdı. Gözlərimin yaşardığını açıq-aşkar gördü, özü doluxsunmuşdu.

- Əzizim, bilirəm ki, səhhətində xırda-para problemlərin var, darıxma, keçib gedər. Sənin üçün hər şeyin yaxşı olmasını istəyirəm. dərdin var, mənə de, bir çarə qılaq.

"- deyim, necə deyim, Cəmilə? Ürəyi yerindən çıxarıb sənə göstərə bilmirəm axı? Mən miras qalmış adətləri, ənənələri qəbul edə bilmirəm. Mən insan kimi öz həyatımı yaşamaq istəyirəm. Niyə Allahın bəxş etdiyi o müqəddəs hisslərimi gizlədim, onları yaşaya bilməyim? Niyə axı, niyə? İnan mənə, Ülkərdən sonra bu həyatı daha çox sevməyə başladım. Bunu axı sənə necə deyim? Halımı görmürsənmi? Görmürsən ki, içimdə yanıb kül oluram?"

Beynimdən püskürən bu fikirlərdən hövlnak ayağa durub pəncərə önünə keçdim. Cəmilənin səsindən bütün bədənim gizildədi.

- Əzizim, bəlkə çölə çıxıb havanı dəyişəsən? Bir az gəz, dolan, dostlarınla görüş, özünə gəl, qayıt evə.

Cəmiləyə sarı döndüm. Gözlərindəki iztirab, kədər bir anlıq qanımı dondurdu. Amma mən getməli idim.

- Yaxşı, gedirəm. Bir azdan qayıdaram.

Ülkərimlə görüşə dəqiqələr qalırdı.

 

Qafar Cəfərli

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 46.