Çiçəklərə qoşuldu

 

 

Gözləməkdən çiçəklər saraldı,

 

Bir cığır da açılmadı bəxtimə.

 

Tanrının da heç yadına düşməyib,

 

Özgə yolun qismətiymiş bəxt demə.

 

 

Bu ömürdə yanlış bircə sətir yox,

 

Üsyanamı ünvanlayıb bu adı?

 

Günlərimin çox imiş günüsü,

 

Ögeylik baş qatmaqda ustadı.

 

 

Yır-yığışın vaxt-vədəsi bilinmir,

 

Öz yükünü özü çəkər, eləmi?

 

Çox uzandı bu gileyin axırı,

 

Qapanmışam taleyimə söz kimi.

 

 

Bir taleyə oyun qurmaq hünərmi?

 

Cavab üçün bəzənməyib qış, bahar.

 

Ta üzülmə, bu ah-vaylar hədərdi,

 

Bu boşluqda boş olmayan nəsə var.

 

 

 

Bəsdi, yetər çək-çevirlər fəryadı,

 

Qızıl gülün ətrinə çatar gün.

 

Kəpənəklər çiçəklərə qoşuldu,

 

Arxasınca yel oynadı bir ömrün.

 

 2019

 

 

Vətən kimi

 

 

Böyük şairimiz Musa Yaquba

 

 Çıxar yolumuza gah qış, gah bahar,

 

Nədir aralığa düşən ögeylik?

 

Çox imiş dünyada haçalı yollar,

 

yaxşı hər yola yatan deyilik.

 

 

De, hansı xəbərdi, bu qaçhaqaçda?

 

Göylərdə əyləyir durna köçünü.

 

Küsülü cığırın dolan vaxtıdı,

 

Tutar yetimliyi, dərər içini.

 

 

Fələk qapı açır, örtmür hələ ki,

 

Kimi başa çəkir, kimi ayağa.

 

O tala, o orman sağ olsun təki,

 

Hər əl yetə bilmir söz çıxan dağa.

 

 

Quzeyi üşütməz zirvənin qarı,

 

Yüyən çəkən qalar əldə-ətəkdə.

 

Halalın haqqında tufan qopsa da -

 

Azmaz öz yolunu arı pətəkdə.

 

 

Hələ görüşümüz qalsın sonraya,

 

Baharın oyaqdı qış çilləsində.

 

Sözün qəribliyə düşən yerini,

 

Tapdım Vətən kimi... tapdım səsində...

 

 2011

 

 

İnad

 

Üzümə dayandı axrı bu divar,

 

Dəyişik saldıqca qapı yerini.

 

Azmı müsibətin odunu görmək,

 

Sürgünlü-cəzalı ömür yenimi?

 

 

İşıq axtarıram, gün ki günorta,

 

Zülmətlə əlbirdi şeytan ürəyi.

 

Ancaq gözlərimə öpüb qoyuram,

 

Əlim halallıqla kəsən çörəyi.

 

 

Dağıntı içində bir tale qurmaq,

 

Heç kəsə o qədər gəlməsin asan.

 

Hamı baxıb gülər dərdli adama,

 

Odur ucalıqda fikrini aşan.

 

 

Tanışdı bu dünya ən yad adama,

 

Bilir ki bu gələn yol gözləyəndi.

 

Ağac kölgəsində, arx qırağında,

 

Yuxuya getsə fürsəti, fəndi.

 

 

Bir dediyimi yanlışa yozma...

 

Necədi kədəri daş-qalaq etmək.

 

xoşdu könüldə işıq yandırıb,

 

Ayı salamlayan tərəfə getmək.

 

 2019

 

 

ayrılıqdı belə...

 

 Telejurnalist, dostum

 

Qaraş İsmayılın xatirəsinə

 

 

qara-qorxu xəbər

 

ayrılıqdı, Qaraş?

 

Mən qardaş itirmişdim

 

Əcəl pusqudan çıxıb

 

Səni tapdı, qardaş.

 

Dur, yalanı güldürüb

 

Elan eylə efirdən.

 

Doğra qəhər lentini,

 

Bu qəfil reportaja

 

İnandırma bizi sən.

 

Qızlarının gözündə

 

Qapanan ekranlara,

 

Açılmayan səhərə

 

təhər dözəcəksən?..

 

Zarafatın ürəktək

 

Dostları dindirərdi.

 

Şəhərinə gəlmişəm

 

Zarafat eylə indi.

 

qara-qorxu xəbər

 

ayrılıqdı, Qaraş.

 

Nolar bir məni eşit,

 

Nolar mənə qulaq as.

 

Boşla-boşla sən Allah

 

Ölümlə zarafatı,

 

Belə zarafat olmaz.

 

 2003

 

 

Hara gedək?

 

 Qələm dostum

Məmməd Dəmirçioğluna

 

 

Dostlar, durub hara gedək?

 

Bürkü gəlməsin yaxına.

 

Can qurtaraq qaçhaqaçdan,

 

Təslim olmayaq axına.

 

 

Çox ömürün astarını

 

Görə-görə üzüldüm mən.

 

Siz görüş yeri kimi

 

Əl çəkməyin ümidlərdən.

 

 

Hərdən dəli, tünd şəraba

 

Yer axtaraq bir küncdə biz.

 

Onsuz da ki, qılınclanır

 

Bu körpə, məsum kölgəmiz.

 

 

yaxşı ki azmamışıq

 

Sağlıqların dumanında.

 

Deyən, tamam yanıldılar

 

Sərxoş günlər gümanında.

 

 

Səfərdəyik... yol üstündə,

 

Fikirlidir oğul, uşaq.

 

Ürək tutan sancılarsa,

 

Heyif bizdən deyil uzaq.

 

...Dostlar, durub hara gedək?

 

Bürkü gəlməsin yaxına.

 

Can qurtaraq qaçhaqaçdan,

 

Təslim olmayaq axına.

 

 2011

 

 

Düzlük dəlisi...

 

Gördüyün, görmədiyin,

 

Səbrinə dönmədiyin,

 

Dərdindən ölmədiyin

 

Adam kimdi, ay adam?

 

 

Kölgəsinə daş atıb,

 

Kölgəsində daş yatıb,

 

Günaha batan-batan,

 

Adam kimdi, ay adam?

 

 

Yavan günləri olan,

 

Cavan günləri olan,

 

Avvam günləri olan,

 

Adam kimdi, ay adam?

 

 

Bir vaxt ağız büzdüyün

 

Dəlisiydi düzlüyün,

 

Sinəsini qanadıb,

 

Qəbrinə gül düzdüyün

 

Adam kimdi, ay adam?

 

2019

 

 

Daxma

 

 

Əllər tutmaz daha əldən

 

Əllər getdi, demək əldən

 

Soruş dəlidən, Vəlidən

 

Bura kimin daxmasıdı?

 

 

Dən cücərtməz oğru olan

 

Yurd itirməz oğlu olan,

 

Yalan olan, doğru olan

 

Bura kimin daxmasıdı?

 

 

Divar, divar "qoçaq" divar,

 

Halallıqdan qaçaq divar,

 

Süngü divar, bıçaq divar

 

Bura kimin daxmasıdı?

 

 

Çətin susar incik adam,

 

Olanmadım çik-çik adam.

 

Böyük dərdəm, kiçik adam

 

Daxmam, könül daxmasıdı

 

Sorma kimin daxmasıdı?

 

 

Deyən söz var səndə...

 

 

Kənddən gələnə

 

Xoş xəbərçi deyil şəhər.

 

Bir əlçim buludun,

 

            Arxqırağı yarpızın,

 

Kərəntə ağzının,

 

            Sayğacsız bulağın

 

Bu şəhərdə işi...

 

Yaxşı, yaxşı fikirləş, kişi...

 

Cibini bərk tut

 

Cibgirlər içində

 

nəvənə noğul pulu qalacaq,

 

qarıya, mixək, darçın pulu

 

Ayağını qaçaq qoy, üzüsulu...

 

Çox mərtəbəli evlərin -

 

Mərtəbəli dəvətinə dözə biləcəksənmi?

 

Qapısı gözlüklə açılan

 

Üzünə yox

 

            əlinə baxan şəhərin...

 

Axşamı belə qapanır,

 

Səhəri belə açılır...

 

İstəsən istəməsən .

 

Şəhərdən tez qayıtdın

 

Həmiş baba,

 

            Deyən söz var səndə...

 

 2017

 

 

 Fevralın qar dənəsi

 

 Fevralın qar dənəsi...

 

Saçında donar qalar.

 

Baxışımla əridim...

 

Birdən ölüb gedərəm,

 

Saçlarında qar qalar.

 

 2002

 

 

sən, mən...

 

 

Sənsizlik sitəmini

 

İndi anlamışam mən.

 

Birlikdə olmağı da

 

Qovmamışam içimdən.

 

 

Gözü dolmuş sevdaya

 

Niyə baxdıq belə kəm.

 

Kəşf olunmuş adatək

 

Sevilmək istəmirəm.

 

 

Güzəştli təbəssümün

 

Səni darıxdırır.

 

Bu da həsrət dalğası...

 

Yellənir ağır-ağır.

 

 

Ayrılıq dustağıdı

 

Çoxdandı görüş yeri.

 

sən gəlib çıxırsan,

 

mən dönürəm geri.

 

 2002

 

 

Bitməyən nağıllar

 

 

Biri var, biri yox, bugünkü nağıl...

 

Bir zaman nağılda susan biz idik.

 

İxtiyar var idi göyün əlində,

 

Nağıl tilsimiydi qəribə cütlük.

 

 

Payız buluduna bölündü göylər,

 

Dönmədi sevdamız payız toyuna.

 

Qəfil qəzaların, qəfil sınağı...

 

Bilmədik, bizi çəkdi oyuna.

 

 

İpək baxışlara tikan toxundu,

 

Sındı güzgülər , sındı sular da.

 

Şirin yuxulara doldu qorxular,

 

Diksindi qorxudan o arzular da...

 

 

Nağılda bitmədi nağıl sonu da,

 

Acılar yaşadım yoxluğun qədər.

 

Axır ki, bilmədik, bilməcələrdə

 

Yollar ayrıcına döndü talelər.

 

 2017

 

 

Xəfif ayrılıq,

xəfif təbəssüm

 

Görüşdük... Ayrılaq, bu da axırı,

 

Üz-üzə gəlməyə yoxdu üzümüz.

 

İndi necə susaq, necə danışaq?

 

Xəfif təbəssümdə utanmayaq biz.

 

 

Sındırdı taleyi sınıq gileylər,

 

Bir baxıb gördük ömür tükəndi.

 

Dedi-qodulara ayaq verəndə,

 

Məğlub xatirələr zəhlətökəndi.

 

 

Yoxdu bəhanə , durub söz atıb,

 

Hərdən keçmişi bir salaq yada.

 

Biz ki dava-savaş hökmü deyilik,

 

Barışıq anları uzaq olsa da.

 

 

Yollara baxıram, gözlərim dolur,

 

İçimdə boğulur harayım, ünüm.

 

Bilmirəm, incikmi, necə getmisən?

 

Durur aramızda, ara vurmayan -

 

O xəfif ayrılıq, xəfif təbəssüm...

 

2016

 

 

 

 

İnqilab İSAQ

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 44.