Harivanş Ray
BAÇÇAN
(1907-2003)
XX yüzildə hindi dilində yaranan ədəbiyyatın
ən görkəmli nümayəndələrindən biridir. Şair, nasir və tərcüməçi
kimi fəaliyyət göstərib. 70 şeir kitabının müəllifi,
filologiya elmləri doktoru, bir çox
milli və beynəlxalq
ədəbi mükafatın
laureatıdır.
Ötən əsrin
30-cu illərində çap
etdirdiyi üç şeir toplusu ("Madhuşala", "Madhubala"
və "Madhukalaş")
ilə tanış olan hər kəs
onun fars şairi Ömər Xəyyamın güclü
təsirinə qapıldığını
etiraf edir.
H.Baççan U.Şekspirin
"Maqbet" və
"Otello" pyeslərini, U.B.Yeytsin, Ö.Xəyyamın,
rus şairlərindən
- A.Puşkinin, M.Lermontovun,
F.Tütçevin, N.Nekrasovun,
S.Yeseninin, A.Blokun və V.Mayakovskinin şeirlərini, habelə
qədim hind poeması
"Bhaqavadgita"nı hindi
dilinə uğurla çevirib.
Görkəmli siyasi xadim Mahatma Qandinin öndəri olduğu Hindistanın müstəqillik
mübarizəsinin də
fəallarından biri
olub və dərs dediyi universitetdə tələbələr
arasında milli azadlıq
ideyalarını təbliğ
edib.
O, hind kinolarından
yaxşı tanıdığımız
məşhur aktyor, prodüser və siyasi xadim Amitabh Baççanın (1942) atasıdır.
Sümüklərimin aqibəti
Öldüyüm zaman sür-sümüyümü
istədiyiniz yerə
atın, getsin:
istər Qanq çayı olsun,
istərsə, zibilliyin
bir küncü -
külli-ixtiyar sahibisiniz!
Çünki o zaman verəcəyiniz
qərar
artıq sümüklərimin
heç vecinə də olmayacaq.
Təşnəlik və
şərbət dadan su
Təşnəlik lap əldən
salanda
axtarıb bir quyu tapmışdım:
içdiyim o su, bəlkə Zəmzəm suyu qədər,
bir şərbət
qədər şirin gəlmişdi mənə.
Sonralar yolum bir daha o quyu
tərəfdən düşdü,
təkrar o sudan içəsi oldum:
Adicə içməli
su idi o -
dupduru və tamsız.
Görən, nə olmuşdu belə?
Ötən bir neçə gün ərzində
Suyun dadımı dəyişmişdi, yəni?
Yox, canım!
Bunun səbəbini
anlamaq çətin deyildi:
görünür, suyun şərbət dadmasının
sirri
mənim o günkü
təşnəliyimlə bağlı
imiş.
Məşq
Yuxu - ölümün
məşqidir.
Hər gecə
beynimiz "sönəndə"
yuxu bizi qarşıdakı ölümə
hazırlayır.
Ta qədim əyyamlardan bəri
yuxunun bizə
bunca şirin,
ölümün onca qorxunc
gəldiyindən
bəs görəsən,
niyə agah deyilmişik?!
İman
Nəciblik və eşq tanrıçasının
təsviri sayılan
o bütün
başı, hətta
baltayla dağıdılsa
belə,
imanlı insanlar hələ də
onun qarşısında
təzimə dayanırlar.
Sonra o nəciblik
və eşq tanrıçası sayılan
o bütü
yerə aşırıb,
tikə-para eləsələr
də,
insanların qəlbində
ona bəslənən
sevgi
nə zərrəcə
azalar, nə də itər.
Nəcibliyə bəslənən
iman güclüdürsə,
ona qarşı bütün qarayaxmalar mənasızdır,
çünki dağılmış
qəlpələri yapışdırmaqda
iman məhlulu...
misilsiz vasitədir.
Sonu görünməyən aclıq
Sonu görünməyən
bir aclığa məhkumam:
cəngindən qurtulmağa
çalışsam da,
qarabaqara izləyər
məni,
heç gecələr
də buraxmaz yaxamı,
çünki ruhun aclığı gecələr
də
rahatlıq, dinclik nədir, bilməz.
Elədə bu yuxuya həsrət gözlərimdəki
şövq də əbəsdir -
hər nə etsəm, dünyanın dərkində aciz qalaram!
Doyumsuz bir aclığa məhkumam...
ta Yaranış sirrini dərk edənə qədər
bu ac ruhum nə doyar, nə də bir təskinlik tapar.
Mədəd diləyərmiş
kimi, əllərim açılıb göyə
-
sanki biz ayrılandan bəri min il ötüb.
Hüdudsuz bir aclığa məhkumdur ağlım,
ancaq necə dardırsa, sığışmaz
ona
nə ulduzları
almaz təki sayrışan bu kəhkəşan,
nə də aclığın hökm sürdüyü bu qara torpaq.
Ancaq bu ac ruhumun yeganə bir təsəllisi var,
əminəm ki, çəkdiyim
bu iztirablar da hədər deyil:
Mənə əzab
verən - biliyə duyduğum aclıqdır deyə,
ruhumu didib-parçalayan
da
sonu görünməyən
bir aclıqdır!
Çörək və şeir
Şeir yazmaq sayəsində mən çörək tapmadım,
amma məni
ac-susuz da qoymadı bu sevda -
ən azı,
bundan ötrü ona minnətdaram.
Şeir sevdası
heç sənin də qarnını doyurmaz,
amma yediyin o quru çörək
hansısa şairin
sözləri sayəsində,
ya qismən təzə olar,
ya da yarıboyat.
Varlının darvazası önündə
Bu darvazanın önündən keçərkən,
adətən babam qorxub-hürkər, təzimə
tələsərdi.
Eyni darvazanın qarşısından keçən
atam
köks ötürüb,
qaşqabağını tökərdi:
"Əcəb bəxtəvərlər var ey
dünyada!"
Həmin darvazanın
önündən özüm
keçəndə isə
onun sahibindən nə çəkinər,
nə də ona həsəd bəslərdim.
Oğlum isə oradan keçərkən indi bu şüarı
hayqırır:
"Rədd olsun müftəxor varlılar!"
Baharın aşıladığı birlik
Payız gəlincə,
saralan yarpaqlar
bir-bir qopub, torpağa düşür.
Hər təzə
tumurcuqdan boylanan yarpaqlar isə
birlikdə cücərir,
birlikdə açır
-
sanki bu yolla bahar bizə
birlik hissi aşılayır.
Onda qoy, nəsillər dəyişdikcə,
insanlar da dağılmalara
daha dərin nifrət bəsləsin,
yeniliyə, yaranışa
isə
daha çox könül versin!
İki rastlaşma
İlk dəfə
dəli-dolu vaxtlarımda
o xanıma rast gələndə
belə bir etirafda bulunmuşdum:
"Deyəsən,
ağlım həmişəlik
başımdan çıxdı".
İndi, bu ahıl çağımda,
eyni xanım təkrar rastıma çıxınca,
düşündüm:
"Nə yaxşı, o vaxt ağlım
sonradan başıma
gəlibmiş!"
Filosof və şair
Sən indi guya filosofsan da, eləmi?
Açılan lotos çiçəyini görüncə,
özündən ixtiyarsız
sən
nəciblik, təmənnasızlıq,
o müqəddəs Yol
barədə
fikir yürütməyə
başlayırsan.
Sən indi guya şairsən də, eləmi?
Açılan lotos çiçəyinə
gözlərin sataşınca,
ətrini içinə
çəkir,
onun hüsnünə
heyranlıq duyursan.
Barı, bircə
kərə o nəmli
torpağa toxunsan,
nə olar, görəsən?!
Axı qara torpaqsız bu gözəllik
əsla yarana bilməzdi!
Saatın kəfkiri
Görünür, Zaman bizi
dadımıza baxmaqla sayır, sanayır,
birimizi şirin,
digərimizi isə turşməzə sayır...
Odur, divara söykənən o heyvərə
cəllad kimi,
Zaman da hansı birimizisə pusur
və... bu ara yamanca darıxır.
Onun usanmaz cəhəng kimi işləyən kəfkiri
durmadan bizi dişinə çəkib,
çeynəyir:
şaqqır-şuqqur,
şaqqır-şuqqur...
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel,
¹ 13-14. – S. 9.