Xeyrəddin Qocanın gülüşü
“Gəlin,
mümkün qədər
qısa yazaq, onsuz da həyatda söz əlindən tərpənmək olmur”
Y.Lents
Ürəkdən
gülmək istəyirsinizsə...
Yazıçı Xeyrəddin
Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki
çatışmazlıqları, nöqsanları, eybəcərlikləri,
bir sözlə, bütün naqislikləri
tənqid atəşinə
tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən maraqlı əsərlər təqdim
edir. Dəyərli kitabların, pyeslərin, yüzlərlə satiranın
müəllifi olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə mübarizə
aparmışdır. Bu yolda
onun özünün də başına qəribə əhvalatlar gəlmişdir. Bu əhvalatlarla
bağlı yazıçının
mənalı, gülüş
doğuran hazırcavablığı
da, onun atmacaları
da, bəzən bilərəkdən,
bəzən bilməyərəkdən
etdiyi hərəkətlər
də - satiraya, yumora, tənqidə xidmət edir.
Xeyrəddin Qoca nəyə isə etirazını bildirir, kimə isə istehza edir, kimlərəsə
öz yerini göstərir. Beləliklə,
sözün əsl mənasında, nələrə,
kimlərə isə gülür. Qəribə
(əslində, qəribə
görünür) dialoqlar,
atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz edir.
"Xeyrəddin Qocanın gülüşü"nün
əlyazması ilə
tanış olan Xalq şairi Nəriman Həsənzadə
yazır: "Hörmətli
qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca,
gözlərim önündə
həyatın istisini,
soyuğunu görmüş
bir insan canlanır. O birinci növbədə müsahibindən
yüksəkdə durmağı
bacaran hazırcavabdı.
Müdrikdi. Buradakı
fəlsəfi ümumiləşdirmələr
sadədən mürəkkəbə,
mürəkkəbdən sadəyə
meyillidi. Çünki
müəllif bilir ki,
onun oxucuları da müxtəlifdi - hər kəsin özünəməxsus
dərketmə qabiliyyəti
olur. Buradakı pritçalar, atmacalar, lətifələr, kiçik
hekayələr, məişət
söhbətləri, düzünə
tuşlanmış eyhamlar,
satirik müraciətlər,
ismarıclar, bir sözlə, bütün ədəbi janrlara bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda
olduğunu və həyatın, cəmiyyətin
müəyyən məqamlarında
mənalar axtardığını,
eləcə də mənəvi paklığını
göstərən nümunələrdi.
Müəllif hamı
və hər kəslə danışdıqca,
əslində, öz düşüncələrini çatdırır,
beləliklə, teatr işçilərinin dili
ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə
yaşayıb, cəmiyyətdən
kənarda qalmır.
O, həyatı, insanları
sevir, qəlbindəki
işığı paylamaq
istəyir və paylayır da".
Təsadüfi deyil ki,
Türkiyədə yayınlanan
"Bu dünyadan məktublar..."
kitabı ilə tanış olan ədəbiyyatşünas Camal Anadol X.Qocanı
"Azərbaycanın Əziz
Nesini", türkiyəli
qələm sahibi
İrfan Ülkü "Azərbaycanın
Zoşşenkosu" adlandırmış,
“Hürriyyət” qəzetinin
müxbiri Dursun Özdən isə onu Nəsrəddin Xocaya bənzətmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir
üzvü, professor Nizami
Cəfərov yazır
ki, "Xeyrəddin Qocanın
əsərlərində Əziz
Nesindən, Cəlil Məmmədquluzadədən, Mirzə
Ələkbər Sabir, Əbdürrəhim
bəy Haqverdiyevdən
də nə isə var. Lakin bu hekayələrin, lətifələrin,
zarafatların müəllifi
məhz, onun özüdür - Xeyrəddin
Qocadır".
Möhtərəm oxucular!
Sizə təqdim
edilən bu miniatür hekayələrdə
X.Qocanın deyimlərinin bəlkə
də, mində biri toplanmışdır.
Bu gülüş "payı"nda
yazıçının ayrı-ayrı
əsərlərindən fikirlər
də verilmişdir. Onlar da yüksək mənalar kəsb edir.
Xeyrəddin Qocanın
miniatürlərini çap
etdik ki, onun səmimiyyətini bir daha hiss edəsiniz. Görəcəksiniz, satira,
yumor, gülüş
çox yerdə sizinlə olacaq. Məsəl var, deyərlər:
"Bir dəfə ürəkdən
gülmək yeddi gün dəniz sahilində istirahətə
bərabərdir"
Bu yaşayışdı
ki?
Xeyrəddin Qoca tələbə vaxtı kirayənişin yaşayırdı.
Qapı döyülür:
- Xeyrəddin Qoca burada yaşayır?
- Xeyr!
- Bəs, siz kimsiniz?
- Xeyrəddin Qoca.
- Deyirsiniz ki, burada yaşamırsınız?
- Yəni bu yaşayışdı
ki?
Zəlzələ qorxusu
Xeyrəddin Qoca Azərbaycanın Türkiyədəki
səfiri ilə söhbət edir. Türkiyənin Xarici İşlər naziri İsmayıl Cem onlara yaxınlaşır.
"Nasılsınız?" deyə soruşur. Səfir təşəkkür
edir. "Siz nasılsınız, sayın
konsolosum?" -
sualına Xeyrəddin
müəllim heç
kimin gözləmədiyi
cavabı verir:
- Nasıl olacağam, bütün gecəni buz dolabının içində
oturmuşam!
İsmayıl Cem
"Buz dolabında nə yapıyordunuz, əfəndim?" - deyə
təəccüblə soruşur.
X.Qoca "Zəlzələdən
qorxurdum!" cavabını
verir.
Heç demə,
professorlardan biri televiziyada çıxış
edərək demişdir:
"Zəlzələ olan
kimi masa altına, buz dolabına... girin..."
Çay qoyuna bərabərdir
Ankarada Gülhanə
Hərbi Tibb Akademiyasında baş komandanın müavini, bir polkovnik Xeyrəddin
Qoca ilə tanış olandan sonra, "çox məmnun oldum, sizi evə dəvət
edərəm, bir çay içərik"
- deyir. X.Qoca yazıçı Anarın
oğlu, o zaman AzərTAC-ın
Türkiyə üzrə
xüsusi müxbiri Turala tərəf dönür və ona pıçıldayır:
- Tural, buralarda adama çay vermək, bizlərdə qoyun kəsmək kimi bir şeydir...
Lazım olsa, zəng vurar
Cib telefonu zəng çalır. X.Qoca telefonu götürür:
- Sən hava limanına get. Qonaqları götür. Ünvanı bilirsən. Axşam məni hava limanında qarşılayarsan. Oldu? Sağ ol! - telefonu qapayır. Heç bir şey olmamış kimi, söhbətinə davam edir. "Bağışlayın, zəng
edənə danışmağa
imkan vermədiniz, o kim idi?" - deyə iş yoldaşı ondan soruşur.
Xeyrəddin Qoca duruxur:
- Düz deyirsən, vallah. Yazıq heç nə deyə bilmədi, axırda bircə "tamam" dedi. Sürücümdür.
Lazım olsam, yenə zəng vurar.
Yalandan deyir...
X.Qocanı yüksək
vəzifəli bir şəxslə tanış
edirlər. Bu şəxs
Türkiyədəki ənənəvi
ifadəni işlədir:
"Sizinlə tanışlıqdan
çox mutlu oldum".
Həmin adam gedəndən sonra Xeyrəddin müəllim dillənir:
- Yalandan deyir də, "mutlu oldu". Mən onun nəyiyəm
ki, məni görən
kimi mutlu oldu?
Yaxşı vəzifə
Baş konsul Türkiyədə çox
darıxırdı, Bakıya
qayıtmaq istəyirdi.
İstəyirdi məsul
bir işdə çalışsın, xalqa,
vətənə daha çox xeyir verə bilsin. Hətta, Bakıya qayıtmaq üçün
rəhbərliyə dəfələrlə
ərizə də yazmışdı.
Bir gün ondan soruşurlar ki, birdən səni işdən çıxardılar,
heç bir iş də vermədilər, nə edəcəksən? Cavab verir:
- Mən ərizədə vəzifə
istəməmişəm ki! Güman edirəm, yaxşı bir vəzifə verərlər...
Gəl vəzifəmizi dəyişək...
X.Qoca Vətənə
qayıtmaq istəməsini
Bakıda bir yüksək vəzifəli
şəxsə də
bildirir. O da başlayır
ona izah etməyə ki, bəs, baş konsul vəzifəsi belə şərəfli vəzifədir,
elə yüksək vəzifədir və s. və i.a. Xeyrəddin
müəllim onun sözünü kəsir:
- Onda gəl, vəzifəmizi dəyişək. Sən mənim vəzifəmə
keç, bir az şərəflən!
Yığdıqlarınız bəsdir...
Rəsul Rzanın
anadan olmasının
90 illik yubileyi ilə əlaqədar Ankarada "Əhməd Yasevi fondu" tərəfindən
tədbir keçirilirdi.
Dəvətlilər arasında
Xeyrəddin Qoca da vardı.
Tədbirdən sonra fondun sədri, Türkiyənin tanınmış
şəxslərindən biri
olan Namiq Kamal Zeybək ziyafət verirdi. Xalq yazıçısı
Anar, Namiq Kamal Zeybək və Xeyrəddin Qoca bir masa arxasında oturub söhbət edirdilər. Söhbət tarixdən, ədəbiyyatdan
düşdü. Birdən
Xeyrəddin Qoca Namiq Kamal Zeybəkə sual verdi:
- Bağışlayın,
siz neçə il
nazir vəzifəsində işləmisiniz?
Namiq Kamal qəfil sualdan təəccübləndi:
- Ümumiyyətlə,
yeddi ildən artıq bir zaman oldu, sayın baş konsolosum!
X.Qoca zarafatla:
- Eh! O zaman yığdıqlarınız
nəvə-nəticələrinə də bəs edər! - dedi.
İndiki şəklini qoy...
Xeyrəddin Qoca smartfon telefondan çox gec, bəlkə də hamıdan sonra istifadə etməyə başlamışdı. Profilinə
cavanlıq şəklini
qoymuşdu. Yazıçıya
çoxlu məktublar,
mesajlar yazırdılar.
Bir-iki aydan sonra dünyanın müxtəlif ölkələrindən
- Afrikadan, Argentinadan, latın Amerikasından gənc, gözəl zənci qadınlar ona şəkillərini göndərməyə, məktublar
yazmağa başladılar.
Qara olduğu üçün elə bilirdilər o da həmin millətlərdəndir. X.Qoca
ingiliscə bilmədiyindən
onlara cavab vermirdi. Onlar da "küsüb" daha yazmırdılar.
Axırda ömür-gün
yoldaşı bunu bilib X.Qocaya
dedi:
- Sən profilinə indiki şəklini qoy!.. Onda daha
xanımlar yazmayacaqlar...
Heç ağarmıram...
Azərbaycan Prezidenti
Türkiyəyə rəsmi
səfərə gəlirdi.
Ankaranın "Esenboğa"
hava limanının
"Şərəf salonu"nda
Prezidenti qarşılamaq
üçün son hazırlıq
işləri görülürdü.
Xeyrəddin Qoca o zaman
AzərTAC-ın xüsusi
müxbiri olan Turala yaxınlaşdı:
- Sən gündə neçə dəfə çimirsən?
Tural düşüncələrindən
ayrılıb cavab verdi:
- Üç gündə bir. Yay vaxtı hər gün, bəzən gündə iki dəfə. Necə bəyəm?
Xeyrəddin müəllim
dərdli-dərdli ona
baxdı:
- Mən il boyu hər gün
iki dəfə çimirəm, amma heç ağarmıram!
Texnik
X.Qoca Milli Məclisin
deputatı olanda tez-tez Bakıya iclaslara gəlirdi. Bir gün ondan soruşurlar ki, Məclisə
getmişkən bir iş görə bilirsənmi?
Xeyrəddin müəllim
cavab verir:
- Mən orada texnik işləyirəm,
düymə basıram,
vəssalam! Başqa bir işim yoxdur.
Səndən xoşum gəlir
Bir gün Bakı Bələdiyyə
Teatrının aktyorları
İstanbulda qastrol səfərində olarkən
konsulluğa da baş
çəkirlər. Sənətkarları
bir-bir qapıda qarşılayan X.Qoca
cavan bir aktyora deyir:
- Səndən xoşum gəlir.
Gənc aktyorun sonralar dediklərindən məlum olur ki, o, öz-özünə düşünübmüş:
"Görəsən, baş
konsul hansı tamaşaya baxıb? Hansı rolumu görüb?"
Birdən X.Qoca dillənir:
- Sən üzünü həmişə
qırxırsan. Bəzi
aktyorlar üzü tüklü gəzirlər...
Mənasız qurultay
Türkiyədə iki ildə bir dəfə
türkcə danışan
millətlərin qurultayı
keçirilirdi. Hər
dəfə qurultaya Azərbaycandan da nümayəndələr
gəlirdi. Özü
də bəzən elə adamlar gəlirdilər ki, onların
bircə məqsədi
olurdu: Türkiyəni
gəzmək, görmək.
Onlardan biri Xeyrəddin müəllimdən
soruşur ki, "siz niyə qurultayda iştirak etmədiniz?"
O, cavab verir:
- Əvvəla, məni dəvət etməyiblər. Çağırılmayan
yerə getmərəm.
Sonra da qurultay boş şeydir, ayrı-ayrı ölkələrdən gəlib,
Türkiyəni gəzib
qayıdırlar, heç
bir məsələ də həll etmirlər.
Bakıdan gələnlərdən
biri dillənir:
- Deməli, biz oradan bura boş
şey üçün
gəlmişik?
Xeyrəddin Qoca cavab verir:
- Bəs, bilmirdiniz?
Səhəri gün qurultayı müxtəlif
yollarla təşkil edən dövlət nazirini istefaya göndərirlər, Türkiyə
qəzetləri də
yazır ki, bu qurultay boş şeydir, mənasızdır.
Xeyrəddin Qoca Bakıya zəng vurub, qurultaya gələnlərdən birinə
deyir:
- Gördünüz,
mən dedim, bu qurultay boş
şeydir...
Qayınanam sağ olsaydı...
Xeyrəddin Qoca satirik yazıçı olsa da, həyatda çox ciddi adamdır. Lakin heç kimin qəlbinə dəyməyən, incə,
səmimi zarafatları,
atmacaları hamının
xoşuna gəlir.
O, rəhmətlik
qayınanası haqqında
həmişə hörmətlə
danışır. Amma zarafatından
da qalmır. Bir gün
yaxın dostunun qayınanası Xeyrəddin
müəllimdən soruşur
ki, "qayınanan sağdır?"
X.Qoca cavab verir: "Qayınanam sağ olsaydı, mən çoxdan ölmüşdüm".
Bizə aid deyil
X.Qoca söhbət
etdiyi bir qayınanaya deyir ki, "kürəkənə çox
da bel bağlama". Arvadın
kürəkəni də
yanında oturubmuş.
Tərs-tərs Xeyrəddin
müəllimə baxır.
X.Qoca bunu hiss edib dillənir:
- Səninlə mənə aid deyil...
Səhv görüş
Baş konsul Xeyrəddin Qoca işdə oturmuşdu. Günortaya yaxın attaşe ona xəbər verir ki, Hindistanın baş konsulu onun görüşünə
gəlir.
X.Qoca təəccüb
edir. Qaydaya görə, baş konsullar bir-biri ilə görüşmək
üçün bir neçə gün əvvəl "randevu"
alır, yəni görüş gününü
və saatını müəyyənləşdirirlər, sonra görüşürlər.
X.Qoca Hindistanın
baş konsulunun gəlişinin təsadüf
olduğunu düşünərək
kabinetindən bayıra
çıxır və
qonağı qarşılayır.
Əyləşəndən sonra qonağa "xoş gəlmisiniz" - deyir
və bildirir ki, Hindistanla Azərbaycanın
dostluq və qardaşlıq əlaqələri
var. Hələ uşaqlıqdan
hind filmlərinə çox
baxmışdır, hind musiqisinə
vurğundur və s. və i.a.
Xeyrəddin müəllim
danışdıqca hiss edir
ki, qarabuğdayı qonağın
sifəti getdikcə qaralır. Buna baxmayaraq Hindistan haqqında yenə xoş sözlər söyləyir.
Birdən qonaq dillənir:
- Bilirsiniz, mən Pakistanın baş konsuluyam...
Onda Pakistanla Hindistan arasında münaqişə davam edirdi.
Xeyrəddin müəllim
başlayır ki, bəs
Pakistan Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələrdən
biridir, o özü də vaxtilə bu ölkədə səfərdə olmuşdur
və s. və i.a.
Pakistanın baş konsulu yenə dillənir:
- Bağışlayın,
sayın baş konsul, mən sizinlə yox, Səudiyyə Ərəbistanının
baş konsulu ilə görüşməliyəm...
Səudiyyə Ərəbistanının
Baş Konsulluğu isə Azərbaycan Respublikasının Baş
Konsulluğunun 50 metrliyində
yerləşirdi. Pakistanın
baş konsulu səhvən Azərbaycan Baş Konsulluğuna gəlibmiş...
Allah sizə
rəhmət eləsin
Günlərin birində
İstanbul Universiteti Qəndillə
Rəsədxanasının professoru Əhməd Mete İşıqara televiziya
kanallarından birinə
müsahibə verərək
bildirir ki, İstanbulun
13 kilometrliyində mütləq
zəlzələ olacaq
və 8 saniyə müddətində şəhərin
70 faiz binaları dağılacaq. Professor əvvəlki
çıxışlarında xalqa ürək-dirək verərdi, zəlzələnin
vaxtını müəyyənləşdirməyin
mümkün olmadığını
bildirərdi, insanları
hər deyilənə
inanmamağa çağırardı.
Onun son müsahibəsinin
inandırıcı olduğunu
hiss edən Xeyrəddin
Qoca konsulluğa gələn kimi, əməkdaşları yığıb,
bu barədə məlumat verir və deyir:
- Deyirlər, diriyə də rəhmət düşür.
Allah sizə rəhmət
eləsin. Mən gedirəm Bakıya...
Baş konsul həmin gün təyyarə ilə Bakıya uçur...
Hamımız öləcəyik...
Xeyrəddin Qocanın
tanışları, dostları
iyirminci əsrdə tez-tez deyirdilər: "Kaş iyirmi birinci əsrə çıxaydıq, görəydik,
necə əsrdir..."
İyirmi birinci əsr başlayanda Xeyrəddin Qoca onların günləri, ayları daha maraqla izlədiyini hiss edərək "Nə görmüsünüz ey,
iyirmi birinci əsrdə? Bilmirsiniz ki, bu əsrdə hamımız öləcəyik?!"
deyərək gülümsəyir.
Yolda
Bir gün Türkiyənin "Saman Yolu"
televiziyasından Xeyrəddin
Qocaya zəng vurub xahiş edirlər ki, böyük bir proqram onun
missiyasına, yaradıcılığına
həsr olunacaq, saat filanda televiziyaya
gəlsin. Baş konsul xidməti maşınında yola düşür. Sürücü
televiziyanın hansı
ünvanda yerləşdiyini
bilmədiyindən yolda
maşını saxlayıb,
meyvə satandan ünvanı öyrənmək
istəyir. Xeyrəddin
Qoca da sürücüdən
xəbərsiz maşından
düşüb yaxınlıqdakı
mağazaya baxmaq üçün gedir. Bu
zaman yol keçən
sürücülərdən biri baş konsulun
sürücüsünə deyir ki, "sür mənim maşınımın
arxasınca, mən də "Saman Yolu"na tərəf gedirəm".
Xeyrəddin Qocanın
sürücüsü tələsik
maşına oturub sürətlə həmin
maşının arxasınca
sürür.
"Saman Yolu"
televiziyasının qarşısında
artıq operatorlar kameraları ilə birlikdə baş konsulu gözləyirdilər.
Sürücü tələsik
yerə düşüb
maşının qapısını
açır ki, baş
konsul düşsün.
Bir də baxırlar
ki, Xeyrəddin Qoca maşında yoxdur. Sürücüyə deyirlər
ki, bəlkə onu heç evdən götürməmisən? O da cavab
verir ki, yox, mən bilirəm o harada ola bilər... Televiziya işçilərinə
heç nə demədən geri qayıdıb, baş konsulu götürür və yenidən telestudiyaya gəlir. O gün Xeyrəddin Qoca çox maraqlı bir verilişin "baş qəhramanı" olur...
Hər dəfə
"yol hadisəsini"
xatırlayanda isə sürücü ilə birlikdə ürəkdən
gülürlər.
Filmin təsiri
Xeyrəddin Qoca gəncliyində hind filmlərini
sevirdi, şəhərə
yeni film gələn kimi
gedib baxırdı.
Bir dəfə faciəli
bir hind filminə tamaşa edib salondan çıxanda görür ki, maşınının
arxadan alt tərəfi
əzilib. Qanı bir az da qaralır.
Əyilib əzilən
yeri düzəldir ki,
heç olmasa, şəhər küçələrində
gözə çarpmasın.
Üst-başı tamam
batır. Başını
qaldıranda maşının
nömrəsi gözünə
sataşır, heç
demə, maşın onunku deyilmiş. O, maşınını bir az qarşıda saxlayıbmış. Hər
iki maşın eyni rəngdə olduğundan düzəltdiyi
maşını özününkü
bilmişdir...
İşdə olmuşam ki?..
Bir dəfə Xeyrəddin Qocaya deyirlər ki, işdə yol verdiyin ciddi
nöqsana görə
səni işdən çıxarırlar.
Xeyrəddin Qoca cavab verir:
- Bu mümkün
deyil.
- Niyə?
- Mən heç işdə olmuşam ki, ciddi nöqsana da yol verim?
Böyük yaxşılıq
Yazıçı-satirik Xeyrəddin
Qoca hörmətli bir nazirlə görüşür. Söhbət
əsnasında o göstərdiyi
yaxşılıq üçün
nazirə minnətdarlığını
bildirir. Nazir dillənir:
- Sağ ol, sən də
mənə çox yaxşılıq eləmisən!
Xeyrəddin Qoca təəccüblə soruşur:
- Nə yaxşılıq eləmişəm
sizə, hörmətli
nazir?
- Məndən yazmamısan, deməli, yaxşılıq eləmisən
də. Bundan böyük yaxşılıq?!
Bakıdan yola salıram
Xeyrəddin Qoca baş konsul vəzifəsində ayrı-ayrı
vaxtlarda üç Xarici İşlər naziri ilə işləmişdir. Bir gün
baş konsul şəxsi işləri ilə əlaqədar təcili Bakıya gəlməli olur. Təyyarə limanında
yeni nazirlə rastlaşır.
Nazirdən soruşur:
- Hara belə?
- İstanbula gedirəm, tədbir var.
Xeyrəddin müəllim
təəssüflə:
- Bağışlayın
ki, sizi İstanbulda qarşılaya bilmirəm,
əvəzində Bakıdan
yola salıram...
Məsləhət deyil
Yeni il qabağı
baş konsul Xarici İşlər nazirinə rəsmi müraciət edir ki, ailəsi ilə birlikdə bayram keçirmək üçün
Bakıya gəlmək
istəyir. Nazir də
məktubu göndərir
Şərq ölkələri
ilə məşğul
olan şöbənin
müdirinə ki, cavab
versin. Cavab çox gecikir, Baş konsul Bakıya gəlir, Yeni ili keçirir, geri qayıdır. Görür ki, müraciətə
cavab gəlib. Şöbə müdiri yazmışdır: "Məsləhət
deyil".
Xeyrəddin müəllim
çox həssas adam olduğundan əsəbiləşir, sonra
da gülümsəyərək dillənir:
- Guya mən bunun məsləhəti ilə
oturub-dururam...
Bir dəfə həmin şöbə müdirinin Xeyrəddin Qocaya ciddi işi
düşür, işçiləri
vasitəsilə ondan pul istəyir. Hamıya əl tutmağa, kömək göstərməyə çalışan
baş konsul iş yoldaşlarına deyir:
- Ona deyin ki, məsləhət deyil...
İşiniz-gücünüz yoxdur
Gənc yaşlarında
Xeyrəddin Qoca dövlət qəzetlərindən
birinin redaksiyasına böyük bir oçerk təqdim edir. Şöbə müdiri oçerki oxuyur, bir cümlədə
sözün yerinə
düşmədiyini bildirir
və özünü
göstərmək üçün
deyir:
- Jurnalist məsuliyyətli olmalıdır,
bu peşənin sahibi hər sözün yerini bilməlidir. Görürsən,
mən hər cümləni beş dəfə yazıb, beş dəfə redaktə edirəm. Bu da əlyazmalarım, baxa bilərsən...
Xeyrəddin Qoca onun sözünü kəsir:
- Müəllim, yaxşı jurnalist yazını bir dəfə düşünə-düşünə
yazar, sonra da redaktə edər. Sizin işiniz-gücünüz
qurtarıb-nədir?!
Yavaş-yavaş yazıram
Xeyrəddin Qoca İstanbuldan partiya yoldaşlarına məktub
yazır: "Əziz
həmkarlarım, sizə
məktubu yavaş-yavaş
yazıram. Bilirəm
ki, siz sürətlə
oxuya bilmirsiniz".
"Bilirəm,
səsim xoşunuza gəlməyəcək"
Bir gün Xeyrəddin Qoca xoşu gəlməyən
dövlət məmuruna
aşağıdakı məzmunda
dəvətnamə göndərir:
"Sizi Respublika
Sarayında keçirəcəyim
"Bilirəm, səsim
xoşunuza gəlməyəcək"
adlı satira gecəsinə dəvət
edirəm".
Əlbəttə, həmin
məmur satira gecəsinə gəlmir...
Başabəla tanış
Xeyrəddin Qoca bir tanışını onun öz xahişi
ilə partiyaya üzv yazdırır. Aradan xeyli keçir.
İclasların birində
necə olursa, həmin tanışı Xeyrəddin Qocanın əleyhinə danışır.
Xeyrəddin müəllim
bərk hirslənir:
- Mənə bax, səni bu partiyaya kim
soxuşdurub, hə?
Həmin tanış
da bərkdən gülərək
cavab verir:
- Sən!
(Davamı olacaq)
Xeyrəddin Qoca
Ədəbiyyat qəzeti.
– 2024. – 20 aprel, ¹ 14-15. – S. 16-17.