Mutlutürkün mutlu günü var olsun!
Nizami Saraçlı
Paşa Mutlutürk də torpağa qovuşdu. Yerində balaca bir təpəcik,
dünyada unudulmaz adı, şeirləri və Borçalıdan bütün türk dünyasında "Nə
mutlu türkəm!"
deyənlərə "Tanrı
türkə yar olsun!"
dua-çağırısını hayqıran ruhu qaldı. Mutlutürk ömür missiyasının
tamamında mutlu olan bir şairdir
ki, doğulduğu torpağa
qovuşdu. Bu, hamıya
qismət olan sonluq deyil. Öz
ata yurdunda dəfn olunan aydını, sənətkarı
o torpaq unudulmağa qoymaz. Mən də illər öncə qardaşlarımla,
bacılarımla birgə
Bakıda dünyasını
dəyişən anamızı
650 km uzaqda yerləşən
doğma Saraçlı
kəndinə aparıb,
öz torpağına
tapşıranda çox
sevinmişdim. Burada
"Xeyirlə şər
qardaşdır" kəlamını
xatırlamaq yerinə
düşür...
Borçalı torpağı
Mutlutürkə milliyyətçi
şair, dünyadakı
görəvini yaxşı
bilən kişi ömrü vermişdi. O
da həmin amanat ömrü sonadək ləyaqətlə, türk
gələnəklərinə, türkçülük məfkurəsinə,
vətənə sədaqətlə
sürdürdü. Və
sonunda torpaq da ona yaraşan bir ad və yol qırağında unudulmaz bir qəbir
yeri də verdi. O qəbrin yanından keçən yolla uzaq səfərə
çıxanların, öz
ruzusu ardınca sabah əkin-biçinə
gedib, axşam yorğun-arğın ocağına
qayıdan insanların
salamını, rəhmətini,
addım səslərini
şair hər gün eşidəcək.
Nizamiylə yurdumuz,
kəndimiz, məsləkimiz
birdi. Aramızda dərin bir sayğı, dostluq vardı. Onunla danışanda yaşımı
unudurdum, daha doğrusu, o bunu davranışı, anlayışı
ilə unutdururdu, adamla tay-tuş kimi söhbət eləyirdi. Belə olanda adamın qəlbində səmimiyyət
tərəddüdə üstün
gəlir, doğru bildiyin fikri götür-qoy eləmirsən,
əminliklə söyləyirsən.
Təbii ki, şairin təbiətindən irəli
gələn başlıca
vətəndaş-şair özəlliyi
oydu ki, sözündə,
məramında, niyyətində
heç bir gizlilik yox idi
deyə, ürəklə
danışırdın. O məni
"Lələ" deyə
çağırırdı, mən də cavabında eləcə. Deyirdi, "Lələ - ustad, öyrətmən deməkdir. Bu sözü sənə qəlbən deyirəm, biləsən."
Bir də görürdün,
gecənin yarı vaxtı telefon zəng çalır. Baxırdım, saat 1-2 arası. Bu vaxtlar mənə ancaq doğma insanlar vacib olanda zəng
vurar. Daha xeyir, ya bəd
xəbər eşitməyin
fərqində olmuram,
gəncliyimdən buna öyrəşmişəm.
Nizami də mənə vaxt saya salmadan zəng
vuran yaxın, simsar insanlardan biri idi. Bilirdim
ki, o vacib olanda yox, darıxanda, dərdləşmək istəyəndə
zəng vurur.
Budur, gecənin lal vaxtıdır, telefonun aramsız yavaş səsinə oyanıram. Baxıram, ekranda yazılır: "Mutlutürk Lələ zəng edir". Açıram, həmin o həlim, yumşaq səs qulağıma rahatlıq gətirir, təsirli bir nəzakətlə yuxumu qaçırır.
- Salam, ay Lə.
Aya, olmuya narahat elədim, yatırdınmı?
Mən gülərək:
- Lələ, bu vaxt adammı
yatar? - deyə, cavab verirəm.
- Düz deyirsən, vallah, yatmaq bizim kimi
kişilərə yaraşmaz...
Və beləcə,
söhbət ən azı, 15-20 dəqiqə,
yarım saat uzanardı. Ədəbiyyatdan,
yeni yazılardan, yaxın
dostlardan və kəndimizdən danışardıq.
Əslində şairdən:
kənd, evimiz barədə, "kimlər
var, kimlər yox? - deyə mən soruşardım. O, son vaxtlar
kənddə yaşayan
indiki cavanlardan gileylənirdi. Deyirdi:
"Kənd də, saraylarımız da yerindədi,
köhnə kişilər
ömrünü sürüb
getdi, indi adam yoxdur dərdləşməyə,
gap eləməyə. Daha
doğrusu, adam var, amma adamlıq azalır get-gedə. Ona görə də daha Yuxarı Şenniyə çıxmıram.
Mənimki, bax, bu əkdiyim ağaclarla, qoxladığım
otlarla, suyunu içdiyim çeşmələrlə,
üzümə gülümsəyən
çiçəklərlə, gəzdiyim dağlarla, meşələrlə, qurd-quşla
danışmaqdır..."
Nizami Saraçlı
Paşa Mutlutürk ixtisasca ədəbiyyatçı
olmasa da, ədəbiyyatı,
xüsusən də, klassikanı yaxşı bilirdi. Universitetin fizika fakültəsini bitirmişdi. Eyni zamanda onun şair
təbiətində bir
sinədəftərlik, hazırcavablıq
vardı ki, bəlkə
də bu, dəqiq elmlər bilgisindən irəli gəlirdi. Onun şeirlərinə baxanda,
hansı şeirin bədahətən, hansı
əhvalda yazıldığını
həmən ayırd edə bilirəm. Dastanlarımız, aşıq
havaları, irfan poeziyası - Yunus Əmrədən,
Aşıq Veysəldən
tutmuş, Ələsgərə,
Faxralı Şair Nəbiyə və çağdaş şeirimzdəki
yeni örnəklərədək onun daimi oxu
menyusuna daxil idi. Oxu prosesində
təsirləndiyi, ya
da bələd olduğu
zəngin ədəbiyyatın
içində özünü,
öz şeirini yazırdı. Əlbəttə,
ədəbi mühitimizdə
tüğyan edən kütləviliyin arasında
sıravi şair deyildi və ədəbi tünlükdə
öz bütöv obrazı ilə aydın seçilə bilirdi. Yazdığı şeirlərin mövzusu,
ritmi, forması gələnəksəl xarakter
daşısa da, o üslub,
deyiliş, fikir Nizaminin özününkü
idi. O şeirlərdəki
poetik düşüncənin
təqdimat üsulu, ictimai-milli aktuallığı
hələ sağlığında
şairə türk dünyasında böyük
şöhrət qazandırmışdı.
Nizaminin həyatda
və sözdə təbiiliyi, səmimiliyi sənətkar bioqrafiyasını,
yaradıcılıq enerjisini
şərtləndirən məsələdir.
O, poeziya sənətində
bır sıra uğurlara imza atıb, Türkiyədə
və başqa türk dünyası ölkələrində keçirilən
şölənlərdə adıbəlli mükafatlar
alıb, 2 dəfə Gürcüstanın
"Şərəf " ordeni
ilə təltif olunub.
Nizami Saraçlı,
eyni zamanda Qarabağ qazisiydi. Azərbaycan Silahlı Qüvvələrinin zabiti
olaraq 90-cı illərdə
Qarabağ döyüşlərində
iştirak edib. Bir əlində silah, bir əlində qələm, əsgər ürəyi sözlə dolu, həyat və fəaliyyəti türkçülük uğrunda
fikir-söz mücadiləsi
anlarından ibarət
soydaşımız idi.
Ordudakı görəvinin
ardından Azərbaycan
radiosunda vətən,
torpaq, yurd sevgisi ilə yüklənmiş bir sıra verilişlər aparıb. Müharibə, qəhrəmanlıq mövzusunda
yazdığı "Mən
Turan eşqinə cəngə girmişəm",
"Heyran türkün
bayrağına", "Tanrı
türkə yar olsun!",
"Böyük Çölün
yovşanları", "Mənim
generalım", "Nuru
Paşa", "Çiləli
qurd", "Turan yavrusu Kıbrıs",
"Qafqaz dağı,
yol ver bizə",
"Bakı-Təbriz-Ankara"
kimi milli-ictimai yüklü lirik mətnlər şair kimliyinin ideya-estetik obrazının əlamətdar
cizgilərini aydın
göstərən, poetik
manifestini açıq
sərgiləyən şeirlərdir.
Nizami Saraçlı
Paşa Mutlutürkün
yazı potensialı böyük olduğu qədərincə tarixdə
qalmağa pasport alan əsərlərlə
zəngindir. 20-dən artıq
kitab, o cümlədən, "Dosta gedən yorulmaz" səkkizcildliyini
ədəbiyyat tarixinə,
qədirbilən övladları
həyata özündən
miras qoyub. "Aramıza düşən
yaylıq" şairin
ilk kitabıdır, 80-ci illərin
önlərində çıxıb.
Hər bir müəllif ilk kitabıyla,
ya yadda qalır, ya da unudulur. Nizami bu kitabıyla
poetik yaddaşa öz töhfəsini verə bildi. Sonrakı illərdə yazdığı "Alp Ərənlər",
"Salam, Ana", "Sınaq",
"İnam" adlı
kitablarla o töhfələri
ard-arda sıraladı.
Nizami yaradıcılıq
missiyasını bütün
təfəkkürü ilə
dərk eləyən şairdir. Ona görə,
ilk addımıyla həm
yadda qalıb, həm də o yazıldığı
yaddaşı düşüncə
etibarilə bir-birindən
dəyərli, ideya cəhətdən bitkin əsərlərlə təzələyib,
inkişaf elətdirdi.
Türk kimliyi, türk amili, türk birliyi, türkçülük gələnəkləri
və məfkurəsi
onun şeirlərinin genezisini, tipologiyasını
təşkil edir. Bu mətnlər Türk-Turan
dünyasına, sadəcə,
milli ruhdan gələn
sevgiylə, öygü
ilə məhduddlaşmır,
milli, intellektual yanaşma,
mövqe ortaya qoyur və mövzu
etibarilə həmişə
üzdə olan ictimai səciyyə daşıyır.
"Tanrı türkə yar olsun!" şeirini Nizami Saraçlının poeziya
dünyasının generatoru,
energetikası adlandırmaq
daha doğru olar. Bu energetika onun işlədiyi bütün mövzuların
içindən bir işıq seli, ilğım kimi keçir. Şeirdə bir-biri ilə ruhsal, semantik əlaqədə olan fikirlər, misralar mifoloji informasiya, uğurlama-dua səciyyəsi
daşıyır. Və
misal olaraq şeirdən bircə bənd misalla düşüncə hədəfini,
gələcəyə bağlı
strateji inamı təyin etmək kifayətdir.
Mən özümlə
bağdaşdım,
Atlanıb dağlar
aşdım.
Bir kurtla qarşılaşdım,
Dedi, uğurlar
olsun,
Tanrı Türkə
yar olsun,
Turan ellər
var olsun!
Mutlutürkün sözə
sevgisinin təməlində
saz, dastan, vergili el şairlərinin qoşması, təcnisi, müxəmməsi, dodaqdəyməzi
durur. Faxralı şair Alaxançal Nəbinin şeirlərinin
dərin fəlsəfəsi,
ustad Aşıq Hüseyn Saraçlı sazının təqlidə
gəlməyən tərzi-klassizmi,
Xan Əmrahın klassik-yenilikçi
sintetik ifasının
sehri Nizaminin ədəbiyyata
meylinin yaranmasında bir stimul-enerji, ilham bələdçisi olub. Ədəbiyyata həvəsinin yaranmasını
özü belə xatırlayır: "Altı
yaşım vardı.
Dəyirmana ağnağız
(dən) aparırdım.
Gün qüruba meyilləndiyindən tələsiyirdim.
Uzunqulağımız arxayınlıqla
üzü dəyirmana
tərəf gedir, məni də arxasınca çəkib aparırdı. Yolda-izdə
bir ins-cins görünmürdü. Səssizlikdən
eymənirdim. Qəflətən
qulağıma bir mahnı səsi gəldi. Məndən
100-150 addım qabaqda gedən atlı qayğısızlıqla oxuyurdu:
Əbrişim libaslı,
yasəmən telli,
Çalxandı hər yana, toz oldu
yollar...
Bu sözlər məni məndən aldı. Dəyirmana çatan kimi dəyirmançıdan bu
qoşmanın müəllifıni
soruşdum: "Şair
Nəbinindi, Faxralı
şair Nəbinin",
- dedi. Saza-sözə,
şairə, şeirə
sevgimin mayası, başlanğıcı bəlkə
də elə bu qoşma olub,
deyə bilmərəm.
Ancaq o vaxtdan bəri iki ad
mənim ömrümə
yazılıb: Faxralı
və Şair Nəbi."
O özünə
ustad bildiyi el sənətkarları ilə fəxr eləməkdən savayı,
onlara şeirlər həsr edib, yaradıcılığı haqqında
yazılar yazıb, ədəbi sferada tanınmalarına xidmət
göstərib. Və
beləliklə, özü
də bir ustad səviyyəsinə yüksəlib. "Şair
Nəbi" poemasında
ustadı belə öyməyə başlayır:
Ağır elli Borçalımız dünyada
Səndən qeyri bir kimsəni baş bilməz.
Hamı bilər,
Alaxançal Nəbinin
Sözü ləldi,
"kəsək" bilməz,
"daş" bilməz.
Və Şair
Nəbi obrazının
öygüsünə minnətdar
hisslə belə möhür vurulur:
İcazənlə gəlib
keçdim izindən,
Ovsunlandım, sehrləndim
sözündən.
Nizamilər leysan töksə gözündən,
Arif olan inci bilər, yaş bilməz.
Və Hüseyn
Saraçlı ilə
deyişməsi belə
sonlanır:
Şair Nizami Saraçlı:
Sən itirdin, mən də tapdım, yarıyıq...
İkimiz də Saraçlının yarıyıq.
Nəyin vardı
yarı payla, yarı yığ,
Eh, məni də qocaldacaq yaş asan...
Aşıq Hüseyn
Saraçlı:
Saraçlıyam, könlün
mənə imrəndi,
İmrən bala, imrən quzum, imrən di.
Məndə bu saz, səndə qələm imrandil,
Mən qocaldım,
bunnan belə yaşa sən.
Mutlutürkün poetik dünyasında doğma Borçalı eli öz tarixi-kimliyi, varlığı-mücadiləsi, aranı-dağı, insanları,
yaşam duyğuları
bir övlad sevgisi ilə əks olunub. Şeirlərində torpağa
sədaqət, uzun-incə
yaşam yolunda məşəqqətlərə qarşı əzm, keçmişə şahidlik,
mill-mənəvi dəyərlərimizə
dərin bağlılıq
duyğuları intəhasız,
qeyri-ixtiyar halda boy göstərir. Şairin yurd, torpaq sevdasının
hədəfləri torpağa
sahiblik, ayrılıqları
dəf edən milli birlikdir:
Borçalımız saz yurdudu,
hər aşığı
bir ordudu,
ayrılıq ceviz qurdudu,
yedi bizi içimizdən,
ayrı saldı
köçümüzdən.
Orda binəm-binnətim
var,
külü-küldə külfətim
var,
türk kəsiyi
millətim var,
yurd kəsiyi
ana torpaq,
rüzgarlarda yaşıl
torpaq...
Can Borçalım,
iki gözüm,
atam-anam şirin
sözüm,
qurban deməm,
qurban - özüm.
Yaxud poemanın ön xəttini təşkil edən romantik səciyyə - türklüyün əzəli
bütövlük, varlıq
sevdası get-gedə poetik ifadədən realist
milli-ictimai düşüncəyə
keçir. Şair perspektiv vüsalını
da, gercək ayrılığı
da Turan arzusu içində doğmalaşdırb
tamlaşdırır. Qələm
götürüb, dərd
yiyəsi olan fələyin üstünə
yeriyir. Fələk burda gerçəkləşmək,
çin olmaq istəyən arzuların səfini pozan, ayrılıqların baiskarı,
naqolay qismətin şərti obrazıdır.
Yurdum, səni
sevmək azdı,
Neyləsək , nəzir-niyazdı,
İmzamızı fələk
pozdu.
Qələm götürdüm
dəstimə,
Yeridim dərdin üstünə.
Vətəni gülzar istədik,
Dövlət umduq, var istədik.
Və yaxud:
Tapındıq öz soyumuza,
Su qatmadıq suyumuza.
Yasımıza, toyumuza
Gələn-gəldi, qol
götürdü,
Gəlməyən köksün
ötürdü.
Vüsal bizim, hicran bizim,
Arzumuzdur Turan bizim...
Saraçlının sinəsində
daşlaşmış köhlən ata bənzəyən
Qaraqaya, qartallar məskəni Zil qaya, başı seyrək
dumanlı Şiş güney, kəndin aorta damarı
Sağsağanlı dərəsi, Gəzdəyin
qaratikanlı, dağdağanlı sinəsi, iti
axışlı Gözəl dərəsinin buz sərinliyi,
Qalxamanın, Qarabulağın şəfalı suyu və
sahiblərinin adıyla manşır olan binə yerləri
Mutlutürkün şair düşüncəsinin şəhdi-şirəsi,
əzabı-rahatlığı, güvəni,
kilidi-açarıdır. O hara getdisə, el-el, yol-yol, dağ-dağ,
dərə-dərə harada çox dolansa da, yenə ata
yurduna yön aldı, gəlib Saraçlıya
köçünü saldı, burada əbədilik qərar
tutdu. Məncə, bundan böyük mutluluq yoxdur.
İndi Mutlutürkü qoynuna
aldığına görə, doğulub boya-başa
çatdığı Saraçlının Aşağı
Şenliyindəki (məzarlıqda) yeri də mutludur. O, son mənzilində
insan və şair taleyindən razı, övladları və
dostları sarıdan arxayın, unudulmayacağına
inamlı, Allaha güvənli, sinə torpağının
başucundakı qara daş kimi qürurludur. Şairin
dünyadan gedişi ölüm hadisəsi deyil,
xatırlandığı hər gün, hər an onun mutlu
günü olacaq.
Ha gözləyər, geri dönməz
gedəni,
Hey aranar, bir tapılmaz itəni,
Yada salma hər
başından ötəni,
Ağı deyən
dilləri var kəndimin.
Və Mutlutürk
bu misraları Saraçlı haqqında
düşünüb yazmışdı,
amma indi özünə ithaf kimi də görünür.
Dəyanət Osmanlı
Ədəbiyyat qəzeti.
– 2024. – 20 aprel, ¹ 13-14. – S. 26-27.