Şair öz intuisiyası
ilə nitqin və dilin potensialına
müraciət edir
2023-cü ilin aprel ayının 5-i idi. Yazıçılar Birliyindəki iş otağımdan çıxıb
yuxarı, redaksiyaların
yerləşdiyi çardağa
qalxmalıydım, indi
yadımda deyil hansı iş üçün. İkinci
mərtəbədə, Səməd
Vurğunun böyük
rəsmi önündə
dağlı üsulu başı yaylıqlı
iki xanım gördüm. Sual dolu nəzərlərlə
qarşılaşdım, ayaq
saxladım, kim olduğumu dedim və onlara necə kömək edə biləcəyimi soruşdum. Məlum oldu ki, qonaqlar Çeçenistan Dövlət
Pedaqoji Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə
prorektoru, biologiya elmləri namizədi, dosent Tamara Avtayeva, universitetin rus dili və rus
dilinin tədrisi metodikası kafedrasının
müdiri, filologiya elmləri namizədi, dosent Raisa Buralovadır. Azərbaycanın ən sevilən yazıçısı
Anarla (elə belə də dedilər və əlavə elədilər
ki, bunu Bakıya ilk gəlişlərində kitab sərgisində
keçirdikləri "sorğu"
nəticəsində müəyyənləşdiriblər,
sonra da "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ni sevə-sevə
oxuyublar) görüşmək,
ünsiyyətdə olmaq
istəyirlər. Anar müəllimin otağına
keçdim, qonaqlar barədə məlumat verdim və 2-3 dəqiqə sonra o xanımları qəbul elədi. 10-15 dəqiqəlik
mehriban söhbətin
sonunda şəkil çəkməyim də
xahiş olundu. Zaraftla "bahalı fotoqrafam" deyib, məmnuniyyətlə bir neçə şəkil çəkdim.
Görüşdən sonra qonaqları öz iş otağıma dəvət etdim. Çay təklif eləsəm də, Ramazan
ayı olduğunu, oruc tutduqlarını xatırlatdılar.
Ramazanın 14-cü günüydü.
Düzü, sıxıldım
və təəssüflə
bildirdim ki, ikinci ildi səhhətim üzündən oruc tuta bilmirəm.
Söhbət zamanı
qonaqlar bizim Dillər Universiteti ilə Çeçenistan
Dövlət Pedaqoji Universiteti arasında sıx əməkdaşlığın,
elmi və tədris mübadiləsinin
olduğundan, Bakıya
universitetin rektoru, akademik Kamal Abdullanın dəvəti ilə gəldiklərindən, Kamal müəllimin
əsərlərindən, Bakıya
sevgilərindən səmimiyyətlə
və ağızdolusu
danışdılar. Mən
də, öz növbəmdə, onlara Yazıçılar Birliyi,
birliyin tarixi, indiki vəziyyəti, nəşrlər və ayrıca olaraq "Dünya ədəbiyyatı"
dərgisi, çap etdiyimiz kitablar barədə məlumat verdim. Dərginin Türkiyə, Rumıniya,
Pakistan, İsrail ədəbiyyatına
həsr olunmuş xüsusi saylarını, bir neçə kitabı onlara göstərdim (sonradan bəzilərini istədilər
deyə hədiyyə
də elədim).
Söhbətin ortasında
Tamara Andıyevna qəfil
soruşdu: - Dərginin
çeçen ədəbiyyatı
sayını da nəşr
etmək olarmı? Tərəddüdsüz: - Əlbəttə,
olar, - dedim. - Hətta çox yaxşı olar. Çox vaxtı biz üzümüzü uzaqlara,
Qərbə, Avropa ədəbiyyatına tuturuq,
daha çox qərbli müəllifləri
tərcümə edirik.
Halbuki əvvəl yaxın qonşularımızı,
dostlarımızı, bizə
yaxın olan xalqların ədəbiyyatını
tanımalıyıq. Amma köməksiz
olmur. Xüsusən, müəllif və mətn seçimində.
Beş gün sonra biz qonaqlarla yenə görüşdük.
Bu dəfə onların
təklifiylə və
məqsədli. Azərbaycan
Yazıçılar Birliyi
ilə Çeçenistan
Dövlət Pedaqoji Universiteti arasında Azərbaycan, çeçen
və rus dillərində hazırlanmış
əməkdaşlıq memorandumu
imzaladıq. Bir müddət
sonra mən çeçen dostların
dərgimizin xüsusi
sayı ilə bağlı, janrlar, növlər, bölmələr,
rubrikalar, həcm barədə sorğularını,
əsasən, texniki səciyyə daşıyan
suallarını cavablandırdım
və qarşı tərəf də Çeçenistan Yazıçılar
İttifaqı ilə
birlikdə bizimçün
müəlliflərin, bədii
və elmi mətnlərin seçilməsinə
(seçim vaxtı bizim tələblər, əlavələr nəzərə
alınır, suallarımız
cavablandırılırdı), bioqrafik arayışların
hazırlanmasına və
tərcümə işinə
başladı. Yazışma
və münasibətlərimiz
beləcə mütəmadi
xarakter aldı.
Üzü payıza
doğru çeçen
həmkarlarımız hazırladıqları
mətnləri bizə
göndərdi və
biz də, öz növbəmizdə, tərcümə
prosesinə başladıq.
İndi ötənilki
ilk görüşdən 10 gün əskik, düz, 1 il keçib. Bütün işlər bitib. 80-ə yaxın çeçen müəllifinin
əsəri, proza və poeziya nümunələri, elmi məqalələrin toplandığı
dərgi, "Dünya
ədəbiyyatı" dərgisinin
Çeçenistan ədəbiyyatı
"xüsusi sayı",
yəqin 10-15 gün sonra çapa gedər, bir 10-15 gün sonra isə əlimizdə olar, inşallah.
Və mən də elə bu gün dərginin
xüsusi sayı üçün 41 şairdən
etdiyim poetik tərcümələrin (aşağı-yuxarı,
üç min misraya yaxın poetik mətnin) hər şairdən yalnız bir şeir olmaqla,
şeçdiyim hissəsini - "seçmələr"i
ayrıca toplu kimi çapa göndərməyə hazırlaşır,
kitab üçün yazdığım
Son söz yazısını
bitirməyə, onu artıq səhifələnmiş
kitabın axırına
qoyulsun deyə mətbəəyə göndərməyə
hazırlaşıram.
Hazırlaşıram və anlayıram ki, bu gün, martın 24-ü, yenə də Ramazanın 14-cü günüdür.
Həyatın qəribə
qafiyələri var.
Hazırlaşıram və ötən ilin iyun ayının 21-də Çeçenistana, Qroznıya
ilk qısamüddətli səfərimi
xatırlayıram: Çeçenistan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə dəvət
olunmuşdum. İş
elə gətirmişdi
ki, həmin tədbirlərə
Dillər Universitetinin
prorektoru Jalə Qəribova, pedaqogika kafedrasının müdiri
Nigar Zeynalova və "Təhsil-1" fakültəsinin
müdiri Fikrət Cahangirovdan ibarət bizim nümayəndə heyəti ilə birgə və birbaşa Bakı-Qroznı
təyyarə reysiylə
deyil, 5 gün əvvəl getdiyim, Beynəlxalq Mihay Eminesku Akademiyasının
təşkilatçılığıyla
Rumıniyada, Krayova şəhərində keçirilən
şeir festivalını
2 gün tez tərk edib Krayovadan Buxarestə yol maşını, Buxarestdən İstanbula və İstanbuldan Mineralnı Vodıya təyyarə, Mineralnı
Vodıdan Qroznıya isə məni gözləyən taksi ilə bütövlükdə
16 saat çəkən
yolçuluqdan sonra qatıla bilmişdim. Əslində səfərin
1 saatını özüm
uzatmışdım. Məni
Qroznıya aparacaq çeçen sürücü
Lemadan xahiş eləmişdim ki, öz E
005 KX 134 RUS nömrəli "Hundai Solaris"ini Pyatiqorskdan sürsün. Lema xahişimi yerə salmamışdı
və üstəgəl,
bu plansız səfər üçün
ona vermək istədiyim "qonorar"ı
da axırda, nə illah eləsəm də götürməmişdi.
İlk dəfə 34 il əvvəl
rəhmətlik atamla bərabər gəzdiyimiz
həmin şəhərə
bir də ayaq basmaq, birgə
qalxdığımız Maşuk
dağına təkrar,
kənardan da olsa baxmaq, Lermontovun dueldə öldürüldüyü
yeri (çeçen poeziyasını tərcümə
prosesində bir daha anladım ki, çeçenlərdə Lermontova
da Tolstoy qədər dərin
sayğı var) görmək
istəmişdim. Atamın
Lermontov və Axundovun
ona bağışladığı
saz barədə danışdıqları indiyə
qədər yadımdadır;
yalnız bir misrasını dumanlı xatırladığım ilk şeirimi
o gecə "yazmışdım",
Yessentukidə kirayə
tutduğumuz evdə rəhmətlik anamı oyadıb demişəmmiş
ki, mən şeir söyləyəcəm sən
yaz; onda yazmağı bacarmır, hələ məktəbə
getmirdim. Xalqlar da uşaqlar kimidi. Əvvəl danışır,
sonra yazmağı öyrənirlər. Və
hələ bilmək olmaz ki, danışılanlarmı
qiymətlidir, yazılanlarmı;
nitqmi vacibdir, dilmi; folklormu, yazılı ədəbiyyatmı?!
Hər necəsə,
hurrit-urart, sarmat-alan, süryani-nəsturi və
qədim arami tayfa, dövlət, dil və əlifbalarının
çeçen dilinin
(və yazısının)
tarixində izləri haqqında qafqazşünas
alimlərin, tarixçi
və dilçilərin
çox müxtəlif
elmi iddiaları, yozumları var. O da məlumdur
və təsdiqini tapıb ki, çeçenlər
tarixin fərqli dövrlərində gürcü,
ərəb, latın və kiril əlifbasından
istifadə ediblər;
sonuncu bu gün də davam edir.
Şimali Qafqaz xalqlarının yeni yazılı
ədəbiyyatları sırasına
aid edilən hazırkı
çeçen ədəbiyyatının
tarixi son iki yüz ili əhatə
eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi,
sistemli öyrənilməsi
əsasən, son yüz
ildə baş verib. Hərçənd elə həmin o son yüz il də, əsla sadə dövr olmayıb; 3 dəfə "əlifba
(ərəb-latın-kiril) islahatı"nın
hər bir xalqın dili və ədəbiyyatı
üçün, yumşaq
desək, nə qədər böyük çətinliklər yaratdığını
biz azərbaycanlılar pis
bilmirik; üstəgəl,
bütün bu əlifba dəyişiklikləri
məlum tarixi hadisələrin, təlatümlərin,
qanlı savaşların,
repressiya və təqiblərin, sürgün,
terror və vətəndaş
qarşıdurmalarının təzahürü olub; növbəylə biri digərini doğurub, tətikləyib.
Folklorun, şifahi
xalq ədəbiyyatının
bir xalqın yazılı ədəbiyyatına
böyük, danılmaz
təsiri barədə
xüsusi danışmağa
ehtiyac yoxdur: biz yazmağı danışmaqdan
öyrənmişik və
bir tərəfdən,
dilin (=nitqin), deməli, düşüncə
tərzinin də saxlancı olan folklor nümunələri,
eyni zamanda sonradan formalaşmış
yazılı ədəbiyyatın
bünövrəsini təşkil
edir; bəzən əsas və əbədi ideya-məzmun
istiqamətlərini, təbii,
qismən vacib süjetləri, üslubi-estetik
nüansları təyin
edir; hökmən deyil ki, bunu həmişə birbaşa
hiss edəsən.
Ədəbiyyatşünaslar tərəfindən
yaşı 600 deyə
təsbit edilən (bu dartışıla da bilər) çeçen qəhrəmanlıq nəğmələrinin,
dastanların
- "illi"lərin də bu baxımdan
maraqlı xüsusiyyətləri
var. Nəql olunan hadisələr bir qayda olaraq bəlli
bir mövsümdə,
bir fəsildə, hətta günün konkret anında, məqamında baş verir (yapon haykularını
xatırlamamaq mümkün
deyil), bu da oxucu üçün süjeti bədii cəhətdən daha inandırıcı və
dürüst edir. Adətən, qəhrəmanlar
səfərə sübhdə
çıxır, "düşmənlər"in
(qarşı tərəf
də demək olar) sadalanan eyib və pis
keyfiyyətləri yalnız
qəhrəman obrazının,
onun xeyirxah amalının oxucu üçün "avtomatik"
olaraq təqdimatına
xidmət edir. Səfərə çıxan
qəhrəmana anasının
öyüdü, alqışı
- monoloq, qəhrəmanın
Da, öz növbəsində, anaya xitabı, doğma aulu, kəndi ilə vidalaşması, öz vəfalı atına müraciəti, Tereki öyməsi "illi"lərin vacib elementlərindən sayılır.
Əksər "illi"lər
real tarixi hadisələrdən,
xalqın yaşadığı
həqiqi iztirablardan qaynaqlanır, işğalçılara
və ədalətsizliyə
qarşı mübarizədən,
feodallarla savaşdan, öz sevgisi, sevgilisini müdafiədən
danışır, dağlıların,
xüsusən, islam qanunları əsasında
formalaşan şərəf
kodeksi, qonağa münasibəti, xüsusən,
vətən və
ana-övlad sevgisi sərgilənir, bu yolda məşəqqətlərdən
söz edilir. Elə bu sətirləri
yaza-yaza bir yandan, "Cəsur Çeq və Tayma oğlu Bəypolad" "illi"sini,
bizim qəhrəmanlıq
dastanlarını, sonra
da böyük Səməd
Vurğunun "Ananın
öyüdü" şeirini
xatırlayıram.
"İlli"lərin
girişi, başlanğıcı
da çox maraqlıdır.
İlk "cümlədəncə" oxucu "hadisənin içinə daxil edilir", həm nəql edənin qulaq yoldaşına, eyni zamanda "sonradan baş verəcək hadisələrin
şahidinə" çevrilir.
Xatırlayıram və keçmiş tarixlə anlayıram ki, sən demə, çağdaş
çeçen şeiri
nümunələrini dilimizə
çevirərkən (bu
kitaba isə az əvvəl dediyim kimi, hər
müəllifdən bir
şeir olmaqla tərcümə edilmiş
mətnlərin yalnız
dörddə biri daxil edilib), demək olar, 41 müəllifin hər birinin poetik mətnində süjet xətti, mövzu, leytmotiv, janr xüsusiyyətləti, estetik
nüanslar, kompozisiya modelləri baxımından
"illi"lərdən miras
qalan həmin bütün o sadaladığım
bədii məziyyətlərlə,
onların nişanələri
ilə birbaşa ünsiyyətdə olmuşam.
Şeirlərə varmış
diqqətli oxucu mütləq əksəriyyəti
intizamlı, qafiyəli,
heca şeirlərindən
ibarət olan poetik mətnlərdə az əvvəl yazdığım kimi və "illi"lərdə
olduğutək mövzuların
dəyişmədiyini, əsas
mövzuların yenə
də vətən eşqi, ana dominant olmaqla, valideyn sevgisi, sevgi, təbiətə və doğma yerlərə vurğunluq,
dağlıların şərəf
kodeksi olduğunu artıq bilir.
Görünür, müxtəlif
xalqların tarixi və ədəbi proseslərinin sinxronlaşıb-sinxronlaşmamasından
asılı olmayaraq (yəni ümumdünya ədəbiyyatı prosesi
kimi təşkili nəzərdə tutulur), elə bir xalqın
öz içində də tarix və
ədəbiyyat hər
nə qədər sinxronlaşsa, yaxud sinxronlaşmasa belə, nitqin və dilin ali hadisəsi
olan şeir öz vacib mövzularını,
lüğət tərkibini
daim saxlayır; ilk növbədə, "vətən",
"ata-ana", "günəş",
"dağ", "övlad",
"çay", "şərəf"
kimi həqiqi sözləri, anlayışları
qorumağı özünə
borc bilir; çünki şair öz intuisiyası ilə nitqin və dilin, sözün və yaradılışın potensialına
müraciət edir,
ideal insanın mövcudluğunu
bir an olsun belə gözdən qaçırmır. Bir az
da böyük Avstriya
şairi R.M.Rilkenin
(1875-1926) "IX Düin elegiyası"nda
yazdığı kimidir
hər şey: "Bəlkə biz bu dünyaya ona görə gəldik ki,
"quyu", "darvaza",
"ev", "ağac",
"pəncərə", ya da uzağı, "qüllə", yaxud
"sütun" söyləyək.
Amma elə söyləyək
ki, həmin əşyalara
indiyə qədər
xəbərsiz olduqları
xislətlərini də
xatırladaq".
Abad, əmin-aman,
yaşıllığı və işıqları sayrışmaqla göz oxşayan Qroznını təkrar xatırlayıram.
Şəhərin elə
hissəsi var ki, həmin
yeri asanlıqla yeni
Astana, yaxud Dubayla qarışıq sala bilərsən.
Axşamüstüdü. Mərkəzdə
türk ustaların inşa etdiyi 4 minarəli "Çeçenistanın
ürəyi" məscidinə
tərəf addımlayıram.
Görüşdüyüm universitet müəllimlərinin
və gənc tələbələrin, gün
ərzində üz-üzə
gəldiyim insanların
elə yolboyu da təkəmseyrək qarşılaşdığım
adamlar kimi sarışın, ağbəniz,
işıqlı simaları,
ağıllı baxışları
təkrar-təkrar gözümün
önündən keçir
və anlayıram ki, Çeçenistan yaralarını
sağaldıb, sağaldır.
Qoy Allah bu mərd xalqa bir də savaş,
qırğın nəsib
eləməsin:
"Səslərini
dinləyib
artır təlaşım
gecə,
Naməlum ulduzlara
uzanır gecə
necə?
Uzanır gozləntiylə,
arzu, ümidlə dolu,
Gizlin sevinclə
dolu..."
(M.Mamakayevin
(1910-1973) "Bahar gecəsi"
şeirindən fraqment)
24 mart
2024-cü il
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 20 aprel,¹ 13-14.- S. 12-13.