Milli poetik düşüncədə  insan-varlıq qarşıdurmasının  Qulu Ağsəs paradiqması -

 

Aprelin iyirmisi əziz dostumuz Qulu Ağsəsin əlli beş yaşı tamam olur. Qulu Ağsəs, şübhəsiz, müasir Azərbaycan poeziyasında, hətta mübaliğəyə yol vermədən deyə bilərik ki, müasir türk poeziyasında sinxron baxımdan kifayət qədər "geniş mənəvi mədəni ərazini işğal etmiş", diaxron baxımdan isə, bu "işğalçılığ"ı uzun zaman kəsimində qoruyub saxlayacağını təsdiq etmiş şairlərimizdəndir.

Poetik düşüncəmizin Səməd Vurğundan sonra Rəsul Rzada, daha sonra Əli Kərimdə müşahidə olunan modern tendensiyası Ramiz Rövşəndə, Vaqif Səmədoğluda, Vaqif Bayatlı Odərdə yeni keyfiyyət halına keçdikdən sonra öz növbəti orijinallıq talelərindən birini məhz Qulu Ağsəsin poeziyası timsalında yaşayır. Əlbəttə, bu mərhələdə Qulu Ağsəs tək deyil. Amma bizcə, Qulu Ağsəs "dilin dilini bilməsi" baxımından minillik türkdilli poeziyamıza öz müasirlərindən daha çox mənəvi varislik edir. Bu şeirlər ideya-fəlsəfi cazibədarlığı ilə yanaşı, türk dilinin ifadə potensialının heyrətamiz məcaz dərinliyini nümayiş etdirmək baxımından təkrarsızdır. Qulu Ağsəsin Ramiz Rövşən haqqında dediyi "türk dilinin dili həm Ramiz Rövşənə görə uzundur" fikrini tam mənası ilə onun özünə daha çox aid etmək mümkündür.

Yəqin ki, Qulu Ağsəsin ad günü məndə olduğu kimi, şairin əksər dostlarının da yaddaşında, ilk növbədə, dillər əzbərinə çevrilmiş "Mən doğulan gün" şeirini assosiasiya edir:

 

Anama: "Sevin dedilər,

"Bu oğlun, evin" dedilər,

Mən doğulan gün dedilər,

Aprelin 20-nə.

 

Qulu Ağsəs poeziyasının istər linqivopoetik, istərsə , ideya-fəlsəfi özünəməxsusluğunu şərtləndirən, onu müasir ədəbi düşüncəmizin nüfuzlu avtoritetlərindən birinə çevirən, ilk baxışdan qətiyyən mövcudluğu sezilməyən, lakin əslində bu poeziyanın görünməz ideya-fəlsəfi platformasını təşkil edən poesemantik leytmotiv elə bu sətirlərdəcə aydın bəyan edilir. Xüsusən, şeirin sonrakı misralarında:

 

İstədim öləm, qoymadı,

Lap nahaq yerə qoymadı,

Tanrım bir daşı qıymadı,

Aprelin 20-nə.

 

Bizcə, bu poesemantik leytmotiv insan-varlıq qarşıdurmasında varlığa ekzistensional yanaşmadır ki, ötən əsrin ortalarından Azərbaycanın bir sıra yeni poetik tendensiyanı təmsil edən ədiblərinin yaradıcılığının, o cümlədən, Qulu Ağsəs poeziyasının semantik sisteminin əsaslarından birini təşkil edir. Belə bir məşhur deyim var: "Varlıq nədirsə, odur, insan isə nədirsə, o deyil". Ona görə onlar arasında əbədi bir ziddiyyət vardır. Ekzistensionalizmin məşhur "atılmışlar" konsepsiyasına görə, insan dünyaya öz iradəsi xaricində, zaman məkan seçimi olmadan gəldiyi üçün onun şüuruna  atılmışlıq tənhalıq psixologiyası hakim olur. Onların baxışına görə, insanla varlıq arasında ziddiyyət paradiqmalarının ana istiqamətini məhz bu baxış təşkil edir.

Qulu Ağsəsin poeziyasının ideya əsasında linqivopoetik baxımdan olduqca mükəmməl bədii texnologiyalarla reallaşan, elə bu bədii texnologiya mükəmməlliyi arxasında da gizlənib görünməz olan sistemli  poetik-fəlsəfi konsepsiya dayanır. Burada onu da nəzərə almaq lazımdır ki, klassik fəlsəfədən fərqli olaraq son yüz ilin fəlsəfi fikri yalnız quru akademik modellərdən ibarət deyil. Artıq ötən əsrin ortalarından belə hesab edilir ki, fəlsəfi dünyagörüş şairanə olduğu qədər həqiqidir. Kantın məşhur "hər hansı bir sahədə riyaziyyat qədərdirsə, elm o qədərdir" aprioru müasir fəlsəfədə belə səslənir: hər hansı bir fəlsəfədə poeziya qədərdirsə, həqiqilik o qədərdir. Amma məhz poeziya... Kamünün məşhur "filosof olmaq istəyirsənsə, roman yaz" fikri bu yanaşmaya əsaslanır. Bu mənada biz, "Qulu Ağsəs poeziyasında fundamental insan-varlıq münasibətlərinin ifadəsi aparıcıdır" - deyərkən, qətiyyən iddia etmirik ki, burada fəlsəfi konsepsiya ideoloji baza statusundadır. Sadəcə olaraq, Qulu Ağsəs insan-varlıq ziddiyyətinin ağrılarını öz dərisində hiss edir, öz bətnində yaşayır. O,  mövcudluğun təbiətini bilmir, onun müəmması qarşısında daim düşünür, onu özü üçün əbədi sual hesab edir:

 

Bu gələn yaslı kimdir

Sual

Başı qapazlı kimdir

Sual

Nədi, niyəsi yoxdu

Sual

Dərddi-yiyəsi yoxdu

Sual.

 

Müşahidələrimizə görə, Qulu Ağsəs poeziyasında insan-varlıq qarşıdurmasının bir neçə paradiqması vardır. İnsan-Allah, insan-sosial gerçəklik, insan-ölüm, insan-insan, insan-zaman s. bu qarşıdurmanın əsas paradiqmalarıdır.

Qulu Ağsəs poeziyasında insan-Allah münasibətləri üzərində xüsusilə dayanmaq lazımdır. Qulu Ağsəs yalnız Allaha münasibətdə varlığın fövqəltəbiiliyinə, ilahi harmoniyasına inanır, onu bu aspektdən mənalandırır:

 

Mərhəmətin, neynəsəm ,

Günahımı aşmada,

Çoxdandır ki, içimdə bir yalvarış dolaşmada: -

Gedib tövbə eləməyə mənə yer ver, ilahi!

Elə yer ki, baxıb görüb sənsən hər yer, ilahi!

Günahımı nəylə desən, razıyam, yuyum orda,

Əgər gücün çatsa məni

Özündən doyur orda.

 

Təbiidir ki, burada təsəvvüfi semantik kod, irfani ənənə iştirak edir.  Məşhur "hər şey Allahdır, Allah hər şeydir" tezisi buradan aydın sezilir. Qulu Ağsəs "böyük ənənənin içində olduğu üçün" bu poetik yaşantını həmin ənənəni qorumaqla, həm orijinal poetik bir dildə ifadə etməyi bacarmışdır. Lakin Qulu burada yalnız ənənədən gəlmir. O həm öz fəlsəfəsindən, öz yaşantılarından gəlir. Bunu sübut edən odur ki, burada Qulu ilahi sevgisini son dərəcə orijinal bir bədii üsulda etiraf etmiş olur. Məhz bu ilahi sevginin nəticəsidir ki, şairin Allahla münasibətlərindəki aşağıdakı səpkidə ərköyünlüyü, şıltaqlığı, ərkyanalığı da qətiyyən asilik təsiri bağışlamır:

 

Mən şeytan balanam, Tanrım,

Ölü ver, diri qaytarım.

Sən ordan bir boş şey göndər,

Doldurum, geri qaytarım.

Eyni ruhda başqa bir nümunə:

Eşit, yoldadır artıq, çapır cin atım Sənə,

Söz atıb tutanmadım...

İndi can atım Sənə...

 

Qulu Ağsəs poeziyasının mövzu poetik-fəlsəfi problematikasını sistem olaraq müəyyənləşdirmək çətindir. Burada poetik avtonomiyanı bəlli mövzular məcmusu ya sosial problematika müəyyən etmir (baxmayaraq ki, bu da aparıcıdır). Bu poeziyada poetik avtonomiyanı poetik təfəkkürün gerçəkliyi poetik olaraq dərk standartları, həmin standartların gerçəkliyi poetik baxımdan yenidən yaratması şərtləndirir. Gerçəkliyin mütləq pozitiv təsdiqi pafosu da, ona radikal oppozisiya intonasiyası da Qulu Ağsəs poeziyasına yaddır. Qulu Ağsəs poeziyasının əsas pafosunu intonasiyasını əslində kifayət qədər ciddi oppozisiyada olduğu gerçəkliyə ironiya təşkil edir. Həm bu ironiya ənənədə olduğundan fərqli olaraq "pıçıltı mədəniyyəti" ilə təqdim edilir. belə ironik pıçıltı Qulu Ağsəs müdrikliyinin əsasında dayanır. Günümüzün orijinal elmi-filoloji təfəkkür sahiblərindən olan  Rüstəm Kamal haqlı olaraq qeyd edir ki, Qulunun müdrikliyi şair pozası deyil, təcrübənin paylaşılmasıdır. Biz hesab edirik ki, bu paylaşmaq ehtiyacı ilə yanaşı, həm həsrətin ovudulmasıdır. Haydeqqer yazırdı ki, həsrət fəlsəfənin fundamental əhval-ruhiyyəsidir. İnsanın təbiəti belədir ki, o aktual varlığı ilə kifayətlənməyib daim olmayana can atır. Bu da onun potensial varlığının reallaşması üçün ən böyük stimuldur. Qulu Ağsəsin poeziyasında belə bir həsrət canatma olduqca qabarıqdır:

 

Hardasa, çölün düzündə

Su köşkü olmalıydı,

Ürəyimin alt gözündə

Son eşqim olmalıydı.

 

Qulu Ağsəsin poeziyasında, universal-antropoloji mənada diqqəti xüsusi olaraq cəlb edən cəhətlərdən biri bütün dünya poeziyasının, o cümlədən, Azərbaycan şeirinin əsas ideya istiqamətlərindən olan varlığın harmoniyasına çağırış, disharmoniyaya isə etirazdır. Maraqlısı odur ki, Qulu Ağsəsdə disharmoniyaya etiraz da onun poeziyası üçün xarakterik olan ironiya intonasiyasına tabedir:

 

Hamı aldadır özünü,

Aldada-aldada sevir.

Hərə bir küncə çəkilib,

Hərə bir daldada sevir.

 

Yatıb yerin-göyün şahı,

Bəndə yüz oyun çıxarır.

Hərə öz günün doğurur,

Hərə öz ayın çıxarır.

 

Burada şeirin yaranmasına səbəb, energetik əsas xüsusi bir fəhmlə hiss edilən gerçəkliyin disharmoniyasıdır. Sosial mühit xaotikdir. Bu xaosun əsasında fərdlərin ümumi harmonik prinsiplərdən, kosmik harmoniyadan uzaqlaşması dayanır. Fərdlərin ümumi harmonik sistemin tərkib hissəsi kimi mənəvi funksionallığı ilə onların fərd olaraq mənəvi funksionallığı arasında ziddiyyət yaranmışdır. Haydeqqer yazırdı ki, insan həmişə isə bütövlük axtarır. Bu mənada, mistik təlimlərindəki "varlığın mənəvi vəhdəti" ideyası da, dahi rus mütəfəkkiri Verdnadskinin sırf rasional prinsiplərlə modelləşdirdiyi "biosferin ümumiliyi" anlayışı da insanın bütövlük axtarışlarının təzahürləridir. Əslində gerçəkliyin disharmoniyasını təsvir edən Qulu Ağsəs bütövlük harmoniya axtarır. Bu axtarış Qulu Ağsəsi məsələnin təsəvvüfi həll variantına gətirib çıxarır:

 

Biz yemik, onsuz da, nədi

Xeyri özünü yormağın?!

...Əcəl bir ucdan vərriyir,

Atır ağzına torpağın...

 

Deməli, ölüm mütləq həldir. Ümumiyyətlə, Qulu Ağsəs şeirlərinin əsas paradiqmalarından biri ölümdür. Qulu Ağsəs Platonun məşhur "Hər bir yaradıcılıq öz gücünü ölümdən alır" fikrinin daha çox şairlərə aid olduğunu yaradıcılığı ilə bir daha təsdiqləmiş olur:

 

Sağ-salamat ölsəydim -

Üst-başını

Cığır basmış yol kimi... Qəfil bir söz eşitsəydim -

Dil açan lalın ilk dəfə

Dediyi "sakit ol" kimi,

Keyfim ala buludda kövrəlsəydim,

Şimşək qurutsaydı gözüm suyunu...

Atamdan xeyir-dua almaq üçün

Qiyamət gününə salsaydım toyumu...

 

Burada ölümə ekzistensional-fəlsəfi yanaşma ilə fərdi fəci tale olduqca poetik bir ustalıqla birləşdirilmişdir. Burada metaforaların miqyası Füzuliyanədir. Lakin göylərə baş vuran bu metaforalar real insani emosiyaya dayanır: "atamdan xeyir-dua almaq üçün qiyamət gününə salsaydım toyumu". Fərdi bioqrafiyanın fəci bir detalının - doğulduğu gündən üzünü görmədiyi ata həsrətinin bundan daha poetik ifadəsi olduqca orijinaldır. Qulu bu poetik möcüzəni ona görə yarada bilir ki, onun gerçəkliyi dərk standartları məhz  poetik prinsiplərə əsaslanır. Söz Qulu Ağsəsə ona görə bu qədər mütiliklə tabe olur ki, o, özü məhz poetik sözün Quludur. Yenə ekzistensionalizmə görə, həyat-ölüm dilemmasının tərəfləri bir-birini şərtləndirir, biri digərinin mənalanmasının şərti kimi çıxış edir. Haydeqqer həyatı "ölüm üçün varlıq" kimi mənalandırırdı. O yazırdı ki, ölüm haqqında bildiyimiz yeganə şey odur ki, o, həyat deyil.

Qulu Ağsəsin şeirlərində ölümlə həll edilən sosial disharmoniya ilə yanaşı, harmoniyaya heyrət böyük ustalıqla əks olunmuşdur:

 

Bura bir dağ döşüdür... hər tərəf duman, çiskin...

Mən bu yolunu azmış... baxtdan, havadan küskün.

Yallar yaşılbaş sona, dərələr gölmüş kimi,

Quşlar pəsdən oxuyur boğazı gəlmiş kimi.

Dumanı şumlamağa bir xırman vəli ola,

Holavar çağırasan, yamaclar dəli ola.

 

Bu, ənənəvi olaraq vərdiş etdiyimiz təbiətin gözəlliyinin tərənnümü deyil. Bu, təbiətin gözəlliyinin əsasında dayanan varlığın harmoniyası qarşısında poetik heyrətdir.

Sonda mən Qulu Ağsəsin şəxsiyyəti haqqında da bir neçə kəlmə demək istəyirəm. Qulu Ağsəs gözəl şair olmaqla yanaşı, milli-ədəbi elitamızı çox ləyaqətlə təmsil edən ziyalılarımızdandır. O, dərin sənət biliyinə malikdir. Qulu həm yaxşı dostdur,  gözəl ailə başçısıdır. Rəhmətlik Mehdi Bəyazid deyirdi ki, həm normal adam, həm yaxşı şair olan adam tanımıram. Mehdi Bəyazidin müəyyənləşdirdiyi bu prinsip Qulu Ağsəsə münasibətdə pozulub. O, yaxşı şair olmaqla yanaşı, həm gözəl insandır. Quluya möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

Sərxan XAVƏRİ

Filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel, ¹ 13-14. – S. 20-21.