Rumın filosof Emil Çoran: "Yazdığım hər şeyi  təzyiqdən boğulma hissindən xilas olmaq üçün yazmışam"

 

 

- Maraqlandığınız ilk sahə fəlsəfə olub?

- 17 yaşımdan 21 yaşıma kimi mən poeziya digər ədəbi janrlara məhəl qoymadan demək olar ki, yalnız fəlsəfəni əsas fəlsəfə sistemlərini öyrəndim. Qısa müddətdən sonra universiteti xoşbəxt şəkildə tərk etdim, amma indi bunu böyük intellektual bədbəxtlik hətta bir təhlükə olaraq görürəm.

- O vaxt Nitsşeni oxuyurdunuz?

- Fəlsəfə oxuyarkən Nitsşeni oxumazdım. Mən "ciddi" filosofları oxuyurdum. Məktəbi bitirib fəlsəfəyə inamımı itirmək həddinə çatanda Nitsşeni oxumağa başladım. Başa düşdüm ki, o, filosof deyil, filosofdan daha artığıdır. Qısası, Nitsşeni oxumuşam, amma heç vaxt sistemli şəkildə yox. Hərdən oxuyurdum, amma artıq oxumuram. Düşünürəm ki, onun ən orijinal əsəri məktublardır, çünki orada kifayət qədər səmimidir, digərlərində isə, az qala, öz baxışının əsiri olur. Məktublarında o, bədbəxt, xəstə bir insan kimi görünür ki, bu da iddia etdiyinin tam əksidir.

- Tənqidçilər sizi onunla müqayisə edir, onun yoluyla getdiyinizi deyirlər.

- Xeyr, məncə, bu səhvdir. Amma görünən odur ki, onun yazma şəkli məndə iz buraxıb. O, digər almanlarda olmayan bir şeyə sahib idi, çünki o, əksər fransız yazıçılarını oxumuşdu. Bu, həqiqətən, çox önəmlidir.

- Gəncliyinizdə çox şeir oxuduğunuzu demişdiniz...

- Sonralar olub bu. Məni ədəbiyyata qaytaran fəlsəfənin yaratdığı məyusluq idi. Düzünü desəm, o nöqtədən sonra Dostoyevskinin böyük bir filosofdan qat-qat önəmli olduğunu yaxşı şeirin inanılmaz üstün bir şey olduğunu başa düşdüm.

- O vaxtlar yaşadığınız ağır yuxusuzluq (insomnia) fəlsəfəyə münasibətinizə necə təsir etdi?

- Fəlsəfədən uzaq düşməyimin əsas səbəbi bu idi. Başa düşdüm ki, fəlsəfənin böyük ümidsizlik anlarında heç bir faydası yoxdur, onun bu hallarda yaranan suallara heç bir cavabı yoxdur. Beləliklə, şeirə, ədəbiyyata üz tutdum. Orada da heç bir cavab tapa bilmədim, amma özümə oxşar vəziyyətlər gördüm. Deyə bilərəm ki, fəlsəfəyə sitayiş etməyimi sonlandıran o bəyaz gecələr, yuxusuz gecələr oldu.

- Yuxusuz gecələr vaxt başladı?

- Gəncliyimdə, demək olar ki, on doqquz yaşım olanda başladı. Yuxusuzluq təkcə sağlamlıq problemi deyildi, bundan daha artıq bir şey idi. Həyatımın təməl dövrü, ən ciddi təcrübəm idi. Qalan hər şey ikinci dərəcəli idi. Bu yuxusuz gecələr gözlərimi açdı bundan sonra mənimçün hər şey dəyişdi.

- Hələ yuxusuzluqdan əziyyət çəkirsiniz?

- Əvvəlkindən xeyli az. Amma o altı-yeddi illik dövr mənim dünyaya baxışımı dəyişdi. Hesab edirəm ki, bu, çox ciddi problemdir.

- Yuxusuzluq xəstəlik səviyyəsində olanda yuxu rejiminizi necə düzəltməyə çalışırdınız?

- Yuxu dərmanlarının sayəsində iki-üç saat yata bilirdim, amma dəhşətli kabuslar görürdüm, tamamilə dəhşətli idi. O qədər güclü idilər ki, oyananda ürəyim az qalırdı, yerindən çıxa.

- Yuxusuzluqla bağlı yazdıqlarınızdan görünür ki, çox xoşbəxt uşaqlıq keçirmisiniz.

- Həm çox gözəl uşaqlıq keçirmişəm. Həyatdakı bədbəxtliyimin çox xoşbəxt uşaqlıq keçirməyimin cəzası olduğuna inanıram. Yeddi-səkkiz yaşa qədər olan erkən uşaqlığımdan bəhs edirəm, sonrasından deyil. Ondan sonrası fəlakət oldu. Mən dağ kəndində, sadə mühitdə doğulmuşam. Həmişə çöldə, açıq havada olurdum. Sanki vəhşi təbiətdə yaşayırdım. O dövrə aid çox gözəl xatirələrim var.

- O kənddə neçə yaşınıza qədər yaşadınız?

- On yaşa qədər. Orada qəbiristanlığın yanında bağımız var idi bu mənim həyatımda böyük rol oynayan şeylərdən biri idi, çünki mən qəbirqazanla dost idim. Həmişə qəbiristanlığın ətrafında olurdum, daim eksqumasiyaları, skeletləri, meyitləri görürdüm. Ölüm həyatımın bir parçası olacaq qədər açıq bir şeyi idi mənimçün. Ölüm haqqında düşünmək insanı həyatı qeyri-real görməyə vadar etmir; həyatın heç bir mahiyyəti, heç bir dəyəri olmadığını, əslində heç bir şey olmadığını, illüziya olduğunu kəşf etdikdə, ölüm vəsvəsəsi insanın içinə yerləşir.

Həyatımı cansıxıcılıq olmadan təsəvvür etmək mümkün deyil. Baxmayaraq ki, indi əvvəlkindən daha az darıxıram.

- Niyə belədir?

- Yaşa görə. Yaşlandıqca intensivlik azalır. Təqdir edəcəksiniz ki, bu yolla yaxşı pis hər şey dərinlik qazanır.

- Yaşlandıqca hər şey daha çox yaxşılığa doğru dəyişir?

- Yox. İnsan yaşlandıqca əxlaqi cəhətdən yaxşılaşmır ya müdrikləşmir. İnsanların düşündüyünün əksinə olaraq, qocalıq heç bir şey qazandırmır adama. İnsan yorğunlaşdıqca "müdrik" təəssüratı yaradır.

- O yuxusuz gecələrdə çox yazmısınız?

- Bəli, amma çox da yox. Bilirsiniz, mən az yazı yazmışam. Yazmağı heç vaxt təcrübə sahəsi kimi görməmişəm. Yazıçı deyiləm. Bu kiçik kitabları yazıram, amma bunlar heç deyil; külliyyat deyil. Həyatımda heç etməmişəm. Cəmi bir il işləmişəm, Rumıniyada orta məktəb müəllimi idim. Amma o vaxtdan sonra işləməmişəm. Tələbə kimi yaşamışam həmişə bunu həyatımın ən böyük nailiyyəti hesab edirəm. Həyatım uğursuz olmayıb, çünki heç bir şey etməməyi bacarmışam.

- Bu, çətin işdir.

- Bu, çox çətindir, amma mən bunu böyük nailiyyət hesab edirəm. Mən bununla fəxr edirəm. Həmişə bir planım olub. Təqaüdlər bu kimi şeylər almışam həmişə.

- Amma kitablarınız çox diqqət çəkdi, elə deyil?

- Əslində, son üç ildə kitablarım haqqında danışılır. Sadə dillə desək, 1950-ci ildə mənim haqqımda bir neçə ay danışıldı, sonrakı otuz il boyu isə adım demək olar ki, heç çəkilmədi. Həqiqətən, tanınmırdım, ədəbi mühitdə məni az adam tanıyırdı. Bir neçə il əvvəl kitablarım qalın karton üzlüklərlə çap ediləndən sonra hər şey dəyişdi.

- Bəli, sizin əksər kitabınız bu cür çıxandan sonra böyük uğur qazandı.

- Bəli, bundan danışıram mən . Otuz ili unudulmuş şəkildə keçirməyim mənim xeyrimə idi. Mənimçün yazıçının faciəsi odur ki, gənc yaşlarında məşhurlaşıb. Bu çox pis bir şeydir; hər şeyə məcbur edər. Çünki əksər yazıçılar nisbətən gənc yaşlarında məşhurlaşdılarsa, oxucuları üçün yazırlar. Başqası üçün deyil, yalnız özün üçün yazmalısan. Heç kim heç vaxt, sadəcə, kitab yazmaq xatirinə yazmamalıdır. Yazdığım hər şeyi təzyiqdən boğulma hissindən xilas olmaq üçün yazmışam. Deyilənlər kimi, "ilham"dan gələn şeylər deyildi. Bir növ, azad olmaq, nəfəs almaq kimi idi.

- Bir dəfə demişdiniz ki, yazıçının təhsili yarımçıq (yarıda qalmış) olmalıdır.

- Bəli, yazıçı hər şeyi dərindən bilməməlidir. Danışdığı şey haqqında hər şeyi bilməməli, ondan ancaq özünə lazım olanı almalıdır. Obyektiv olmamalıdır. İnsan bir mövzuda dərinləşə bilər, ancaq müəyyən bir yolda irəliləyərək edə bilər bunu. Hər şeyi bilməyə çalışmaqla deyil. Universitet yazıçı üçün ölüm deməkdir.

- Müəyyən yazı vərdişləriniz şərtləriniz var?

- Heç vaxt normal vəziyyətdə olanda işləyə bilməmişəm. Hətta adi şeylərdə belə "İndi yazmaq istəyirəm, indi oturub yazacağam" deyə bilməmişəm. Mən həmişə depressiyaya düşməli ya qəzəbli olmalı idim. Daha çox yarı-depressiya vəziyyətində yazıram. Yolunda getməyən bir şeylər olmalıdır. Çünki adam neytral vəziyyətdədirsə, niyə yazsın?

- Nəhayət, musiqidən danışaq... Musiqi sizin üçün fəlsəfəni əvəz edə bilər.

- Musiqi təkcə fəlsəfəni deyil, hər şeyi əvəz edə bilər.

- Musiqini sevdiyinizi bilirəm, amma niyə sevdiyinizi bilmirəm.

- Hər musiqini sevmirəm, amma gəncliyimdə musiqinin çox önəmli yeri olub mənimçün, indi o qədər əhəmiyyətli yer tutmur. Gənclikdə Baxı çox sevirdim. Elə-belə sevgi deyildi, böyük ehtiras idi bu günə qədər dəyişməz qalan yeganə ehtiras budur. Hətta deyə bilərəm ki, Dostoyevskiyə olan həvəsim azalıb, amma Baxa olan sevgim yox. İzahedilməz hissdir bu. Hər cür musiqi dinləmişəm. Yalnız Baxdan razı qalmağımın səbəbi odur ki, Bax mənimçün bir növ dindir.

- Bir kitabınızda çox xoşuma gələn bir cümlə var: "Sevdiklərimdən xahişim, lütf edib yaşlansınlar".

- Bu sitat köhnə dostumun uşaq nikbinliyindən əziyyət çəkdiyi öz potensialımı dərk etmədiyim üçün məni qınadığı vaxt ortaya çıxmışdı. Amma heç kim öz potensialını tam dərk etmir bu uğursuzluq, nəinki qaçılmaz, həm cazibədardır.

 

Hazırladı: Nilufər Hacılı

 

Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel, ¹ 13-14. – S. 31.