Nar ağacı

 

Səxavət Sahilə ithaf edirəm

 

Gülöyşə narın budaqları Zəbulla kişigilin damına doğru əyilmişdi. Sinəsini Günəşin istisinə sərmiş ağacın, sanki damarlarında qan qaynayırdı bu qanı budaqlardan sallanmış meyvələrə ötürürdü. Ələ-ovuca sığmayan narları yuxarıdan Günəş, aşağıdan isə taxtapuşun dəmirinin istisi yetişdirirdi. Bu damın altında dərilmək üçün tələsən bir yetişmiş meyvə vardı...

İsi hər dəfə darıxanda babasıgilə üz tuturdu, köhnə nərdivanla dama dırmaşıb doyunca nar yeyirdi, ağzı-burnu, üst-başı şirə-mala olandan sonra aşağı enib həyətdə ora-bura qaçan Kurkurla - keçiylə oynayırdı. Kurkur da Allahın bəlası idi, adam görən kimi mələyə-mələyə ardınca düşüb ondan əl çəkəsi deyildi. İsi taxta qapını aralayıb içəri adlayan kimi Kurkur qabağına yüyürüb öz balaca dostuyla salamlaşdı. Nar ağacının yetişmiş meyvələri uzaqdan adama "gəl-gəl" deyirdi. İsi isə bu dəfə nar sevdasında deyildi... Onun bu həyətə gəlməkdə qəsdi başqa idi.

Babası eyvanda oturub qəlyan tüstülədirdi, nənəsi isə əlində süpürgə xəkəndazla həyəti süpürürdü. İsi Kurkurun qabağında bir-iki dəfə dombalaq aşdı, keçi kəsik-kəsik mələdi, sanki oğlanın hərəkətinə uğunurdu. İsi ilə Kurkur dost idilər. İsi babasına möhkəm-möhkəm tapşırmışdı ki, nəbadə, Kurkuru kəsib-eləyəsiniz, gecəylə gəlib bu evi yandıraram. İsi dostunun buynuzundan tutub yüngülcə silkələdi:

- Kef elə, Kurkur. Bir adam sənə toxuna bilməz, canını alaram.

Kurkur razılıqla başını tərpədəndən sonra arxayın-arxayın həyətin o başındakı otluğa üz tutdu. İsi babasına, nənəsinə məhəl qoymayıb eyvana sarı deyil, evin arxa tərəfinə keçdi. Baba mızıldandı:

- Bərəkallah! Buna hələ salam verməyi öyrətməyiblər? Ay balam, bu uşağa nolub? Yaman havalı-havalı gəzir.

Nənənin, deyəsən, qulağı ağır eşidirdi, heç başını qovzamadı. Nar ağacının taxtapuşa uzanan budaqları İsini özünə doğru çəkirdi. Ən dadlı meyvə isə aşağıda - taxtapuşun altından həyətə pəncərəsi olan balaca otaqda idi.

Esmira İsigilin qonşuluğunda yaşayırdı. Qız hər dəfə məhəllədən gəlib keçəndə İsinin ürəyinin döyüntüsü artırdı, içində izaholunmaz hisslər oyanırdı. Uşaq özünü itirirdi, dili söz tutmurdu. Esmira İsiyə baxıb gülümsəyir, başına sığal çəkib ötürdü. Bu səssiz qarşılaşmalar İsinin içində nəğməyə dönürdü. Bu nəğməni özündən başqa eşidən olmurdu. Qızın sağlam bədənindən qopan ətir oğlanı əməlli-başlı sehrləyirdi. Bu, İsinin dünyada ilk sirri idi. İsi uşaq olsa da, sirr saxlamağı yaxşı bacarırdı. Qızın bu sirdən xəbəri vardımı, yoxdumu, bunun özü sirri-Xuda idi.

İndi Esmira həmin bu taxtapuşun altındakı balaca otaqda idi. İsi onu qaçıran oğlanı da tanıyırdı. Oğlan qızı qaçırıb babasıgilə gətirmişdi. İsinin babası etibarlı adam idi oğlanın babası ilə möhkəm dost idilər. Müharibədə almanlara qarşı birlikdə vuruşmuşdular. İsinin babası sağ-salamat qayıdıb gəlsə , qızı qaçıran oğlanın babası sağ ayağını müharibəyə bağışlamışdı. Deyilənə görə, qızı oğlana verməyiblər, qız da qoşulub qaçıb. İndi qızı top-tüfənglə geri qaytarmaq mümkün deyildi. İsinin babası kənddə sayılıb-seçilən adam idi. Hal-qəziyyədən xəbərdar idi, qızı evində gizlətməyə özü razılıq vermişdi.

Çatlamış narın şirəsi axıb qabığına hopmuşdu. Şalvarının balağını dizinin kündəsinə qədər çəkmiş İsi gözucu taxtapuşdan aşağı boylandı. Başı gicəlləndi, az qaldı kəlləsi üstə taxtapuşdan aşağı dığırlansın. Tez nar ağacının budağından yapışdı, budaq möhkəm idi, müvazinətini düzəltdi. Günəşin altında narlar yaqut kimi işıq saçırdı. Digər narlar isə sürüşərək taxtapuşun kənarındakı novçaya yığılmışdı. Narların küskün görkəminə baxanda ürəyi sızladı. İndi onların yan-yörəsində qarışqalar dolaşırdı. İsi qaçırılmış qızı novçanın küncünə diyirlənmiş nara bənzətdi. Elə bu damdaca bapbalaca ürəyində babasına qarşı nifrət cücərməyə başladı: "Öz dostuna da xəyanət elədi bu qoca".

Taxtapuş quzulamışdı, yağan yağışlar onun rəngini yuyub aparmışdı. Nar ağacı isə əvvəlki gözəlliyində idi. İsi həmişə bu dama çıxanda üst-başı bulaşana qədər, doyunca nar yeyərdi. Bu dəfə çatlamış narlar eyninə deyildi, xırdaca ürəyi nar kimi çatlamışdı.

İsi ayağı altında hənirti duydu, aşağı baxdı. Esmira him-cimlə nar istəyirdi. İsi budaqdakı ən iri narı bir andaca qoparıb ikiyə böldü, nar dənələri üzüaşağı töküldü. Qız gülümsədi. İsi parçalanmış narı ona verdi, qız narı ləzzətlə yeməyə başladı, göyərçin əlləri, ağzı, yanaqları, ağappaq donunun ətəyi, bir ayağı altındakı mələfə qan rənginə boyandı.

 

***

İsi bu dəfə müvazinətini saxlaya bilmədi, tappıltı ilə taxtapuşun üstünə yıxıldı. Yetişmiş narlar dolu kimi üstünə töküldü, sanki onu daşa basırdılar,  nar ağacının yarpaqları bir andaca saralıb İsinin başına səpələndi. Ağac lümlüt qaldı. İsi, sanki bir andaca yazdan payıza düşdü, canını üşütmə aldı, əlləriylə çiyinlərini qucaqlayıb büzüşdü. Taxtapuşun üstündə, nar ağacının altında İsinin xəyallarını müsadirə etmək mümkün deyildi. Onu yuxu apardı, nədisə, bir gördü ki, başının üstündəki ağac çiçəkləyib, qollarını tərpətmək istədi, baxdı ki, qolları da ağappaq ləçəklərə bürünüb. O, nar ağacının bir parçasına çevrilmişdi. Tumurcuqların hərəsi bir nazlı mələyə çevrilib İsinin xeyli vaxtdan bəri ürəyində gizli oxuduğu nəğməni xoş avazla oxumağa başladılar. İsinin sirrini açıb aləmə faş etdilər. Mələklər oxuduqca İsinin ayaqları da ağac kimi kök atıb taxtapuşun altına, yerin dərinliyinə doğru uzanmağa başladı, qolları ağacın budaqları kimi taxtapuşun hər tərəfinə doğru uzandı. İsi qocaman bir nar ağacına çevrilib evi büsbütün əhatə etdi. Baba da, nənə , Esmira da indi bu ağacın içində idi.

Həyətdə qarışqa qoşunu nizami ordu kimi nar ağacına hücuma keçməyə hazırlaşırdı. Kurkur çaşqın halda həyətdə ora-bura qaçır, elə hey mələyirdi. Keçinin harayını eşidən yox idi.

Evin dərinliklərindən İsinin uçunan səsi eşidilirdi:

- Sən mənimsən, mənimsən... Səni heç kəsə vermərəm, vermərəəəm!.. 

 

***

İsi gözlərini açanda başının üstündə yenə nar ağacını gördü. Hava da əməllicə soyumuşdu. Novçaya ilişib qalmış narlara qarışqalar daraşmışdı. İsinin bədəni qarışqa yuvasına dönmüşdü. Babası yuxarı qalxıb nəvəsini qucağına götürdü birtəhər aşağı düşürtdü. Nənə ərini danlayırdı:

- Bayaqdan bir baxmırsan ki, bu gədə necə oldu? Uşağım naxoşdiycey. Tez ol, apar kiçik otağa.

Əllərini İsinin qollarına toxunduran arvad diksindi:

 Vaxsey, bədəni buz kimidir ki! Tez ol, apar içəri! Sirkəynən, keçi piyiynən ovuşdurum uşağı. Yoxsa, soyuq canına işləyəcək. 

- Uşaq döyül e, bəladır, bəla! - baba deyinə-deyinə İsini içəri apardı.

İsi damda nar rəngli yuxu görəndə oğlan gəlib qızı aparmışdı. İsini qızın gizlədildiyi otağa aparıb üstünü mələfə ilə örtdülər. İsi qeyri-ixtiyari yan-yörəsinə, mələfəyə, yatağın içinə baxdı; nar ləkəsinin bircə zərrəsini görmədi. Baba ilə nəvə ha illah elədilər, İsi onlarla bir kəlmə kəsmədi. Üzünü divara çevirib susdu.

Qocalar axşam tez yatırdılar. İsi onları yuxuya verib yerindən qalxdı həyətə çıxdı. Çevrilib taxtapuşun üstündəki nar ağacına baxdı.

İsi bir heç vaxt bu həyətə dönmədi.

 

Kənan Hacı

 

      Ədəbiyyat qəzeti  2024.- 27 aprel, ¹15.- S.15.