Məni son xatırlayan
adam,
Məni gözəl xatırla...
Hər kəs öz qucağı
boydadır.
Hər kəs öz uşaqlığından
balaca.
Hər kəs elə bilir ki, hər şey belə qalacaq...
Adına yaşamaq
deyib, ölümü
aldadırlar
Məni son xatırlayan
adam.
Məni gözəl
xatırla,
Eşidirsən, ay adam?!
Mən Tanrının
böyüklüyünü qızımın kiçikliyində
gördüm.
Peşmançılıqla düşmənçilik
arasında ilişib qalan o fağır şair mənəm.
Nə adam kimi peşman, nə də adam kimi düşman
ola bildim.
Adına ölüm
deyib, yuxunu aldadırlar.
Məni son xatırlayan
adam,
Məni gözəl
xatırla...
***
İflic adamın
göz yaşları qədər çarəsizəm,
Nə əllər
kömək edir,
Nə də çiyinlər...
Payız axşamüstüsü,
Yorğun ağacların
qorxulu yuxusu kimiyəm.
"Ölmək,
yaşayanlara qalib gəlməkdir", - deyir
içimdəki qoca.
Sultan Süleymanın
Mustafa peşmançılığı
var ruhumda.
Hərdən insanları
o qədər çox
sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də...
Gözəl sevməsən,
sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, - deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon
göyərçin narahatlığı...
Bu gün ovum qanlıdır: ovçu rahatlığı...
Mən nə olmaq istəyirəm?
Tək qalmaq istəyirəm...
***
Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
"Necəsən?"
deyən olmaya...
Əriyəsən damla-damla,
gözündən bir
yol keçəsən.
Alnına gözün
sataşar.
Alnının tən ortasında,
Tanrı yazı
masasında, dərdləri
unudub gedib.
Misra-misra hönkürərsən,
Sətir-sətir dərd
çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda
Qırış-qırış sədd
çəkərsən.
Dən-dən olar qaşın, başın.
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında
uşaqlığın iməkləyər.
Özün boyda dağ olarsan, çəkməyə ahın
tapılmaz.
Bir qohum, yaxın tapılmaz.
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün
cəftələr, bağlanar
bütün qapılar.
Bir də baxıb görərsən
ki...
Nə bacın
var, nə qardaşın.
Nə getməyə
yol tapılar, nə də ki,
Bir yol yoldaşın....
***
Noyabr günəşinə
aldanıb çiçəkləyən
gilas ağacı kimisən.
Adam qıya da bilmir.
Bir də, bəlkə bu yaz dərərlər, - deyə heç vaxt dərilməyən çiçəklər var.
Hansısa dağın
hansısa qayasının
dibində solanadək
gözləyən.
Bir də, şairlər var...
"Heç vaxt bağışlamaram"
deyib, şeirlərdə
bağışlayan.
Qarğışları varaqların
üzünü qara qoyan şairlər.
Bir də sən varsan...
Küləklərin rəsmini
çəkən saçlarına
and olsun.
Ana duası ilə güləşən
düşmən mərmisi
kimi əlacsızam.
Habil
RzaNur
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel, ¹
13-14. – S. 30.