Gənc şairlərə məktub
Sözün ayağı dəyməyən
yerlər
Niyə hər əsrin başlanğıcında, ya da tən ortasında əsas motiv
kimi
şeirin olmamasından şikayətlər eşidilir? Molla Pənahı
qoyuruq kənara, onun "Görmədim"i
bu nalələrdən
sonra və ucadan gəlir, bu, hardasa həyat,
ölüm, tanrı,
ədəbiyyat gerçəkliyi
ilə bağlı olan və onları
sorğulayan nəsnədir.
Bəlkə ona görə ki, ən gözəl şeylər,
gözlədiyimiz gözəlliklər
elə yoxun içindədi, hər halda, insan belə
hesab edir və bu zaman nə qədər yeni və gözəl şeyin onun yanından səssizcə ötüb keçdiyinin fərqində olmur? Bu şeylərsə dünyaya
ikinci dəfə gəlmir. Bütün gözəl şeylər təkrarsızdı, bunlar
olsun ki, sübh tezdən hansısa təbiət mənzərəsinə
gözlərimiz açılanda
ani yada düşür və
tez də sovuşub gedir. Bunlar ömrün, həyatın tanrıyla bağlı, onun içindən (tanrı hər halda kosmosdu) damcı-damcı qopub gerçəkliyə
damcılayan məsnələrdir
və bir gün, heç şübhəsiz ki, ölüm
təşrif gətirəndə
onlar yenə gözümüzə görünər,
bizi son dəfə müşayiət edər.
Vurğunun ən gözəl şeirləri
bəlkə bu unikal anların təcəssümüdür. Dünyada
çoxmudur belə şairlər? Yaxud Əli bəy Hüseynzadənin vətənə
dair o nadur şeiri.
Necə ki Reynar Maria Rilke "Gənc şairə məktublar"da deyirdi:
"...Heç də
bütün şeylər,
adətən bizə aşılandığı qədər
aydın və ifadəli deyil; bir çox hadisələrin ümumiyyətlə
ifadəsi yoxdur, onlar elə bir sahədə baş verir ki, ora hələ indiyəcən bircə sözün də ayağı dəyməyib
və ömrü bizim müvəqqəti həyatımızla müqayisədə
əbədi olan bu sənət nümunələrinin, bu müəmmalı varlıqların
ifadəsi mümkünsüzdür.. " Hə. Ora indiyəcən bircə sözün də ayağı dəyməyib...
Şeir açılışdır,
təsəvvür edin,
dünyanın hansı
bucağındasa, yerindəsə
gözləmədiyin halda
yüzlərlə bulaq
qaynayır, fontan vurur, Rilke demişkən,
"son dərəcə şəxsi
olan bir şeyin ucadan səslənmək istəyi"dir
bu... Həm də, daxili ehtiyacdan doğan şeir, insanın özünə,
içinin dərinliklərinə
qapandığı, ordan
Tanrıya səslənib
dediyi sözsüz şeirlər...
Bu mənada, əsl şeir sözün artıq arxada qaldığı, dəf olunduğu şeirdir.
Şeirin yazıldığını
yox, doğulduğunu bilmək üçün
"test" aparmaq olar,
onu oxuyursan, sakit şəkildə, təklikdə, onun içində oynanılan
dram, yəni şeirin
hekayəsi sənin xəyalında canlanıb
gözünə görünə
bilirsə, bu şeir, hardasa sənin bir parçan olur, bizdəki şeirlərin bir çoxunun hekayəsi yoxdu, hansının ki içində
dediyimiz dram oynanılır,
yaddaşımızda giliz
kimi qalır, başımıza nəsə
gələndə, qəfil
nəynənsə rastlaşanda,
ya da qeybdən bir səs eşitmiş
kimi olanda... yaddaşdakı o giliz oyanır, yaddaş ağrısı insanı
yaşadan nəsnədir,
Vaqif Səmədoğlunun
əksər uğurlu
parçalarında bu
hekayə var, amma həm də ilğım içində,
ona görə ki, nəsrdən fərqli olaraq şeir dünyada hekayə olmaq istəyən bütün əhvalatları
xəyalın içində,
təxəyyül sularında
batırır, nəsrdə
isə əksinə, şeir ola bilən bütün xəyalların
əynindən ilğım
libasını soyundurur,
vurğunu məhz bunun üstünə salır...
Dünyada, bəlkə
də heç şeir yazmamış adam yoxdur, varsa
da, adı Qırmızı
Kitaba yazılmağa layiqdir. Siyasətçilər
də yazıb, indinin özündə də yazırlar. Bu onlar üçün təhlükəli şeydir,
çünki şeir
əvvəl-axır taleyə
təsir edir. Şairin siyasətə qurşanması da təhlükəlidir,
çünki siyasət
şairi öldürür.
Dostoyevski də, Rilke də gənc şairlərə bircə
fundamental məsləhət verirdilər: şeirdə
"dünyanın ilk adamı
kimi danışmaq..."
Sonra: "...Sevgidən şeirlər
yazmayın..." Bu tonda
biz də əlavə
edə bilərik: yazdığınız mətnləri
itirin, sizə adi olan əvvəl-axır
qayıdacaq. Şair demişkən: "Əgər
sevirsə, qayıdıb
gələr"...
Şair var, özü
də bilmədən oxuduğu şeirləri yazır, mövcud olanların üstüylə
gedir; öz ruhunu başqasının kitabı kimi vərəqləyir və
bundan qurtula bilmir...
Şar var, gecənin
sakit vaxtında, "dünyanın tək adamı" olduğu
zaman gördüklərini yazır,
yaza bildikcə. Bir şeirin yazılması, illərlə, bəlkə
əsrlərcə davam
edir. Füzulinin, Şəhriyarın yazdıqları
hələ "bitməyib"...
Bir də, tale kimi yanımızdan ilğım olub keçən şeirlər
var, onlar heç kimin yuxusuna girməzlər...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel,
¹ 13-14. – S. 30.