Yazıçı Anarın kədərli
ironiyası
Ədibin 86 yaşına
1. Bir neçə ay öncə yazıçı
Anarın son yaradıcılığına dair,
yazıçının "Azərbaycan" jurnalında
çap olunmuş "Əcəl" povesti (2023, № 9) üzərinə
akademik Nizami Cəfərov dəyərli bir məqalə ilə
çıxış etdi: "Qırmızı limuzin"in
mistikasından "Əcəl"in realistikasına"
("Ədəbiyyat qəzeti", 28 oktyabr 2023)
Bir-birinin "ideya-məzmun" davamı, "və
quruluş-kompozisiya qaynağı" kimi aldığı
"Qırmızı limuzin" hekayəsi (1991), "Təqib"
ssenarisi (2007) və "Əcəl" povestinin (2023) altqat
bağlarını bircə-bircə, təfsilən
çözməklə yanaşı (Qeyd etmək
lazımdır ki, povestin "Qırmızı limuzin"
hekayəsi və "Təqib" ssenarisi əsasında qələmə
alındığını yazıçı özü
vurğulayır), məqalədə akademik ümumən Anar nəsri
barəsində bəzi yeni fikirlərini də
bölüşdü. Bu, yazıçı
Anarın son dövr nəsrinə diqqəti daha da
artırdı.
2. Akademik yazır: "Hərdən mənə elə gəlir
ki, "Qırmızı limuzin" - "Təqib" -
"Əcəl" əsəri hər bir təzahür
üçün 15 il tələb olunmaqla
yazıçının yaradıcılığının
45 ilini əhatə edir. Və keçən əsrin
70-ci illərinin ortalarından başlayan bu 45 illik
yaradıcılıq axtarışları üçün
strateji təmayül, görünür, realizmin müxtəlif
modern metodlar hesabına zənginləşdirilməsindən
ibarətdir. Xüsusilə o baxımdan ki,
"Qırmızı limuzin" hekayəsindəki (və
ümumiyyətlə, Anar yaradıcılığının
70-ci, 80-ci illərə düşən dövründəki)
sürrealist gərilmələr yeni əsrin əvvəllərində
("Təqib" dövründə) zəifləyir, bir qədər
sonra isə Anarın təcrübəsində, demək olar
ki, bütün modernist axtarışları
açıq-açığına realizmin xidmətində
görürük" (N.Cəfərov, "Qırmızı
limuzin"in mistikasından "Əcəl"in
realistikasına" - ƏQ, 28 oktyabr 2023)
Maraqlıdır ki, yazıçı
Anarın son illərdə yazdığı bir sıra hekayələr:
"Təhminənin son sirri" (ƏQ, 13 noyabr 2021), "Kəbirlinskinin
son etirafı" (ƏQ, 17 iyun 2023), "Balaca" Fuadın
son xahişi" də (ƏQ, 18 noyabr 2023) həmin bu
ideya-estetik ərazidəndir və akademikin gəldiyi qənaətləri
təsdiqləməklə, bir daha sorğulamağa da meydan
verir.
3. XXI əsrlə birgə bizdə dekonstruksiyalar
dövrü başladı. Bu yolla bir çox klassiklərin
irsini - Dədəm Qorqudu və Koroğlunu, Nəsimini və
Füzulini, Vaqifi və Mirzə Fətəlini, Mirzə Cəlili
və Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu
və Rəsul Rzanı, İsmayıl Şıxlını və
İlyas Əfəndiyevi, Anarı və Elçini... -
yaxşı-pis, uğurlu-uğursuz, incə-dürüst, ya
kobud-qaba, Günün reallığına
çıxarmağa cəhdlər oldu. Nə qədər
əcaib-qəraib görünsə də, neçə və
necə etirazlar doğursa da, bu da klassikanı
günümüzə
çağırmaq-çalışdırmağın, utilitə
cəmiyyətinə alışdırmağın daha bir
üsulu sayıla bilərdi. Elə bircə "Təhminə"nin son otuz ildə neçə
dekonstruksiyaları obrazın necə diri, gündəm, kreativ
olduğunu xəbər verdi...
Anar "eqoist" yazıçıdır; klassik mətnlərini
sonrakı "talanlara" buraxmayıb, son əsərlərində
özü Günə çıxarmağa başladı:
"Şəhərin yay günləri"ni "Şəhərin
qış gecələri"nə; "Ağ liman" və
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni
"Təhminənin son sirri"nə; "Dantenin
yubileyi"ni "Kəbirlinskinin son etirafı"na;
"Macal" və "Gürcü familiyası"nı
"Balaca Fuadın son xahişi"nə,
"Qırmızı limuzin" və "Təqib"i
"Əcəl"ə "dekonstruksiya" elədi. Zatən
vaxt var ikən niyə sonraya bel bağlayasan; bir halda ki,
yazıçı öz obrazları, qəhrəmanları,
personajları üzərinə bu qədər narahat, nigaran,
"son" taleyinə həssasdır...
4. Yazıçı Anarın
"dekonstruksiyalar"ı dahiyanə sadə və akademikin
vurğuladığı kimi, realistcəsinədir; qəhrəmanlarını,
personajlarını, onların mühitini mövcud (əvvəlki)
mətnin "sirli" aurasından qoparıb, bugünlə
üz-üzə qoyur. Bir baxın: "Tabutu sağ tərəfdən
daşıyan maskasını çıxartdı. Bu, Murtuz
Balayeviç idi: - Sən kiminlə belə
danışırsan? - deyə polisin
üstünə qabardı - Mən polkovnikəm. Onun
arxasındakı kişi də
maskasını çıxartdı: -Mən də KQB-nin
mayoruyam - dedi. Dadaş idi. Sol tərəfdəki
kişi də maskasını
çıxartdı. Polis rişxəndlə: -sən də
generalsan yəqin, - dedi. Səfdər dayı: -Yox, mən
kassirəm, - dedi..." (ƏQ, 13 noyabr 2021) Maskaları
çıxarmaq zamanıdır, cənablar...
Bu yolla "Təhminənin son sirri"ndə heç
"altıncı mərtəbə"nin
də əzəlki olmadığını ("Evlərinə
gəldi. Liftə girib altıncı mərtəbənin
düyməsini basdı, lift hərəkətə gələndə
yadına düşdü ki, sarımsaq almayıb. Geri
qayıdıb evlərinin altındakı dükandan
sarımsaq almaq istədi, amma elə bu an
lift gəlib altıncı mərtəbədə - onların
mənzili olan mərtəbədə dayandı, qapılar
açıldı..."), Firəngizin də bir zaman
tanıdığımız olmadığını ("Uzaq
gəncliklərində, təzə evlənəndə Firəngizin
səsi çıxmazdı, kimsə onu dindirəndə
qıpqırmızı qızarar, sanki danışmağa
söz tapmazdı. İndi maşallah elə bil
dilotu yeyib..."), qadın düşkünü Spartakın
da yüz səksən dərəcə dəyişib, Firəngizin
"kəntoş, qulluqçu, xalabacı" dediyi,
"özündən otuz yaş cavan Qızbəs"ə
evləndiyini ("Başımın tükü sayı
qadınlarım, sevgililərim olub. Hamısı
da bir-birindən gözəl, indi mənim bu yaşımda mənə
qadın yox, arvad lazımdı..."), Məmməd Nəsirin
də "ölümsüz" olmadığını
("Aman Allah, Məmməd Nəsir də ölərmiş...")
görürük. Heç Zaur da
("İllərdi başqa bir həyatla yaşayırdı və
o həyatdan bu həyatda heç bir iz, soraq
qalmamışdı. Amma indi..."),
"xalqımız" da ("Çox nizam-intizamlı
xalqımız var, - deyə düşündü. -
Bütün deyilənlərə riayət edir...") əvvəlki
deyil, təbii ki zəmanə də: "O da ağlına gəldi
ki, son zamanlar viruslar haqqında düşünəndə
onları şüurlu məxluq sayır və ona elə gəlir
ki, bu şüurlu məxluqlar şüurlu surətdə
insanlığı məhv edib planetə hakim olmağı qərarlaşdırıb,
bu qərarı həyata keçirirlər..." (ƏQ, 13
noyabr 2021)
5. Yazıçı Anarın "realistikası"na söz yox; bir zaman qəhrəmanları, bu əhvala
"yuxu əhvalı" demək mümkün isə: yuxu və
gerçəklər, heçlik və varlıq, iç
(ekzistensial) və dış (ictimai) dünyaları
arasında vurnuxub-yaşayırkən, indilərdə
onları olan-qalan ekzistensiyadan-"sirr"dən də məhrum
edir. Yəqin ki, yazıçının son hekayələrində
"son" problematikasına diqqət etmisiz: "son
sirr", "son etiraf", "son xahiş" (hələ
mətnə səpələnmiş dəfələrlə
"son" vurğularını demirəm) - Anar qəhrəmanlarını
sonda soyuqcasına ölüm (Əcəl) faktı-faktoru
qarşısında qoyur. Bu ki, son hekayələrdə hər
şey gerçəklərin (bəlkə elə
"ekzistensial yalanlar"ın da) xeyrinədir: "Nə
ölümdən qorxmaq ayıb, nə də düşünmək
ölümü" ("Əcəl"in epiqrafından)...
6. Razıyam ki: əsas məsələlərdən
birisi "Anarın böyük bir yazıçı-mütəfəkkir
olaraq bütün yaradıcılığı boyu üzərində
düşündüyü insan konsepsiyası"dır (N.Cəfərov,
"Qırmızı limuzin"in mistikasından "Əcəl"in
realistikasına" - ƏQ, 28 oktyabr 2023) və konkret halda
("Əcəl"də, həm əlavə edək: son
hekayələrində) "...qəhrəmanının bir
obraz-konsept olaraq ideya-estetik dəyəri (və müəllifin
yaradıcılıq hünəri!) ədəbiyyatın
ictimai idealları mövqeyində dayanıb mövcud mənəvi-ruhi
kataklizmlərin formalaşdırdığı "insan
subyekti"ni, fərdi psixoloji yaşantıları, hərəkət
və tərəddüdləri cəsarətlə mühakimə
predmetinə çevirməsindədir..." (N.Cəfərov,
"Qırmızı limuzin"in mistikasından "Əcəl"in
realistikasına" - ƏQ, 28 oktyabr 2023) Üst(ün)
plankada məhz belədir: Spartakın, Zaurun, Feyzulla Kəbirlinskinin,
Oqtayın, Fuadın, Osmanın... düşdüyü (yeni)
situasiya, zaman, mühit də elə bunu deyir, bu "mühakimələr"ə
yol açır. Bu - məsələnin ictimai-sosial tərəfidir;
ekzistensiyasına ("sirr"inə) varsaq, indilərdə
burda axı Anarın kədər-nisgil-"mühakimə"
qarışıq ironiya acısını da duymamaq olmur...
7. Nə imiş axı Təhminənin "sirr"i? Zauru "bir ömür" incidən, əslində,
ömründən edən ("Bu etirafın bir ömür
gecikdiyini düşünürdü. Bəlkə bunu
vaxtında dərk etsəydi, tamam başqa bir həyat
yaşayacaqdı..."), və təkcə Zaurumu?, bəlkə
(həyatda) neçə oxucu nəslini də məşğul
edən, çaşdıran, suallara qərq edən, hətta
(ədəbiyyatda) neçə və necə
"dekonstruksiyalar"a yol açan "sirr" nə
imiş görəsən? Spartak etiraf edir:
"Çox-çox üzr istəyirəm, bunu da deməliyəm.
Ona yanaşdım, çiyinlərindən
yapışdım, özümə tərəf çəkmək
istədim, anında dartınıb qollarımın
arasından çıxdı. Məni məzəmmət
də eləmədi, ancaq bir söz dedi: - Gedək şəhərə..."
(ƏQ, 13 noyabr 2021) Demə, hər cür
gümanlara rəğmən, Spartakla Təhminənin
arasında ciddi nəsə yoxmuş. Bu qədər.
Yadımızdasa, "Gürcü
familiyası" hekayəsinin (və "Gün
keçdi" filminin) qəhrəmanı Əsmər də
Moskvadan ilk sevgisinin havasına Oqtayı görməyə gələndə
aralarında ciddi nəsə olmur; bu məqamı
"Balaca" Fuadın son xahişi" hekayəsində
Oqtay bir daha yada salır: "Və yalnız bir gün -
Oqtayın ad günü ərəfəsində qəfildən
uçub Bakıya gəldi - Oqtayı təbrik etməkçün. Bütün
günü bir yerdə olsalar da, aralarındakı bu
qeyri-müəyyən münasibət, zamanın, ictimai
mövqelərin, həyat tərzinin yaratdığı sədlər
aşılmadı..." (ƏQ, 18 noyabr 2023)
Və hətta sanki "sədlər
aşıldığı" yerdə belə; "Əcəl"
povestində belə bir an var: "Ayağa
durub qolunu Allanın boynuna dolamaq istədi. Alla
ehmallıca, amma qətiyyətlə geri çəkildi.
- Lazım deyil, - dedi. - Heç nəyi qaytarmaq mümkün
deyil, - susdu..." - "sirr" əzəldən yox
imiş: "Osman Allanın hər enişinə-yoxuşuna, hər
dikinə-çökəyinə bələd olduğu bədəni
haqqında düşünür və onu da
düşünürdü ki, bu bədənə nə qədər
bələd imişsə, bu ruha da bir o qədər nabələd
imiş..." ("Azərbaycan", 2023, № 9, s. 40)
Əlbəttə, oxucularını az qala yarım əsr
belə uzun intizarda qoyan bu "sirr"də bir qədər
utilizə də var. Amma o da danılmazdır ki, mental qadın
həqiqətinə həssas Anar qələmi onu heç vəch
ucuzlaşdırmağa şans vermir.
8. Bəs Kəbirlinskinin kədəri? Hələ
"Dantenin yubileyi" povesti (və eyni adlı filmdən)
bilirik ki, Feyzulla Kəbirlinskinin həyatı "yuxu"
içində, "yuxu" kimi keçmiş, elə
ölümqabağı son etirafını da yuxuda edir:
"Düşündü ki, Eldara bunu mütləq deməlidir.
İndi də deməsə haçan deyəcək?
"-Eldar, bilirsənmi mən sənin atan deyiləm.
Sənin atan məşhur alim İsgəndər
Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında
həlak oldular. Sən körpəydin, salamat
qalmışdın. Səni Həcər
xalanla biz böyütdük". Eldar gözünü
qırpmadan: "-Təzə xəbər! - dedi. - Mən bunu çoxdan bilirəm". "-Bilirdin?" "-Əlbəttə, amma mənim
atam sənsən, anam da Həcər..." (ƏQ, 17 iyun 2023)
Demə, Kəbirlinskinin "sirr" bildiyi, bütöv bir ömür
əritdiyi gizlini özündən başqa hər kəsə
bəlli imiş... Üstəlik, daha bir "yuxu əhvalı":
"Sonra Eldar qəfilcə: -Mən həmişə səninlə
qürur duymuşam, - dedi" (yenə orada). Anar
yaradıcılığında bütün "sirr"lərə
açar olan "yuxu" poetikası indi hər yerdə
gerçəklərin (realistikanın) xeyrinə işləyir...
9. Həmişə belə fikirləşmişəm ki:
"Macal"da və ümumən də Anarın
"Macal"dan sonrakı yaradıcılığında
ekzistensial olan həmişə ictimai-sosial olana uduzur. Oqtaydan sonra "Balaca" Fuad da bu həqiqəti
yaşayır, bu məqama gəlir və bu yerdə
yazıçının gur, sürəkli, acı və
şaqraq qəhqəhələri başlayır, dayanmaq
bilmir, ta "Əcəl"əcən: "Uzun zaman
gülür, toxtaya bilmirdi. Maşından
düşən cavan oğlan əlindəki qəzeti kənara
atıb gülən adama baxır, təəccüblənirdi,
"görəsən, qəzetdə nə belə məzəli
əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə
çəkir, ugunub gedir?" (ƏQ, 18
noyabr 2023).
"Balaca" Fuad Anarın "Macal"
povestindən tanıdığımız Fuaddır; məşhur
memar "Fuad Salahlıdan fərqləndirmək
üçün hamının "balaca Fuad"
adlandırdıqları Fuad Mehdiyev". Povestdən
yadımızdadır ki, "Balaca Fuad" heç də
müəllimi Fuad Salahlının deyil, onun rəqibi
Şövqü Şəfizadənin yolunu tutur, qızı
Rumiyyə ilə evlənir, kürəkəni olur və habelə
kreslosuna sahib çıxır. Üstündən vaxt
keçmiş, qəhrəmanlar yaşa dolmuş, hər iki
korifey həyatdan köçmüş, hətta Fəxri
Xiyabanda: "Təsadüfənmi, ya bilərəkdənmi,
Şövqünün heykəli və Fuad Salahlının
qabartma-portreti əks istiqamətdə baxırdılar, elə
bil bir-birindən üz çevirmişdilər..." (ƏQ,
18 noyabr 2023)
Hekayədə belədir ki, vaxtilə
"Şövqünün, ondan sonra da Fuadın
sürücüsü" olmuş Qasım, "bu
yaşı ötmüş, amma peşəsindən əl
çəkməyən kişi indi Oqtayın
sürücüsü"dür, Rumiyyənin və Fuadın
təkidi ilə, Oqtaydan Fuadı qəbul etməsi
üçün görüş saatı alır. Bir
zaman ("Macal" povestində) Oqtay müəllimləri Fuad
Salahlının ölümünə rəsmi Nekroloq
xahişi ilə Fuadın qəbuluna düşmək istəmişdi;
indi (hekayədə) əksinədir. Yeni hakimiyyətin,
Xalq Cəbhəsinin hökmranlığı
dövrüdür, köklü dəyişmələr gedir,
kimsə Şövqü Şəfizadənin adını
daşıyan küçənin adını Fuad Salahlıya
dəyişib: "İncimə, Fuad, axı çoxları
Fuad Salahlının başına gələnlərdə, yəni
sağlığında heç bir layihəsinin tikilməməsində
Şövqünün barmağı olduğunu
düşünür" (yenə orada). Fuadın "son
xahiş"i bundan ibarətdir ki: "heç olmasa, yaşadığı
evin divarından Şövqünün xatirə lövhəsini
çıxarmasınlar. Yoxsa Rumiyyə buna
dözməz. Ürək xəstəsidir.
Qəzetdə Şövqü haqqında yazılanları
ondan gizlədirəm..." (yenə orada)
Hakimiyyətlər dəyişir, hakimiyyətin
münasibəti isə heç vəch dəyişmir:
"Oqtayın otağından qarışıq hisslərlə
çıxırdı. Bir yandan, Oqtay
sözünü yerə salmamışdı, hətta
Şövqünün xidmətlərini qeyd etmişdi. O
biri tərəfdən, tam əminlik də yoxdu ki, Oqtay istəsə
belə bunun qarşısını ala biləcək; "hər
halda Rumiyyəni bir az sakitləşdirə bilərəm"
(yenə orada)
10. Fərd və cəmiyyət, insan və mühit məsələsi.
Bu barədə akademik Nizami Cəfərovun qənaətlərinin
sonrasına da tam şərik oluram: "...həmin mühakimələrində
getdikcə daha davamlı şəkildə fərdi "kor
dalan"a sıxışdırmaqda olan
yeni sosial-iqtisadi münasibətləri ittiham etməklə
Anar məhz fərdin (İnsanın!) müdafiəsində
dayanır ki, bu, heç şübhəsiz, böyük ədəbiyyatın
(və əsl yazıçının) missiyasıdır"
(N.Cəfərov, "Qırmızı limuzin"in
mistikasından "Əcəl"in realistikasına" -
ƏQ, 28 oktyabr 2023)
"Yeni sosial-iqtisadi münasibətlər" "Təhminənin
son sirri" hekayəsində də var; az
qala bütün İçəri şəhəri əlinə
alıb: "Binanın qarşısında Zərdabi
mağmın-mağmın oturmuşdu. Daha
doğrusu, Zərdabinin hələ o vaxtlardan qalan heykəli.
İndi bu binada nəşriyyat-filan yoxdu. Restoran açmışdılar burda. Zaura elə
gəldi ki, Zərdabini də burda restoranın
qapıçısı kimi saxlayıblar - gəlib-gedənləri
qarşılayıb yola salsın..." (ƏQ,
13 noyabr 2021). Bu isə Məmməd Nəsirin
bacısı oğlu Rizvandır, ölümündən
qırx günü gözləməyib biznesini inkişaf
etdirməyə tələsib: "Bu evi də mənə
özü vəsiyyət eləmişdi. Axı
məndən başqa heç kəsi yoxdu. Mənim
Nardaranda bir balaca dükanım var. Oranı da
saxlamışam, amma dedim şəhərdə də bir balaca
dükan açım. Savab işdi.
Dayımın da ruhu şad olar..." (yenə
orada)
Yeni zamanların abhavası "Kəbirlinskinin son
etirafı" hekayəsində xəstəxana mühitinin
ağır nəfəsi ilə öz aləmində olan
baş həkimin laqeyd, toxdaq, biganə münasibəti
arasındakı kontrastda da özünü göstərir
("Baş həkim cavab vermədən başıyla
razılıq işarəsi verdi, sonra
telefona: - Yox əşşi? - deyə
şaqqanaq çəkib güldü").
"Balaca" Fuadın son xahişi" hekayəsində isə
köhnə bürokratik sistemin "inqilabi" şəkildə
qabıq dəyişməsinin şahidi oluruq: "Qafur Əhmədli,
ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul
otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu
baxdı, tanısa da tanımamış kimi, ağızucu salam verib tələsik otağına
keçdi. Amma onunla gələn saqqallı kişi,
- güman ki, Əhmədlinin cangüdəni idi - Fuadı
tanıdı... "-Həri, Zeydullayam da.
Görürsən də, Fuad yoldaş, - yoldaş
sözünü açıq istehzayla dedi, - kiminin əvvəli,
kiminin axırı". Fuad -Bəli, elədir, - dedi, Əhmədovun
cangüdənisən? "-Həri, qardaşım oğluyla
qonşudu Qafur bəy, məni işə götürdü,
canı-başı sağ olsun, partiyasına da üzv elədi..."
(ƏQ, 18 noyabr 2023)
"Əcəl"də yeni sosial-iqtisadi formasiyanın
"köhnə dünya" üzərinə total həmləsi
artıq başa çatmışdır; qocaman jurnalist Osman Həsənoğlu
bir yandan iş yerində, "vicdanlı jurnalistika"dan
sıxışdırılır, yerinə "şou əhli"
gəlir ("-Əzizim, yazılarla və fotolarla
Qarabağı qaytarmaq olmaz. Oxucu da bu dəhşətləri
eşitməkdən, görməkdən bezib. Camaat başını qatmaq, əylənmək istəyir.
Onsuz da hərənin öz qayğıları, dərdi-səri
yetərincədir..." - "Azərbaycan", 2023, № 9, s.
29), digər tərəfdən təzə qonşusu, yeni "burjuaziya"nın nümayəndəsi Mehman İmanov
İçəri şəhərdə, evinə sahib
çıxmaq, israrla onu satmağa razı salmaq həvəsindədir;
həm də ən munis duyğularına məhəl belə
qoymadan ("-Necə izah edim sizə? Bura mənim
ata-babalarıma aid son xatirə yeridir. Burda
babam yaşayıb, atamı burdan sürgünə
aparıblar, heç bilmirəm qəbri də hardadır.
Anam burada vəfat edib. Mənim
nə yaxın qohumum qalıb, nə oğul-uşağım
var. Mən də burda öləcəm. Məndən
sonra bu otağa da sahib olarsız..." - "Azərbaycan",
2023, № 9, s. 34)
Akademik haqlıdır: "Oxucuda belə bir inam yaranmaya
bilməz ki, Mehman əvvəl-axır öz məqsədinə
nail olacaq, aldığı mənzilin sonuncu otağını
da ələ keçirəcəkdir. Çünki onun
iddiaları, hökmü Osman kimi yalnız bir fərdə məxsus
hadisə deyil, dövrün, zamanın iradəsini əks
etdirir..." (N.Cəfərov, "Qırmızı
limuzin"in mistikasından "Əcəl"in
realistikasına" - ƏQ, 28 oktyabr 2023) Kədərli
olan da elə budur.
Yazıçı Anarın ironiyası dərinlərdən
- Molla Nəsrəddin gülüşündən, Füzuli kədərindən
gəlir, Mirzə Cəlil təpərindən, Sabir
satirasından güc alır. Bu,
özünə-ironiyadır, özümüzə
ironiyadır.
11. Anarın realistikasına dair daha bir qeyd. Akademik
İsa Həbibbəyli Anarın
yaradıcılığını "Yeni realizm -
neorealizm" ədəbi cərəyanına aid edir (bax:
İsa Həbibbəyli, "Çoxmetodlu ədəbiyyata
keçid və yeni ədəbi cərəyanların
formalaşması prosesləri" - Poetika.izm, 2023, № 1, s. 9)
Akademikin ardınca, mən də Anar başda olmaqla Azərbaycan
"yeni nəsri"ni vaxtilə "neorealizm"ə
yozmuşam ("Azərbaycan yeni nəsri bədii metodu,
tipologiyası etibarilə XX əsrin neorealist tipli ədəbiyyatına
daxildir" - bax: T.Əlişanoğlu, Azərbaycan "yeni nəsr"i,
Bakı, "Elm", 1999, s. 68); bu təriqlə ki,
"neorealizm" XX əsr modernist cərəyanlarından
birisidir. Anarın son hekayələrini oxuyarkən, o da mənə
maraqlı gəldi ki, qəhrəmanlarının "həyatı"
əsasən 1990-cı illərdə bitir, sonrası ya "əcəl"
gəlir, ya da "dekonstruksiya"... Bu
açıdan akademik İsa Həbibbəylinin yaxınlarda
elmi məclislərdən birində səsləndirdiyi daha bir
fikir yadıma düşür. Azərbaycan
modernizminin ədəbiyyatımızda yeri və sərhədlərini
müəyyən etməyə çalışan akademik bu cərəyanı
1960-1990-cı illər arasında gördüyünü
bildirdi; platforması, təmərküz nöqtəsi və
ruporu kimi isə Anarın "Qobustan"ını hesab
etdiyini söylədi. Hərçənd
bu artıq başqa əhvalatın mövzusudur...
Tehran
Əlişanoğlu
Ədəbiyyat qəzeti 2024.- 27 aprel,
№15.- S.12-13.