İmtahan idilliyası
Rusların tez-tez işlətdiyi
bir frazeoloji birləşmə var: "belka
v kolese". Müasir
dünyamızın tempi elədi
ki, doğrudan da, hamı
elə təkərin içindəki dələ
kimi o tempin arxasınca düşüb
fırlanır. Və
nə qədər fırlansa da, bir tərəfə çıxa
bilmir. Ətrafımızda
baş verənlər
o qədər sürətlə
bir-birini əvəz edir ki, gördüklərimizin
mənasını, mahiyyətini
anlamağa belə vaxt qalmır. Və bəzən "daha əhəmiyyətli"
sahələrin fonunda
başqa sahələrə,
məsələn, təhsilə
diqqət arxa plana keçir.
Elə bu haqda danışacam, dostlar, təhsil haqqında, konkret olaraq 9-ların imtahanından. Nədən
bu imtahandan bir danışan olmadı? Özgə vaxt küləyin istiqaməti belə dəyişəndə sosial
şəbəkələr bir-birinə dəyir:
"Külək hayandan
əsdi?"
Bu boyda kardinal
dəyişikliklər heç
kimin diqqətini çəkmədiyindən özüm
imtahan suallarını
saf-çürük etməyi
qərara aldım. Onu da deyim ki, 9-ların imtahanı deyəndə yalnız bir fənndən - mənə
yaxın, doğma olan Azərbaycan dilindən bəhs edəcəm. Mənim Azərbaycan dili sevgimi ətrafımda olan hər kəs
bilir, indi oxucularımız da biləcək.
Bu sevgimin və şagirdlərə, abituriyentlərə
olan dostyana münasibətimin təzahürü
kimi illərdi tanış gənclərə
imtahana hazırlaşmaqda
kömək edirəm
(repetitor yox, dost və köməkçi kimi). Ana dilimiz o qədər zəngindir
ki, dilimizin gözəlliklərini,
bənzərsizliyini, şəhd-şirəsini
uşaqlara anlatmaq özü böyük bir zövq verir
mənə. Və dilimiz məhz dilçilik elminin qaydaları, qanunları fonunda mükəmməldir!
Bəs hanı o qaydalar?
Gəldim mətləb üstünə.
Məsələ ondadır
ki, 9-ların budəfəki imtahanında qrammatikadan bir sual belə
yox idi (!). Məntiqi sual çıxır ortaya: bəs niyə uşaqlara 2-ci, 3-cü sinifdən
bu yana qrammatik
qaydalar öyrədilir?
İl ərzində getdikləri
sınaq imtahanlarında
da şagirdlərə morfologiyadan,
sintaksisdən müxtəlif
suallar düşmüşdü.
Bəs sabah imtahana düşməyən
mövzuları şagird
özü də öyrənməkdə maraqlı
olacaqmı? Bu yerdə
fəlsəfədəki səbəb-nəticə
rabitəsi düşür
yada. Onu da deyim ki, dilçilikdə də səbəb-nəticə əlaqəli
tabesiz mürəkkəb
cümlələr var (daha
"var idi" deyəcəyik).
Bəli! Həyatda da hər
hansı bir səbəb hansısa nəticəni doğurur. Və əksinə. Bəs qrammatikanın çıxdaş edilməsinin
səbəbi nədir,
görən? Maraqlıdı.
Və bu, səbəb olaraq hansı nəticəni doğuracaq? Bax, budur məsələ,
Hamlet demiş... O nəticəni
elə indidən görürəm, dostlar, heç əlimi qaşımın üstünə
qoyub uzaqlara baxmağa da ehtiyac yoxdu. "Da", "də"
bağlayıcılarını, ədatlarını bitişik
yazanlar, "istəyirəm"i
"isdiyirəm" yazan
ali təhsillilər gəlir göz önünə. Bugünkü
şagirdlər sabah necə yazacaq, görən?..
Yazımın əvvəlinə qayıdım.
Nə əcəb heç kim bu dəyişiklikdən narazı qalmadı, düşünürəm. İmtahan
suallarındakı bu boyda yeniliyin nə əcəb heç kim fərqinə varmadı?
Bu hamıya sərf edir - səbəb budur!
Dostlar, yazını buracan
oxuyub yorulmamısınızsa,
fikirlərimi nümunələrlə
əsaslandırım:
"Mətn əsasında hansı sualların cavabını
müəyyən etmək
olar?"
"Mətnin məzmununa uyğun olan fikri müəyyən
edin".
"Mətnin yalnız giriş hissəsinə aid olan bəndləri müəyyən
edin".
"Mətnin sonuncu abzasına əsasən, belə nəticəyə gəlmək
olar:".
"Mətnə əsasən, Bülbülün
doğulub böyüdüyü
Şuşa mühiti ilə bağlı yanlış fikri müəyyən edin".
"Mətndə nöqtələrin yerinə
yazıla bilər:"
"Bülbülün
xarakterik cəhətləri
əsasında cədvəli
doldurun".
"Mətndə tünd-qara hərflərlə
verilmiş söz hansı nümunədə
eyni mənada işlənib?"
"Mətnin plan bəndlərinin düzgün
ardıcıllığını müəyyən edin".
Uzunçuluq etmədən xatırlatmaq
istəyirəm ki, imtahan
tapşırıqları 2 mətndən ibarətdir.
Düzdü, mətnlərin
tərbiyəvi əhəmiyyəti,
didaktik təsir gücü danılmazdır.
Amma yazının əvvəlində
qeyd etdiyim kimi, bu imtahanda
dilçilik elmiylə
bağlı şagirdin
bilikləri soruşulmur,
tək-tük test suallarında
hansısa sözün
yerində işlənib-işlənməməsindən,
ilkin, yaxud məcazi məna daşımasından söz
açılır ki, bu
da yalnız leksika ilə bağlıdır.
Uşaqlar, yəqin
ki, çox sevinib bu sualları görəndə, çünki
necə deyərlər,
elə uşaq-uşaq
suallar verilib ki, dərindən düşünməyə
ehtiyac yoxdu. Bəzən elə göz yaddaşı da kifayət edər ki, mətni yadda saxlayıb verilən sualı cavablandırasan. Məsələn:
Mətnə əsasən, yanlış
fikirləri müəyyən
edin.
1. Əlişir susuz torpaqda bağ salmaq fikrindədir.
2. Sultan Əlişirin
şairliklə məşğul
olmadığını eşidib
onun evinə yollanır.
3. Sultan Hüseyn səxavətlidir.
4. Hökmdar Əlişirin bağ salmasını heç vaxt təqdir etmir.
5. Hökmdarın sarayda ünsiyyət quracağı heç kim yox idi.
Çox düşündüm, görəsən, belə
suallar şagirdlərin
intellekt əmsalının,
başqa sözlə,
İQ səviyyəsinin artmasına
necə təsir göstərir? - Məncə,
əks təsir.
Hələ bunları bir yana qoyub, ikinci
sualdakı ifadəyə
diqqət edək:
"şairliklə məşğul
olmadığını eşidib".
Şairliklə məşğul
olmurlar, əziz test tərtibçiləri, şairlik
ruh məsələsidi,
təb məsələsidi,
duyğu, hiss məsələsidi,
könül işidi,
qısası.
Amma dilçiliklə,
beynəlxalq dildə desək, linqvistikayla məşğul olmaq lazımdı, çünki
bu, bir intellekt
məsələsidi.
Hicran HÜSEYNOVA
Ədəbiyyat qəzeti.
- 2024.- 6 aprel, №11-12.- S. 39.