"Yeni ədəbiyyatı tanıdaq": Ataqam – "Qanadlı körpü"
Aprelin 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı şöbəsi
və "Ədəbiyyat
qəzeti"nin birgə
"Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində Ataqamın "Qanadlı körpü" hekayələr
kitabının müzakirəsi
keçirilib. Müzakirə
mətnini ixtisarla oxuculara təqdim edirik.
Müzakirədə Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı şöbəsinin
müdiri, AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu, filologiya
üzə fəlsəfə
doktoru Gülnar Qəmbərova, baş mütəxəssis Pərvanə
Kərimova, böyük
elmi işçi Mənzər Niyarlı, doktorantlar Səbirə Müzəffərli, Hənifə
Səlifova, oxucu Qəndab Əliyeva iştirak ediblər.
Moderator - filologiya
üzrə fəlsəfə
doktoru Mətanət
Vahid.
Mətanət Vahid: "Qanadlı körpü" hekayələr
kitabının müzakirəsi
ilə bağlı elanımız əksər
yazı adamlarının
ürəyincə oldu.
Ataqamın yeni ədəbiyyatımızın
usta nasirlərindən
olduğu fikrini çox eşidirik. Onun, demək olar, bəyənilməyən
hekayəsi yoxdur.
Tehran müəllim, ilk sualla
sizə müraciət
etmək istərdim: yaxşı hekayə necə olmalıdır və Ataqam hekayələrinin uğurunu
təmin edən nədir?
Tehran Əlişanoğlu: Məncə
də layihəmiz üçün məhz Ataqamın hekayələr
kitabını seçməyimiz
çox yerinə düşüb. Çünki
qeyd etdiyiniz kimi, daim təqdir
olunan müəllifdir,
amma ədəbi prosesə çox yansımır. Mənə
elə gəlir, bu müzakirə əvvəlkilərdən peşəkarlıq
baxımından fərqlənəcək.
Çünki qarşımızdakı
kitab göstərir ki, ilk cümləsindən
sonuncuya qədər
biz peşəkar yazıçı
ilə üzbəüzük.
Bunu daha öncə müzakirəyə
çıxardığımız romanların dəyərini
azaltmaq üçün
demirəm. Biz gördük
ki, mətnin özünün
doğurduğu elə
suallar olur ki, bunlar hardasa müəllifin peşəkarlıq
xətasıdır. Yaxşı
hekayə necə olur? Mən ədəbiyyat tarixçisi
kimi hekayələrlə
bağlı xeyli yazmışam. Janrın tələblərini nəzərə
alan, təhkiyəsi ədəbi təcrübədən
yararlanan mətn istər-istəməz yaxşı
alınacaq. Ataqamın
hekayələri müəllifin
bu təcrübədən
peşəkarlıqla yararlanıb
öz yazıçı
hekayəsini yarada bildiyini göstərir.
Mətanət Vahid: Maraqlı məqama toxundunuz. Həqiqətən, Ataqamın
yaradıcılığından ədəbi tənqid çox az bəhs
edib. Çağdaş
nəsrdə ən yaxşı hekayə müəlliflərindən biri
kimi qəbul olunan Ataqamın yaradıcılığı haqqında
peşəkarların az
yazması nə ilə bağlıdır bəs?
Tehran Əlişnoğlu: Mənə
elə gəlir, bu bizdə artıq
ümumi sindromdur: mükəmməl mətnlərdən
yazmaq çətindir.
Müəyyən boşluqları
olan mətnlər daha rahat təhlilə
gəlir. O baxımdan
ki, yazı həmin mətni tamamlayır. Ataqamın yaradıcılığına
reaksiyaların az olması bizdə yaxşı mətnlərə
münasibətin korşalmasından
irəli gəlir.
Mətanət Vahid: Düşünülür
ki, mətn özü
özünü "müdafiə
edib" onsuz da... Adətən, hər müəllifin yaradıcılıq
pasportuna çevrilən
mətni olur. Ataqamın belə mətni "Nanəli konfet" hekayəsidir.
Osman dayının yeniyetmə
ikən bircə yanlış davranışı
(Bəsirəti kəhrizdə
çimərkən gördüyünü
bildirən cümləni
söyləməsi) sanki
bütün həyatının
gedişatını müəyyənləşdirir.
Uzun illər sonra təsəllini yeniyetmə dostunun oxuduğu mətnlərdə
- sözdə tapır.
Nanəli konfetə görə dostluq edən yeniyetmənin oxuduğu mətnlər
Osman dayının yaddaşını
oyadır. "İskəndərin
buynuzu var, buynuzu" sözləri şüuraltı
ağrısını yeniləsə
də, yarasını
qanatsa da, Osman dayı
bu ağrı ilə ovunur - öz başına buynuz işarəsi tutub ləzzətlə gülə-gülə ağrıyır,
dərdini sevir. O, emosiyalarını sözlərlə
ifadə etmir. Amma müəllif öz qəhrəmanının ruh
halını, ağrılarını
onun dinlədiyi mətnə münasibəti
vasitəsilə bildirir.
Gənc dostunun oxuduğu əfsanənin sonluğunda, hər qapıya bir gil lövhə qoyan dərvişin tövsiyəsində öz
yanlışını, taleyini
görür və hekayə boyu onun müxtəlif mətn parçalarının
öz həyatı, yaşantıları ilə
anologiya apardığını
görürük. Bu, ümumiyətlə,
Ataqamın yaradcılığının
üslubi xüsusiyyətinə
çevrilir. Nəticə
etibarilə, "Nanəli
konfet" hekayəsinin
poetikası mətn içindəki digər mətnlər vasitəsilə
həllini tapır. Bu
mətnin uğurunda başqa hansı məqamların rolu var?
Mənzər Niyarlı: Mən bu hekayəni ancaq dilinə görə uğurlu hesab edirəm. Çünki bu hekayənin obrazları çox əsərdə
var: Mövludda var, Səyyad
Aranda var. Bu hekayənin uğuru
Ataqamın dilinin mükəmməlliyidir, səmimi
yazır və çox laqeydcəsinə,
təmkinli. Mənim
"Okeanda iki maymaq" hekayəsi çox xoşuma gəldi. Burada ermənilərin xisləti
açılır. Amma hekayələrin
dilində elə sözlər var ki, başa
düşmək olmur.
Qəndab Əliyeva: Ümumiyyətlə,
Ataqam bəyin hekayələrində klassik
üslub və modern üslüb vəhdət təşkil edir. Mən Ataqam bəyi son vaxtlar kəşf etmişəm.
Murad Köhnəqala da eyni
fikri yazmışdı.
Düzdür, qeyd edirdi ki, onun əsərlərində ictimai
yük azdır, bəzi əsərlərində
ideya yoxdur. Amma məncə, elə deyil. Məncə, vacib deyil ki, hansısa əsərə
mütləq ideya yüklənsin. Əsər
oxucunundur, ideyanı
da o çıxara bilir
əsərdən.
Tehran Əlişanoğlu: Yəqin,
o ideya var ki, oxucu çıxarır da.
Qəndab Əliyeva: Bəli,
məncə, hər halda, var. "Nanəli konfet" hekayəsində
isə mən bir klassik ağrı
hiss etdim. Müşahidələri
və bunların mətndə həlli etibarilə Ataqam mükəmməl nasirdir.
Səbirə Müzəffərli: Mənə
ilk oxuda elə gəldi ki, Ataqam hekayələrinə maskulin
yöndən yanaşır.
Amma diqqətli oxuda anladım ki, müəllif,
bəlkə də buradakı mənəvi boşluqları önə
çəkmək istəyib.
Məsələn, qadınların
xəyanət etməsi
səbəbi. Mənə
elə gəlir, Ataqamın hekayələrinin
uğuru onun seçdiyi obrazlar sistemindədir. Burada bəzi patoloji tiplər var, şizofrenik,
yaxud xəstəhal, ruhsal sağlığı
yerində olmayan, travmalı insanlar. Məncə, müəllifin
niyyəti cəmiyyətin
nəzərə almadığı
insanlara diqqət çəkməkdir. Digər
məqam canlılarla cansızları eyni müstəvidə təsvirdir. Məsələn,
Osman bəyin Bəsirəti
yaşatması üçün
daşa həyat verməsi yarımçıq
qalan sevgilərini xəyalən tamamlamağa
çalışmasıdır. Bu cür təsvirə "Şrödingerin pişiyi"ndə
də rast gəlirik. Öz sevgisini fırça ilə yaşatmağa çalışır. Hər
iki obraz nakam sevgi yaşayır.
Və qovuşa bilmədikləri sevgilərini
əbədiləşdirmək üçün onları
cansız varlıqlarla
əvəzləyib, sanki
onlara sonsuzluq yükləyirlər.
Bir də zaman məsələsini vurğulamaq
istəyirəm. Zamanı
Berqsonun "Duree"
konsepsiyasına uyğun
işləyib. Hekayələrdə
təsvir olunan zamanların inkişafı
bir xətt üzrə deyil, spiralvari xarakter daşıyır. Buradakı zamanlar obyektiv olaraq saatla, dəqiqələrlə
ölçülməyən zamandır. Keçmişlə
indinin iç-içə
keçdiyi, bir-birini yaratdığı vahid zamandır.
Bir də zamanların
yanaşı gəlməsi
məqamı var, simultanizm.
Məsələn, "Barantay"
hekayəsində həbsxanadakı
zamanla təyyarədəki
zaman yanaşı gəlir
və ayırd etmək olmur ki, bunların hansı indidir, hansı keçmiş zaman. Məlumdur
ki, çağdaş əsərlərdə
yaşanılan an keçmişlə
əlaqə kontekstində
dəyərləndirilir. Hesablaşmalar,
seçilmiş fiqurların
daxili və xarici həyatlarını
detallı tanıtmaq üçün geriyə
dönmələrin olması
vacibdir. Məhz bu cür retrospektiv
dönüşlər bəzi
obrazların, xüsusən
də patoloji tiplərin, "Nanəli konfet" hekayəsində
isə Osman bəyin keçmişi ilə oxucunu tanış etməyə kömək edir. Bütün bunlar, məncə, yazarın müasir nəsr texnikasına yiyələnməsindən irəli
gəlir.
Mətanət Vahid: Amma hekayədə
Osman bəy deyil, Osman
dayıdır. Hekayəçi
yazır ki, kənddəki
uşaqlar şirindil kişilərə "dayı",
acıdillərə "əmi"
deyirlərmiş. Məncə,
hekayənin ən koloritli hissəsidir bu.
Səbirə Müzəffərli: Bir də
məncə, Ataqam hekayələrinə məhz
cəmiyyət tərəfindən
dışlanmış obrazları
seçir.
Tehran Əlişanoğlu:
Siz dediniz, ilk oxuda qadınları xəyanətkar təsvir etdiyini düşündünüz.
Gülnar Qəmbərova: Bəsirət
ərinə xəyanət
edir, Simarə həmişə buna meyilli
qadındır... Mənim
hekayələrdə bəyənmədiyim
məsələ elə
budur. Səbirə xanım qeyd etdi ki, sanki hekayələr qadın xəyanətinin səbəbini
göstərir, amma mən səbəb tapmadım. Məsələn,
Bəsirət niyə
xəyanət edir?
Tehran Əlişanoğlu: Səbirə
xanım yəqin yalnız "Oycombi"ni
nəzərdə tutur.
Gülnar Qəmbərova: Müəllifin
bir neçə hekayədə qadınları
xəyanətkar kimi səciyyələndirməsini düzgün
hesab etmirəm. Düzdür, bu cür obrazlar həmişə var, həyatda
da, bədii ədəbiyyatda
da. "Qanadlı körpü"
hekayəsindəki Simarəni
dəli kimi sevən Nəriman həkim, sevdiyi xanıma görə həyatı puç olan "Nanəli konfet"dəki Osman dayı
kişi xarakterlərinin
daha güclü, qadınların isə zəif, yüksək mənəvi dəyərlərdən
uzaq kimi təsvir edilməsinə səbəb olub. Burada, bir növ,
gender bərabərliyi pozulur.
Mənzər Niyarlı: "Qanadlı
körpü" hekayəsində
Abbasın Nərimana göz dağı vermək üçün
etdiyi Azərbaycan kişisinə yaraşan hərəkətdirmi? Ondansa
Nərimanı döyəydi.
Tehran Əlişanoğlu: Gülnar
xanım obrazın
"əxlaqsız" kimi
yaradıldığını deyir, bu yanaşma
ştamp deyilmi? Həm də obrazın müsbət olması vacib deyil ki... Mənzər xanım, hekayədə Abbas öz dostunun təsirilə Nəriman həkimi Simarənin ona məxsus olmadığına
inandırmaq üçün
bu yolu seçir.
Bu, belə bir müəllif fəndidir. Nəriman uzaqdan gördüyünə aşiqdir,
qadının əri isə ona reallığı
göstərir. Amma sonda
əri dostuna deyir, "dedim axı görməyəcək".
Çünki Nərimanın
beynində öz Simarəsi var, öz idealı var və ölənə qədər
o obraz onun məcnunluğuna çevrilir.
Yoxsa bəyəm o, Simarənin ərli qadın olduğunu görmür ki?! Azərbaycan
cəmiyyətinə xarakterik
olmadığını deyirsiniz,
amma bu da onun əxlaqıdır da.
Hənifə Səlifova: "Oyconbi"də
qəhrəmanın özü
ilə mübarizəsini
nümunə kimi göstərmək olar.
İblis daim insanın
içindədir, yalnız
iradəli insanlar bu mübarizədən qalib çıxırlar. Ataqamın müraciət etdiyi bütün mövzuların əsasında
insan faktoru dayanır. Bu obrazlar həyatın mənəvi-psixoloji
yükünün daşıyıcılarıdır.
Onlar bəzən xoşbəxt, sevgi dolu, bəzən aqressiv, problemlər qarşısında çarəsiz,
aciz insanlardır. Bu günün insanının
keçirdiyi hissləri,
yaşadığı ruhi-mənəvi
sarsıntıları yeni baxış
bucağından təqdim
edən müəllif
insanın daxilindəki
iki "mən"in mübarizəsini, demək
olar, bütün hekayələrində göstərməyə
çalışır. Müəllifin
Osman dayının, Nəriman
həkimin, Oyconbinin,
"Vurğun"dakı aşiqin,
Albay Kuşanın timsalında
yaratdığı müasir
vurğun obrazları saf, təmiz duyğuların cəmiyyətdə
hələ də yaşadığını, müharibələrin,
fəlakətlərin insanlığın
məhrəm hisslərini
yox edə bilmədiyini sübut edir. Hekayələrin əsas ideyası da harmoniyası pozulmuş dünyanı bərpa etməkdir.
Hekayələrdə türk
və ərəblərə
məxsus ifadələrin
işlədilməsi, adət-ənənələrin
xatırladılması, simvollardan,
bədii ifadələrdən
istifadə dilin və üslubun zənginliyindən xəbər
verir. Ataqamın hekayələri süjet və kompozisiyası, təhkiyə və təsviri, dilinin koloritliyi, detalların dəqiqliyi baxımından
müasir nəsrimizin
uğurlu nümunələrindəndir.
Gülnar Qəmbərova: Dilimizdə
az hallarda təsadüf olunan söz və ifadələrdən də
istifadə edir: ütəlgi, kürpaça,
luğaz və s.
Qəndab Əliyeva: Mən
"Gecəgörənlər" hekayəsini çox bəyəndim. Oradakı korluğu mənəvi korluqla əlaqələndirirəm.
Simvoliklik var burada.
Tehran Əlişanoğlu:
Ataqam birbaşa
pritça yazmır, amma bütün mətnlərində pritçavarilik
var. Xüsusən qeyd
etdiyiniz "Gecəgörənlər"
hekayəsində aydın
görünür bu məqam. Hamımız qaranlığın içərisində
yaşayırıq, görmürük,
amma kor deyilik. Qaranlığın
içərisində səslərin
seçilməsi, palitra
zənginliyi... Ataqamın
hekayələri intellektual
yüklüdür. Bayaq
Mənzər xanım
dedi ki, bu cür obrazlar olub ədəbiyyatımızda.
Amma Mətanət xanım
da "Nanəli konfet"də
dərvişin nağılı
ilə əlaqəni vurğuladı, bu pritçavarilik, metaforiklik
ki var, bunlar yoxdur ədəbiyyatımızda. Yəni
Ataqam hekayə təcrübəsini yaradıcılığının
içərisinə yığaraq
bu günün hekayəsini yazır. O ki deyirlər, onun hekayələrində ictimai
fon görünmür,
əslində isə bütün bu hekayələrdə otuz ilin fonu var. "Nanəli konfet"in yazılma tarixi 1999-dur, kitabdakı hekayələrin
yazılma tarixi 2015-ə
kimi gəlir və bunların hamısında və birlikdə həmin o ictimai, tarixi fon görünür. Hər hekayəsindəki pritçavarilik elə təəssürat yaradır
ki, ictimai yükü azdır əsərin, əslində isə elə bir ümumiləşdirmə
aparılır ki, ictimai
fon əks olunur.
Mətanət Vahid: Ataqamın hekayələrində müharibə
həm var, həm yoxdur. Bəzən atmosferi, detalları, ab-havası, bəzən isə sadəcə, xəbəri var. Amma xalis müharibə hekayəsi yoxdur. Məsələn,
"Nanəli konfet"də
qaçqın düşərgəsinin
detallı təsviri, yaxud "Qanadlı körpü"də sondakı
hadisələrin işğal
günlərinə təsadüf
etməsi həm də dövrün mənzərəsini yaradır.
Düşmən tərəfindən
atılan mərmilərin
evləri yandırması,
camaatın yanğını
söndürməyin mənasızlığını
anlayıb kəndi tərk etdiyi vaxt Nəriman həkimin evinin yanması və o dar macalda həkimin
Abbası görmüş
olması və s. Burada müharibə vəziyyəti xarakteri açmaq üçün
əhəmiyyətli fondur. "Fələstinli
və sərçələr"də
iki şəxsin faciəsi fonunda Fələstin müharibəsi,
bütünlüklə Qəzzalıların
faciəsi görünür.
Bu siyahını genişləndirmək
də olar. Sadəcə, Ataqam bu məqamları elə estetik gerçəkləşdirir ki, üzərinə vurğu
etmədən, pafossuz,
çığırtısız, vurğusuz, ola bilər, bəzən oxucu bunun fərqində olmasın. Bununla belə, bayaq Qəndab xanım Murad Köhnəqalaya istinad etdiyi fikri səsləndirəndə
də qeyd etmək istədim, mütləqdirmi ki, mətnin
ictimai yükü olsun? Təəssüf ki,
çağdaş ədəbiyyatın
da üzərinə yanlış
gözləntilər qoyuruq
və sonra tələb edirik ki, mətn gözləntimizi doğrultsun. Elə bil, torpağa qızılgül kolu əkib zanbaq açmasını gözləyirik.
Bədii ədəbiyyatda
daha çox ideoloji, sosioloji anlamlar axtarmaqdan bir az uzaqlaşmalıyıq,
məncə və arabir, deyəsən, bu müzakirədə də bir az
ona doğru gedirik. Mən istərdim hekayələrin
daha çox estetik tərəflərindən
danışaq.
Tehran Əlişanoğlu: Ataqam ictimai məqamı hekayəyə ustalıqla
gətirir deyə, oxucu, adətən, öyrəşdiyimiz publisistik
vurğunu orada tapa bilməyəndə ona nə isə çatışmır kimi
görünür. Ataqamın
hekayələrində predmet
müasir dövrün
insanıdır. Hətta
onun əsərlərinin
coğrafiyası, belə
dünyavi genişliyi
də müasir insanı görməyə
kömək edir. İnsandan daha ictimai problem var?! Sadəcə,
realist ədəbiyyatla modern ədəbiyyatda bu məsələlərin əks
olunması fərqlidir.
Modern ədəbiyyat ictimai
fonu insanın içindən keçirir.
Bu baxımdan da Ataqamın
hekayələrinin poetikası
zəngindir, estetikliyi
bütövdür.
Mətanət Vahid: Məncə, bu hekayələrin bir çoxunda hansısa böyük bir dönəmi ifadə edən epizodlar, cümlələr
var. Bundan başqa, Ataqam bəzən bir detalla sual
yaradır, oxucunu mətnin içərisində
axtarışa sövq
edir. "Nanəli konfet" hekayəsinin sonunda illər sonra qarşılaşanda
özünü Osman dayıya
xatırlatmaq üçün
təhkiyəçi yenə
onların "dostluq himni"ni deməyə başlayır. Yaddaşı
oyandıqca səksən
yaşlı Osman dayı
qeyri-ixtiyari əlini cibinə atır, nə qədər eşələsə də,
konfet tapmır - ömür bitir, yəqin ki, daha Bəsirət də yoxdur, o dəlicəsinə
sevgi də uzaq xəyala dönüb və indi Osman dayıya qalan əlindən buraxmadığı, sinəsinə
sıxdığı sükandır
təkcə. Yaxud vaxt var idi, uşağı
kətilə çıxartmaq
üçün "hansı
tanrıya and verəcəyini"
düşünüb uşağı
öz tanrısına
and vermişdi: "Sən
Bəsirətin canı,
çıx." Belə
rəmzi-metaforik məqamlar
çoxdur.
Tehran Əlişanoğlu: Ataqamın
bütün hekayələri
elədir, niyə sizin diqqətinizi daha çox birinci hekayə çəkib ki?
Mətanət Vahid: Hə, mənə olduqca təsir edən, güclü təəssüratlar
yaşadan hekayə oldu. Həm də bu kitaba
daxil olan hekayələrin, demək
olar, hərəsi bir sirri bətnində
gizlədir: hansısa
bəlkə də bir deyil, çoxqatlı
sirri. Və mənə elə gəlir, o biri hekayələr sirri gün işığına
çıxarır rahatca,
amma "Nanəli konfet"də sirlər sanki qəlsəmə kimi açılıb-yumulur:
sözün, ifadənin
biri sirri açdıqca, o biri sıxıb özündə
saxlayır. Burada sanki sözlər, detallar sirri açmaq üçün
yox, daha çox özündə saxlamaq, gizləmək üçündür. Oxucuya
daha çox xəyalını qanadlandırmağa
imkan verir.
Tehran Əlişanoğlu: Elə görünə bilər
ki, o biri hekayələr
sirri rahatca açır. Altqat bütün hekayələrində
var. O açıq sirlərin
altında yenə sirlər var, birində çox, birində az.
Mətanət Vahid: Razıyam sizinlə. Hətta "Qanadlı körpü"nü
oxuyanda fikirləşdim
ki, müəllif bir romanlıq materialı sıxışdırıb bir
hekayəyə. Orada o
qədər talelər
var ki - bir abzasa sıxılmış. Körpünün
adı neçə dəfə dəyişir.
Hər dəyişim bir taleyə bağlıdır. Bircə
sonuncu adın hekayəsini geniş açıqlayır bu mətn. Ümumiyyətlə,
Ataqamın hekayələrinə
məxsus olan psixoloji qat bu hekayədə sanki bəsitlik və dərinlik arasında var-gəl edir. Bu hekayədə "körpünün
qanadlanmasına" səbəb
olan hər bir personajı həm qınamaq, həm də eyni dərəcədə
anlayışla qarşılamaq
mümkündür. Hekayədə
situasiya həm absurddur, həm də faciəvi. Kənd camaatına tamaşa lazımdır, bununçun hər dəfə yeni bir qeybət, dedi-qodu mövzusu. Nəticədə,
cəmi bir neçə günə unudulub gedəcək məsələlər evlərin
yıxılmasına, gah intiharlar,
gah dəlilik kimi faciələrə səbəb
olur. Hekayə sanki mental hay-küyün doğurduğu, şar kimi üfürüb böyütdüyü məsələlərin
nəticəsində yaranan
faciələrə sonrakı
laqeydliyi göstərir.
Bu hekayələr səbəb-nəticə
əlaqələri, motiv
və fəaliyyət
məsələləri üzərində
düşünməyə sövq edir.
Tehran Əlişanoğlu: "Vurğun"
hekayəsi də
"Qanadlı körpü"nün
başqa variantıdır.
Necə qurulub: mətnin ilk cümləsindən
sonuncuya kimi tamamlanır. Hekayə başlayır: "Azmışdıq"
- ikibaşlı fikir.
Sonu bu cümlə
ilə tamamlanır
ki, yasına getməyim
ona edə biləcəyim ən böyük pislik olardı. Mətni bütöv mətn kimi metamətnlərə yerləşdirə bilməsək,
ideya yerini tapa bilməyəcək, dediyiniz
o sirr də çözülməyəcək. Bu hekayə də elədir, o biriləri də.
Qəndab Əliyeva: Bu hekayədəki
günah hissi fəlsəfi mənada götürülüb. Həm
keçmiş, həm
də indiki zamanın qarışığında
verilib, paralel yol gedir. İnsan
fikirləşir ki, günahı
bu yolayrıcında hansı tərəfə qoymaq lazımdır? Məncə, motiv günahdır burada.
Tehran Əlişanoğlu: Ataqamın
bütün hekayələrində
fəlsəfi tutum
var. "Vurğun"da amma
sona qədər tövbə məqamı yoxdur. O, vurğundur, fəlsəfi yük budur.
Qəndab Əliyeva: Bəlkə
də onun yaxın dostuna xəyanəti heç xəyanət deyilmiş, belə düşünməyə
imkan verir hekayə. Amma bu situasiyada qadının xəyanət etməsi intiqam motivinə söykənir, ona görə mən qadını günahlandırıram.
Gülnar Qəmbərova: Məncə,
Ataqamın "Qanadlı
körpü" hekayələr
kitabı çağdaş Azərbaycan
nəsri üçün
yenilikdir. Təsvirçilikdən
uzaq, az sözlə çox məna ifadə etmək... Bütün hekayələrdə əsas
obraz həyatın sərt üzünü görmüş, xoşbəxtlikdən
uzaq düşmüş
insandır. "Barantay"
hekayəsində müəllif
deyir ki, Tanrı insanı gildən yaradıb, qalan gili ovcuna qoyub
"Buyur, hər kəs öz bəxtinin bəstəkarıdır.
Özün yoğur,
bay ol" deyib. İnsan isə xoşbəxtliyini qurub-yaratmaqdansa
başı silah düzəltməyə qarışır.
Fikrimcə, müəllif
bu sözlərlə hekayələrindəki həyatları
yarım qalmış,
tamamilə bütövləşməyən obrazların
əsl faciəsinin səbəblərini göstərir.
Mətanət Vahid: "Fələstinli
və sərçələr"
hekayəsində isə
adından göründüyü
kimi, fələstinlilərin
həyatı Aban Müəzzinin ovladığı,
"ölüdü, diridi"
mərcində pul qazandığı sərçələrin
halına anologiyadır.
Hekayə boyu qəzzalıların qorxuları,
itkiləri, faciələri,
bu fondakı ağrıya köklənmiş
həyat tərzi, bu gündən sabaha ümid və təşvişi - hamısı bir yerdə bizə elə o öldüsü,
ya qaldısı bilinməyən sərçələri
xatırladır - sanki
aqoniyada yaşayırlar.
Pota ilə mərcdə
olduğu kimi, dəqiq əmindirlər
ki, bu dəfə sərçə yüz faiz ölüb, amma Aban Müəzzin
sərçənin qanadının
altından barmağını
basır, quş uçur. Burada siyasi vurğular görünür. Ümumiyyətlə,
Ataqam hekayələrində
bəzən bircə cümlə ilə təkcə qəhrəmanın
yox, bütün ölkənin əhvalını
ifadə edir. "Azan
səsi generatorların
qara tüstüsünə
qarışıb Qəzzanın
içinə doğru
süründü." cümləsindəki
kimi.
Pərvanə Kərimova: Mənə
o hekayə maraqlı gəldi, o mühitin obrazını yaratmaq üçün adlar var, geyimləri təsvir edir, amma oxucu
kimi özümü o
mühitin içərisində
hiss edə bilmədim.
Sanki müəllif o mühiti
kənardan izləyir deyə elə o cür də çatdırır, Azərbaycanlı
kimi danışır.
Tehran Əlişanoğlu: Bunun üçün
sadəcə, Ataqamın
poetikasına bələd
olmaq lazımdır. Diqqətlə oxusanız görəcəksiniz ki, Ataqamda
təsvir və təhkiyə qatı var və bunların yerini elə müəyyənləşdirir ki, təsvir xatirinə təsvir olmur, o özü ilə mütləq təhkiyəni
gətirir, bir aydınlanmaya xidmət edir.
Gülnar Qəmbərova: Mənim
hekayələrdəki aforistiklik
xoşuma gəldi, hikmətləri təsvirə
çevirməsi. Bir də
bayaq da qeyd olundu, bu hekayələrdə
zaman fərqini hiss etmək
olmur, bütöv
zaman kimi duyulur.
Tehran Əlişanoğlu: Ataqamın
bütün hekayələrində
ictimai münasibətlər
əksini tapır. Biz
realist hekayə kimi yanaşsaq, bəzən yanlışa gedə bilərik. Modern hekayədə
hədəf fərddir,
cəmiyyət də,
dünya da, zaman da o fərdin
içindən keçir.
30 ildə bizim ədəbiyyatımızın əsas mövzusu Qarabağ olub, başqa mövzu yoxdur, ola da bilməz. Ona görə ki, bilavasitə
Qarabağ müharibəsini
təsvir etməyən
müasir hekayə də bu otuz
ili təsvir edir, bunu yaşayan
Azərbaycan insanını.
Ataqamın hər bir hekayəsi problem hekayədir, böyük ümumiləşdirmələri nəzərdə tutur. O sanki cəmiyyətin kənarında olan insan nəzəri ilə yanaşır məsələlərə, kənar
müşahidəçi kimi
- poetikası ordan gəlir. Üslub baxımdan Ataqamın hekayələri ilə klassik hekayəçiliyimiz
arasında birbaşa bağ tapmaq olmur, amma klassik
Qərb hekayəsinin təcrübəsi çox
güclü hiss olunur.
Elə bu da bizim ədəbiyyatımızın
daim tələb etdiyidir ki, dünyaya çıxaq. Dünyaya çıxmırıq, inteqrasiya
olunuruq. Bu mənada, Ataqamın ayrıca hekayə üslubu yarada bilməsi yeni ədəbiyyatda uğurlu
hadisələrdəndir. Rafiq Tağı hekayəsindən
sonra belə mükəmməl şəkildə
ayrıca danışa
biləcəyimiz hekayəçiliyimiz
yox idi.
Mətanət Vahid: Mənə elə gəlir, Tehran müəllimin təsbitlərini
söhbətimizin ümumiləşmiş
yekunu kimi qəbul edə bilərik. Kimin necə qəbul etməsindən asılı
olmayaraq yeni ədəbiyyatı
tanıtmaq adına növbəti bir faydalı müzakirə keçirdik. Müzakirələrimizin
maraqlı cəhəti
həm də budur ki, müxtəlif estetik, ideoloji baxışa malik insanlar olaraq hər birimiz öz təcrübəmizdən çıxış
edirik və fikir rəngarəngliyi yaranır. Bu iki saatlıq maraqlı polemika üçün hər birinizə təşəkkür edirəm.
Adəmin "Prometey əfsanəsi" romanını
müzakirə etmək
üçün bir
ay sonra görüşmək
ümidi ilə...
Ədəbiyyat
qəzeti. – 2024. – 20 aprel,
¹ 13-14. – S. 10-11.