Mötərizə açılanda ağlayan ..

 

Mötərizə açılanda ağlayan,

bağlananda gülən

bəşər

heç vaxt indiki qədər

sadəlövh olmayıb, mən bilən

Hələ tezdi,

vaxta var yəni:

əlli yaşdan sonra xəbər tutacaq qadın

əslində onu kimin sevdiyini

Cin atında gəzmişəm dörd yanı,

ən təmiz yeri

zibil qablarıdı dünyanın

Xanımlar cənablar,

baxın,

diqqətlə baxın:

nökərin göz yaşı üzündən yox,

kürəyinin arasından axır

Qorxudan rəngi ağappaqdı

yuxarıdan özünü atan hər var:

istər adam olsun,

istər yağış, qar

Bir bu kadrlar

zəlzələdə

Allahın altından

Allahın üstünə qaçanların nidası,

ovucda partlayan

fişəngin əl vidası,

göy boyda yorğanın

yer boyda mitili,

vayfayla əkilən insan şitili

bir :

məni Günəşə gömərsiniz

gözümə yuxu getmir

soyuq yerdə

 

Qulu Ağsəs

 

Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel, ¹ 13-14. – S. 21.