Tül pərdənin o biri tərəfində
"Əhəmiyyətli
olan odur ki, bir şeyin ağırlığını əvvəlcədən
bilə-bilə onu yerindən qaldırmağa cəhd edəsən"
Kamal
Abdulla
Söhbət xalqımızın mifik, tarixi, soğrafi,
istimai, əxlaqi görüşlərinin mötəbər
qaynağı, ana dilimizin ulu kitabı, bədii təfəkkürümüzün
möhtəşəm abidəsi olan "Kitabi-Dədə
Qorqud" dastanlarından gedir; dastanın deşifrə edilməyindən. Dastanı
deşifrə etməyə bizi dastanın misraları
arasında sıxışmış sözlər, kəlmələr,
cümlələr özü səsləyir. Amma məsələ burasındadır ki, o gizli
dediyimiz məqamlar da bir xeyli qəribədir. Kiminə görə o məqamlar bərk-bərk gizlənib,
heç ortalığa çıxmaq istəmir, kiminə
görə də əl uzadıb haray salır ki, məni
buradan çəkib çıxarın. Amma
əsrlərin daşlaşmış məngənəsindən
incəlikləri çəkib çıxarmaq heç də
asan deyil; ağır və məsuliyyətlidir. "Əhəmiyyətli olan odur ki, bir şeyin
ağırlığını əvvəlcədən bilə-bilə
onu yerindən qaldırmağa cəhd edəsən."
Xalq yazıçısı, əməkdar elm
xadimi, akademik Kamal Abdullanın Dastan haqqında dediyi bu fikri elə
yazıçı-alimin özünə şamil etmək olar.
Kamal Abdullanın həm elmi, həm də bədii
yaradıcılığının mərkəzində
"Kitabi-Dədə Qorqud" durur. Görkəmli alimin
qorqudşünaslıq tədqiqatlarının
hüdudları genişdir. Kamal
Abdullanın Dədə Qorqudla bağlı monoqrafiyalar və
romanlar silsiləsi geniş coğrafiyaya yayılmış, Dədə
Qorqud dünyasına həm elmi, həm də ədəbi-bədii
cəhətdən zəngin ərməğandır. Dədə
Qorqudun zahirən gözlə görünməyən alt
qatına, mifoloji qatına enərək gizli mətləbləri
işıqlandıran nadir tədqiqatların müəllifi
kimi o, türk dünyası ədəbiyyatında və mədəniyyətində
görkəmli yerini çoxdan alıb. Onun yaradıcılığı ilə bağlı
Türkiyədə yazılan kitablarda müəllifin qədim
dastanımıza münasibəti xüsusi yer tutur.
"Kitabi-Dədə
Qorqud"un dərinliyinə, mifoloji
qatına enərək gizli şifrələri açan akademik
deyir: "Mənim deşifrəmin inkarı
mümkünsüz bünövrəsi var - bu, "Gizli Dədə
Qorqud" silsiləsini təşkil edən tədqiqatdır."
"Kitabi-Dədə Qorqud"un naməlum gizli
qatlarını ən incə ayrıntısına qədər
araşdıran, Dastanla bağlı elm aləminə
üstüörtülü qalan məsələləri
açıb, bunu elmi cəhətdən konkret dəlillərlə
izah edən Kamal Abdullanın tədqiqatları ilə Dastan
yeni tədqiq mərhələsinə keçid edib. Kamal Abdulla Dastanın dərin qatlarını,
ağırlığını, məsuliyyətini bildiyi halda
onu açmağa, yerindən qaldırmağa cəhd edib.
Təkcə
Azərbaycan xalqının deyil, bütün türk
dünyasının qiymətli xəzinəsi, möhtəşəm
tarixi salnaməsi, ulu sənət nümunəsi, milli mədəniyyətimizin
ən zəngin qaynaqlarından olan "Kitabi-Dədə
Qorqud" dastanı Kamal Abdullaya qədər də, onunla, eyni
zamanda da çox qiymətli alimlər, türkoloqlar,
qorqudşünaslar tərəfindən
araşdırılıb və elmi dəyəri yüksək
olan fikirlər səslənib. Qeyd edək ki, "Kitabi-Dədə
Qorqud"un dünya dastanları içərisindəki
üstün yeri, bu möhtəşəm eposun ictimai-bədii
dəyəri haqqında çoxsaylı elmi və bədii əsərlər
yazılıb. Kamal Abdullanın isə digər müəlliflərdən
fərqi ondadır ki, o, üzərindən bilərəkdən,
ya da fərqində olmadan keçilən məqamlara üz
tutub, onları işıqlandırıb.
Xüsusi şəkildə şifrələnmiş məlumat
kimi diqqəti çəkən Dastanın sirlərini elmi
kamilliklə açan Kamal Abdulla mütəxəssislərin və
oxucuların rəğbətini tədqiqat üslubunun fərqliliyinə,
bənzərsizliyinə görə qazanır. Yazıçı-alim
Dastan haqqında formalaşdırdığı yeni, əsaslı
və gerçək deşifrələrlə Dastanı
oxumağa yeni həvəs yaradıb. İstəkli, hətta
laqeyd oxucunu sənət abidəmiz "Dədə Qorqud
Dastanı"na yönləndirməyin
özü böyük bir nailiyyətdir.
Dastandakı gizli məqamların aşkar edilməsi cəmiyyətdə,
elm aləmində, həvəskar oxucu arasında heç də
birmənalı qarşılanmadı. Bu deşifrələr,
əvvəlcə belə deyək, bizləri
çaş-baş saldı. Bilmədik, əsrlərin
qanadında ehtiyatla, ehtiramla bizə ötürülən
çox qiymətli və toxunulmaz, hətta bütləşdirilmiş
sənət abidəmizin ancaq görünənləri ilə
kifayətlənib qane olaq, yoxsa, Dastanın toxunulmazlığını
qırıb, buzunu əridib ona yeni nəfəs verən Kamal
Abdullanın dediklərinə inanaq. Bu qərarsızlıqdan
çıxmağın iki yolu vardı: biri asan yol, digəri
çətin yol. Asan yolu seçənlərin
səsi daha yuxarıdan çıxdı; avazlarının ən
son həddinə qədər səslərini ucaldıb dedilər
ki, "Belə də şey olar?! Yoo, biz Dədə
Qorqudu və Dastan qəhrəmanlarını belə
tanımamışıq! Elə nə
yazılıbsa, Dastan odur. Dərində nə
işimiz var? Dastanın "altını
üstünə çevirmək" lazım deyil!"
Çətin yolu seçənlər isə şübhə
içində dinməzcə başlarını
aşağı salıb Dastanı bir də, amma bu dəfə
daha diqqətlə oxumağa, anlamağa başladılar. Dastana belə yanaşanlara
Dastan özü də, elə bil, kömək elədi; sətir
aralarına sıxışıb görünməz bəzi məqamlar belə diqqətli
və istəkli oxucuya, sanki göz vurdu ki, "Gəl, daha
yaxın gəl, bizim sənin kimi oxuculara ehtiyacımız
var." Nəticə olaraq Kamal Abdullanın
Gizli Dədə Qorquduna inam və maraq artmağa
başladı. Amma bu dəfə də
ardı-arası kəsilməyən tənqidlər
başladı. Bütün tənqidlərin
çıxış nöqtəsi isə bu yersiz cümlədir:
"Sən niyə səndən əvvəl yazanlar kimi
yazmırsan, səndən əvvəlkilərə
oxşamırsan?" Çoxsaylı suallara, tənqidlərə
alimin sualqarışıq cavabı isə olduqca yerindədir:
"Dədə Qorqud"da özünü göstərən,
amma gizlin şəkildə göstərən, bir növ, gizlənmiş
nüansları bir az da gizlətmək lazım deyil." Özəlliklə Dədə Qorqudla bağlı
verilən suallara cavab isə sadədən də sadə,
açıq-aydın, anlaşılandır (!). "Bütləşdirməkdən qaçma cəhdi."
Bu natamam cümlə verilən sualın daxili fəlakətinə
həm soyuqqanlı bir cavabdır, həm nöqtədir, həm
nida.
Akademik Kamal Abdullanın yalnız yazıçı kimi
qələmə aldığı ədəbi əsərlərə
diqqət yetirmək onun çoxçeşidli intellektual fəaliyyətini
gözardı etmək deməkdir. Yazıçı-alim
Kamal Abdullanın Dastanla bağlı saysız elmi əsərlərində
ortaya qoyduğu faktlar başqadır, ədəbi əsərlərində
təsvir etdiyi başqa - ədəbi əsərləri elmi tədqiqatlarından
bəhrələnsə belə. Xüsusən
də, "Yarımçıq Əlyazma"
romanındakı Dədə Qorqud. Bu romanda bədii mətnin
içərisində elmi mətni oxucuya çatdıran,
Dastanı oxumayanlarda belə, Dastana qarşı maraq
oyandıran Kamal Abdulla, eyni zamanda oxucusunu elmi zənginliyin dərin,
amma yekrəng qatından bədii ədəbiyyatın sehrli və
rəngarəng dünyasına səyahətə
çıxardı. Və gözardı edilməməlidir
ki, "Yarımçıq Əlyazma" romanı tarix deyil,
ədəbi bir əsərdir və dəyərləndirməni
bunu nəzərə alaraq aparmaq lazımdır.
Tənqid həmişə var olub və həmişə
də olacaq. "Meyvə verən ağac daşlanar" atalar
sözündən güc alaraq onu deyə bilərəm ki, bir
düşüncə, bir əsər tənqidə məruz
qalırsa (tənqid etmək daha yumşaq səslənir), demək,
o düşüncə yetəri qədər bərəkətlidir.
Elə o bərəkətin
işığıdır ki, Kamal Abdullanın Dastan üzərinə
yazdığı elmi və ədəbi əsərlər
qardaş Türkiyədə ədəbiyyat və elm sahəsində
maraqla qarşılanır. Görkəmli
alimlər bu yeni düşüncələrə yüksək
qiymət verir və Kamal Abdullanın
yaradıcılığına maraq hər keçən
gün artmaqdadır.
Akademik Kamal Abdullanın Dastanla bağlı söylədiklərinin
dərin qatında, sadəcə, "Kitabi-Dədə
Qorqud" dastanlarının araşdırması durmur. Onu dərin və
tutarlı edən, eyni zamanda dünya ədəbiyyatı təcrübəsi,
Türkiyədə deyildiyi kimi, "Kamal Abdullanın
intellektual bir yazıçı olmağıdır."
Yəni, Kamal Abdullanın elmi əsərləri
intellektual axtarışların məhsuludur. Və daha öncələr də qeyd etdiyim kimi,
"Kamal Abdulla tələbkar yazıçıdır. Kamal Abdullanın elə bir əsəri yoxdur ki, onu
oxuyanda hansısa başqa bir mətnə yönəlməyəsən.
Kamal Abdullanın əsərlərini dahi Umbetro
Ekonun dediyi kimi, plyajda oxumaq mümkün deyil. Əlinə alıb oxumaq istədiyin əsər səni
hansısa başqa əsərləri oxumağa yönləndirir.
Sanki Kamal Abdulla adi, sıravi və az
mütaliə edən oxucu "qəbul etmir", dolayı
yolla onu fərqli əsərləri oxumağa məcbur edir. Qısacası, Kamal Abdullanı oxuyub anlamaq
üçün keçmişdən günümüzə
Azərbaycan və dünya ədəbiyyatının bir
çox vərəqinin tozunu udmaq tələb olunur. Oxucu da əsəri idrak etmək üçün
sözügedən mənbələrə müraciət etməyə
məcbur olur. Beləliklə, intellektual mətnlərin
müəllifi Kamal Abdulla əlinə kitab alan
oxucunu da intellektual baxımdan zənginləşdirmiş olur.
Çünki Kamal Abdullanın fəlsəfəsini
idrak etmək, üslubunu qavramaq, mətnin dərinliyinə
nüfuz etmək üçün mütaliə etmək
vacibdir".
Bu vəziyyət epos üçün də dəyişməzdir. Akademik deyir ki: "Sirrin
açarı Dastanın içində deyil, o, düşünən və
axtarmağa cəhd edənləri Dastandan kənara göndərir". Bir söz daha deyib dəyərli
ustad: "Kim bilir, bəlkə də uzaq bir keçmişdə
kimsə ümid eləyib ki, bir vaxt gələcək, onun
qurduğu bu şifrənin açarını tapıb
Dastanın gözlə görünməyən dərinliklərinə
enmək kimə isə qismət olacaq?!"
Nəticə
olaraq, dünyaca məşhur alim və qorqudşünas Kamal
Abdulla bizə Azərbaycan türkünün köklü
tarixini, zəngin mədəniyyətini əks etdirən,
ensiklopedik bir əsər olan sirlərlə dolu "Kitabi-Dədə
Qorqud"un gizli qapılarını açdı, Dastanın
gözlə görünməyən dərinliklərinə enərək
uzaq keçmişdə ümid edənin ümidini
doğrultdu. O, "Kitabi-Dədə Qorqud" dastanlarına,
xüsusən də, Dədə Qorquda fərqli bucaqdan
baxmağımıza vəsilə oldu. Daş
kimi hərəkətsiz durduğumuz baxış
bucağımızı dəyişəndə
"barmağımızı dişlədik", "Bu
ehtimalı biz niyə düşünməmişik? Eposun harmoniyası içindəki ziddiyyətləri
biz indiyə qədər niyə görməmişik? Bu sayrışan məqamların üstündən
niyə etinasızlıqla keçmişik?!" - dedik. Heç bu zamana qədər
dahi kitabların tükənməz
çoxanlamlılığı ideyasının tərəfdarı
olan Borxes də ağlımıza gəlmədi, Eko da.
Son olaraq onu deyə bilərəm ki, ustad Kamal
Abdullanın etiraf etdiyi kimi, ""Dədə Qorqud"
kitabı nə qədər aşkarlanırsa, o biri tərəfdən,
yenə də tül pərdəyə bürünür, sirlər
açıldıqca, yeni sirlər aşkarlanır". Bizə
düşən isə açılan sirləri, sirləri
açıldıqca aşkarlanan kitabımızı hörmət
hissilə yenidən oxumaq və bugünə qədər ulu
kitabımız üzərində əməyi olan
bütün qiymətli alimlərimizə minnətdar
olmaqdır.
Aynur Babaşova
Ədəbiyyat
qəzeti 2024.-
27 aprel, ¹15.- S.14.