Mir Cəfər
Bağırov kim idi?
Şəxsiyyəti, əməli və taleyi
2.
Stalin cəmi iki ilin içində
Sistemə rəhbərliyinin
özündən sonrakı
ən uca (və ən qorxulu!) zirvəsinə qaldırdığı Nikolay Yejovu
elə o zirvədən
də birbaşa yarğanın dibinə atdı - Yejov həbs edildi və güllələndi
və mən bu barədə uzun-uzadı danışmaq
istəmirəm, ancaq onun necə həbs olunduğunu yazmağa dəyər:
"NKVD" rəhbərliyindən çıxarılıb, su
təsərrüfatı naziri
təyin edilmiş Yejov 1939-cu ilin yanvarında öz müqəddəratını aydınlaşdırmaq
üçün, Georgi Malenkovla
birlikdə Stalinin qəbuluna düşməyə
nail olur və xahiş edir ki, onun fəaliyyəti Siyasi Büronun iclasında müzakirə
edilsin. Stalin: "- Gedin,
Malenkovun kabinetinə,
bir daha danışın, - deyir.
- Mən də öz qərarımı sizə bildirərəm".
Yejov Malenkovla onun kabinetinə gedir, bir müddətdən
sonra isə, Lavrenti Beriya əsabələri ilə
birlikdə, gözlənilmədən
kabinetə daxil olur və Yejov
həbs edilir. (Ëåîíèä Íàóìîâ. Ñòàëèí è ÍÊÂÄ, Ìîñêâà, «ßóçà», 2007, ñòð. 367.) Bir il əvvəl
isə, Yejov narkom, Beriya da onun müavini idi...
Burda yerinə düşər ki, deyək:
şərhə ehtiyac
yoxdur və assosiativ olaraq bunu da yazım ki, "kabinetlərdə həbslər"
Sistemin həvəslə
tətbiq etdiyi bir metod idi:
Mir Cəfər Bağırov
1938-ci ilin noyabrında
Azərbaycan "NKVD"sinin
başçısı, məşhur
"NKVD" cəlladı Mixail Rayevi yanına
çağırır və
onu elə öz kabinetində də həbs etdirir, sonra da güllələyirlər.
Mən Mixail Rayevi "cəllad" adlandırdım və 1937-38-ci illərdə bütün "NKVD" məşhurları kimi, o da cəllad idi, ancaq siz dünyanın işlərinə baxın, Siyasi Büronun təsdiq etdiyi "Üçlük" (həmin M.Rayev sədr, üzvlər A.Əlihüseynov və M.T.Yaqubov) Məhəmməd Əmin Rəsulzadənin 18 yaşlı oğlunun güllələnməsi barədə hökm çıxaranda yəhudi əsilli sədr Rayev (Kaminski) buna etiraz edib, "Üçlüy"ün üzvü, o zaman Azərbaycan SSR-nin Baş prokuroru olan azərbaycanlı A.Əlihüseynov isə güllələnməni təkid edib və onun təkidi ilə də yeniyetməni güllələyiblər. (Áàõ: Ýëüäàð Èñìàèëîâ. Òåîðèÿ ñòàëèíèçìà. Èñòîðèÿ «áîëüøîãî òåððîðà â Àçåðáàéäæàíå, Ìîñêâà, ÎÑÑÏÝÍ, 2015, ñòð. 151.)
Sovet imperiyası dağıldıqdan sonra Rusiyada da, xarici ölkələrdə də Stalin haqqında yüzlərlə elmi və publisistik kitablar yazılıb və bu kitablarda daban-dabana zidd fikirlər söylənilir, ancaq ümumiləşdirici bir həqiqət budur ki, Stalin bəşər tarixinin ən böyük diktatorlarından, tiranlardan biri, birincilərdən biri, bəlkə də elə birincisidir. Onun haqqında yazılmış bir kitabı isə mən xüsusi qeyd etmək istəyirəm: söhbət Əsəd bəyin Stalin haqqında yazdığı kitabdan gedir.
1987-ci ilin sonlarından etibarən, mən Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" Cəmiyyətinin) sədri və Ali Sovetin deputatı idim, diplomatik pasportum var idi. Buna görə də xarici səfərlərim zamanı kitablarımı bir-bir yoxlamırdılar və 1988-ci ildə Frankfurtda olarkən, həmişəki kimi, axtarıb, bukinist dükanını tapıb, bir neçə kitab aldım - o kitablardan biri də Əsəd bəyin kitabı idi (Ýññàä-áåé. Ñòàëèíú, Ðèãà, «Ôèëèíú», 1932). Riqada rus dilində nəşr olunmuş bu kitab necə gedib Frankfurtun bukinist mağazasına çıxmışdı - bunu, təbii ki, bilmirəm, ancaq indiyə qədər xatirimdədir ki, o köhnə kitab mənim üçün necə gözlənilməz və gözəl bir hadisəyə çevrildi.
Vaxtilə hələ bizim eşidib-tanımadığımız və sovet senzurasının qəbul etmədiyi Əsəd bəy (Lev Nissimbaum - Məhəmməd Əsəd bəy - Qurban Səid) və onun əsas romanı hesab edilən "Əli və Nino" haqqında yazmışdım. Sovet İttifaqı dağıldıqdan sonra Əsəd bəy yaradıcılığı ilə Azərbaycana qayıtdı, tərcümə edildi, nəşr olundu, yaradıcılığı və şəxsiyyəti ədəbiyyatşünaslığımızın və ictimai fikrimizin obyektinə çevrildi və 1989-cu ildə Nyu-Yorkda Bakı neft milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva-Veber ilə ilk görüşümüz və söhbətimiz zamanı mən ondan Əsəd bəyi - Lev Nissimbaumu tanıyıb-tanımadığını soruşanda, Züleyxa çox pozitiv bir həyəcanla: "- O-o-o!.. Lyova çox savadlı, təmiz, mehriban bir oğlan idi! - dedi. - Hamımız onu çox sevirdik!" Məlum oldu ki, 1910-cu illərdə Züleyxanın böyük qardaşı - onun da adı Əsəd idi - Lev Nissimbaumla Bakıda, rusdilli məktəbin eyni sinfində oxuyublar, dost olublar və Lev (Züleyxa: "- Ona Lyova deyirdik...") tez-tez onlara gəlirmiş.
Mən XX əsr ədəbiyyat tariximizin çox maraqlı "Əsəd bəy hadisəsi" barədə söhbəti uzatmaq istəmirəm - bu, ayrıca bir mövzudur və bilavasitə mövzumuza qayıdıram. 1932-ci ildə Əsəd bəyin 26 yaşı var idi, əgər hesab etsək ki, bir il də nəşrə hazırlığa həsr olunub, onda belə çıxır ki, o, "Stalin" kitabını 25 yaşında yazıb, o vaxt ki, Stalin hələ dünyamiqyaslı siyasi kapitalını tam əldə etməmişdi, hələ Trotskini, Zinovyevi, Kamenyevi, Buxarini, Rıkovu, Rudzukatı, Eyxeni, Rakovskini, Yenikuidzeni, Krestinskini, Tuxaçevskini, yüzlərlə inqilabçı bolşevikləri ("Lenin qvardiyası"nı!), bir çox elm və sənət adamlarını "xalq düşməni" kimi qətlə yetirməmişdi, 1937-38-ci illər, İkinci Dünya müharibəsi, generalissmusluq da hələ irəlidə idi, onun rəhbərliyi ilə Sovet İttifaqı hələ ABŞ da daxil olmaqla Qərbin nüvə silahlı, güclü tərəf-müqabilinə çevrilməmişdi - bu da irəlidə idi.
25 yaşlı Əsəd bəy bütün bunları (gələcəyi!) fövqəladə yazıçı fəhmi ilə duymuş, hiss etmiş və Stalinin portretini yaratmış, onun nəyə qadir olduğunu və qadir olduqlarını necə həyata keçirəcəyini həqiqi bir ekstrasens fitrəti ilə söyləyə bilmişdi. O, siyasi intuisiya ilə bərabər, obrazlı təfəkkür tərzinə malik idi və yalnız elə bu fikrə diqqət yetirin: "Stalin qərar verib ki, bütün bəşəriyyəti xoşbəxt etsin və buna nail olmaq üçün, öz ölkəsini (Sovet İttifaqını - E.) həbsxanaya çevirib. Gələcək xoşbəxtliyin ilk mərhələsi, təminatı kimi bu həbsxana quruluşu - stalinizm deməkdir" (həmin kitab, səh. 282).
Bu gün Rusiyada keçirilən "Tarixən Rusiyanın ən görkəmli dövlət başçısı kim olub?" sorğusunda İosif Stalin rus tarixinin mühüm mərhələlərini yaratmış İvan Qroznı, I Pyotr, II Yekaterina kimi əfsanəvi hökmdarları xeyli dərəcədə geridə qoyaraq, demək olar ki, bütün sorğularda birinci yer tutub və tutmaqda da davam edir. Vəfatından 70 il sonra da Rusiya Stalin nüfuzundan, mötəbərliyindən (hipnozundan?) qurtulmayıb və həmin sorğularda onun ikinci, ya üçüncü yer tutması sensasiya hesab olunur, manşetlərə çıxarılır. Hətta bu günlərdə mən internetdə oxudum ki, Rusiyadakı Rusanova adlı bir kənddə Stalinin 8 metrlik (!) heykəli ucaldılıb və bu, hələ ki, nadir hadisədir, ancaq əlamətdar hadisədir - 70 il sonra da rus kəndlisinin ona münasibətini ifadə edir. Bəlkə bütün bunlar müasir dövrün çətinliklərinin yaratdığı ötəri bir hal, tarixən ötəri bir təsadüfdür? Ola bilər. Ancaq biz burasını da bilirik ki, hər təsadüfdə bir zərurət də var və mən şübhə etmirəm ki, Rusiya (Sovet İttifaqı) tarixinin belə bir zəngin "Stalin səhifəsi" hələ çox tədqiq ediləcək, araşdırılacaq, dərin siyasi-sosioloji səbəbləri saf-çürük ediləcək.
İnternetdə dediyimiz mənada başqa bir epizoda rast gəldim: Gürcüstanın Baş məbədi "Samebe"də İosif Stalin müqəddəsləşdirilib və orada onun şəkli çəkilmiş ikona asılıb. Elə burada onu da deyim ki, Stalin dönəmindəki Böyük Terror zamanı - 1937-38-ci illərdəki repressiyalar cədvəlində sovet respublikaları arasında birinci yeri məhz Gürcüstan tutur - əhali sayına nisbətdə ən kütləvi repressiya Sovet Gürcüstanında baş tutub.
Stalinin bioqrafiyasında əlamətdar bir məqam var: oğlu Vasilinin də "Stalin" famili daşımasını istəməyən Stalin hirslə deyir: "- Sən Stalin deyilsən! Mən də Stalin deyiləm! Stalin - Sovet hakimiyyətidir!" (Áàõ: Ñèìîí Ñåáàã Ìîíòåôèîðå. Äâîð êðàñíîãî ìîíàðõà, Ìîñêâà, Îëìà-Ïðåññ, 2005, ñòð. 15.)
Stalin dövrünün koloritini duymaq, hiss etmək baxımından çox ciddi və dərin etirafdır.
Məşhur sovet saray rəssamı Dmitri Nalbandyan Sovet İttifaqında mədəniyyət xadimləri ilə bağlı hansı fəxri adlar vardısa, hamısına sahib idi, Sosialist Əməyi Qəhrəmanı idi, onun çəkdiyi "Stalin" portreti birinci dərəcəli Stalin mükafatı almışdı və rəssamlar onu öz aralarında əbəs yerə "Siyasi Büronun fırçası" adlandırmırdı. Bu rəssamı mən ona görə xatırlayıram ki, onun Stalin mövzusunda çəkdiyi rəsmlərdə Stalin canlı insan deyil, baxışları, təbəssümü, ədaları ilə məhz "Stalin - Sovet İttifaqıdır!" anlayışının ifadəsidir və bu rəsmlər, əslində kətan üzərində rəngli boya ilə çəkilmiş təşviqat plakatlarıdır.
İbtidai təhsili kilsə məktəbində almış, sonra seminariyaya daxil olmuş və oradan yarımçıq qovulmuş İosif Stalin, əlbəttə, sarsılmaz əqidəli, əməlinə inam bəsləyən inqilabçı idi, Marksı da, Lenini də, ümumiyyətlə marksist ədəbiyyatı dərindən mənimsəmişdi və Bernard Şou, yaxud Romen Rollan, yaxud da Leon Feyxtvanger, Andre Jid, Helbert Uells kimi böyük Qərb intellektuallarını qəbul edərkən, onların danışıqlarının stenoqramlarını oxuduqca görürsən ki, söhbət eyni yüksək intellektual səviyyədən, eyni baqajlı tərəf-müqabillərdən gedir.
Lavrenti Beriya gündəliyində yazır ki, müharibə vaxtı almanlar Moskvanın ətrafına gəlib çıxdıqları vaxt Georgi Malenkovla birlikdə vəziyyət barədə məruzə etmək üçün Stalinin yanına gələndə, onun mizinin üstündə Lev Tolstoyun "Hərb və sülh"ünü görürlər. Stalin kitabı göstərərək soruşur: "- Oxumusuz?" Onlar deyir ki, haçansa oxuyublar. Stalin: "- Bilirəm, sizin vaxtınız yoxdur, - deyir. - Ancaq məsləhət görürəm ki, burda bəzi yerləri oxuyasız. Nataşa Rostovanın bal epizodlarını ötürmək olar, xalq müharibəsindəki dəyənəkləri isə yada salsanız, pis olmaz". (Ëàâðåíòèé Áåðèÿ. «Áåç Ñòàëèíà Ðîññèè íå áûòü!» Òàéíûé àðõèâ Áåðèè, Ìîñêâà, «ßóçà- Ïðåññ», 2012, ñòð. 146.)
Ancaq bütün bunlarla bərabər, Stalinin xislətində əsl Şərq despotizmi var idi və Lev Trotski yazır ki, Nikolay Buxarin kənarda Stalini "Çingiz xan" adlandırırdı (Ëåâ Òðîöñêèé. Ñòàëèí, òîì 1, Ìîñêâà, Ïîëèòè÷åñêàÿ ëèòåðàòóðà, 1990, ñòð. 18.)
Alban kommunistlərinin başçısı Ənvər Xoca yazır ki, Stalinin sağlığında görüşlərimiz zamanı, xüsusən, Anastas Mikoyan və Nikita Xruşşov onun haqqında olmazın təriflər söyləyirdilər, Stalin öləndən sonra isə onu ancaq pisləməklə məşğul idilər. Ənvər Xoca bir dəfə Sovet İttifaqına gəldikdə, Nikita Xruşşov onu bağına aparır və özü becərdiyi kiçik kələm bostanını göstərir, sonra isə yenə Stalinin səhvlərindən, bəd əməllərindən danışmağa başlayır. Ənvər Xoca soruşur: "- Bəs niyə bu barədə onun özünə demirdiz?" Xruşşov əlindəki çubuğun ucunu yetişmiş bir kələmə dirəyərək: "- Təbii sualdır, yoldaş Ənvər, - deyir. - Ancaq bu kələmi görürsən? Bağban bu kələmi necə asan kəsib götürürsə, Stalin də adamın başını o cür asanlıqla sivirib atırdı". (Ýíâåð Õîäæà. Õðóùåâ óáèë Ñòàëèíà äâàæäû, Ìîñêâà, «Àëãîðèòì», 2010, ñòð. 117.)
Moskvaya tez-tez gəlib-gedən, Siyasi Büro (sonralar Rəyasət Heyəti) üzvləri ilə görüşən, onları şəxsən yaxşı tanıyan Ənvər Xoca deyir ki, "Sov.İKP MK Rəyasət Heyəti üzvləri arasında ən mənfi, ən şübhəli element və ən həris intriqan Anastas Mikoyan idi" və ikrah hissi ilə Mikoyanın portret cizgilərini çəkir (daha müfəssəl bax: Íèêîëàé Çåíüêîâè÷. Òàéíû óõîäÿùåãî âåêà – ëæåñâèäåòåëüñòâà, ôàëüñèôèêàöèè, êîìïðîìàò, Ìîñêâà, «Îëìà-Ïðåññ», 1999, ñòð. 615-616.).
Bu tipli yazıları oxuduqca, elə təəssürat yaranır ki, Anastas Mikoyanda, xüsusən də, Nikita Xruşşovda Stalinə qarşı dərin patoloji qorxu, xof və nifrət, ədavət, qərəz var idi və yığışa-yığışa Stalinin sağlığında sıxılıb daxilə pərçim olunmuşdu. Sözdə, rəftarda isə əksinə, yalançı pərəstiş və sədaqətlərini ifadə edirdilər və Stalinin vəfatından sonra, elə bil, şampan şüşəsinin tıxacı açılanda fışqırıb fəvvarə vurduğu kimi, onların daxilindəki o patologiya da azadlığa çıxmışdı.
Stalinlə bağlı "çingizxanlıq" öz yerində, ancaq tarixən ABŞ-nin böyük prezidentlərindən biri sayılan Franklin Ruzvelt deyir ki, nəhəng qətiyyətə malik olan bu adam - İosif Stalin "Rusiyanın ürəyini və ruhunu təmsil edirdi". (Äæåéìñ Ìàêãðåãîð Áåðíñ. Ôðàíêëèí Ðóçâåëüò: ÷åëîâåê è ïîëèòèê, Ìîñêâà, 2004, ñòð. 429.). XX əsrin başqa nəhəng dövlət xadimi, kommunizmin, konkret olaraq müharibəyə qədər və müharibədən sonra Sovet İttifaqının qatı düşməni Uinston Çörçill də Stalini "sərt zamanlar üçün yaranmış böyük şəxsiyyət", "hansısa illüziyalardan tamam azad olan soyuqqanlı müdrik" adlandırır, eyni zamanda yazırdı: "Rusiya hərbi hücuma məruz qalanda Stalin Hitlerə qarşı bizim müttəfiqimiz idi, ancaq Hitler məhv edildikdən sonra Stalin bizim üçün dəhşətin, vahimənin əsas mənbəyinə çevrildi" (Óèíñòîí ×åð÷èëü. Àíãëèéñêèé áóëüäîê, Ìîñêâà, ÀÑÒ, 2015, ñòð. 293-303.)
F.Ruzveltlə bağlı o kitabda belə bir epizod da var: Tehran konfransında Stalin, yəqin yalnız bu adamın verə biləcəyi bir təklif irəli sürür ki, müharibədən sonra 50 min almanı güllələmək lazımdır (!!) və dəhşətə gələn Çörçill bu qətliamın qəti əleyhinə çıxır, ancaq təəccüblüsü, şəxsən mənim üçün heyrətamizi budur ki, demokrat Franklin Ruzvelt əslində tərəddüd edir, güllələnəcək almanların sayını bir az azaltmaq istəyir (həmin kitab, səh. 423). Ancaq yada salsaq ki, Ruzveltdən sonrakı ABŞ Prezidenti Harri Trumeninin əmri ilə onsuz da məğlub olmuş Yaponiyaya iki atom bombası atıldı, o zaman mənim təəccübümün yəqin ki, elə də bir əsası yoxdur.
Biz Sovet İttifaqına qayıdaq və elə burada yazım ki, 1937-38-ci illərdə "NKVD" 1575000 (bir milyon beş yüz yetmiş beş min) insanı həbs edib, 682000 (altı yüz səksən iki min) insanı güllələyib, qalanlarını isə Sibirə, həbsxanalara, gedər-qayıtmaza yola salıb (bax: Áîðèñ Ñîêîëîâ. Ñòàëèí, Ìîñêâà, ÀÑÒ, 2023, ñòð. 177.).. Bəzi başqa məxəzlərdə isə bu rəqəmlər daha artıq göstərilir.
Bu gün rus mətbuatında Stalin haqqında bilən də, bilməyən də - kim tənbəl deyilsə, yazır - kimin üçünsə (xüsusən, mövzudan sui-istifadə edən konyukturaçı (yalançı, saxta demokratlar üçün) o, şeytandır və Qorbaçov "perestroykası"nın sona çatan hərc-mərclik çağlarında - 1991-ci ildə Andrey Mixalkov-Konçalovskinin çəkdiyi "Yaxın ətraf" ("Blijnıy kruq") filminin qəhrəmanlarından biri - qoca rus professoru elə bu cür də deyir: "- Kremldə şeytan oturub. Ölkəni şeytan idarə edir".
Başqaları üçünsə (xüsusən, sovet "patriotları" üçün) Stalin aydan arı, sudan duru, böyük və adil (!) dövlət xadimidir. Leonid Mleçin tipli jurnalistlər də mövzunun aktuallığından istifadə edərək, Stalin həqiqətlərini yox, dedi-qoduya söykənən öz həqiqətlərini yazırlar (məs.: Ëåîíèä Ìëå÷èí. Ñìåðòü Ñòàëèíà, Ìîñêâà, «Àðãóìåíòû íåäåëè», 2018) və bununla da həqiqət fantaziya və miflər içində itib-batır.
Yaxud, tanınmış rus dramaturqu və nasiri Edvard Radzinskinin petitlə yığılmış iri formatlı min səhifəlik bədii-sənədli kitabında təsvir etdiyi Stalin mənasız və mətləbsiz paronoik təsiri bağışlayır və elə bil ki, o, duzsuz bir pamflet qəhrəmanıdır. Baxın, kitabda bu cür düşük "bədii" detallardan istifadə olunur: guya Stalin Puşkindən sitat gətirəndə - məlum deyil, ya zarafatla, ya da bolşevikcəsinə "yoldaş Puşkin" deyir, yaxud Karamzindən söhbət düşəndə, onu "Yoldaş Karamzin" kimi xatırlayır, bütün günü gizlincə silahdaşlarının, ilk növbədə də Beriyanın telefon danışıqlarını dinləyir, ya da hər gün xəlvətcə Beriyanın cangüdəni Sərkisovu çağırıb, onun Lavrenti Pavloviç haqqında danoslarına qulaq asır və s. və i.a. Lavrenti Beriya isə Radzinskinin təsvirində qaniçən manyak və sarsaqdır (Ýäâàðä Ðàäçèíñêèé. Àïîêàëèïñèñ. Ìîñêâà, «ÀÑÒ», 2022.).
Moskvada "Yoldaş Stalin" adlı başqa bir çoxseriyalı televiziya filmi çəkilib və məşhur rus artisti Sergey Yurski bu filmdə İosif Stalinin tam bir idiot obrazını yaradıb. Aydın məsələdir ki, Yurski rejissorun (İrina Qedroviç) istəyini yerinə yetirib və rejissor fərqinə varsa da, varmasa da, görünən budur ki, onun istəyi Sovet İttifaqına az qala, 30 il bir idiotun rəhbərlik etdiyini göstərməkdən ibarətdir.
Hətta Fazil İsgəndər kimi istedadlı bir rus yazıçısının da "Çeqemalı Sandro" romanındakı Stalin, əslində klounada qəhrəmanıdır və elə bil, söhbət Karandaşın, yaxud Yuri Nikulinin yaratdığı personajlardan gedir.
Keçmiş sovet kəşfiyyatçısı, sonradan xaricə qaçıb, II Dünya müharibəsində Sovet İttifaqının məğlub olduğunu iddia edən, sovet həqiqətləri (bəzən də qeyri-həqiqətləri!) haqqında yazdığı kitablarla məşhurlaşmış Viktor Suvorov da İosif Stalini şeytani bir varlıq kimi təsəvvür və təsvir edir.
Ümumiyyətlə, stalinşünaslıqda onun şəxsiyyətinə mistik münasibətlə də rastlaşırıq və belə bir versiya da var ki, guya Stalin hələ yeniyetmə olarkən, məşhur mistik və hipnozçu Georgi Gürcüyev (Qurdjiyev) ona kütləvi hipnoz təlimi keçib. Sonralar yenə də guya ki, Stalin iradəsi, istedadı və bacarığı sayəsində öz daxilində bu təlimi təkmilləşdirib və tam şəkildə mistik kütləvi hipnoz qüdrətinə sahib olub. Doğrusu, bu gün Stalinin qorunub-saxlanmış çıxışlarına baxanda, qulaq asanda bəzən təəccüb edirsən ki, bu cür adi, sadə çıxışlar zaldakı insanları nəyə görə bu dərəcədə heyran edir, onları bu dərəcədə riqqətə gətirir? Bu da maraqlıdır ki, indi "məxfi", "tam məxfi" arxiv sənədləri açıq mətbuatda dərc edildikcə, o da məlum olur ki, hələ Dzerjinskinin dövründən etibarən, "NKVD"də hipnozla bağlı tədqiqatlar gedib, təcrübələr keçirilib və mütəxəssisləri cəlb etməklə xüsusi şöbələr, hətta idarələr yaradılıb, bu sahədə daxili agentlər, xaricə göndərilən kəşfiyyatçılar yetişdirilib.
Stalin mövzusunda, elə bil, bir ovsun var və səni özünə çəkir, buraxmaq istəmir. Bu mövzu bir tərəfdən, nə qədər mürəkkəb və ziddiyyətlidirsə, nə qədər heyrətamiz dərəcədə qəddarlıqdan və elə o dərəcədə də müdriklikdən xəbər verirsə, onun şəxsiyyəti nə dərəcədə iradə, qətiyyət və soyuqqanlılıq mücəssəməsidirsə, o biri tərəfdən də, bu mövzu... maraqlı, cəlbedici, səni biganə qoymayan bir mövzudur. Ancaq mən onun haqqında söz deyən bir müəllifi də qeyd etməklə kifayətlənmək istəyirəm: söhbət XX əsr siyasi liderləri, hökmdarları arasında xüsusi yeri və ağır çəkisi olan Mao Tczedundan gedir.
Siyasi iddiası (və imkanı!) çox böyük olan Mao məşhur "Qırmızı kitab"ında Stalini dünya kommunizm hərəkatının rəhbəri kimi qəbul edir, onu Stalindən sonrakı sovet dövlət xadimlərindən sidq-ürəkdən müdafiə edir və Maonun nə qədər kəskin bir mövqedə durduğunu, güman edirəm ki, elə bu kiçik abzasda hiss etmək mümkündür: "Xruşşov Stalini lənətləyərək, onu "qatil", "cinayətkar", "bandit", "oyunçu", "İvan Qroznı kimi despot" (bu bənzətmədə həqiqət var - E.), "Rusiya tarixinin ən böyük diktatoru" (bu da həqiqətdir - E.), "axmaq", "idiot" və s. və i.a. adlandırır. Bu çirkli, səviyyəsiz və qərəzli söyüşləri təkrar etməyə məcbur oluruq və elə bil, qorxuruq ki, qarşımızdakı kağız zibillə dolsun". (Ìàî Öçåäóí. Ìàëåíêàÿ êðàñíàÿ êíèæêà, Ìîñêâà, Ðîäèíà, 2021, ñòð. 385.)
Deyəsən, bizim Stalinlə bağlı söhbətimiz çox uzandı.
Ancaq biz "Mir Cəfər Bağırov kim idi?" sualını veririk və bunu araşdırmaq istəyiriksə, Sovet İttifaqında Bağırov dönəminin mütləq hakimi olan Sistem barədə də söz deməliyik, çünki Bağırov tam şəkildə bu Sistemə xidmət edən və böyük mənada, bu Sistemin qurbanı olan görkəmli sovet dövlət xadimi idi.
Və həmin
dövrdə də Sistem - tam şəkildə
İosif Stalin demək
idi.
Bu gün bizim mətbuatda da, saytlarda, sosial şəbəkədə, hətta
ədəbi prosesdə
belə, Mir Cəfər
Bağırovun şəxsiyyətini
də, fəaliyyətini
də tərifləmək,
repressiyalarla bağlı
ona bəraət qazandırmaq tendensiyası
açıq-aşkar artmaqdadır,
digər tərəfdən
isə o, yalnız qaniçən bir cəllad kimi təqdim edilir - yəni hər iki tərəfdə, hər iki münasibətdə
birtərəflik var, birtərəflik
olan yerdə isə, aydın məsələdir, həqiqət
yoxdur.
Mir Cəfər Bağırov uzun müddət Sovet Azərbaycanına rəhbərlik
edib və əlbəttə, güclü
bir şəxsiyyət
olduğu üçün
yaxşısı və
pisi ilə bərabər, xalqın məişətinə, düşüncəsinə
daxil olub. Bu zaman folklor yaranır, fantastik fikirələr söylənir, hətta xalq arasında bu günə qədər şayiə gəzir ki, onu güllələməyiblər, Sibirə göndəriblər,
başqa familiya ilə orada yaşayıb və 1980-ci
illərdə vəfat
edib. Onu görənlərin xatirələri
də mətbuatda dərc edilib və guya həbsxanada
aşpaz (!) olduğunu
da yazıblar, qoca vaxtlarının fotosu da dərc olunub. Onun şəxsi sürücüsünün isə
xatirələrinə görə,
Mir Cəfər Bağırov
guya İrkutska sürgün edilib və 1970-ci illərdə
elə orada da vəfat edib.
Elə bil ki, xalq Mir Cəfər Bağırov kimi bir şəxsiyyətin adi insan kimi
güllələnməsini qəbul edə bilmir və belə bir psixologiya
nəticəsində ciddi
qələm sahibləri
də şayiəni bəzən həqiqət
kimi təqdim edirlər. Misal üçün, Əkrəm
Əylisli, düzdür,
artıq uzaq bir keçmişdə qalmış 1993-cü ildə
yazırdı ki, məhkəmə
Mir Cəfər Bağırova
ölüm hökmü
kəsdi, ancaq "bu hökm nədənsə,
yerinə yetirilmədi".
Əkrəm yazır
ki, guya Bağırov iyirmi ildən sonra "Kazan şəhərindəki
həbsxanalardan birində
bu dünyadan öz əcəli ilə köç edib getdi". (Mir Cəfər Bağırovun
məhkəməsi. Bakı,
Gənclik, 1993.)
İş də elə həmin "nədənsə"dədir.
Mir Cəfər Bağırovun həbs edilib, güllələnməsinin
əsas təşəbbüskarı
Nikita Xruşşov nəyə
görə birdən-birə
rəhmə gəlib,
Lavrenti Beriya ilə "Siam əkizləri"
hesab olunan Bağırovu ölümdən
xilas etməli idi, yaxud Beriyaya
qarşı qəsdin
fəal iştirakçısı,
Beriyanın "ifşa"sına
həsr olunmuş plenumda Bağırovu sıxışdırıb, çaşdıran
Georgi Malenkovun ona niyə yazığı gəlməliydi? Ümumiyyətlə,
yalnız sovet zamanında yox, hələ İvan Qroznı
dövründən etibarən,
sarayda (indiki halda, Kremldə) mərhəmət tamam nisbi və həmişə
də təmənnalı
bir məfhum olub və Xruşşovun
da, Malenkovun, Mikoyanın,
Suslovun da, bu qəbildən başqalarının
da artıq sındırılmış,
gücü-qüdrəti əlindən
alınmış, ruhu
tarmar edilmiş, ən yaxın silahdaşları belə üzünə duran Mir Cəfər Bağırovdan
nə təmənnası
ola bilərdi?
Elə bu başdan onu da deyim ki, SSRİ Ali Sovetinin
Hərbi Kollegiyası
1956-cı il mayın 4-də Mir Cəfər Bağırova
(onunla birlikdə Azərbaycan Təhlükəsizlik
Komitəsinin rəhbər
işçiləri Timofey Borşevə,
Ruben Markaryana və Xoren Qriqoryana) ölüm hökmü çıxarıb və onun əfv olunması
ilə bağlı
Ali Məhkəməyə müraciəti
də rədd edilib. Ancaq bu
məsələdə, əgər
texniki səhv deyilsə, bir uyğunsuzluq var: Ali Məhkəmə
rədd cavabını
bəzi sənədlərə
görə 1956-cı il mayın
12-də verib. Halbuki rəsmi sənədlərdə
1956-cı il mayın 7-də Mir Cəfər Bağırovla
bağlı hökmün
yerinə yetirildiyi, yəni onun güllələndiyi göstərilir.
Rədd cavabı
Mir Cəfər Bağırov
güllələnəndən sonra verilib?
Belə çıxır
ki, o, əfv barədə
Ali Məhkəməyə müraciət
etməyib, yəni söhbət saxtalaşdırmadan
gedir.
Bu məsələyə
nöqtə qoymaq üçün, deyim ki, vaxtilə mən Mir Cəfər Bağırovun
ölümü ilə
bağlı onun yaxın qohumu, keçmiş ekologiya naziri, professor Hüseyn Bağırovla söhbət
etmişəm: güllələnmiş
Bağırovun nəşinin
qalıqları tapılıb,
xaricə (səhv etmirəmsə, İngiltərəyə)
ciddi ekzpertizaya göndərilib və təsdiq edildikdən sonra, oğlu Cahangirin yanında dəfn edilib.
Mir Cəfər Bağırovla bağlı
bu cür şayiələrə, obıvatel
söhbətlərinə, sensasiyaçılığa,
ağılasığmaz mülahizələrə
rus tarixçilərinin
(sovetoloqlarının) yazılarında
da rast gəlirik və elə bil, fürsət düşüb, kimin ağılına nə gəlir, yazır, hətta onun, yəni Bağırovun milliyyətcə fars (!) olduğunu da uydururlar. (Bax: «Íåçàâèñèìàÿ ãàçåòà», 26 ñåíòÿáðÿ 2023.)
İnqilabçı-bolşevik, 1937-ci ildə Rusiyanın Baş prokuroru olmuş, "xalq düşmənləri"ni amansızcasına
"ifşa" etmiş,
sonra da özü
"xalq düşməni"
kimi güllələnmiş
Aleksandr Antonov-Ovseyenkonun oğlu
Anton Antonov-Ovseyenko Sovet
vaxtı dissident idi və elə o vaxt da, Sovet İttifaqı dağılandan
sonra da Stalin və Stalinin silahdaşları (əsasən də, çekist orqanlarına rəhbərlik etmiş Yaqoda, Yejov, Beriya) haqqında yazılmış kitabların
müəllifidir. Onun
Mir Cəfər Bağırov
barədə yazdıqlarını
oxuyanda, elə bil, Hollivudun qorxu-vahimə filmlərinin
ssenarisini oxuyursan: guya "Mir Cəfər"
Bağırovun əsl
adı deyil - onun, yəni Bağırovun bolşevik
qardaşının adıdır
və Bağırov qardaşını öldürüb
(!!), onun adı və sənədlərini
mənimsəyərək, bizim
tanıdığımız Mir Cəfər Bağırov
olub. Aydın məsələdir ki, bu qorxulu nağılın üzərində dayanmağa,
bunu təkzib etməyə ehtiyac yoxdur, yalnız onu deyim ki, Mir Cəfər Bağırovun
böyük qardaşları
Mir İbrahim və Mir Musa Quba
mahalında tanınmış
şəxslər idi və molla Mir Musa, bildiyim dərəcədə,
nüfuzlu din xadimi olub.
Doğrusu, mən
buna da təəccüb etdim
ki, hətta ABŞ-nin
Mərkəzi Kəşfiyyat
İdarəsi kimi ciddi bir təşkilatının
da 1953-cü ildə Mir Cəfər
Bağırov haqqında
hazırladığı iki
səhifəlik arayışda
yazılıb ki, guya Lavrenti Beriya gizli fəaliyyəti zamanı (belə çıxır ki, 19-20 yaşlarında)
Bağırovun bacısı
ilə ailə qurub.
Ancaq baxın, KQB ilə sıx əlaqəsi olan və əsərlərində
bilavasitə KQB sənədlərinə
əsaslanan məşhur
rus sovet yazıçısı Yulian
Semyonov isə Stalin dövrü
və Stalinətrafı
partiya-dövlət xadimləri
arasında nüfuzuna
görə Mir Cəfər
Bağırovu "əfsanəvi
Bağırov" (orijinalda:
"leqendarnıy Baqirov")
adlandırır.
Mir Cəfər Bağırov haqqındakı
ədəbiyyatda sənədlərə,
səriştəli xatirələrə
əsaslanan ciddi tədqiqatlar, yazılar da
var və onun şəxsiyyəti, fəaliyyəti
Azərbaycan və rus tədqiqatçıları
ilə bərabər,
xarici ölkə sovetoloqlarının da diqqətini
cəlb edib. Professor
Robert Taker monoqrafiyasında yazır ki, Mir Cəfər
Bağırov Azərbaycanda
"Stalinin cəmiyyəti
təmizləmə siyasətini
müstəsna qəddarlıqla
həyata keçirirdi".
(Ðîáåðò Òàêåð. Ñòàëèí. Ìîñêâà, «Âåñü Ìèð»,2006, ñòð. 733.)
"Müstəsna
qəddarlıq" ifadəsində
həqiqət varmı?
Stalinin məşhur
sözü yada düşür:
"İnsan var - problem var, insan yoxdur - problem yoxdur!"
Stalin bu sözləri bəlkə
də heç deməyib - mən bunu dəqiq bilmirəm, ancaq bu sözlər bu gün 1937-38-ci illər üçün Sovet İttifaqında, o cümlədən də, Azərbaycanda həyata tətbiq edilən ideoloji-inzibati epiqraf kimi səslənir, hətta belə demək mümkünsə
(elə bilirəm ki, mümkündür), Sistemin
mənəvi borcunu
(!) ifadə edir.
Mir Cəfər Bağırov Stalinin və ümumiyyətlə
Kremlin göstərişlərini (əmrlərini) sözsüz
və cani-dildən yerinə yetirən, hakimi-mütləq səlahiyyətləri
ilə Azərbaycan Kommunist Partiyasının Birinci katibi, əslində isə vali (qubernator) təyin edilmiş, həmin səlahiyyətlərdən tam şəkildə istifadə
və görünür,
bəzən də
sui-istifadə edən,
sovet imperiyası miqyasında isə taleyi Kremldən asılı olan (həyatının faciəvi
sonu bunu bir daha təsdiq
etdi) Sistemin tanınmış və böyük kaliberli partiya-dövlət xadimlərindən
biri idi.
1933-53-cü illər
arasında bütün
Azərbaycan Mir Cəfər
Bağırovun zəhmi
altında idi, ancaq inzibati-ideoloji canfəşanlığı və
sözsüz bacarığı,
ciddi və güclü xarakteri Kremldə də onun yerini möhkəmlətmiş,
Kremlətrafı (Stalinətrafı
demək daha doğru olar) mühitdə, başqa qubernatorlar (respublikaların
birinci katibləri) arasında nüfuzunu artırmışdı və
yüksək vəzifəli
Kreml məmurları belə, nəinki onunla hesablaşır, ondan ehtiyat edirdilər.
Xarici sovetoloqlar Mir Cəfər Bağırovu
"Azərbaycanın Stalini"
adlandırırdılar və
bu yerdə şişirtmə yox idi.
Akademik Musa Əliyev
1940-cı illərdə Respublikada
elm və təhsil sahəsində yüksək
vəzifələrdə (MK katibi, Nazirlər Soveti sədrinin müavini, Elmlər Akademiyasının prezidenti)
işləmişdi və
mən bu görkəmli alimin gündəliklərində Mir Cəfər
Bağırovla bağlı
maraqlı müşahidələrə,
epizodlara rast gəldim (Ðîáåðò Òàêåð. Ñòàëèí. Ìîñêâà, «Âåñü Ìèð»,2006, ñòð. 733.)
Baxın, 1941-ci ilin
əvvəlində Musa Əliyevi
SSRİ Neft Sənayesi
Nazirliyində təhsil
müəssisələri şöbəsinin
rəisi vəzifəsinə,
eyni zamanda Moskva Neft İnstitutunda dərs deməyə dəvət edirlər və nazir İvan Sedin Mir Cəfər
Bağırovla danışmadan,
bu məsələni respublika partiya təşkilatının o vaxtkı
ikinci katibi Pyotr Çeplakovla razılaşdırır. Musa Əliyev
Moskvaya köçüb
yeni vəzifədə işə
başlayır və
1942-ci ildə SSRİ Ali Məktəblər
Dövlət Komitəsinin
sədri (yəni
nazir) Sergey Kondratyevin tapşırığı
ilə ali məktəblərdə yoxlama
aparmaq üçün
Zaqafqaziyaya ezam olunur. Musa Əliyevin göstərişlərinin sözsüz
yerinə yetirilməsi
barədə ona, şəxsən, Stalinin imzası ilə mandat verilir və o, Tiflisdə yoxlamasını bitirib, Bakıya gələndə
Stalinin imzaladığı
mandatı MK-nın katibi Sultan Qafarzadəyə
təqdim edir. Qafarzadə bu imzanı görən kimi, mandatı ondan alır və Mir Cəfər Bağırova göstərəcəyini
deyir.
Uzun sözün qısası, Musa Əliyev
yoxlamalarını bitirib
Moskvaya qayıtdıqdan
bir müddət sonra SSRİ Nazirlər Soveti sədrinin (yəni Stalinin) müavini Rozaliya Zemlyaniçka onu yanına çağırır
və məlum olur ki, Mir Cəfər Bağırov iki dəfə Zemlyaniçkaya
zəng edərək,
Musa Əliyevin onunla razılaşdırmadan Moskvaya
aparıldığını bildirərək, onu geri, yəni yenidən Bakıya qaytarmağı tələb
edir. Ancaq hər iki nazir - Sedin və Kondratyev də, öz növbələrində, Zemlyaniçkadan
xahiş edirlər ki,
Musa Əliyev geri qaytarılmasın və Moskvada öz işində qalsın.
Rozaliya Zemlyaniçka
(Zalkinq) həmin məşhur və qəddar bolşevik qadın idi ki, Leninin yaxın silahdaşı olmuşdu,
1920-ci ildə Krımda
yerli sakinləri və əsir düşmüş əsgərləri
kütləvi surətdə
güllələtdirmişdi. Bu qorxulu xanım bolşevikin "Yoldaş
İblis" ayaması var idi, ancaq o da,
Mir Cəfər Bağırova
"yox" deməkdən,
onunla mübahisə etməkdən çəkinərək,
Musa Əliyevin geri qaytarılmasını lazım
bilir.
Bir az irəli
gedərək yazım
ki, Mir Cəfər Bağırov
1953-cü ildə Moskvada
Lavrenti Beriya "ifşa" olunan plenumda çıxış
edərkən, MK katibi
Mixail Suslov (sonralar Leonid Brejnev dövrünün "boz
kardinalı") onun sözünü kəsib:
"- MK-nın işçiləri
Bakıya gəlməkdən
qorxurdular" - demişdi
və bu, həqiqət idi, halbuki başqa Respublika rəhbərləri Sov.İKP
MK-dan gələn ən
kiçik rütbəli
partiya məmuru ilə də hesablaşırdı.
Zemlyaniçkanın yanında
Musa Əliyevin məsələsi
müzakirə olunarkən,
nazir Kaftanov deyir ki, Bağırov Stalinin imza atdığı bir mandatın sahibinin Moskvada qalmağını, Moskvada
işləyib yüksəlməyini
qəbul edə bilməz və Musa Əliyev Bakıya qayıtmalı olur - onu, SSRİ-də neftlə bağlı bütün ali məktəblərə rəhbərlik
edən Musa Əliyevi...
Bakı Neft İnstitutunda dosent vəzifəsinə təyin
edirlər. Musa Əliyev
yazır ki, Moskvadan sonra onu Bakıda
ilk dəfə görəndə,
Mir Cəfər Bağırov:
"- Hə, sənsən?
- deyir. - Elə bilirdin ki, məndən qaçacaqsan? Görürsən,
yenə mənim tabeliyimdəsən".
Mən ona görə bu epizodun üzərində dayanıram ki, Zemlyaniçka
da, SSRİ-nin iki naziri də öz işçilərini
müdafiə edə,
Mir Cəfər Bağırova
"yox" deyə bilmirlər, ondan ehtiyat edirlər, çəkinirlər, o biri
tərəfdən isə,
bu epizod Mir Cəfər Bağırovun
təbiətindəki siyasi
qısqanclıqdan da az
demir.
Bu sözləri yazarkən, xatırlayıram
ki, həmin Sergey Kaftanov
1950-ci illərin
sonlarında SSRİ Dövlət
Radio və Televiziya Komitəsinin sədri olub və rəhmətlik
Teymur Əliyev də (Teymur Elçin) o vaxt Azərbaycan Dövlət
Radio və Televiziya Komitəsinin sədri vəzifəsində işləyirdi.
Sonralar Teymur müəllim mənə danışırdı
ki, bir dəfə Moskvada Kaftanovla görüşləri zamanı
Mir Cəfər Bağırovdan
söz düşüb
və Kaftanov dərindən köks ötürərək: "- Hə,
möhkəm (güclü)
kişi idi!" - deyib ("Da, silğnıy
bıl mujik!").
Bu da, yəqin Mir
Cəfər Bağırovun
yaddaşı və
kin-küdurəti haqqında
az söz demir ki, həmin Neft Sənayesi naziri İvan Sedin də bir neçə ildən sonra neft problemləri ilə bağlı Bakıya gəlir və onu restorana
aparıb, elə içirdib kefləndirirlər
ki, biabırçı vəziyyətə
düşür. Aydın
məsələdir ki, Bağırovdan
xəbərsiz, belə
bir iş etməzdilər və Bağırov da dərhal bu biabırçılıqla
bağlı bilavasitə
Stalinə müraciət
edir, məlumat verir və İvan Sedin vəzifəsindən azad olunur.
Başqa bir misal.
Azərbaycan KP MK-nın
3-cü katibi vəzifəsində
işləmiş, Sov.İKP-nin
XIX Qurultayının (Stalinin
keçirdiyi son qurultay
idi) nümayəndəsi
olmuş Həsən Məmməd oğlu Həsənov xatirələrində
elə həmin qurultayda baş vermiş belə bir hadisədən danışır: qurultayda
çıxış edən
Mir Cəfər Bağırov
Azərbaycan Yazıçılar
İttifaqına biganə
yanaşdığı üçün
SSRİ Yazıçılar İttifaqını tənqid
edir. Bundan sonra SSRİ Yazıçılar
İttifaqının sədri,
Sovet İttifaqında
ən məşhur və səlahiyyətli ədəbiyyat generalı,
başlıcası isə,
Stalinin yaxşı münasibət bəslədiyi,
Kreml kabinetlərinin qapıları həmişə
üzünə açıq
olan Aleksandr Fadeyev söz alaraq, Bağırova cavab verir. Qurultayın Rəyasət Heyətində
oturmuş Mir Cəfər
Bağırov əsəbiləşərək,
elə qurultayın işi gedə-gedə yerindən qalxıb, Malenkova, sonra da Molotova yaxınlaşır
və Fadeyevin çıxışına qiymət
vermək üçün
komissiya yaradılmasını
tələb edir. Onun tələbilə Mixail Suslovun sədrliyi ilə komissiya yaradılır, ancaq Bağırov Suslovun sədrliyinə də etiraz edir, nəhayət, komissiyaya Sov.İKP MK katibi Pyotr Pospelov
sədrlik edir və qurultayın növbəti iclasında
isə Aleksandr Fadeyevin
bəyanatı oxunur: "- Mən yoldaş Mir Cəfər Bağırovdan üzr istəyirəm".
Təkrar edirəm:
söhbət Stalinin iştirak etdiyi qurultaydan və Stalinin hörmət bəslədiyi, Sov.İKP
MK-nın üzvü,
SSRİ Ali Sovetinin deputatı,
saymaqla bitməyən
bir çox nüfuzlu ədəbi və siyasi-ictimai qurumların üzvü və rəhbəri olan bir şəxsdən
gedir.
Həsən Həsənov
yazır: "Bu bəyanat
qurultay nümayəndələrini
silkələdi, həyəcana
gətirdi". (Həsən
Həsənov. "Ləyaqətli
şəxsiyyət". Bakı,
Elm, 2004.)
Kremlin və konkret olaraq, Stalinin Azərbaycana (bu mənada, Azərbaycan - Mir Cəfər
Bağırov demək
idi) münasibətinə
xəsarət yetirə
biləcək ən kiçicik hadisənin qarşısını almaqda,
bəzən isə mürəkkəb bir vəziyyətin yaratdığı
problemi həll etməkdə Mir Cəfər
Bağırov qətiyyətli
və cəsarətli
idi və bu zaman o, hansısa əxlaq prinsiplərini, hansısa subardinasiyanı
bir kənara ataraq, effektli tədbir görməyi bacarırdı və görürdü.
Tarixçilər məşhur
bir hadisə barədə yazırlar və mən bu hadisənin bilavasitə şahidi olmuş Musa Əliyevin xatirələrinə istinad
etmək istəyirəm.
O yazır ki, Respublikadan
Moskvaya anonim şikayət məktubları
get-gedə artır və nəhayət, bu şikayətləri yoxlamaq üçün Stalinin tapşırığı
ilə SSRİ Dövlət
Nəzarəti naziri,
general-polkovnik Lev Mexlis
öz müavini Yemelyanovun rəhbərliyi
ilə Azərbaycana komissiya göndərir. Partokratların "Stalinin
Baş inspektoru" adlandırdıqları Lev Mexlis
Stalinin ən yaxın və sədaqətli adamlarından
biri, birincilərdən
biri idi. Bu gün rus sovetoloqları
onu "Stalinin sədaqətli köpəyi"
adlandırırlar və
bu məcaz həqiqətdən doğur.
Bakıya təşrif
buyuran Yemelyanov yüksək enerji və görünür, bir az da təkəbbürlə
yoxlamalara başlayır
və üzə ciddi çatışmazlıqlar
çıxarır (məs.,
Nazirlər Soveti sədrinin müavini Əzizağa Əzizbəyovun
əmanət kassasında
700 min pulu olduğu aşkar edilir, bu isə o zaman fövqəladə bir hadisə idi) və Mir Cəfər Bağırov bu yoxlama gedişatına şəxsən müdaxilə
edir: belə işlərdə təcrübəsi
və bacarığı
olan bir xanım "KQB" işçisi
vasitəsilə Yemelyanovu
yoldan çıxarır
və Bağırov onların intim fotolarını birbaşa
Stalinə göndərir.
Yoxlama əhvalatı bununla qurtarır ki, bədbəxt Yemelyanov özünü güllələyib,
intihar edir.
Mən rəhmətlik
Eldar İsmayılovun
kitabında (Âëàñòü è íàðîä – 1945-1953. Áàêó, «Àäèëîãëû», 2003) başqa
maraqlı və Mir Cəfər Bağırov
hikkəsinin gücünü-qüvvətini
göstərən bir
epizoda da rast gəldim: general-polkovnik Kolpakçı Azərbaycanda
yerləşdirilmiş 4-cü sovet ordusunun komandiri təyin olunur və Bakıya gələn kimi, tələb edir ki, Bağırov onun görüşünə
gəlsin, bir sıra tələblər
dərhal yerinə yetirilsin. Mir Cəfər Bağırov, aydın məsələdir, onun görüşünə getmir
və ay yarım ərzində Kolpakçının
Bakıdan uzaqlaşdırılmasına
nail olur.
Vladimir Yakovleviç
Kolpakçı İkinci
Dünya müharibəsində
geniş şöhrət
qazanmış, ordu generalı rütbəsinəcən
qaldırılmış, nüfuzlu
bir sovet sərkərdəsi idi və onun bu
cür tezliklə Bakıdan qovulması, təbii ki, yalnız Stalin
səviyyəsində həll
oluna bilərdi.
Mir Cəfər Bağırovun məhkəməsində
şahid kimi dindirilən DTK işçisi
Pavel Jentov da belə bir hadisə danışır: "1943-cü il, müharibənin qızğın
vaxtında mərkəzi
"NKVD"nin şöbə
müdiri, Ali Sovetin deputatı Qusev Azərbaycan Daxili İşlər Komissarlığında
yoxlamalar aparmaq üçün Bakıya
göndərilir və
özbaşınalıq hallarını,
pozuntuları üzə
çıxarır. "İnturist"
otelində onun qaldığı nömrəyə
gizlin aparat quraşdırılır, onu
da bir "NKVD" qadını
ilə görüşdürür
və onların biabırçı intim fotolarını çəkib,
Moskvaya göndərirlər
- Qusev Yemelyanov kimi özünü güllələməsə də,
dərhal işdən
azad edilir".
Mir Cəfər Bağırov yüksək
inzibati təşkilatçılıq
qabiliyyətinə malik, iradəli
və artıq dediyim kimi, cəsarətli,
prinsipial və qəddar, kinli, qətiyyətli və əsəbi, impulsiv, eyni zamanda korrupsiya
baxımından olduqca
təmiz bir şəxsiyyət idi. Görünür, Mir Cəfər
Bağırov tərifə,
şöhrətə də
biganə olmayıb və bizim tanınmış
teatr xadimimiz, rəhmətlik Məhəmməd
Bürcəliyevin xatirələrində
səciyyəvi, eyni zamanda dövrün və münasibətlərin
xarakterini göstərən
belə bir epizod var:
"1951-ci ilin soyuq yanvar ayı
idi. Bir gün xəbər gəldi ki,
Mir Cəfər Bağırov
Ənvər Məmmədxanlının
"Şərqin səhəri"
pyesinin tamaşasına
baxacaq. Mən də teatrın direktoruyam, həm də baş rollardan birini oynayıram. Fikrim budur ki, Mir Cəfər Bağırovdan teatrın
təmiri, rekonstruksiya
olunması üçün
bir şey qopardım. İşıqçılara
tapşırdım ki, Bağırov
rolunu ifa edən Xalq artisti Əşrəf Yusifzadə səhnəyə
çıxan kimi, projektorları tuşlasınlar
lojada oturmuş katib Mir Cəfər Bağırovun üstünə...
Tamaşa qurtardı, qulbeçələrdən biri
rəngi qaçmış
halda qrim otağına gəlib dedi ki, Bürcəliyev,
"Kişi" səni
çağırır. Onun
sifətində mən
öz faciəmi oxudum. Dedim, axı hələ qrimimi silməmişəm.
Doğrusu, minlərlə
adamı gedər-gəlməzə
göndərən, elə
bizim teatrdan Ələkbər Seyfini sürgün etdirən Bağırovla üz-üzə
gəlməyə qorxurdum.
Qulbeçə getdi, bir azdan sonra
daha təşvişlə
qayıdıb bildirdi
ki, Bağırov deyir,
eybi yoxdur, qrimdə gəlsin. Sibirin şaxtası dondururdu burnumu. Getdim kabinetimə, Bağırov qəti səslə soruşdu:
"- Familiyan!?" Familiyam
yadıma düşmədi
ki, düşmədi. Rəhbərlərdən
biri dedi ki, Bürcəliyevdir, yəqin
yadından çıxıb.
Mir Cəfər Bağırov
məni xeyli süzdükdən sonra gülümsündü: "- Təbrik
edirəm, - dedi. - Yaxşı tamaşadır.
Bəs teatrın binası niyə soyuqdur?" "- Yoldaş
Bağırov, 0,5 düyümlük
boru tapılmır.
Ona görə də qalmışıq belə..."
Hə, bu söhbət axşam saat 10-da oldu. Səhər saat 9-da Dəmiryol vağzalından
xəbər gəldi
ki, sizin teatrın adına 0,5 düyməlik
boru gəlib, özü də bir vaqon, gəlin,
aparın." ("Kaspi"
qəzeti, 27 noyabr
2018.)
(Ardı var)
Elcin
Ədəbiyyat
qəzeti. – 2024. – 20 aprel, ¹ 13-14. – S. 2-5.