Bir bayraq yaradıb göylərə taxın!

 

 

Yox... Bu etirafı yaza bilmirəm,

Bununku qələmlik, kağızlıq deyil.

Səssizcə göylərə uçurtmaq olar, -

Bu qəm dillik deyil, ağızlıq deyil.

 

Bütün zamanlarmı belə olublar, -

Tarix kitabları gömülüb hara?

Bütün adamlarmı belə olublar, -

Hamı nəfsindənmi çəkilib dara?

 

Bəşər övladının istəyi nədir, -

deyib düşünür başlar kəsəndə?

Heçmi ürəyinin başı göynəmir,

Arılar inciyib, quşlar küsəndə?!

 

Görən hansı dinə qulluq edirlər,

Ölkəni ölkəylə vuruşduranlar? -

Qardaşı qardaşa düşmən edənlər,

Qonşunu qonşuyla tutaşdıranlar!

 

Gözləri acdımı, sərfəsi toxmu,

Qarğa, quzğunların - leş yeyənlərin?

Üstündə əsdiyi balası yoxmu

Bomba zavodunda işləyənlərin?

 

Başını itirib din başçıları,

Mömin qiyafəli kafər olublar.

Bütxanə, sinaqoq, məscid, kilsədə

Şeytan at oynadır, ya Əl-i-Qaffar!

 

Görüb böyüklərin bəd əməlini,

Dünyaya peşiman gəlir uşaqlar.

Bir yanda çöplüyə atılır çörək,

Bir yanda acından ölür uşaqlar.

 

Çiçəyi burnunda ölən oğullar

Görən qurban gedir hansı niyyətə?

Hamımı ağlını itirib, yoxsa -

Dur deyən yoxdurmu bu zehniyyətə?

 

Kürə şəklindədir Yer dedikləri,

Birinə Şərq olan birinə Qərbdi.

Mən səni öldürüm, sən məni öldür...

Adını qoysan, hərb elə hərbdi.

 

İldə neçə yüz min qurban verilir

Zəlzələ, yanğına, selə - azdımı?

Yəni bu dünyada sülh istəyənlər

Savaş deyənlərdən belə azdımı?

 

Yetər, kölə olduz cahangirlərə,

Ey barış deyənlər, ayağa qalxın.

Bir göyərçin şəkli çəkib üstünə,

Bir bayraq yaradıb göylərə taxın!

 

 

İbrahim İlyaslı

 

Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel, ¹ 13-14. – S. 7.