Haqqa doğru gedən yollarda...
"Fəxrəddin
Meydanlı-70" silsiləsindən
Azərbaycan xalqı həmişə
öz istedadlı insanları ilə tanınıb. Hansı sahədə çalışmasından
asılı olmayaraq o
sahədə elmi, istedadı, əməyi, bir şəxsiyyət kimi ictimai-siyasi həyatda imzası, rolu ilə tanınan
vətənimin ziyalıları
daima diqqətimi çəkib.
İllərimin təcrübəsindən görürəm ki, əməklə,
zəhmətlə həyatının,
ömrünün bünövrəsini
qoymuş zəhmət
adamları yaşadığımız
dünyanın sosial ictimai-siyasi, ədəbi-mədəni
həyatında daima diqqəti çəkib.
Şair-publisist Fəxrəddin Meydanlının
imzasını mətbuatdan
tanımışıq. Sonralar
tədbirlərdə, mühüm
ədəbi-mədəni məclislərdə
nəzakəti, insanlığı,
səmimiyyəti ilə
hörmətimizi qazanıb.
Keçən əsrin 70-ci illərindən
bədii yaradıcılığa
başlasa da, o ədəbi
ictimaiyyətə 90-cı illərin
sonlarından qoşulmaqla,
Azərbaycan mətbuatında
"Meydanlı" imzası
ilə yazılarını
çap etdirən Fəxrəddin Meydanlının
"Sevdalı könüllər"
adlı ilk şeirlər
kitabı 2000-ci ildə
işıq üzü
görmüş, daha
sonralar - 2004-cü ildə
"Azərbaycan torpağı
- gözəlliklər diyarı",
2009-cu ildə isə,
"Sevənlər qocalmır"
adlı şeirlər
kitabları, daha sonralar isə, "Musiqimizi yaşadanlar",
"Elmin yollarında"
və "Mükəmməl
adam" kimi kitabları və çoxsaylı publisistik yazıları ədəbi
ictimaiyyətə təqdim
olunmuşdur.
Fəxrəddin ədəbiyyata lirik
şeirləri ilə
gəlib. Elə yaradıcılığında lirik üslubu ilə diqqəti çəkir. Poeziyasında
nəzəri cəlb edən məqamlar var. Özünəməxsus təbii
üslubu olan Fəxrəddinin şeirlərində
milli-mənəvi dəyərlərə
sevgi var. O milli-mənəvi
dəyərlər ona
imkan verir ki, şeirinin mövzusunu seçərkən poetikasında
təşbehlər, bənzətmələr
yaradanda oxucu qəlbinin "sarı simi"inə toxuna bilsin. "Xalıda naxış kimi" şeirini "Ədəbiyyat
qəzeti"ndə oxumuşdum.
Lirik boyalar, xəfif temp, incə, həzin, kövrək hisslərlə lirik qəhrəman "ürəyini
açır."
Ürəyimdə yerin var,
Xalıda naxış kimi.
Gözüm yol çəkər,
axar,
Həsrətli baxış kimi.
Nə yay, payız, qış, bahar,
Əsər xəzri, gilavar.
Misralarım damcılar,
Çiskinli yağış kimi.
Yer verməyək qubara,
Bağlanaq etibara.
Dönək məğrur çinara,
Bitməyək qamış kimi.
Dünya ki var - bizimki,
Ondan niyə bezim ki?!
Başqa hara yozum ki,
Görüşək, tanış kimi.
Təkcə bu lirik şeirdə oxucu qəlbinə həmdəm olan kövrək, səmimi hisslər, bəzən bir bənddə (Ürəyimdə yerin
var, xalıda naxış
kimi. Gözüm yol çəkər, axar, həsrətli baxış kimi), bəzən iki misrada (Dönək məğrur çinara, Bitməyək qamış
kimi; və yaxud; Misralarım damcılar, Çiskinli yağış kimi) ustalıqla ifadə edilir.
"Muncuğu" lirik şeirində hansısa bir yaxın insanını bədnəzərdən qorumaq
istəyir, "Bu boya,
bu buxuna" göz muncuğu əvəzinə "düzüm
bir söz muncuğu" - deyir. Maraqlı bir poetik mənaya yol açır; "düzüm-düzüm" muncuqlar
içində "gözəl
muncuq, gözündü"
- deyir. Poetik cəhətdən yeni, təkrar
olmayan, yeni deyimli bir bənzətməylə
gözlərinin gözəlliyini
daha qabarıq şəkildə tərif
etməyə nail olur.
Son bənddə boy-buxununa
heyran olduğu insanın bütün üz gözəlliklərini
də təsirli şəkildə təsvir
edə bilmişdir.
Keçmək olmaz üzündən,
Bu teldən, bu düzümdən.
Fəxrəddinin sözündən,
Şeirindən üz muncuğu.
Fəxrəddin Meydanlının
lirik şeirlərindəki
yuxarıda qeyd etdiyimiz kimi, özünəməxsus deyim
çalarları, ifadə
gözəllikləri onun
poeziya texnikasına yaxından bələd olduğunu göstərir.
Qələmindən çıxan lirik
şeirlərində yaşadığı
reallıqlar, daxili əhval-ruhiyyəsi, keçirdiyi
müəyyən zaman dönəmindəki
incikliklər, içində
"ipə-sapa" yatıra
bilmədiyi reallıqlar
duyulur və bunları şeirin məzmununa çevirə
bilmək imkanları vardır. Onun "Qınama məni" şeirində bunu asanlıqla görə bilirik, duya bilirik...
Əl at, ulduzlardan "pay
ver" desəm, mən,
Günəşsən, bədirli "ay ver"
desəm, mən,
Dənizdən doymuşam, "çay
ver" desəm, mən,
Qınama məni.
Qısa tellərinə saç
söyləsəm mən,
"Qanad aç, göylərdə
uç" söyləsəm,
mən,
"Bir gün ürəyini aç"
söyləsəm, mən,
Qınama məni.
Azərbaycan yazarları, eləcə
də Fəxrəddin
bir şair, publisist kimi Şuşa həsrətini,
Xocalı qətliamını,
talan olan el-obaların, düşmən
tapdağı altında
qalan dədə-baba məzarlarının həsrətini
yaratdığı ədəbi
əsərlərlə tarixləşdirdi.
Çəkdiyimiz əzablar,
Azərbaycanın dilbər
guşələrindən olan
Şuşanın həsrəti
bütün vətənpərvər
yazarlarımız kimi,
Fəxrəddin Meydanlının
poeziyasında da əsas
mövzulardan biri oldu.
Yanır Cıdır düzü,
solur Xan bağı,
Gözləyir qonağı İsa bulağı,
Turşsuyun üstündən gedib
yığnağı,
Gözləri yollarda qalıb
Şuşanın...
ATƏŞKƏS kimi bir mənasız müqaviləyə nifrət
edir, dövlətinin,
xalqının sülh
yolu ilə torpaqlarının qaytarılmasını
istəyənlərin humanist duyğularına hörmətlə
yanaşır, beynəlxalq
aləmdə aparılan
xarici siyasətimizi dəstəkləyir, amma düşmənin qazanının
altını körükləyən
çirkin niyyətlilərin
əməllərini də
bir ziyalı kimi görür, bir oğul kimi
qeyrəti içini didir, səbrini tükəndirir...
Döyüş ruhumuza ruh qatan Tarixi aprel
döyüşləri, 44 günlük
Vətən müharibəsi
zamanı Azərbaycan
ordusu "Vətənnamə"
adlı tariximizin şərəfli səhifələrini
döyüş meydanında
yazanda, Azərbaycan yazarları qələmi ilə, ruhu ilə o döyüş meydanlarında idi. Dünya siyasi tarixinə müdrik siyasi imkanları ilə adı yazılan, Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandanımız
İlham Əliyevin müdrik
rəhbərliyinin və
rəşadətli ordumuzun
əzminin nəticəsi
olan ZƏFƏR bütün
vətənsevər qələm
əhli kimi, Fəxrəddin Meydanlının
da şeirlərində böyük
ruh yüksəkliyi ilə tərənnüm olunurdu. İşğaldan
azad edilən hər qarış torpaq uğrunda döyüşən oğullarımızın
igidliyini, mənfur düşmənlərin, "qara
yağı"ların işğalı
altında inləyən
Qarabağın nəhayət
ki, azad olunmasını
"Yetişdi Zəfər
günü" misrasıyla
möhürləyir. Qürur
hissiylə:
Ağdamdan, Füzulidən,
Cəbrayıldan keçmişik,
Qubadlı, Zəngilanda düşmənləri
biçmişik.
Neçə kəndə, şəhərə
bayraq taxıb, ötmüşük -
Şuşada düşmənlərə endirdik son zərbəni,
Yetişdi Zəfər günü...
- deyir. Misralarında qazandığımız hər
bir qələbə sorağından vəcdə
gələn şair ürəyinin döyüntüləri
duyulur. Düşmənə
qan udduran vətən oğullarının
hərb meydanında qazandığı qələbələri
Azərbaycan xalqının
şəxsi qələbəsi
kimi tərənnüm
etməkdə haqlı
olan şair Ali Baş Komandanından tutmuş, sadə bir vətəndaşına
kimi bu qələbədə
rolu olan xalqının sülhsevər
bir xalq olduğunu bütün düşmənlərimizə eşitdirir.
Bunun sübutu kimi 30
il ATƏŞKƏS adlı bədnam bir sülh siyasətinin baş tutacağını
düşünən, qaçqın-köçkün
ömrü yaşayan
həmvətənlərinin səbrini, dözümünü
xatırladır, erməni
işğalçıların mənafeyini müdafiə
edən Fransa, İran
kimi bəzi qüvvələrin iç
üzünü döyüş
meydanlarında açan,
səbri tükənmiş
Azərbaycan dövlətinin,
Azərbaycan xalqının
hərb meydanında göstərdiyi gücünü,
qalib bir ölkə olduğunu unutmamağa çağırır.
Azərbaycan basılmaz, indi qalib ölkədi,
Düşmən üstə dayanmış
kabus-qara kölgədi.
Bütün dünya bilir
ki, o sülhsevər bölgədi
-
Fəxrəddin Meydanlının şad
eylədin könlünü,
Yetişdi Zəfər günü.
Bu Böyük Qələbənin Zəfər
şirinliyini dadmış
Fəxrəddin Meydanlı
Ali Baş Komandan - möhtərəm İlham Əliyevin
60 illik yubileyinə həsr etdiyi şeirində də səmimiliyi ilə diqqəti çəkir.
Beynəlxalq aləmdə artıq
Azərbaycanın nüfuzunu
yüksəltməklə yanaşı,
bir dövlət başçısı kimi
də yeritdiyi müdrik siyasəti ilə tanınan dövlət başçısı
xalqının əbədi
sevgisini qazanıb, həqiqətən, alqışlara,
böyük hörmət
və ehtirama layiqdir. "Qoymadın işğal altda, Yurdun bircə qarışın. Bütün
Turan dünyası, sənin gücün, alqışın" misraları
Ali Baş Komandana ünvanlanır, DƏMİR YUMRUQ kimi birləşən Azərbaycan Ordusunun DƏMİR YUMRUĞunun dadını bilənlərə də ismarışını göndərir,
türk birliyinin, Turan dünyasının birliyinin də vacibliyini vurğulayır.
Bu birliyin sevincini istəyir, Qarabağda gedən quruculuq işlərində, Şuşada
keçirilən beynəlxalq
məclislərdə, poeziya
günlərində, böyük
sənətkarlarımızın yubiley günlərini görən Fəxrəddin
Meydanlı gördüyü
həqiqətləri şair
qələmiylə vəsf
edir...
...İşıq çəkir, yol çəkir, yeni yurdlar salırsan,
Küsüb, yatmış torpağı,
yenidən oyadırsan.
Sən Şuşa qalasından
göylərə ucalırsan
-
İndi "Cıdır
düzü"ndə çalır
canlı kvartet,
Altımış yaşın mübarək,
əziz, cənab Prezident!
Milyonlarla sevən var - səni
türk ellərində,
"Xarı bülbül" gül açır Qarabağ çöllərində.
Fəxrəddin Meydanlıdan sənə
doğum günündə
-
xoş arzu, diləkləri
lütf eylə, qəbul da et,
Altımış yaşın mübarək,
əziz, cənab Prezident!
Fəxrəddin Meydanlının poeziyasında
xalqımızın yaratdığı
şifahi poeziya ənənələri,
xüsusən, aşıq poeziyasına
məxsus incəliklər,
gəraylı, bayatı
üstündə köklənmələr
diqqəti çəkir:
Aşıq demə hər dinənə,
Tez alışıb, tez sönənə.
Çox yaraşar ağ
sinənə
Bircə-bircə düz çiçəyi...
Qoşma, gəraylı, bayatı üstündə
deyimlərində Fəxrəddin
istədiyini "deyə
bilir". Heca vəznli şeirlərində
xalq poeziyasında ən çox yayılmış gözəllərin
vəsfinə, təbiətin
gözəlliklərinin tərənnümünə
məxsus üslub yaxınlığı var.
"Bu necə işdi" şeirində
aşıq ədəbiyyatına
məxsus bir incəlik var... Uşaq ədəbiyyatının ən
gözəl nümunələrini
yaratmış, istedadlı
şairimiz İlyas Tapdıq
fikirlərində haqlıdır
ki, "Şairin qələmindən
çıxmış bir
çox cizgilər onun portret cizgiləridir.
Bu şeirləri yazmaq
üçün Fəxrəddinin
əsas bədii vasitəsi hər birinin özünəməxsus
gözəllik atributlarını
hiss etdirməkdir. Bu hiss və
duyğu şairə imkan verir ki, quru bir gözəlliyi
deyil, həm də dürüstlük,
xeyirxahlıq, gözəlliyin
qədrini bilmək, şükranlıq, alicənablıq,
nikbinlik kimi ali sifətləri üçün öz sözünü desin, yaddaqalan bir silsilə yaratsın".
Tanrı hər gözələ bir az kəm verib,
Hər şeyin yarısın,
bölüb tən verib.
Sənə nə veribsə,
tamam-cəm verib -
bu necə süzüşdü,
necə yerişdi,
Yerdə mələk olmaz,
bu necə işdi?!
Sənin xalın solda, mənimki sağda,
Sallanıb meyvətək qoşa,
budaqda.
Kipriyin ox kimi durub ayaqda -
qaşların Aypara, gözün
Günəşdi,
Yerdə mələk olmaz,
bu necə işdi?!
Görəndə bildim ki, ilham pərimsən,
Üzümə sökülən dan, səhərimsən,
Şairəm, sən mənim
şah əsərimsən
-
Fəxrəddin fikrini sənlə
bölüşdü,
Yerdə mələk olmaz,
bu necə işdi?!
Fəxrəddin Meydanlının şeirlərindəki
didaktik keyfiyyətlər,
dəyərli məsləhətlər,
insan oğlunu bu dünyada qazana biləcəyi yaxşı keyfiyyətlərə
səsləmək, düzlüyə,
dürüstlüyə çağırış
əsasdır, bu mənada, şeirlərindəki
mükəmməl ifadələr,
beytlər, misralar diqqəti çəkir:
Məğrur dağları
da arxa sanma sən,
Ömrün duman-çənə bürünüb gedər,
Dünyada zəmisən, otsan,
çəmənsən,
Üstündən ilanlar sürünüb
gedər.
Fəxrəddin Meydanlının "Daş və əl" şeirindəki
bədii məzmunla yanaşı, bədii texnika maraq oyadır.
Buradakı alliterasiya diqqəti çəkir. Alliterasiyadan istər Azərbaycan xalq şeirində, istərsə
də klassik poeziyamızda bədii üsul kimi geniş istifadə edilmişdir. Müasir yazarlarımızın da yaradıcılığında
alliterasiyaya rast gəlinir.
Fəxrəddinin "Daş və
əl" şeirində
alliterasiya hadisəsi demək olar ki, bütün bəndlərdə
özünü göstərir.
Daş daşa dəyəndə qığılcım
saçar,
Əldən-ələ keçər qəlb
hərarəti.
Bir başa daş düşsə, əlacsız, naçar,
Əl var, daşdan ağır,
qılıncdan iti.
...Daş-daşa söykənsə,
dağ da yaradar,
Əl-ələ söykənsə, gücü
tükənməz.
Hər daş ayrılıqda
gözü qaraldar,
Əl üstə əl
olsa, bir ocaq sönməz.
Şeirlərindəki ritm,
musiqiyə yatımlıq
bəstəkarların diqqətini
çəkmiş, sözlərinə
mahnılar bəstələnmişdir.
Şairin musiqi bəstələnmiş həmin
şeirləri "Min bir
nəğmə" adlı
mahnılar toplusu şəklində çap
edilmiş, "Sevdalı
könüllər" adlı
kompakt diskdə və vidi diskdə
2004-cü ildə işıq
üzü görmüşdür.
Fəxrəddin Meydanlının poeziyasında
olduğu kimi, publisistikasında da özünəməxsusluq
diqqəti çəkir.
Onun "Elmin yollarında" və
"Musiqimizi yaşadanlar"
kitablarında toplanan bədii-publisist məqalələrinin
dil sadəliyi, məzmun zənginliyi onun bir publisist
kimi də fəaliyyətinin dəyərləndirilməsinə
imkan yaradır.
70 illik ömrünün
böyük bir hissəsini ədəbiyyata
bağlayan bir insan kimi, qələm
sahibi kimi, bir həmkar, qardaş kimi Fəxrəddin Meydanlıya
həyatda cansağlığı,
söz meydanında da
uğurlar diləyirik.ım
Gülxani PƏNAH
Ədəbiyyat qəzeti.
- 2024.- 6 aprel, ¹11-12.- S. 38.