İnsana insandan danışmaq cəhdi
I
Heç nəyə
can atmıram daha
Sənə can atmıram daha,
Canım
yoxdur ki, can deyiləm.
Allah olsan da, bil, sənə
Mən təslim olan deyiləm.
Heç
nəyə can atmıram
daha. Özümü azadlığa buraxmaq, rüzgarların alıb götürdüyü uzaqlara,
ağlımın anlamadığı,
ruhumun duymadığı
yerlərə getmək
istəyirəm.
Bu istək nəyisə əldə etmək, nəyəsə nail olmaq cəhdi deyil. Bu qısa ömründə əbədi qanunlarla yaşamaq istəməyən
bir insanın sonda nəyisə anlamaq cəhdidir.
Ürəyin qanunlarından ağılın
xəbəri yoxdur ki!
Bizim gördüklərimiz
görmədiklərimizin kölgəsidir
əslində. Və nə qədər yol var, onu gedəcək
adamlar da olacaq.
Allahın belə Allah olmaq
istəmədiyi bir məmləkətdə insanları
fərqli qılan nədir, görəsən?
Doğulduğu yermi, sevdiklərimi, ata-analarımı,
kimin uşağı olmağımı, sahib olduqları
şeylərmi? Yox!
Bu fərq yaşadıqları
ömrə münasibət
formasıdır əslində.
Ancaq adamlar bilmirlər ki, ömür
illüziyadan başqa
bir şey deyil. İnsan yer üzündə deyil, ancaq sevdiklərinin
qəlbində, sevdiyi
şeylərin mahiyyətində
yaşayır. Yaşamağın
başqa bir anlamı yox və həyat ona bağlanılacaq qədər uzun deyil.
II
Çətindir göyü sevib,
qayıdıb yerin olmaq
Ömrü sovurub-sovub,
Bəxti
qapıdan qovuq,
Çətindir göyü sevib
Qayıdıb yerin olmaq.
...İlk
doğuluşdan insanın
göy üzünə
sirli-sirli baxmağı,
sonradan elə bu sirr içində
göy üzündə
Allah axtarışı və
bir az sonra
da sirr içində Allaha əl açıb dua eləməyi də fəlsəfənin ilk predmeti
olmalıdır, məncə...
Mən fəlsəfəni onun quru mücərrədliklərində
və formal tərəflərində
deyil, insanın öz ruhu ilə
qarşılıqlı münasibətlərinin
fonunda aydınlaşdırmağın
tərəfindəyəm.
Bizdə,
adətən həmişə
fəlsəfənin özü
ilə deyil, onun tarixi ilə
məşğul olublar.
Son-az qala, bir əsrə bərabər bir dövrdə insanın ilk
yaranışı, insanın
özü və Allah
haqqındakı düşüncə
və biliyində indiyə qədər formalaşmış ənənədən
fərqli bir fikir söyləmək
"sovet ideologiyası"
tərəfindən qadağan
olunmuşdur.
Qadağaların hakim olduğu yerdə
azad düşüncə,
azadlığın hakim olduğu
yerdə azadlıq olmur.
Azadlıq başına tac qoyub,
taxta oturub, hökmranlıq edirsə,
hansı azadlıqdan danışmaq olar? Ən böyük azadlıq sərbəst düşüncənin azadlığıdır.
Bizim xalqda fəlsəfə ilə bağlı maraqlı bir fikir formalaşıb; kim ki elmlə məşğul ola bilmir,
filosofluq edir. Bu cür düşüncə
tərzi bizi heç vaxt fəlsəfənin həqiqi
mahiyyətini dərk eləməyə imkan verməyib. Hər hansı bir tədqiqat sahəsi dəqiq formullarla ifadə olunmuş biliyi meydana çıxardıqda bu bilik elm adlanır. Hər bir elm fəlsəfə kimi başlayır, sənət
kimi başa çatır.
Fəlsəfə məlum olmayanın
və ya qeyri-dəqiq olanın sübutlara əsaslanan şərhidir. Deməli,
elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir.
"Fəlsəfə, sözün
əsl mənasında,
elm kimi bizi zəngin eləyə bilməz", ancaq o bizim ruhumuzu mütləq azad eləyə bilər.
Məncə, azadlıq, daha
doğrusu, düşüncə
azadlığı fəlsəfənin
ən böyük predmetidir.
Özündə bir çox tədqiqat və mülahizə sahəsini birləşdirən fəlsəfə
Allah, ölüm, əbədiyyət,
zaman və məkan haqqında düşüncələrlə
qorxu içində yaşayan insanı xilas etməyin, yəni insanın özünü xilas etməyinin ən gözəl yoludur.
Ancaq olanların və olacaqların mahiyyətini
daşda, ağacda, göy üzündə, ulduzlarda, hətta sonda Allahda axtarmağın
tərəfində deyiləm.
Çünki onların
hamısından daha dəyərli, daha möhtəşəm bir mövzu var - insan ruhu, insan mənəviyyatı
və sonda insanın özü. İnsanın özündə
baş verənlərin
mahiyyətini göy üzündə, ətrafda
axtarmağı başadüşülən
deyil. Göyü sevib yerin adamı
olmaq axmaqlıqdır,
məncə.
Ömür keçdi, gəldi
bir dəm,
Haqq yoluna qoydum qədəm.
Ki, özümə varıb gedəm,
Özgə bir yol de, varmı, heç?
İnsanın öz-özündə bir şey olması
bizə imkan verir deyək ki, insanda olan nə
varsa, özünündü
və yaxud insan öz mahiyyətidir
əslində, böcək
kimi, qarışqa kimi, quş kimi, arı kimi, hörümçək
kimi. Əziz oxucum, qarşılıq olaraq deyə bilərsən ki, insan onlardan fərqli olaraq düşünə
bilir, kəşf edə bilir, yarada bilir. Tor hörümçəyin, şan
arının kəşfidir.
Sadəcə olaraq onlar ən böyük
kəşflərini insandan
fərqli olaraq sonda deyil, başlanğıcda
eləyiblər.
Yol gedirəm mən dəli,
Bu yol dəli, mən dəli.
Bu nə yoldu, əvvəli
Və sonrası içində.
Əvvəl və son yoxdur.
Onların əvəzində
yol var. Və ən acınacaqlı odur ki, biz yolun kənarındakı çiçəklərə
uyub yolun özünü, yəni insanı unutmuşuq.
III
Ömür - insanın
dəyərləndirmək cəhdi
Bu qardaşdı, kədər
bacı,
Ağladacaq acı-acı.
Bədən ruhun dar ağacı,
Ruh bədənə uyarmı,
heç?
İnsanın özü ağlamadan
başqasını ağlatmaq
cəhdi riyakarlıqdır.
Horatsi şair olmaq istəyən oxucusuna yazırdı:
"Əgər sən
mənim ağlamağımı
istəyirsənsə, gərək,
özün də kövrələsən, ağlamsınasan".
İnsanın özünün bilmədiyi,
başqasına bir şeyi anlatmaq istəyi də belə bir şeydir.
Və mən bir şeylər bilirəm. Və onları anlatmaq fikrindəyəm.
Sən
- möhtəşəm və
cılız, təslim
olan və dar ağacına gedən, füsunkar və rəzil, güclü olduğu qədər zəif, namuslu və ləyaqətli olduğu qədər namussuz insan!
Yüz tilsimə baş vurdum,
Qayıdıb səndə durdum.
Bu olumla nə buldum,
Olmamaqdı bu olmaq.
Əgər olmaq elə olmamaqdırsa, bu boyda əzab və iztirablar, cəhdlər və canatmalar nə deməkdir, görəsən?
Ömür boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdidir insanın.
Fələk qarının
tərsinə fırlanan
çarxının pərlərini
insanın boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdi döndərir.
Göz yaşları,
əzab və iztirab, canatmalar bahasına dönən bu çarxı fırlatmağına dəyərmi?
Belə bir şeyə hesablanmış
insan ömrü boş və mənasız deyilmi? İnsan hara can atır? Ölüməmi? Ölüm
haqqında düşüncələr
ölümün özündən
daha çox əzab gətirir.
Ölüm qorxusu fəlsəfənin
başlanğıc, dinin
son səbəbidir. Ruhun
ölümsüzlüyünə olan inam ölüm
qarşısındakı dəhşətli
qorxunun bir işarəsi, rəmzi, simvoludur. İsa da, Musa da, Məhəmməd
də bunu bilirdi. Ancaq anlatmaq istəmədilər.
İnsan
bütün ömrü
boyu mövcud olmayanı arzu edir. Olanı mövcud olmayana qurban verir. İnsan
həyatının faciəsi
belə başlayır.
Ömür qısa olduğundan
insan topladığı
təcrübədən istifadə
eləməyə vaxt
tapa bilmir. Nə vaxtsa istifadə olunmayacaq təcrübəni
əzablar bahasına toplamağa dəyərmi?
Mən insanı cəmiyyətlə
münasibətdə yox,
fərd şəklində
öyrənməyin doğru
olduğunu düşünürəm.
Buddistlər deyirlər
ki, "Mən bir yanılmadır, fərd sadəcə olaraq fenomendir".
Biz insanı fərd şəklində öyrənsək,
görərik ki, onun əzab və sevinci ölümü ilə bitir. Qalan yeganə şey artırdığı
nəsildir. Onlar da heyvanların həyata keçirdiyini - nəsil ötürmək kimi bir vəzifəni icra eləməkdən başqa bir şey eləməyiblər.
Bütün yaxşı və
pis keyfiyyətlər insanın mahiyyətini ifadə etmir. İnsanın mahiyyəti boş və mənasız bir şeyi-ona verilən ömrü dəyərləndirmək
cəhdindən başqa
bir şey deyil. Bu belə olmasaydı, tale təkcə
mənsub olduqları xalqların ədəbiyyatında
deyil, dünya ədəbiyyatının tarixində,
söz və nüfuz sahibi olan bir çox
qələm əhlini
ömrün və insanın nə olduğunu dərk edəndən sonra intihara sürükləməzdi.
Heminquey,
Yukio Mişima, Stefan Sveyk,
"Nobel" mükafatı almış Yosunari Kavabata, "yaşamaq nədən belə iç acısı" deyən ingilis qadın yazarı Virginya Volf, "dişisinə pis davranan tək heyvan insandır" deyən Cek London, "yalnız
hüznü vardır
qəlbi olanın"
deyən 29 yaşlı
İlhami Çiçək,
ölümündən bir
an əvvəl dostuna
"ortada yazar olduğumu təsdiq edəcək heç bir şey qalmasın"
söyləyən F.Kafka... Bu siyahını
nə qədər istəsən, uzatmaq olar. Bu adamlar ölümün mahiyyətini
dərk etmək üçün intihara cəhd etmədilər. Onlar ömrün boş və mənasız olduğunu dərk etdiklərindən
intihar etdilər.
İnsanın qəzəbi gülüşə,
atəşi nura və işığa, ehtirası sevgiyə, haqq və ədaləti
görüntüyə, riyakarlığı
xeyirxahlığa, qorxunu
Allaha çevirmək
cəhdi onun zəkasına deyil, ona verilmiş ömrü - qısa zaman ölçüsünü öz
həyatı ilə doldurmaq istəyinə hesablanmışdır.
Fransız filosofu Volter deyirdi ki, "İnsan yalnız bütöv ömrünü sərf etməklə həyatını
dəyərli edə bilər... Bu, son nəticədə
ən böyük həzzə çevrilir".
Bu həzzin özü
belə boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdidir...
İnsana
verilmiş ömür
boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdindən başqa
bir şey deyil.
IV
Göy üzü
itmiş yer üzüdü
Bir dəli var, əli daşla,
Gözləri doludur yaşla.
Gəl,
o dəlini bağışla,
Unudub bəndə olduğun.
Biz insanı kənarda - ayda, ulduzda, ağacda, çiçəkdə,
böcəkdə, göy
üzündə, Allahda
axtarmağımızın yanlış olduğunun əzabını çəkməkdəyik.
Mən həmişə fikirləşmişəm
ki, göy üzü nə vaxtsa itmiş yer üzüdür. Və
biz göy üzünün
qaranlığında bütün
olmuş və olacaqlara, cavabsız suallara cavab axtarmağımızın nə
qədər gülməli
olduğunu anlamırıq.
Biz, nə vaxtsa göy üzünü
"darmadağın eləsək",
o işıqlanacaq. Və
onda biz onun elə nə vaxtsa günaha batmış, itmiş yer üzü olduğunu görəcəyik.
İnsana
aid olan bir şeyi insandan kənarda axtarmaq yanlışdır, məncə!
Çünki:
Yüz dua qıl, əyil
anda,
Duyacaqsan
lap son anda,
Sən Tanrının dərgahında
Öz içindən gələn
səsi.
V
Və mən
hamıdan
fərqli olaraq...
Çox
şeylər bilirəm
bu yer üzündə;
Bilirəm, cənnətdə
Buğdanı hansı mələk
göstəribdir Həvvaya.
Və hansı mələk
küləksiz sovurub-sovub;
Bilirəm, Adəm
nə cür cənnətdən
çıxıb,
Allah İblisi dərgahından
nə sayaq qovub.
Bilirəm, niyə İblisi
öldürməyib,
əfv eləyib Adəmi.
Və bilirəm, sonradan
nəfsinə qul eyləyib adamı.
Çox
şeylər bilirəm,
Ancaq sirrini açmadan Allahın
yaşayıram bildiklərimi
unuda-unuda.
Bilirəm, İblisin
gizlində Allahın
dostu olduğunu da.
VI
Bəşəri dəyərlər və yaxud insanın özünü qorumaq cəhdi
Bədən cana yükdür
- yük,
Yenə
də onu sevdik.
Sonsuzluğa gedirik
An qorxusu içində.
İlk başlanğıcda insanın
özünü qorumaq
cəhdi instinktdir. O
zaman vəhşi təbiətlə
üzbəüz dayanmış,
əliyalın müdafiəsiz
və silahsız insan öz müdafiəsini
qolunun zoruna hesablamışdı. Və
ayaqda ancaq fiziki cəhətdən güclülər qalırdı.
Bu, Allahın təbiət
və insan arasındakı ilahi harmoniyası idi. İnsan ağıllandıqca,
təcrübə topladıqca
bu harmoniyanı pozdu. Və qəbilədə, tayfada,
cəmiyyətdə hakimiyyət,
söz sahibi olmaq fiziki cəhətdən
güclü olanların
əlindən çıxıb,
ağıllıların (həm
də hiyləgərlərin)
əlinə keçdi.
Və beləcə
ilk başlanğıcdan göy
üzü Tanrının,
yer üzü iblisin hakimiyyəti altına girdi.
Bax, elə o andan da mən həqiqəti nizələrin ucunda, qılıncların tiyəsində,
topların lüləsində,
həbslərdə, sürgünlərdə,
bir də "İncil"in və "Quran"ın saralmış
vərəqlərində gördüm.
Böyük mənada, həqiqətin,
haqq və ədalətin tac qoyub taxta oturduğu zaman heç vaxt olmayıb.
Əgər haqq və həqiqətin heç vaxt hakimiyyətdə olmadığını və
ilkin başlanğıcda
insanın Habildən deyil, günaha batmış Qabildən törədiyini qəbul etsək, böyük bəşəri dəyərlərin
uydurulma olduğunu, insanın özünü
qorumaq cəhdindən
başqa bir şey olmadığını
görəcəyik. Və
mən belə düşünürəm ki, böyük
bəşəri dəyərlər
olan haqq - yalanla doğrunun, ədalət-zülm və
yazıqlığın, səxavət
- xəsisliklə bədxərcliyin,
sevgi - şəhvətlə
ismətin, qəhrəmanlıq
- qorxu və dəliliyin, qanunlar - anarxiya ilə əmin-amanlığın, adilik
- dahilik və dəliliyin ortasında olan və onlardan
törəyən dəyərlərdir.
Və bu dəyərlərin heç
biri "özü-özündə
bir şey" deyil, törəmə - uydurulmuş dəyərlərdir.
Bütün bu böyük dəyərlərə
qarşı dayanan şər o dəyərlərdən
fərqli olaraq özü-özündə bir
şeydir və daha doğrusu, özü öz mahiyyətidir.
Məsələn: sevgi öz-özlüyündə
heç bir mahiyyət kəsb etməsə də (hətta bioloji cəhətdən), ismət
və şəhvət
anlayışları arasındakı
mahiyyəti, haqq-ədalət
zülm və yazıqlığın arasındakı
mahiyyəti ifadə edir.
Şər bunlardan fərqli
olaraq heç bir ara mahiyyət
ifadə etmir və özü öz mahiyyətidir. Şər özü-özlüyündə
özünü ifadə
etmək bacarığına
malikdir. Və bu səbəbdəndir ki,
o həmişə hakimiyyətdədir.
Şərdən fərqli olaraq haqq və ədalət
heç vaxt hakimiyyətdə olmayıb.
Əgər bineyi-qədimdən, doğuluşdan min illərdir
haqq və ədalət uğrunda mübarizə gedirsə, deməli, o heç vaxt hakimiyyətdə olmayıb. Mübarizə əldə olunacaq nəticənin ifadəsi olduğundan haqq və həqiqət uğrunda mübarizə sonu olmayan mahiyyət
daşıyır. Çünki
nə vaxtsa, haqq və həqiqət
hakimiyyətdə olsaydı,
onun uğrunda mübarizə aparmazdılar.
Əksinə, şər
həmişə dominant qüvvə
olduğundan onun uğrunda heç vaxt mübarizə olmayıb.
"İncil"də deyilir
ki, dünyanı sevgi
xilas edəcək. Füsunkar və möhtəşəm səslənir,
elə deyilmi? Ancaq, hansı sevgi? Bəndələrin Allaha olan sevgisimi?
Mən bu sevgini bəndələrin
hiyləgərliyə sığınmış
riyakarlığı hesab
edirəm. Bəndələrin
bəndələrə olan
sevgisimi? Bu da bir tərəfin qarşı
tərəfdən nəyisə
əldə etmək naminə aldatmaq cəhdidir.
Genetik cəhətdən bir-birinə
bağlı olan adamların (ata-ana, oğul, qız, qardaş, bacı) bir-birinə olan sevgisimi? Bu, instinktdir və istənilən növ və cinslər arasında bu mövcuddur. Quşların, böcəklərin,
heyvanların bir-biri uğrunda öldüklərini
görməmişikmi?
Müxtəlif cinsdən olan (kişi və qadın) adamların sevgisimi? Bax, məsələ burada daha çox reallaşır, konkretləşir,
tərəflər və
məqsəd aydın
görsənir. Kimisə
ələ keçirmək,
kimisə ram etmək,
özününküləşdirmək və yaxud əksinə,
kiməsə tabe olmaq, kiminsə qarşısında təslim
olmaq...
Və
son anda yenmək və yaxud əksinə,
yenilmək. Sevginin şəhvət və həya arasındakı aralıq bir şey olması onlar arasında daimi mübarizənin varlığından xəbər
verir. Sənə də bəllidir ki, bu savaşın qalibi həmişə birinci tərəf olur. Sirr ondadır
ki, bu savaşda yenilən tərəf məğlubiyyətini qələbə
sayır:
Gözümü yoldan yığım,
Dönüm, bir sözə
sığım.
Ən böyük azadlığım
-
Sənin
əsirin olmaq.
Bu bir həqiqətdir ki, fiziki cəhətdən kamil, sosial cəhətdən
təmin olunmuş, intellekti və ruhu olan hər
bir kişi istənilən bir qadın üçün
ideal tərəf-müqabildir və həmin kişi istənilən qadını əldə eləyə bilər. Və yaxud əksinə,
Allahın verdiyi gözəlliklərə sahib, intellekti,
ruhu, dünyabaxışı
kamil qadın istənilən bir kişini yoldan çıxarıb ona
sahib ola bilər. Bu cür
kişi və qadının sevgi adlı bir yalanı
uydurmağa ehtiyacları
yoxdur. Sevgini layiq olmadığı bir şeyi ələ
keçirmək istəyən,
eybəcərlər, yarımçıqlar,
qeyri-kamil adamlar uydurublar.
Qəhrəmanlıq - qorxu və dəliliyin arasında nədirsə, sevgi də eləcə,
şəhvət və
həyanın arasındakı
həmin şeydir.
Mən eyni səviyyədə, eyni vəziyyətdə, eyni fiziki və
mənəvi ölçülərə
sahib olanların sevgisinə
inanıram.
Sevgi ancaq bu anlamda
öz əsas mahiyyətini ifadə eləyə, aralıq mahiyyətindən çıxıb
öz-özündə bir
şey olduğunu anlada bilər.
Sevda sevgi deyil:
"Sevda nədir" soran adam,
Deyim - Bədən bil, can olur.
Zaman, zəmanə dayanır,
Min il dönüb bir an olur.
Ona gedən yolun adı
Ruhum üstə od qaladı.
Bu nə cür eşq, nə sevdadı,
Dərd
qayıdıb dərman
olur?!
Dərdi
dərman olanların sevgisi sevgi deyil,
sevdadır, sevgili oxucum: Sən bunları bilirsən, mütləqa!
Əziz
oxucum:
Yeddi rəng bir rəngdi
daha,
Səslər də yekrəngdi
daha,
Hamı
tənha, təkdi daha,
Gələcək heç gəlməyəcək.
İçimdə dinməmiş və
dindirilməmiş bir
şey var. Onun hüznünü yaşayıram.
P.S. Və bir də
onu demək istəyirəm ki, biz haqq və ədalətin heç vaxt taxta oturmayacağını
bilə-bilə o savaşın
əsgərləri olmağa
borcluyuq. Bu bizim taleyimizdi.
Rüstəm BEHRUDİ
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel,
¹ 13-14. – S. 6-7.