Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı
(Əvvəli ötən saylarımızda)
İyirminci altıncı
beytin şərhi:
onu səslədi
Şah belə yalvarıb sızlarkən,
Qeybdən hatif (mələk)
onu səslədi.
Bəhramın duası bitdi, duada bunlar var idi: Allahı tanıma, Ona iman, təslimiyyət, mərhəmət,
səmimiyyət, insanın
acizliyi, məsuliyyət,
yalvarış, bağışlanma
istəyi, ümid.
Məsnəvinin süjet xətti
yeni mərhələyə keçir - Bəhramın
duasına qarşılıq
verilir, Nizami onun duasının niyə qəbul olunduğunu açıqlayır,
hansı dua qəbul olunar sualına cavab verir, uyğun bədii vasitələr seçir:
- Bu məqamda "şah" sözünə
yer verir, o, şahdır, ancaq fərqlidir, sadə, təvazökar, mərhəmətli,
Allahı tanıyan, məsuliyyətli, yerini/həddini bilən, acizliyini qavrayan, dövləti, şahlığı
xalqın xidmətçisi
sayan, dua edən şahdır;
- Nizami şahın
halını ifadə
edən "təzərro"
sözünə yer verir, bu söz
ərəbcədir, "yalvarış",
"itaət" mənaları
var, içində səmimiyyət
daşıyır, inanaraq
Allaha yönəlmədir,
öz acizliyini, Allahın gücünü,
mərhəmətinin sınırsızlığını
anlayaraq Ondan yardım istəməkdir;
- "Təzərro"
sözünü "uyğunlaşdırmaq"/"hazırlamaq" feilinə
bağlayır ("saxtən"
feilinin kökü olan "saz" biçimində), köklənmək
mənası yükləyir,
yəni səmimiyyətə
kökləndi, içi
ilə çölü,
düşüncəsi, duyğusu
ilə sözü, əməli uyğunlaşdı,
üst-üstə düşdü,
ahəng, hüzur ortaya çıxdı - səmimiyyət ahəngdir,
insanın fitri halıdır, elə buna görə də duanın qəbul şərtdir;
- Nizami şahın
"təzərro" / yalvarış-uyğunluq
- səmimiyyət halını
dərinləşdirir, onu
beytin açar sözünə çevirir,
bu məqsədlə iki vasitə seçir: a) "olmaq"
feilinə yer verir, bu feil
əməli ifadə edir - mərhəmət, səmimiyyət söz deyil, işdir, saleh əməldir, yalvarış sözlə
gerçəkləşsə də, bir duruşdur
- şah elə ki, o
zaman ki oldu; b) "çenin
/ çonin təzərro"
- belə, bu cür, bu biçimdə
- o, sıradan bir yalvarış deyil, şahın bütün varlığı ilə Allaha yönəlməsidir,
səmimiyyətə, fitrətə
köklənmədir - şah
elə bir biçimdə yalvardı
ki, o dərəcədə səmimi oldu ki... Nizami "yalvarmaq" sözünə tərif verir: yalvarmaq Allahdan inanaraq istəməkdir;
- Allaha bu
səmimi yönəlişin
nəticəsi nə oldu? Qapı açıldı, duanın
qəbulunun işarəsi
gəldi, səs biçimində ortaya çıxdı. Nizami bu məqamda "hatif" sözünə
yer verir, sonuna müəyyənlik əlaməti artırır,
o hatif, bilinən, müjdə verən hatif, ya da o qaynağı bilinməyən
hatif. Qeyd edim ki, tərcümədə
hatifin mələk olduğu bildirilir. Hatif mələk deyil, bu söz
ərəbcədir, irfana
bağlı anlayışdır,
gizli gələn, insanın içinə doğan səsdir, haqqa dəvət edir, müjdə verir, ona qeybdən
xəbər gətirən
mələk anlamı
da yükləyirlər;
- Nizami deyir
ki, o səs (şahın)
içindən, içdən
("əz dərun")
eşidildi, sonra o səsi tanıdır, bu məqsədlə "avaz" sözünü seçir, o, sıradan bir səs deyildi,
nəğmə kimi, ahəngli, hüzur verən səs idi, müjdə gətirmişdi: o səs avaz biçimində ona - şaha səsləndi, müjdə
verdi;
- Nizaminin ölçüsü budur:
mərhəmət, səmimiyyət,
saleh əməl duanın qəbulunun, bağışlanmanın yolunu
açar;
İyirminci yeddinci
beytin şərhi:
bəlanı uzaqlaşdırdı
Sən xeyirxah olduğun üçün
Tanrı,
Bəlanı sənin şahlığından
iraq etdi.
Nizami iç səsin
- hatifin xəbər verdiyi müjdəni təqdim edir, mərhəmətli olmağın
ilahi qarşılığı
nədir sualına cavab verir:
- Mərhəmətin,
mərhəmətli şahın,
sosial dövlətin nə qədər böyük nemətlər,
olduğunu göstərmək
üçün şair
onların qarşılığı
olan ilahi müjdəni ayrıca mərasimlə tanıdır:
özəl vaxt seçir, o iç səs dua anında
- şah Allahla ünsiyyətdə olduğu
zaman dilimində onun içinə doğulur, şah bütün varlığı ilə Allaha təslim olmuşdur, yalvarış
halındadır - o, səsi
də bu halı yaşayarkən eşidir, Nizami iç səsinə "avaz" deyir, o, hüzur verən səsdir, səsin tonu deyir ki, müjdə var - Allah duanı
qəbul etmişdir, ey şah;
- Misra "ke" / "ki" bağlayıcısı
ilə başlayır,
bu işləri yerinə yetirir: iki misranı bir-birinə bağlayır,
bir də iç səsin müjdəni açıqlaması
üçün imkan
formalaşdırır;
- İç səs Bəhrama səslənir, Yəzdan deyir, Bəhram atəşpərəstdir, onlar
Allaha Yəzdan deyirlər, Nizami də onların anlayışına uyğun
söz seçir - yəni müjdə Allahdandır;
- İç səs Bəhrama Yəzdan səni bağışladı demir
- Allah onun günahsız
olduğunu bilir, o, müjdənin - böyük
mükafatın səbəbini
açıqlamaq üçün
"nikrəy" sözünü
seçir, ona gözəl niyyət anlamı yükləyir:
Allah sənin gözəl
niyyətini, xoş məramını bilir, sən xalqını xilas etmək üçün çalışdın;
- Sən gözəl niyyətli olduğun, içində,
əməlində mərhəmət
daşıdığın üçün - böyük
müjdənin səbəbi
budur;
- İç səs Bəhramı mərkəzə qoyur, önə çıxarır,
bu məqsədlə
"sən" deyir,
bu əvəzliyi iki dəfə işlədir, rədif mövqeyinə yerləşdirir,
üstəlik, ona
"üçün" qoşması
("bəhr") artırır:
"sənin üçün",
"sənə görə"
- sənin gözəl
niyyətin, mərhəmətin
bu müjdəyə yol açdı;
- İç səs müjdənin - böyük mükafatların
səbəbini açıqladı,
indi birinci mükafatı tanıdır:
Nizami "fətrət"
sözünü seçir,
bu sözün "zəiflik", "süstlük"
mənalarını önə
çıxarır (tərcümədə
"bəla" kimi verilmişdir), dörd il davam edən quraqlıq qıtlığa,
o da yoxsulluğa yol açdı, yəni qıtlıq hərəkətsizlik,
inkişafın dayanması,
yorğunluq, bezginlik, insanların, ölkənin
zəifləməsidir;
- Allah bu zəifliyi, hərəkətsizliyi,
yorğunluğu apardı,
uzaqlaşdırdı - bu,
qıtlıq dönəmi
bitdi müjdəsidir,
mərhəmət qıtlıq
fəlakətini məğlub
etdi, inkişafın, rifahın, ümidin yolu açıldı;
- İç səs Bəhramın mərhəmətinin dəyərini
ifadə etmək üçün bir vasitə də seçir, deyir ki, Allah sənin padşahlığından
- İran imperatorluğundan qıtlığı, zəifliyi,
hərəkətsizliyi qaldırdı.
Bir insanın - şahın
mərhəməti bütün
ölkənin qurtuluşuna
səbəb oldu - Allahın mərhəmətə,
mərhəmətli şaha,
sosial dövlətə
verdiyi dəyər, mükafat budur, məkanın böyüklüyü
mərhəmətin böyüklüyünü
ifadə edir, mərhəmət dünyanı
xilas edər;
- Beyt deyir
ki, öncə insan addım atmalıdır: sən mərhəmətli
ol ki, Allah da mərhəmət
yağışı yağdırsın;
İyirminci səkkizinci beytin
şərhi:
razı olmadığın üçün...
Sən sevinc içində
bu dörd ildə,
Aclıqdan baş vermiş
bir ölümə razı olmadığın
üçün...
İç səs Allahın müjdələrini
bu sıralama ilə açıqlayır:
müjdənin səbəbini
göstərir, bu
zaman Bəhramın mərhəmətini
önə çıxarır,
onu mərkəzə yerləşdirir, öncə
insan addım atmalıdır mesajı verir. Səbəb nə idi? Bəhramın
gözəl niyyəti
var idi, xalqını qıtlıq fəlakətindən
qurtarmaq istəyirdi, işini də bu hədəfə uyğun qurdu. Sonra nəticə gəlir, bu gözəl niyyətə Allahın qarşılığı nə
oldu? Bütün ölkədə qıtlıq
bitmişdir müjdəsi
gəldi.
Bu beytdə də öncə müjdənin - böyük
mükafatın səbəbi
açıqlanır, Bəhram
nə etdi ki, Allah onu müjdələdi sualına cavab verilir, səbəb-nəticə
bağı göstərilir.
Nizami uyğun vasitələr seçir:
- "Çon", bu söz mətndə
səbəb mənası
qazanır - özəl,
çətin, çox
sıxıntılı bir
zamanı ifadə edir;
- "Sən", Nizami Bəhramı, onun mərhəmətini, sosial dövlətini mərkəzə yerləşdirir,
bu məqsədlə iki beytdə dörd dəfə "sən" deyir (üçü "sən",
biri şəxs sonluğu biçimində);
- O özəl, sıxıntılı, Bəhramın
mərhəmətini, xalq/insan sevgisini ortaya çıxaran zaman dilimi hansıdır? Dörd ildir, bir gün, iki
gün, bir il deyil, düz dörd ildir - quraqlıq, qıtlıq, aclıq, yoxsulluq illəridir, sıxıntılı
zamanın çoxluğu,
özəl vurğulanması
bu məsələlərin
ifadəsinə yol açır: a) Bəhramın
insanlığını ortaya
qoyur; b) mərhəmətin
dəyərini göstərir
- xalqı xilas edən mərhəmətdir;
c) ilahi mükafatın
böyüklüyünə yol açır - əmək böyük olanda mükafat da böyük olur; d) Bəhrama hüzur verir - Allah sənin o qorxunc dörd ildə nələr çəkdiyini bilir, əməyinə dəyər
verir;
- "Xorsəndi"
- "şadlıq", "sevinc", "razılıq"
- ilahi müjdənin səbəbi odur ki, sən bu ağır
dörd ildə xalqı qıtlığın
əlindən qurtarmağının
sevincini deyil, o bir insanın ölümünün üzüntüsünü
önə çıxartdın,
ona kökləndin, məhz buna görə Allaha dua etdin,
belə demədin: bütün xalqı qurtardım, bir insan da öldü, nə edə bilərdim ki? Bəhram altı beytlik duasının heç bir yerində gördüyü işləri
saymamış, bütün
duanı o bir insanın ölümü
üzərində qurmuşdur;
- İç səs də müjdənin səbəbini
açıqlayarkən o bir
insanın ölümünü
yada salır: "ölmüş
bir insanı"
("mordei ra"), Allahın
müjdəsinin ana səbəbi
xalqı qurtarmağın
deyil, o bir insanın ölümünü
qəbul etməməyindir
- mərhəmətinin, ondan
doğulan məsuliyyətinin
dərəcəsidir - say azlığı
mərhəmətin, ona
verilən mükafatın
böyüklüyünü göstərir;
- İç səs - Allahın mesajını çatdıran
səs o bir insanın ölümünün
səbəbini Bəhrama
bağlamır, onu ittiham etmir, qıtlığa - Bəhramdan
asılı olmayan səbəbə bağlayır,
"ze fağe" - qıtlığın ortaya
çıxardığı yoxsulluqdan deyir, Bəhrama onun ölümündə sənin
günahın yoxdur mesajı verir, təsəlli edir, hüzura qovuşdurur;
- "Bəyənmədin"
/ "qəbul etmədin"
- o bir insanın ölümündə günahın
olmasa da, şaham, o, ölməməli idi dedin, məsuliyyəti üzərinə götürdün,
bu, vicdanın, mərhəmətin göstəricisidir,
səsidir, vicdan diridirsə, səsi gələr, əlaməti
mərhəmət olar,
vicdanının səsini
dinləyənə Allah müjdə
verən səs göndərər;
(Davamı olacaq)
Siracəddin HACI
Ədəbiyyat qəzeti.
- 2024.- 6 aprel, ¹11-12.- S. 42.