Unudulmaz olaylar silsiləsindən
Mirzə dayı və əjdaha
Mirzə dayı,
keçən gecə
yuxum ərşə çəkilmişdi. Xatirələr
kino lenti kimi göz önündən keçirdi. Hardansa yadıma "Bəyin oğurlanması" filmi və
siz gəldiniz. Yaxşı yadımdadır,
sizi ilk dəfə
1957-ci ilin oktyabr ayında "Nizami"
kino-teatrının yanındakı,
indi yoxa çıxan balaca parkda görmüşdüm.
Başınıza çox
adam yığışmışdı.
Necə şən-şux
və zarafatcıl idiniz; necə gözəl geyinmişdiniz.
Həyatım boyu sizi həmişə səliqəli geyinən görmüşəm.
Azərbaycan estradasının
parlaq ulduzu kimi yaddaşlarda qaldınız. Filmlərdə
də yaddaqalan obrazlar yaratdınız.
Allah sizə istedad bəxş etmişdi. Bunu "Bəyin oğurlanması" filmində
tam parlaqlığı ilə
nümayiş etdirdiniz.
Kəndin ağsaqqalı
Əhməd əmi (R.Cəbrayılov), iki qoyununu sel
aparan Brodyaqa (K.Krimov) ilə dükançı İsrafilin
(Yaşar Nuri) qızı
Yasəmənə (Natavan Məmmədova)
elçiliyə getdiyiniz
bugünkü kimi yadımdadır.
Əhməd əmi nədən başlamaq barədə götür-qoy
edəndə, siz Əjdahadan söz saldınız və zərblə yumruğunuzu
stola çırpdınız və dediniz "o əjdahadan bizdə niyə yoxdur?"
Əhməd əmi sizə tərs-tərs baxaraq pıçıldadı:
"Heç əjdahanın
yeridir?"
Həmin axşam
elçilikdən kor-peşman
qayıtdınız. Elə
güman etmək olardı ki, İsrafil qızını Həsənə
(Şamil Süleymanov)
yetim olduğuna görə vermir. Azmı olub, qız atası "Mənim yetimə veriləcək qızım
yoxdur", - deyərək
az qala, elçiləri qovsun? Belə hallarda elçilər gərək
təmkinli olsunlar.
Buna görədir ki, elçiliyə
yalnız sizin kimi ağsaqqallar gedirlər.
Yaxşı yadımdadır,
bir-birini dəlicəsinə
sevən Həsənlə
dükançının qızı
Yasəmən qoşulub
qaçmaq istəyirdilər.
Bu, bizdə qədimdən
qalma adətdir. Qız atası qızı verməyəndə
bir-birini sevən gənclər qoşulub qaçırdılar. Vallah,
bu, yaxşı adət idi. Qoy bütün atalara görk olsun.
Mirzə dayı,
kasıblığın üzü
qara olsun, hətta keçən əsrin 50-60-cı illərində
ailə "başlıq"
verə bilməyəndə
oğlan qızı götürüb qaçırdı.
Bu, hər iki ailənin anlaşması ilə olurdu.
Mətləbdən uzaqlaşdıq.
Siz müdrik adamsınız. Kinoçəkən
Əsəd müəllimə
(Həsənağa Turabov)
dediniz ki, əsl toy çəkmək istəyirsinizsə,
köməkçiləriniz Mustafa (Səyavuş Aslan) və Tağı (Hacı İsmayılov) ilə dükançı İsrafilin
qızına elçi
gedin.
Mirzə dayı,
siz haqlı idiniz. Onlar adi
adamlar deyildilər. Şübhə etmirəm
ki, çox ayıq-sayıq
olan dükançı
İsrafil onları filmlərdə görmüş
olardı.
Təklifiniz şirnikləndirici
idi. Əsəd müəllim, Mustafa və
Tağı elçiliyə
getdilər. Çox söhbətdən sonra Əsəd müəllim İsrafilin gözləmədiyi
halda dedi:
Biz Həsəni sizin dayınız oğlu İsabala (Ramiz Əzizbəyli) "Tello" mahnısını
oxuyanda rəqs edən görmüşük.
Yaxşı oğlandır.
Eşitdiyimizə görə,
qızınız Yasəmən
də onu sevir. Belə çıxır ki, Həsən
yetim olduğundan qızı ona vermirsiniz.
İsrafil cavab verə bilmədi. Axı, belə deyildi. İttiham ağır idi. Avtomobil qəzasından sonra İsrafilin ayağı sınmışdı.
Axsaya-axsaya hava almaq üçün pəncərənin qabağına
getdi. Gördü ki, Əhməd əmi, Brodyaqa və siz yağışın altında durub Əsəd müəllimgilin
hansı xəbərlə
gələcəyini gözləyirsiniz.
İsrafil məcbur olub sirri açdı.
Məlum oldu ki, İsrafil gənclikdə Həsənin anasını
sevirmiş. Əsəd
müəllim dedi:
"İki gəncin qovuşmağına mane olmaqla kimin intiqamını
alırsınız?"
İsrafil yenə
cavab verə bilmədi. Nəfəsi darıxdı. Yenidən pəncərənin qabağına
getdi. Gördü ki, Həsən də yağışın altında
cavab gözləyənlərə
qoşulub.
Öz gəncliyində
o da elçilərinin cavabını
beləcə gözləyirdi.
Həsənə rəhmi
gəldi.
Mirzə dayı,
elçilərə "Xoşbəxt
olsunlar!" deyə
"hə" cavabı
verəndə mütləq
şirinçay içilir.
Bu, gələcək ailənin
şirin həyatı
naminə həyata keçirilən ənənədir.
Şirin çaydan sonra "ana yolu" və ya "başlıq" məsələsi
həll olunur. "Başlıq" camaat arasında qəbul olunmuş məbləğdən
çox fərqlənməməlidir.
Bir çox hallarda mübahisə düşürdü. Elə
kənd yerlərində
indi də belədir. Keçən əsrin 50-ci illərində
qonşumuz Dürrü
xalanın Minirə adlı qızı Gəncədə ibtidai sinif müəllimliyini qurtarmışdı. Kəndimizdə
müəllimə işləyirdi.
Mirzə dayı,
siz şəhərdə
böyümüş adamsınız,
bilməzsiniz. O vaxtlar
kənd yerlərində
yalnız az-çox həkim və müəllim ailələri
yaxşı dolanırdı.
Çünki maaş
alırdılar. Qalan camaat kolxozda işləyirdi. Yalnız ilin başında əməkhaqqına görə
müəyyən miqdarda
pul alırdılar. İlboyu torpaq sahələrində əkdikləri
taxıl, kartof, soğan, pomidor, xiyar, toyuq-cücə, qoyun-quzudan satıb güzəranlarını təmin
edirdilər.
Az qala, yadımdan çıxmışdı.
Bir gün Minirəyə
varlı-hallı bir ailədən elçi gəlmişdi. Dürrü
xala böyük məbləğ tələb
etmişdi.
Mübahisə düşmüşdü.
Elçilər deyəndə
ki, kənddə nırx
qoymaq olmaz, bizi qınayarlar, Dürrü xala gözlənilmədən demişdi:
"Mən sizə qız deyil, pulkəsən maşın
verirəm".
Dürrü xalanın
XX əsrin 40-50-cı illər
kənd həyatının
reallıqlarını tam əks
etdirən kəlamı
xalq arasında indi də yaşayır.
Elçiliyə gedənlər
"Pulkəsən maşındırmı?" - deyə Dürrü xalanı yad edirlər.
Mirzə dayı,
heç soruşmursunuz,
film boyu nədənsə
narazı, narahat, ağır xasiyyətli adam təsiri bağışlayan İsrafil
qızına görə
nə qədər
"ana yolu" və
ya "başlıq"
aldı? Sən demə, İsrafil başqa adam imiş. Bir yandan, arvadı vəfat etdiyindən, digər tərəfdən, gənclikdə
Həsənin anasını
sevdiyindən və Həsənin atasız böyüdüyündən başlıq
almağı özünə
sığışdırmadı.
Mirzə dayı,
ciddi süjeti olmayan bu filmdə
ssenari müəllifi,
məşhur "Bulaq"
verilişinin yaradıcısı,
"Köç" romanının
müəllifi Mövlud
Süleymanlı adət-ənənələrimizə,
kənd həyatına
yaxşı bələd
olduğundan ən xırda detallara qədər maraqla təqdim etmişdir.
Çox maraqlı
"bəy şaxı",
"oğlan şaxı"
süjeti belələrindəndir.
Bu adət çox az bölgələrdə
qalıb. Toyun tərkib hissəsi kimi budaqları qırmızı, ağ, sarı rəngli almalarla, başqa meyvələrlə bəzədilmiş
"bəy şaxı"
toya xüsusi rövnəq verir. Arzu, istək, dilək və inamla bağlı bu adətin filmdə yer alması ssenari müəllifinin uğurudur.
Filmdə hər detalın mənası
var. Bəzən onları
eşidəndə adam
özünü gülməkdən
zorla saxlayır.
Mirzə dayı,
təki bizdə indi də belə
filmlər çəkiləydi.
Əsəd müəllim
Mustafa və Tağını
əl qaldırıb oynamağa vadar edəndə, Mustafanın "Evdə uşaqlar da deyir, atamız işə gedib?" - deməsi bir aləmdir.
Və ya kolxoz sədri Hidayət müəllim (Səməndər Rzayev)
"Ayə, ay camaat, bu kino ki, var, qəliz məsələdir" - deyəndə
məlum olur ki, Hidayət müəllimin özünün kinodan xəbəri yoxmuş.
Epizodik rollarda belə Nəsibə xala (Nəsibə Zeynalova), Telli (Firəngiz Mütəllimova),
İsabala (Ramiz Əzizbəyli),
Miriş (Arif Quliyev) və başqalarının iştirakı
filmə marağı
birə-beş artırır.
Bəstəkar Emin Sabitoğlu ürəyəyatan,
könül oxşayan
mahnıları ilə
filmi daha da rövnəqləndirir.
Bütün bu deyilənlər, sanki yaddaşı təzələyir,
bizi xatirələrin ağuşunda əlçatmaz,
ünyetməz günlərə -
"Bəyin oğurlanması"
filminin çəkildiyi
günlərə aparır.
Mirzə dayı,
elçilikdə yumruğunuzu
acıqla stola vurub
"O əjdahadan bizdə
niyə yoxdur?" - deyəndə nələr
düşündüyünüzü anlamaq çətin deyildi.
Qorqud Atanın
vaxtında o əjdahadan
bizdə ikisi olub. Bədxah qonşular onların qorxusundan biz tərəfə
baxmağa belə cürət etməzdilər.
Sarı çobanın
oğlu Təpəgöz
hamını vahimədə
saxlayırdı. Hələ
mən suyun qabağını kəsib
hər gün 14-15 yaşlı yeniyetmə bir qız müqabilində
insanlara su verən Yeddibaşlı əjdahanı demirəm. Görəndə heybətindən
sol gözü yaşaran,
"hey gözüm, namərd
gözüm, müxənnət
gözüm, bir yılandan nə var ki, qorxdun?!" - deyə özünə toxtax verən Salur Qazan Əjdahanı öldürür.
Basat isə Sarı çobandan törəyən Təpəgözü
əvvəlcə tək
gözündən məhrum
edir, sonra isə öldürür.
Acıqla yumruğunuzu
stola çırpmağınız bununla bağlı imiş. Yumruğunuzun səsi indi də qulağımda cingildəsə də, bunlar artıq tarixə keçib.
Mirzə dayı,
Allah sizə rəhmət
eləsin. Yadda qalan dükançı İsrafilin
qızının toyunda
gözəl oynamağınız
və heç vaxt unudulmayan "Görüm, a bəy, toyun mübarək olsun!" kimi mahnılarınız oldu.
Qəzənfər
Paşayevin
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel,
¹ 13-14. – S. 18.