O, öz qardaşına mehman gələndə
Görkəmli Azərbaycan
şairi Əli Tudə və ömür-gün yoldaşı
Şəfiqə xanımın sevgi hekayəti
Şairin məhəbbəti
Adi məhəbbət olmur.
Yox! O ilahiləşir,
Yenə kifayət olmur.
Əli Tudə əslən Ərdəbilin
Çanaxbulaq kəndindən idi. Atası
Qulu əsrin əvvəllərində həyat yoldaşı
Şahbəyimlə birgə Şimali Azərbaycana
köçmüş, neft mədənində işə
düzəlmişdi. 1924-cü ildə
Əli dünyaya göz açmışdı.
Amma Əlini boya-başa çatdırmaq
Qulu kişiyə nəsib olmur, vaxtsız əcəl onu ailəsindən
ayırır. Bir müddətdən sonra
Şahbəyim də dünyasını dəyişir. Əli nənəsi Qəribin himayəsində
böyüyür.
Oğlanın sözə, şeirə
böyük məhəbbəti vardı. Bir
gün müəllim məktəbin radioya dəvət
aldığını, Əlinin öz şeirini studiyada
oxuyacağını deyir.
İlk dəfə mikrofon
qarşısına keçən Əli həyəcanlansa da,
şeirini sona qədər çaşmadan oxuyur. Nəvəsini
dinləyən Qərib nənə evdə onu sevinc göz
yaşlarıyla qarşılayır.
1938-ci ilin repressiya illəri bu taya
köç etmiş Cənubi azərbaycanlıların da həyatına
öz damğasını vurur. Nənəsi ilə
söhbəti Əlinin ömürlük yaddaşına
yazılır:
- Oğlum, Əli, biz yenidən Ərdəbilə
qayıtmalıyıq.
- Nənə, niyə?
- Başçının qərarıdır. Cənubi azərbaycanlılar yenidən öz dədə-baba
yurdlarına göndərilir.
- Bəs Məhluqəgil? Bəs o biri
qonşular? Axı onlar köçmür?
- Onların pasportu sovet pasportudur, mənim balam. Bizim kimi İran pasportu daşıyanlar o taya
keçməlidir.
- Bəs məktəb? Bəs mənim dərslərim?
Mən o tayda oxuya biləcəm?
- Bilmirəm, mənim balam. Amma sən fikir
eləmə, bir çarəsini taparıq.
Beləcə, 14 yaşlı Əli də
nənəsi ilə birgə İrana
köçürülür. Bir nənə
idi, bir özü. İşləyib
özünə və nənəsinə baxmalı idi. Təhsili yarımçıq qalan oğlan fəhləlik
etməli olur. Ancaq ağır həyat tərzi
onun ədəbiyyata olan məhəbbətini
söndürmür. 1940-cı illərdə
Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına
qoşulub qələmi ilə mübarizə aparır.
Sevirəm xalqımı özümdən artıq,
Ürəyimdən artıq, gözümdən artıq,
Tuturam sözünü sözümdən artıq,
Mehriban səsinə mən can demişəm.
1946-cı ilin yazında Cənubi Azərbaycanda
Milli Hökumət yaradıldı. Təbrizdə
Azərbaycan Dövlət Filarmoniyası açıldı.
Əli Tudə bu yeni sənət ocağına
müdir təyin edildi. O vaxt cəmi 22 yaşı
vardı. Filarmoniyada çalışan
kollektivin əksəriyyəti gənclər idi.
Qısa müddətdə bu sənət
ocağı böyük uğurlar əldə etdi. Aşıqlar,
sazçı qızlar, qızlardan ibarət rəqs
ansamblı işə başladı.
Bir dəfə isə Əli Təbriz kinoteatrında
"Arşın mal alan" filminin
afişasını gördü. Sevincdən
gözləri yaşardı. Bu təkrarsız
sənət əsəri Vətəndən-Vətənə
göndərilən qardaş sovqatı idi.
Ekranda Gülçöhrə qızlarla dərdləşir,
"Sevməsəm, görməsəm, ailə qurmaram"
deyirdi. Kinoteatrdakı qadınlar təsirlənmişdi;
Gülçöhrənin sözlərində öz nisgilli
talelərini tapıb qəmə-ələmə
bürünürdülər.
Salonda işıqlar yananda bütün
salon, bir nəfərtək ayağa durub alqışladı. Kinoteardan
çıxanda Əlinin gözlərində sevinclə kədər
bir-birinə qarışmışdı. Gülçöhrənin
obrazı Əli Tudənin gözləri önündən
çəkilmirdi. İzlədiyi ekran əsəri
həm sənət ecazkarlığı, həm də baş
qəhrəmanının daxili və zahiri gözəlliyilə
onun qəlbini fəth etmişdi. Ancaq onu
ağrıdan məsələnin o biri tərəfi idi.
Dostuna dedi ki:
- Hələ də görmədən, sevmədən ailə
quranlar var. Qədim adətə boyun əyməli olurlar. Biz əlimizdən gəldiyi qədər bu köhnəlmiş
adətləri həyatımızdan silib
çıxarmalı, insanlarımıza işıqlı həyata
gedən yolu göstərməliyik. Bu bizim
borcumuzdur.
Əli Tudənin Cənubi Azərbaycanın
işıqlı gələcəyi üçün bəslədiyi
arzular nakam qaldı. Milli Hökumət beşikdəcə
boğuldu. Əli Tudənin kitabları mətbəədə
yandırıldı. Özünün isə
qeyd-şərtsiz qətlinə fərman verildi.
Azadlıq mücahidinin vətəni tərk
edib bu taya pənah gətirməkdən başqa əlacı
qalmadı. Mühacirliyin ilk günündə - 1942-ci il dekabrın 12-də Naxçıvanda
yazdığı "Mən nə gətirdim" şeiri
tez bir zamanda dillər əzbərinə çevrildi.
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan
gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım,
Bir xilqət görmədi, pünhan gətirdim.
Səməd Vurğunla Bakıda, Yazıçılar
İttifaqında görüşü Əli Tudənin
yaddaşına ömürlük həkk olunur.
- Əli Tudə! Siz ki lap gəncsiniz! Mən
isə təxəllüsünüzdən sizin ağsaqqal bir
şair olduğunuzu düşünmüşdüm.
Yaxşı yazırsız, cavan oğlan!
- Səməd müəllim, sizin kimi söz sərrafından
bu sözləri eşitmək qürurvericidir. Sizin
Azərbaycan şeiriniz o taylı-bu taylı ellərin ən
gözəl nəğməsidir.
- O taylı-bu taylı ellərimizi nə qədər vəsf
etsək, yenə də azdır. Heyif ki, mən
Təbrizi görə bilmədim. Amma siz,
Balaş Azəroğlu, silah olmayanda söz, söz olmayanda
silahla vuruşan başqa azadlıq mücahidlərimiz Təbrizin
bu tayda döyünən ürəyi olacaqsız.
Bakıda Əli Tudə üçün ali
təhsil almaq imkanı yaranır. BDU-nun
filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən
şair ədəbi-bədii yaradıcılıqla fəal surətdə
məşğul olur. Qələmi bir an
da yerə qoymayan mübariz şair o taylı-bu taylı ellərin
azad gələcəyi naminə yazıb-yaradır.
Yox! Xalq dənizdir, onu
Bəlalar qaralayar.
Tufanlar döyəcləyər,
Şimşəklər paralayar.
Dənizin içindəsə,
Təlatümlər yetişər...
Azadlıq mücahidi bu yolda tək
savaşmayacaqdı. Fədakar
ömür-gün yoldaşı Şəfiqə onunla birgə
mübarizə aparacaq, onun qayğılarını
paylaşacaqdı.
Əli Tudənin gələcək ömür
yoldaşıyla ilk görüşü belə baş
tutmuşdu: istirahət günü idi. Əli Tudəylə bərabər
bu taya pənah gətirmiş aşıq Hüseyn Cavan dostuna
dedi.
- Ay Əli, hara belə?
- Şəhərə çıxıb bir az fikrimi dağıtmaq istəyirəm.
- Başqa vaxta saxla. Bu gün bizi qonaq
çağırıblar. Getməsək,
yaxşı düşməz.
- Kim qonaq çağırıb?
- Usta İbrahim! Şəhərin ən məşhur
misgərlərindəndir.
Usta İbrahimin evi şəhərin
köhnə məhəllərindən birində yerləşirdi. Əli Tudə
qapını döydü və qarşısında
"Arşın mal alan" filmindəki
Gülçöhrəni gördü. Cavan
oğlan gözlərini ovuşdurub bir də baxdı. Bu, həqiqət idi. Qarşısında
doğrudan da, Gülçöhrə dayanmışdı.
Özü də təbəssümlə ona
baxırdı.
Gülçöhrə sükutu pozdu.
- Sizə kim lazımdı?
- Bura usta İbrahimin evidi?
- Bəli, buyurun. Atam evdədir.
Həyətin yuxarı başındakı evdən səs
gəldi:
- Şəfiqə, qızım, gələn
kimdi?
- Ata, səni istəyirlər.
Hə, Gülçöhrəyə bənzəyən
bu qızın adı demə, Şəfiqə imiş. Usta İbrahim
istiqanlı adam idi. Qonaqlarını
hörmətlə qarşılayıb süfrə arxasına
dəvət etdi. Nahardan sonra sənət
haqqında söhbətlər axşamdan xeyli keçənə
qədər davam etdi.
Qonaqlar ev sahibləri ilə xudahafizləşib
gedəndə usta İbrahimin qızları onları
ötürmək üçün ayağa qalxdılar.
Yolda söhbət zamanı məlum oldu ki,
Şəfiqə Pedaqoji İnstitutun kimya-təbiət
fakültəsində oxuyur.
Şəfiqənin "Siz harda təhsil
alırsınız?" sualına Əli Tudə məyusluqla
cavab verdi:
- Necə oxuyaydım? İnqilab, döyüş, iş, sonra mühacirət...
Şəfiqənin yanaqları allandı. Sanki
onun inqilabçı-mühacir olduğunu unutduğu
üçün utandı.
- Doğru deyirsiniz. Siz o qədər
işlər görmüsünüz ki, oxumağa vaxt
qalmayıb. Ancaq yenə də gec deyil.
- Əgər burda qalmalı olsam, mütləq
oxuyacam.
Bir neçə ildən sonra tale onları
yenidən qarşılaşdırdı. Şəfiqə
Kürdəmirdə müəllim işləyirdi, məktəbdə
tədris-hissə müdiri idi. Bakıya gələndə
gənclər birlikdə kinoya, teatra gedir, bir-birini
tanımağa çalışırdılar. Sevgi haqqında romantik filmlərə baxsalar da,
öz aralarında müzakirə eləmirdilər. Əli lirik söhbətlər edəndə isə
Şəfiqənin utandığından yanaqları allanırdı.
Misgər usta İbrahim artıq dünyasını dəyişmişdi,
odur ki, Şəfiqəni anası Umnisə xanımdan istədilər.
Amma elçilərə "yox"
cavabı verildi. Umnisə xanım hardansa
eşitmişdi ki, İran şahı Əlinin
ölümünə fərman verib. O, qızını
sinəsi dağlı, tifaqı dağılmış görmək
istəmirdi.
Şəfiqənin dayısının
Əliyə rəğbəti vardı. Odur
ki, bacısını fikrindən döndərə bildi.
İkinci dəfə Şəfiqəgilin
qapısını döyən elçilər şad-xürrəm
qayıtdı.
Amma bir nisgil Əlinin içini
yandırırdı. Bu, o tayda qalan qohumların,
doğmaların nisgili idi. Könül istərdi
ki, bu şad gündə onlar da burda olsun.
Toyu Güney Azərbaycandan olan
aşıqlar aparırdı. Vətən haqqında
oxunan havalar bir az nisgilli olsa da, məclisə
bir əzəmət, yenilməzlik qatırdı.
Şairin həyat yoldaşına toy hədiyyəsi olan şeir
hər ikisinin ürəyini riqqətə gətirdi:
İsti ülfətimə möhtaclar kimi
Ümidlə baxdısa mənə mələklər,
Bilmədi sevgi də ağaclar kimi
Ürəkdə kök atıb, gözdə
çiçəklər.
Necə odlu sevgi dindi fəryadla,
Göz yaşında yudu üzünü, gülüm!
Mənim ürəyimsə susub inadla
Sənə deyəcəkmiş sözünü,
gülüm!
Xoşbəxt cütlüyün ilk getdikləri yer Şuşa oldu. Hər axşam
Cıdır düzünə gəzməyə çıxar,
Şuşanın zəngin sərvətinə göz dolusu
tamaşa edərdilər. Cıdır
düzü Əli Tudənin yadına Savalan
dağlarını salardı.
İsa bulağına gedəndə də
Savalandakı bulaqları xatırlayardı. Ancaq
Şəfiqəyə söz vermişdi ki, dünya zülmət
olsa da, onun xətrinə çıraq olar.
Dünya zülmət olsa başdan-ayağa,
Deyərəm, fanaram, sənin xətrinə.
Yenə də görməsən, dönüb
çırağa
Əlində yanaram, sənin xətrinə.
1951-ci il.
Şəfiqəni doğum xəstəxanasına
aparan Əli evə qayıtsa da, gecə yarısına qədər
otaqda nigeran-nigaran var-gəl edir. Evdə
telefon olmadığına görə xəstəxanaya zəng
vurub xəbər öyrənə bilmirdi. Birdən
qapı döyüldü. Qonşu Nobar
idi.
- Əli dadaş, gözlərin aydın, qızın
olub!
Əliyə elə bil dünyanı
bağışladılar. Həyəcanla
soruşdu:
- Nobar, sən hardan öyrəndin?
- Qonşudan xəstəxanaya zəng vurdum, dedilər.
Səhərisi universitetə yollanan
xoşbəxt atanın sevinci üzündən oxunurdu. Bu
xəbəri gizlətmək istəsə də, tələbə
yoldaşlarının təkidilə söylədi. Əlinin sevincinə qoşulub gənc atanı təbrik
etdilər.
O vaxt Rəna adı dəbdə idi. İlk
övladının adını da Rəna qoydu. Artıq universitetə tələbə həvəsilə
yox, ata qüruru ilə gedirdi. Dərsdən
çıxanda isə heç redaksiyaya da baş çəkmək
istəmirdi. Birbaş evə
qaçırdı. Rəna yatmış
belə olsa, onu qucağına götürər, yorulana qədər
oynadardı.
1952-ci ildə Əli Tudə universiteti fərqlənmə
diplomu ilə bitirib "Azərnəşr"ə redaktor
göndərildi.
Yazı makinasının olmaması
yazıçının işini ləngidirdi. Odur
ki, evə yazı makinası alır. Problemin
böyük qismi həll olunmuşdu. İndi
isə makinada yazmağı öyrənmək qalırdı.
Şəfiqə bu işdə də həyat
yoldaşına dəstək olur. Kimsənin
köməyi olmadan makinada yazmağı öyrənir. Əli Tudənin redaksiyalara aparacağı yazıları
çap edir.
Əli Tudə həyat yoldaşını
"ətirli gül" adlandırırdı. "O
gülün bir ləçəyini dünyaya dəyişmərəm",
- deyirdi şeirlərində.
Şəfiqə biş-düş edib
ev-eşiyi sahmana salandan, uşaqların qayğısına
qalandan sonra yazı makinasının arxasına keçirdi. İkilikdə
işləyirdilər. Biri yazı
masasının, biri isə yazı makinasının
arxasında. Makinanın səsi birdən kəsiləndə
Əli Tudə bilərdi ki, hansısa ifadə, ya söz həyat
yoldaşının xoşuna gəlməyib.
Bəzən də Şəfiqə barmağını
yazının üzərinə qoyub deyirdi:
- Bu söz mənim xoşuma gəlmir, bəlkə dəyişəsən?
Əli Tudə də israrlı idi.
- Dəyişmirəm.
Şəfiqə sözündən
dönmürdü.
- Yox, dəyiş.
Şair bəzən tələbkar
oxucusunun fikrilə razılaşırdı, bəzən isə
razılaşmayıb həmin sözü dəyişmirdi. Amma
makinadan çıxan yazılı səhifələri oxuyanda
Şəfiqənin israr etdiyi sözü dəyişərdi.
Əli Tudənin bütün günü
yazı masası arxasında keçirdi. Şəfiqə
bəzən narazılığını səssiz
baxışlarıyla bildirər, bəzən də üsyan
edərdi.
Qonşu qadınlar Əli Tudənin şeirlərini tərifləyəndə
Şəfiqə ah çəkib deyərdi:
- Mən bilirəm, yazanda o nələr çəkir, hər
yazısına canının bir parçasını qoyur. Balığın canı suda olantək, onun da
canı sənətindədir.
Əli Tudə isə ona təsəlli olsun deyə
şeir oxuyardı:
Qadın var, nəfəsilə
Yandırar qırovları,
Qadın var, küləyiylə
Söndürər alovları.
Qadın var, kişisini
Cin atına mindirər.
Qadın var, kişisini
Cin atından endirər.
Qadın var, kişisinin
Xiffətinə çevrilər.
Qadın var, kişisinin
Zinətinə çevrilər.
1954-cü il. Dərs
vaxtı Əli Tudənin qəfildən halı pisləşir,
xəstəxanaya aparırlar. Şəfiqə
ömür yoldaşını tək buraxmır, hər
gün xəstəxanaya, onu görməyə,
qayğısına qalmağa gəlir.
Bir axşam şair hüznlü
baxışlarını xəstəxana pəncərəsindən
həyətə dikib Şəfiqəni gözləyirdi. Hər
yer pambıq kimi qarla örtülmüşdü. Tufanın hökmü ilə quşbaşı qar dənəcikləri
arada yolunu çaşır, bir-birindən aralı
düşürdü.
Amma Əli Tudə əmin idi ki, nə
olursa-olsun, Şəfiqə gələcək. Pəncərədən
baxa- baxa "Məhəbbət nədir?" şeirini
yazdı.
Məhəbbət bir tufan deyil,
Arasından tez keçəsən.
O elə bir dondur, gərək
Yüz ölçəsən, bir biçəsən.
- Əli...
Əli Tudə adını eşidib geri
döndü, Şəfiqə idi. Başdan-ayağa
donmuş, geyimi əynində taxtaya dönmüşdü.
Saçlarından ağ sırsıralar
asılmışdı. Dodaqları soyuqdan
göyərmişdi.
Hamı Şəfiqənin hünərinə
heyran qalmışdı. Xəstə
ömür-gün yoldaşının gözlərini yolda
qoymamaq üçün qara-borana məhəl qoymadan,
fırtınalı yola çıxmış fədakar
qadın hamını heyrətləndirmişdi.
- Şəfiqə, sənin kimi zərif
qadın bu tufanda Suraxanıdan necə gəldin?
- Suraxanıdan Mərdəkana elektrik
qatarıyla gələcəkdim. Ancaq bu havada qatar işləmədi. Elektrik xətləri
sıradan çıxdı. Mən də
üstüaçıq maşında gəldim.
- Tufanla çarpışa-çarpışa?
- Hə, tufanla çarpışa-çarpışa.
Bütöv şair ömrü yaşayan
Əli Tudə yaradıcılığında Vətən, Cənub
həsrəti mövzusuna sadiq idi. O tayda qalan vətənin
nisgili Əlinin yuxularını ərşə çəkirdi.
Uzaqdan da olsa, Savalan dağını görmək
ümidilə bir dəfə Şəfiqə ilə birlikdə
Yardımlıya getdilər. Ora çatanda
duman hər yeri bürüdü. Savalan
dağı görünməz oldu. Kor-peşman
geri qayıtdılar.
Nəhayət, bu şanlı xəbər!
- Sərhədlər açıldı,
gözünüz aydın!
- Əli, yuxuların çin oldu, yollar
açıldı!
- Yollar açıldı... İnana bilmirəm.
Yəni Savalan dağı artıq xəyal deyil?
Onu görə biləcəm? Ərdəbili, Çanaxbulağı, yurdumun
sevgisini qətrə-qətrə gözlərimə
yığdığım illərə geri dönə biləcəyəm,
yəni?
- Hə, hə. Sənə nə oldu?
Özünü pis hiss edirsən?
- Yox, sadəcə, ürəyim
çırpındı. Deyəsən, ruhum o
yerlərə məndən tez getmək istəyir.
- Elə demə, Əli. Hələ hər
şey qabaqdadır. Axı sən özün şeirində
deyirsən ki:
Şair qarlı zirvədir,
Buludu qalaq-qalaq...
Həyəcanı dalğa-dalğa...
Sükutu qalaq-qalaq.
Günəş də nəfəsiylə
Əridə bilməz onu.
1993-cü il. İrandan
Əli Tudəyə dəvətnamə gəlir, amma konsulluqda
itib-batır.
İkinci dəvətnamə 1995-ci ilin
oktyabrında ünvana çatır. Amma Əli Tudə yenə
İrana buraxılmır:
- O, siyasi mühacirdir. İran vətəndaşlığı
pasportunu gətirin, buraxaq.
Şəfiqə xanımla oğlu Natiq
ikilikdə İranın yolunu tuturlar. Əli
Tudə onları öz doğma yurduna səssiz göz
yaşlarıyla yola salır.
İranda olduqları müddətdə
Natiq Cavadzadə bütün arxivləri ələk-vələk
edir, amma Əli Tudənin pasportu tapılmır. Sən
demə, şahın göstərişiylə hələ o
vaxt siyasi mühacirlərin sənədləri
yandırılmışdı.
Şəfiqə xanımla Natiq Bakıya
qayıdanda Əli Tudəni tanımırlar. O dəyişmiş,
sanki 18 gündə on yaş qocalmışdı.
- Şəfiqə, mənə vətəndən
danış.
- Danışacam, Əli. Ürəyimiz elə
doludu ki. Heç xiffət etmə,
yaxın vaxtlarda sən də gedəcəksən, inanıram
ki, gedib görə biləcəksən Savalan
dağını.
- Ürəyimə damıb ki, daha oraları görə
bilməyəcəyəm. Bu mənim sonuncu
ümidim idi.
- Kaş ki dəvətnamə heç gəlməsəydi...
Ümidlərin belə itkin düşməsəydi...
- Şəfiqə, Savalan dağı yenə
əzəmətliydi? Bu illər onun qəddini
əyməyib ki?
- Yox, əyməyib. Yenə yenilməzdi, əzəmətlidir
Savalan dağı.
- Savalan dağı həmişə mənəvi
kamillik, saflıq, paklıq rəmzi olub. Əvvəllər
ona sitayişə gəliblər, indi də elədi?
- İndi də elədi.
- Kaş ki bircə dəfə Savalan dağının
başına dolanardım... Onun
saflığına, paklığına,
aydınlığına ehtiyacım vardı.
- Əli, bir gün daş ürəklər rəhmə
gələcək, səni yurduna buraxacaqlar... qoy bir bu pasport
işi həll olunsun...
- Yox, artıq çox gecdi...
Şair əlacsız xəstəliyə
tutulmuşdu. Bu xəstəliyin adı vətən
nisgili idi. Onun gündən-günə zəiflədiyini
görən doğmaları hansı müalicəyə əl
atsalar da, faydası olmurdu. 1996-cı ilin 26
fevralında Əli Tudə gözünü əbədilik
yumdu.
Şəfiqə xanım ah çəkib deyəcəkdi:
- Kaş ki o dəvətnamə gəlməsəydi...
Azadlıq mücahidinin bir ömür
ürəyində daşıdığı vətən məhəbbəti,
son nəfəsinə qədər ruhunda
yaşatdığı mübarizlik söz-söz, nəğmə-nəğmə
gələcəyə qanadlandı. Qanadlandı ki, o taylı-bu taylı vətənin
başını qara buludlar alanda, onlara qarşı yorulmadan
savaşsın...
Günel Natiq
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, №15.- S.10-11.