Budapeştdə
yazılmış Krım hekayələri
Bəkir Çobanzadə
nəsri haqda qeydlər
Krım
tatarlarının qəmi sevincindən, əndişəsi
rahatlığından çox olan həyatı Bəkir
Çobanzadənin poetik və publisist
yaradıcılığı kimi, hekayələrinin də mərkəzində
dayanır. Hiss
olunur ki, müəllifin Avropa paytaxtında qovuşduğu
nisbi şəxsi rahatlıq, başqaları ilə müqayisədə,
bəxtinin gətirməsi onu qətiyyən qanı
qanından, canı canından olan soydaşlarının
problemlərindən təcrid etməyib. "Mənim
qəlbim dağlardadır" - deyən məşhur
şotland bardı Robert Berns kimi onun ürəyi də
Krımda qalıb. Doğma yurddan uzaqda olsa da, vətəndəkilərin
çoxundan daha yaxşı anladığı, tarixi köklərini,
səbəblərini bildiyi dərd və problemlərə
münasibətdə şəxsi məsuliyyət hissi,
cavabdehlik duyğusu onu bir an tərk etmir.
Budapeştdən
ayrılmamışdan bir neçə ay əvvəl, 1920-ci il fevralın 2-də qələmə
aldığı "Bəzi günahlarım" adlı
kiçik nəsr nümunəsi bu cəhətdən səciyyəvidir.
Hekayədən daha çox, yığcam esse təsiri
bağışlayan yazıda müəllif düşüncə
tərzi, bədii-elmi yaradıcılığı və fəaliyyətinə
xas cəhəti - vətən sevgisini obrazlı şəkildə,
şairanə dillə ümumiləşdirmişdi:
"Gözlərində ümid nuru, kökslərində həyat,
bəxtiyarlıq atəşi ilə fidan boylu, al yanaqlı,
elmas saçlı gənc qızlar məni sevgidə, eşqdə
təməlsiz, səbatsız, xaraktersiz görürlər. Mən yurdumun nişanlısıyam. Onları, bəzən yurduma bənzəyirlərmiş
kimi görüb sevir, bəzən də yurdumdan uzaq, xəbərsiz
bulub sidqim sıyrılır, üz çevirirəm. Bu ürək birdən artığını sevə
bilmir, nə edim?"
Bunlar gəlişigözəl sözlər, bəlağət
və ritorika deyil, bir gerçək idi. Gənc Bəkir
Çobanzadə, hətta təsvir etdiyi epizodik sevgi süjetlərini
də böyük və əbədi Krım məhəbbətinə,
xalqa bağlılığına tabe tutmuşdu.
Hekayələrin, demək olar ki, hamısında şəxsi,
tərcümeyi-halla bağlı çalarlar
üstünlük təşkil etməkdədir. Çoxunu bəlli
ölçüdə avtobioqrafik adlandırmaq
mümkündür. Çünki
onların hamısında müəllifin bu və ya digər dərəcədə
şəxsi həyatında yaşadığı,
müşahidə etdiyi, yaxud eşitdiyi hadisələr və
insan tipləri sırf fərdi və milli çalarları ilə
təsvir olunur. Məsələn,
"Xırmanda bir şair" hekayəsinin qəhrəmanı
Əbdüləziz Mollanı tərəddüdsüz Bəkir
Çobanzadənin özü ilə eyniləşdirmək
olar. Burada onun həyatının
Budapeştə qədərki dövrü ilə
üst-üstə düşən, səsləşən məqamlar
kifayət qədərdir.
Əbdüləziz Molla bir müddət İstanbulda mədrəsələrə
ayaq döyəndən sonra Krıma qayıdır. Öyrəndiyi elmlərlə
güzəranını təmin edə bilməyəcəyini
görüb əməli yol seçir: xırmanda taxıl
döyən kəndlilərə qoşulur. Məqsədi yenidən
İstanbula qayıdıb təhsilini davam etdirmək
üçün bir az pul toplamadır. Ona görə də hər cür əziyyətə
qatlaşır. Həmkəndliləri ilə
birlikdə taxıl sovurur, buğda doldurulmuş kisələri
arabalara yükləyir. Fiziki mənada eyni işi görsələr
də, ürəyinin dərinliyində ağıl, hiss
baxımından özünün aralarından
çıxdığı kənd adamlarından üstün
olduğunu düşünür. Gecələr
ulduzlara baxıb fəlsəfi düşüncələrə
dalır. Bədahətən şeirlər
deyir. Və sonda şeirə aludəliyi ilə
də özünə düşmən qazanır. Bir
gün şəhərli müsafirləri ilə birlikdə
iş üstünə gələn xırman sahibi Cabbar
Çələbi savadı olduğunu bildiyindən ona əvvəlcə,
"Tərcüman" qəzetini oxudur. Şeir
qoşduğunu eşidib birini oxumasını tələb
edir. Ağanın sözündən çıxa bilməyən
Əbdüləziz Molla bədahətən
aşağıdakı bəndi söyləyir:
Biz
Tatarıq, işimiz yaxşı getmir,
Suçumuz
çox, Tanrı bizi əfv etmir,
Başqa
xalqlar zəngin olur, yurd salır,
Bizim para bir günlük toya yetmir.
Şeir əvvəlcə
Cabbar Çələbinin xoşuna gəlir: "Ay
ölmüşlərinin canına rəhmət! Çox
gözəldir! - deyə onu tərifləyir.
Çap üçün "Tərcüman"a,
İsmayıl bəyə göndərməyi məsləhət
bilir. Amma bir az dərindən
düşünəndə eşitdiyi misralarda imkanlı
adamlara, ilk növbədə isə, özünə
qarşı sərzəniş, hətta ittiham görür. "Bizim para bir günlük toya yetmir! Yox, bir
düyününüzə də para verəcəyəm! - deyə donquldanıb cızığından
çıxan şairə qəti xəbərdarlığını
edir: "Əgər bundan sonra belə beytlər yazıb xalqa
yatsa, yuxusuna da gəlməyən fikirlər öyrətsən,
ayağın yerə dəymədən səni buradan yox edərəm"
- sözləri ilə hədə-qorxu gəlir.
Əbdüləziz bədahətən dediyi misraları
"düşünərək yazmadığı" haqda
and-aman edib özünə bəraət qazandırmaq istəsə
də, nəticəsi olmur. Yalnız həmin
günə qədər şairlə yola getməyən, onun mənasız
qafiyələrlə camaatın əlini işdən
soyutduğunu düşünən Zibeydə abla həqiqətin
təsiri altında bir anda dəyişir. Sevincini
gizlətmir, "Çox gözəl oldu!" - deyir. "Zənginlərin
parası varsa, fəqirin də dili var. Dilimizi bağlayamaz ki!
Yaz sən, həm də bu axşam otur, yaz! Necə də
gözəl oldu! Sən qorxma, heç bir
şey olmaz!" - sözləri ilə
özünü itirmiş şairə ürək-dirək
verir. Bir an içində Əbdüləziz
Molla günün qəhrəmanına çevrilir. Ağsaqqal biçinci Mambet onu keçmiş
vaxtların bahadırlarına bənzədir. Hamı tütün kisəsini çıxarıb
eşmə təklif eləyir. Zibeydə
abla xörəyin ən yaxşı tikələrini
boşqabına qoyur. Üzə deyilmiş
həqiqət xırman əhlinə, sanki bir güc, qüvvət
verir. Sadə adamlar doğru söz, həqiqət
ətrafında birlik nümayiş etdirir.
Əslində, Bəkir Çobanzadə bu bəsit
süjetli, lakin ibrətamiz hekayədə qələm
adamının cəmiyyətdəki mövqeyi və təsir
gücü ilə bağlı arzularını ortaya
qoymuşdu.
Şair sözündən, qəzet xəbərindən zənginlər,
sərvət sahibləri özlərini
yığışdırmalı, xalq isə ruhlanıb
haqqını tələb etməli idi - müəllifin
arzuladığı cəmiyyət, münasibətlər
sistemi bu idi! Həyatda hər şey belə
asanlıqla başa gəlmirdi. Amma məktəbin,
maarifin, mətbuatın qadir gücünə inanan, üstəlik,
yaşadığı Avropa ölkəsində bunun əyani təzahürlərini
görən romantik yazar nə vaxtsa, vətənində də
belə olacağına inanırdı! Ən
azı, həmin hissi soydaşlarına aşılamağı
özünə borc bilirdi.
Avtobioqrafik
səciyyəli "On dörd yaşımda" hekayəsi
(1920-ci ildə tatar əsilli məşhur türk arxeoloqu,
Budapeşt Universitetinin məzunu Həmid Zübeyir Koşay tərəfindən
Türkiyə türkcəsinə çevrilsə də,
heç yerdə çap olunmamışdı - V.Q.) isə
daha çox lirik-sentimental ovqatın üstünlüyü ilə
diqqəti çəkir. "Bu hekayəni mənim qədər
anlayan Enis Behice ithaf edirəm" sözləri əsərin
yalnız Peştdəki Osmanlı konsuluna ithaf olunmasından
deyil, həm də müəlliflə türk diplomatı
arasında yaxın dostluq əlaqələrinin, hiss və
düşüncə ortaqlığının
mövcudluğundan xəbər verir. Hətta
Enis bəyin özünün də vaxtı ilə
İstanbula köç etmiş bir krımlı ailəsində
böyüdüyünü söyləməyə zəmin
yaradır. Çünki Krım
tatarlarının ağır taleyini, onların
işğalçı ruslarla mürəkkəb
qarşılıqlı münasibətlərini, zülmə
boyun əyməmək fəlsəfəsini yalnız bu
torpaqlarda böyüyən, həmin hissləri yaşayan
insanlar anlaya bilərdilər.
Hekayənin qəhrəmanı yeniyetmə Bəkirin
özüdür. Bunu qonaq getdiyi evdə hamıya "Bizim
çobanın oğlu..." - deyə təqdim
olunmasından da görmək mümkündür.
Doğrudur, ev sahibi Hacı Akay
özünü qonağın adını yadda saxlamaq əziyyətinə
salmır. Onu elə, sadəcə, Nəmənəcik
çağırır. Əslində bu
müraciət çox rəmzi səciyyə
daşıyır. Tatar insanlarının
adlarını, şəxsiyyətlərini, milli hiss və
duyğularını itirdiklərinə işarədir. İki qəsəbənin - Qarasu ilə Uluözənin
arasında xeyli məsafə olsa da, şərait, mühit və
yaşayış baxımından elə də ciddi fərq
yoxdur. Hər ikisində camiləri
hörümçək basıb. Uluözən
imamı isə Qarasudan olan həmkarı ilə "iki
rakı şüşəsi bir-birinə bənzədiyi qədər"
oxşardır.
Şəlalə
yaxınlığında rastlaşdığı bir mənzərə
adsız qəhrəmanın iç dünyasını
qarışdırır, daxilində təlatüm yaradır. Tatar bələdçilərin müşayiəti
ilə at belində təbiət seyrinə
çıxmış cavan rus qızlarının sərbəstliyi,
qayğısızlığı onun xəyalını
keçmişə - xalqının azad olduğu zamanlara
aparır. Buna səbəb isə qızlar deyil,
onların mindikləri cins tatar atlarıdır: "Atları,
bizim baş götürüb qaçan, şahə qalxan,
sahibini tanıyan, son zamanlarda köydə, Kolan ovalarında
doğulub şəhərin bir küncündə ölüb
qalan sevgili atlarımızdandı. Əvvəlcə,
atalarımız bu atlarla düşmən qovalamış,
dünyanın yeddi dənizini keçmiş, bellərində
doğulub ölmüş, sevgilisini, nişanlısını
qaçırmış, öldüyündə ayrıca qəbrə
gömülmüş, quyruğu heç əyilməyən
bayraqlarımızın ucunda dalğalanmış... Biz isə piyadayıq. Biz torunlar
bu atları unutduq. Onlar da bizi buraxıb
getdilər. İndi kim bilir, hansı
xalqların əmrində əski günləri,
atalarımızın səsli, varlıqlı, vüqarlı
günlərini unudub yenə kükrəyir, yenə
qoşurlar?! Düşmənləri evlərinə,
muradlarına alıb götürürlər. Biz piyada qaldıq. Neçə yüz ildən
bəri... Hər yerdə, hər yarışda, hər
mücadilədə... Atlarımızı sevək! İnanclarımıza görə Peyğəmbərimiz
də Meraca Burak adlı atı ilə
çıxmışdı. Zatən,
başqa cür də çıxa bilməzdi. Köhnə
vaxtlarımızdakı atlarımız olsaydı, onları
ram edən igidlərimiz olsaydı, biz də
çıxardıq..."
Yəqin ki, müəllif yalnız belə sentensiyalarla
kifayətlənsəydi, hekayəsi adi publisistika səviyyəsindən
yuxarı qalxmaz, psixoloji dərinlik və bədii dəyər
qazanmazdı.
Bəkir Çobanzadə yaradıcılıq
yolunda ilk addımlarını atsa da, həqiqi ədəbiyyatın
qarşısında duran vəzifələri, bədii
sözü qəzetçilikdən fərqləndirən cəhətləri
ən azı, fəhmlə, intuisiya ilə anlayırdı.
Ona görə də qəhrəmanını
yalnız tarixi düşüncə və paralellərin cazibə
dairəsində saxlamamışdı. Pafos
əsirinə çevirməmişdi, adi, gündəlik həyata
gətirməyə çalışmışdı. Nəticədə daha gerçək, daha səmimi və
təbii bir mənzərə yaratmağa nail olmuşdu.
Bir-birlərinin
dillərini çox az bilsələr də,
özü kimi romantik təbiətli rus qızı Anyuta ilə
yaxından tanışlıq 14 yaşlı tatar yeniyetməsini
həqiqi insani hisslərin hər şeyin fövqündə
dayanması həqiqətinə inandırır. Məhz səmimi insan münasibətlərinin təzahürü
həmin anlarda rusların vətənini işğal etmələrini,
tatar atlarını minib tatar torpaqlarında arın-arxayın
gəzmələrini unutdurur. Anyutanın
onu eyni dildə danışdığı, eyni inancı
paylaşdığı soydaşlarından daha yaxşı
anladığına əmin olur. Amma bu halı yalnız bir
an çəkir. Rus
qızı nəvaziş göstərmək istəyəndə
onun əllərini geri itələyir, sərt və qətiyyətli
səslə "Siz bizi sevmirsiniz. Özüm
görmüşəm. Rus məktəblərinin
divarlarındakı şəkillərdə gördüm.
Siz bizi öldürürsünüz. Bizi sevmədiyinizi hər kəs bilir!" - deyə düşündüklərini
Anyutanın üzünə deyir. Yalnız rus
qızının "Onlar başqa adamlar! Onlar bizi də sevmirlər. Mən
tatarları sevirəm" - sözlərindən sonra əvvəlki
səmimiyyət bərpa olunur. Sadə
süjet xəttinə malik hekayədə müəllif qəhrəmanının
uğradığı metamorfozanı ustalıqla əks etdirməyi
bacarmışdı.
Krım tatarının taleyi, tarix boyu xalqının məruz
qaldığı məhrumiyyət və faciələr Bəkir
Çobanzadəni erkən gənclik çağlarından
düşündürmüşdü. Taleyin
amansız zərbələrindən yayınmaq
olmazdımı? Yanlış addımlar nə
zaman, harada atılmışdı? Səhv
ataların idi, yoxsa, onların əmanətini layiqincə
qoruya bilməyən oğulların? Bir zaman yel ayaqlı
atların belində Moskvaya qədər gedib çıxan, rus
çarlarından bac-xərac alan tatarlar nə
üçün məzlum, çarəsiz duruma
düşmüşdülər? Əzablı
yollar haradan, haçandan başlamışdı? Budapeştdə yazdığı əsərlərdən
ibarət "Qaval səsləri" məcmuəsinə daxil
etdiyi həcmcə iri nəsr əsərinin - "Uğurlu
yollar" hekayəsinin leytmotivi, əslində bu çətin
suallara cavab tapmaq cəhdi kimi mənalandırıla bilər.
Hekayənin
adı ilə məzmunu arasında bir ziddiyyət var. Acı
istehza, sarkazm yükü daşıyan "Uğurlu yol", əslində
Krım tatarlarını ehtiyaca, fəlakətə, milli
simanın itirilməsinə aparan yoldur. Müəllif
tatar kimliyinin qeyb olmasını xalqının ənənəvi
yaşam tərzindən, patriarxal həyatdan imtina edib,
böyük şəhərlərə köçməsində
görür. Aulda dilini, dinini, adət-ənənələrini
qoruya bilən Krım tatarı şəhərdə bunu
bacarmır.
Bu kədərli aqibət Krımın Çonqar
bölgəsinin əkinçi sakinləri olan Qurd Baba və
Men Börü ailələrinin timsalında izlənilir. Yaxın
qonşular gündəlik ruzilərinin
çıxdığı torpağı buraxıb,
yaxşı güzəran sevdası ilə şəhərə
köçürlər. Men
Börünün on yaşlı oğlu Seyid Nəbi, Qurd
Babanın altı-yeddi yaşlarındakı qızı Fatimə
valideynləri ilə müqayisədə şəhər həyatına
daha asan uyğunlaşırlar. Hər iki
ailə gələcəkdə qohum olmağı
düşünür. Bunu
övladlarından da gizlətmirlər. Əvvəlcə
təhsilə o qədər də maraq göstərmədiyindən
Seyid Nəbini bir yəhudinin dükanına pirkeşik verirlər.
O, ağlı, bacarığı, insanlarla dil tapmaq məharəti
sayəsində tezliklə uğur qazanır. Rus
dilini öyrənir, mühasib ixtisasına yiyələnir.
Daha sonra ziyalı tatar kimi şəhər
dumasına katib seçilir. Müəllimlik
edir, cəmiyyəti-xeyriyyə işlərində fəallıq
göstərir. Artıq soydaşları
arasında, sadəcə, Seyid Nəbi deyil, "Seyid Nəbi
Menbörüyev cənabları" kimi tanınır.
Evdə Quran təhsili alan Fatimə də
tərbiyəli, ağıllı qız kimi
böyüyüb. Valideynləri
övladlarına baxıb gələcəyin xoşbəxt ailə
ocağı barədə düşünürlər. Sanki hər iki tərəf min bir məhrumiyyətlə
üzləşdiyi yad, mərhəmətsiz şəhərdə
istəklərinə çatmış kimi görünürlər.
Elə bu zaman şəhər həqiqi, sərt
simasını göstərir. Lirik ricətlərinin birində ifadə
olunduğu kimi, "Köydə erkək, tarixdə igid olan
xalq şəhərdə xidmətçiyə
çevrilir".. Təbii
ki, patriarxal həyat tərzi bəlalardan
çıxış yolu deyildi. Elə
dövr başlamışdı ki, müəllifin müəyyən
qədər ideallaşdırdığı kənd də
insanları xilas edə bilmirdi. Çünki
dünyaya baxış dəyişmişdi. Mənəviyyat erroziyaya uğramışdı.
Əlinə pul gələn Seyid Nəbi
artıq ata-babaları kimi əski kənd qaydaları ilə
yaşamaq istəmir. Gününü
yüngül əxlaqlı rus qızlarının arasında,
kef məclislərində keçirir. İçkiyə
aludəlik hər şeyə, hətta bütün
varlığı ilə onu sevən Fatiməyə də
marağını öldürür.
Fatimə də yeganə çıxış yolunu yenidən
ilkinliyin, saflığın qorunduğu kəndə
qayıtmaqda görür. Lakin qayıdış
mümkün deyil. Tatarların buraxıb gəldikləri
torpaqlar artıq almanların, rusların əlindədir.
Krım içəridən,
qarış-qarış işğal olunur. Onun maarifdən, milli şüurdan kənar
düşmüş həqiqi sakinləri laqeydlikləri, tənbəllikləri
ucbatından dilbər vətənlərini günbəgün
itirirlər.
Bəlkə
də bu saf, təmiz tatar qızının məhəbbəti
Seyid Nəbi üçün düşdüyü
burulğandan xilasedici kəmər ola bilərdi.
Ancaq o, evlənmək də istəmir. Ailə həyatının qəlb
rahatlığı, könül xoşluğu gətirəcəyinə
qətiyyən inanmır, "Bizim evlənməyimizdən bir
imam, bir də çalğıçı qaraçılar
qazanır" - deyə anasının
yalvarışlarını rədd edir. Heç
kəs qarşısında məsul olmadığı,
yalnız öz kefi üçün yaşadığı sərbəst
həyatı daha üstün tutur.
Tay-tuşlarının çoxu kimi, Seyid Nəbi də
gücünü, enerjisini sərf eləməyə yer
tapmır.
"Uşaqkən alma
oğurlayırdım, pəncərə
sındırırdım. Bəs indi nə
edim?"- dilemması
qarşısında aciz qalır. Bəkir
Çobanzadənin fikrincə, cəmiyyətin öndə gedənləri
də bu suallara cavab vermək iqtidarında deyillər. Hər
tərəfdə dəhşətli mənəvi boşluq
hökm sürməkdədir: "Bu gün hörmət sahibi
olan müsəlman gənclərin hamısı içir. İsmayıl Qasıpralı, Kazanlı Abdulla Tukayev
deyilən şairlər hamısı içirlər. Tukayevi hər gün küçədən
qaldırıb evə gətirirlər. Sevəcək
bir kimsən, arxasından qoşacaq bir işin olmayandan sonra
içməyib nə edəcəksən?"
Müəllifin acı ironiya ilə "yeyən
heyvan" adlandırdığı Seyid Nəbinin həyatı
məntiqi sonluqla bitir - növbəti içki məclislərindən
biri ölümü ilə nəticələnir. Amma onsuz da,
faciəli duruma düşmüş tatar cəmiyyəti bu
faciədən nəticə çıxarmaq iqtidarında
deyil. Əksinə, ətrafdakılar anasına təsəlli
verib deyirlər: "Yalnız sənin başına gəlməyib
ki? Xədicə ablanın oğlu Marusyaya
görə intihar etdi. Nəbinin oğlu dükan soyub adam öldürdüyü üçün
Sibiryaya sürgün olundu. Səninkinin kimsəyə
zərəri olmadı. İşiylə, eviylə qismətini
yedi, bitirdi, getdi..." Bir sözlə, belə
çıxır ki, yalnız özünün deyil, valideynlərinin,
sevdiyi qızın həyatını puç edən Seyid Nəbi
əslində başqa soydaşları, həmvətənləri
ilə müqayisədə, az qala, övliya kimi bir varlıq
imiş...
Uzaq Macarıstanda bu kədərli vaqeələr, sanki
şəxsi həyatını nizama salmış kimi
görünən, sevimli məşğuliyyəti, gələcək
üçün aydın məqsəd və məramı olan
müəllifin yadına niyə düşmüşdü? Hekayənin son cümləsi
ortaya çıxan qəfil suala cavab təsiri
bağışlayır: "Budapeştin gurultulu küçələrində
Rumıniya ordusu ilə gələn Dobrucalı bir tatar əsgəri
gördüm. Cocuqluq illərində şahidi
olduğum hər şey yenidən gözlərim önündən
keçdi". Əslində özgə
iradəsinin, hökmünün ifaçısına
çevrilən həmin gənc tatar əsgəri də
dünyanın müxtəlif guşələrinə səpələnmiş
talesiz Krım tatarlarından biridir. Rusların,
almanların ağalığı altına
düşmüş tatarla rumın hökmünə boyun əymək
məcburiyyətində qalmış tatar arasında
keçilməz sədd yoxdur. Hər ikisi
vətən torpaqlarının ardınca dil və milli
varlıqlarını da itirmək təhlükəsi
qarşısında qalıblar.
"Bir yerdə durmayan su axıb gedir. Axıb gedən
su da intəhasız, əngin dənizlərə qoşulur,
yox olur. Yurdunda oturmayanlar, onun-bunun
qapısında, onun-bunun süfrəsində baş girləyənlər
də çox keçmədən yox olurlar. Yaşadığı yurdu istəklərinə
uyğun bir şəkildə dəyişə bilməyənləri
də torpaq, ya üstündən atır, ya da
çürüdüb məzara gömür. Tarixin qüdrətli, qüvvətli Yehova (yəhudilər
- V.Q.) milləti topraqlarından köçəndən sonra
"cühuda" çevrildi. Tarixdə
yerləri olmayan kazaklar torpağa sahiblənəndən sonra
yeddi dənizə hakim "rus"a çevrildilər.
Bir həyat var - Torpaq! Bir ana var - Torpaq! Bir cəllad
var - torpaq!"
Hekayənin
proloqunda yer alan bu sətirlərdə
yazıçı, sanki qəribə bir intuisiya ilə
doğma xalqının yalnız tarixi yox, gələcək
faciələrini də görmüşdü...
Bura qədər nəzərdən keçirdiyimiz kədərli,
ürək sıxan həyat tarixçələri Bəkir
Çobanzadə nəsrinin, sadəcə, bədbin notlar
üzərində kökləndiyi təsəvvürünü
yaratmamalıdır. Krım türklərinin təkcə taledən
şikayətlənib dərd çəkmələri deyil,
sevinc və nəşələri, mübarizə əzmləri,
cəsarət və mərdlikləri, sonsuz vətən sevgiləri
də onun diqqətindən yayınmamışdı. "İndemez Cəlil" (burada əhli-kef,
heç nəyə əhəmiyyət verməyən,
heç nəyi ürəyinə salmayan mənasında
işlənib - V.Q.) hekayəsinin qəhrəmanı Cəlil
ağa yurdun belə insanlarındandır.
Müəllifin "orta tatar boylu, geniş çiyinli,
qara bığlı, qara gözlü, gur saçlı, bəyaz
tənli, incə burunlu bir kişi" kimi təqdim etdiyi Cəlil,
sanki zahirən heç nə ilə maraqlanmır. Az
danışır. Kimsənin işınə
qarışmır. Qış-yay saatlarca
evinin qabağında oturub çubuğunu ağzından
çıxarmadan, sadəcə, öz-özü ilə
göftgu edir. Lakin bu susqun, hər şeyə
laqeydlik təsiri bağışlayan halı ilə "digərlərindən
daha çox, krımlı, əski krımlıdır. Krımlının qayğısı, can
sıxıntısı, günlərini faydasız keçirməsi"
onu hamıdan daha çox qayğılandırır.
Çünki "Batı, Çingizin, Teymurləngin
yabançı göründüyü insanlar ona da
yabançıdırlar". Cəlil ağa
daxilən bir Krım vətənpərvəridir, Krım təşnəsidir.
Amma bunu büruzə vermir.
Rusiyanın pravoslavlıq təəssübkeşliyi
mövqeyindən qatıldığı Birinci Dünya
savaşı başlanır. Digər
soydaşları kimi, Cəlil ağanı da səfərbərliyə
alıb cəbhəyə göndərirlər. Minlərlə
tatar ögey vətən üçün labüd ölümə
getsə də, yad münasibəti, ayrı-seçkiliyi hər
an hiss edirlər. Bunu müəllif təhkiyəsində
də görmək mümkündür: "Rus subayları o
qrupun adlarını yazandan sonra bir neçə dəfə
sayıb getdilər. Onlara görə bu
vaqondakılar (Krım tatarları, Karaim türkləri, yəhudilər
nəzərdə tutulur - V.Q.) düşmən atəşini
söndürmək, topların ağzını tıxamaq,
süxurları doldurmaq üçün qan və
sümükdən başqa bir şey deyildilər".
Amma Cəlil ağa müti olmaq barədə
düşünmür. Ona vaqonda çubuq çəkməyi
qadağan etmək istəyən rus zabitinə həddini
bildirir. Savaşda da çoxlarından fərqlənir.
Aslan kimi döyüşür. Medallara, hətta məşhur Georgi xaçına
layiq görülür. Amma
tütünü qurtarınca çubuğunu boş saxlamamaq
üçün əsla, düşünmədən, hərbi
mükafatlarının hamısını dəyər-dəyməzinə
satır.
Final səhnəsində döyüşlərin birində
Avstriya-Macarıstan ordusuna əsir düşmüş Cəlil
ağanı Budapeştdə görürük. Buradan da onun
real şəxs, Həmdi Atamana məktublarında tatar əsirlər
içərisində bir-iki arkadaşı olduğunu yazan Bəkir
Çobanzadənin əski tanışlarından biri
olduğu qənaətinə gəlmək mümkündür.
Müəllif qürbət eldə Cəlil ağa ilə
görüşünü belə təsvir edir:
"Bir gün Budapeştdə bir macar dostum "Sizin tərəflərdən
bir əsirim var. Heç bir dil bilmir. Yaraşıqlı,
maraqlı adamdır. Bir gün gəlsəniz, bir az söhbət edərik. Çubuq
çəkmək dəlisidir. Gələndə bir az
tütün də gətirin", - dedi. Getdim,
görüşdük, hal-əhval tutduq, bir-birimizin kefini
soruşduq, söhbət elədik. Cəlil ağa idi, həmin
o, İndemez Cəlil! Çubuğunu
üç dəfə sümürüb qurtarmamış
ağzından bir söz çıxmırdı. "Krımdan bir xəbər
alırsınızımı?" - soruşdu.
Mən də: "Alırıq, Cəlil ağa. Krımda qarışıqlıq var. Tatarlar yenə
xanlıq qurmaq istəyirlərmiş. Krıma
qayıtsanız, vuruşacaqmısınız?" -
dedim. Cəlil ağa:
-
Savaşıb yenə medalmı alacayıq? Bizə yetər,
artıq siz savaşın! - dedi.
- Medal, nişan yoxdur. Savaşsaq, Krımı,
bütün Krımı alacağız, Cəlil ağa!
Cəlil
ağa çubuğunu sümürməmişdən əvvəl
bir az düşündü:
- Elə
isə savaşaq. Krımı alacaq olsaq, çubuğumu belə
bir yana ataram! - dedi. Dedi və bir qəhqəhə
çəkdi. Bəlkə də illərdən
bəri belə gülməmişdi".
Və hekayə müəllifi inanır ki, zahirən əhlikef,
laübalı görünən Cəlil ağa kimi ürəyi
vətən eşqi ilə dolu insanlarla Krımı
düşmən tapdağından qurtarmaq, orada azad və
hürr məmləkət qurmaq olar.
Bəkir Çobanzadə nəsr əsərlərinin mərkəzinə
elə həyat hadisələri və insan tipləri gətirməyə
çalışırdı ki, onlar yalnız ayrı-ayrı
fərdlər kimi qalmasınlar, müəllifin
"tatarlıq" adı altında ümumiləşdirdiyi
böyük, qollu-budaqlı toplumun sıra nəfərinə
çevrilsinlər. Bir nəfər Krım türkünün
fəlakəti, yaxud faciəsi bütün
tatarlığın acı nəsibi kimi öz əksini
tapsın. Bu baxımdan yanaşdıqda, tərəddüdsüz
demək olar ki, nəsr və şeir
yaradıcılığının başlıca mövzusu
tatarlığın dünəni və indisi, tarix yolunda
üzləşdiyi çətinliklər, sabaha bəslədiyi
ümidlər idi.
"Biz
tatarlar çox sürətlə doğulur, böyüyür,
oynayır, danışıb-gülür, sonra da
yıxılıb ölürük, - deyə kədərli bir
ümumiləşdirmə ilə bütöv toplumun portretini
yaradan müəllif tatar həyatının özəlliklərindən
söz açaraq yazırdı: "At üstündə,
ayğırların belində qoşdurub duran bir taleyimiz var.
Toz qaldırıb, göz qamaşdırıb ortaya
çıxırıq, sonra bir dönüş
sırasında, bir ucqar, izsiz-soraqsız yerdə
atımızdan düşüb səssiz, iniltisiz,
üzülmədən, hıçqırmadan, ağlamadan
ölür, unuduluruq.
Qoy hər xalq gedib istədiyi kimi yaşasın. Biz həyatın
bu növünü, ölümün bu yolunu sevirik.
Bir tatar
cocuğu səkkizində ata minməyi, onunda səkərək
"Qaytarma" rəqsi oynamağı, on üçündə
ahu baxışlı gözlərə vurulub
sevdalanmağı bacarmasa, iyirmi beş-otuzlarında körpəcik
cocuqlarını buraxıb təmiz al qanlar, yaxud da həyatın
kirli, boğucu havası içində yazısı, nişanəsi,
baş daşısı olmayan bir məzara necə girə bilər?
Söyləyin, necə?
Tatarlıq asan olsa, tatarların həyatı yalnız
onların ağırlıqlarına tab gətirə bildikləri
qədər olmasa, sayımız bu qədər az
qalardımı?"
Sanki
Orxon-Yenisey yazılarındakı "Kəndinə dön, ey
türk! Sən kəndinə dönəndə
qüvvətli olursan!" çağırışı gənc
Bəkir Çobanzadənin hekayələrində də
eşidilməkdədir. O, Krım tatarları da daxil
olmaqla, türk toplumunun çəkdiyi acıların,
uğradığı məğlubiyyətlərin
kökündə keçmişlə indini, tarixlə
müasirliyi bağlayan körpülərin
yandırılması gerçəyinin dayanmasına
inanırdı. Tək mənəvi dəyərlər
yox, eyni şəkildə maddi abidələr də
qorunmalı idi. Çünki əcdadların
Yer üzündə qoyub-getdikləri bu izlər olmadan
sonrakı nəsillərə milli qürur, yurd sevgisi,
başqa xalqlarla sağlam mədəni rəqabət kimi
mühüm mənəvi hisslərin aşılanması o qədər
də asan olmayacaqdı. Müəllif meyə
qurşanan, yüngül əxlaqlı rus
qadınlarının saxta bir təbəssümünü
özləri üçün böyük qənimət sayan
həmvətənlərinə həqiqi sərvət xəzinələrinin
ünvanını göstərirdi:
"Avropada bir yerdə xaraba (antik abidə-V.Q.) olsa, gəlib
baxacaq ziyarətçilər, nəvə-nəticələr
ortaya çıxır. Akropolu, Pompeyi hər il minlərcə
turist gəzib-dolaşır, mərmərlərin
üstündə oturub ağlayırlar. Bizim
viranələrimizi rüzgarlar təvaf edirlər, yağmurlar
bu yerlərə yağır, göz yaşları
tökürlər.
Ərəbistana, ərəb çöllərinə rəvan
olanlar, nədən bu viranələrin yanında
düşünüb ağlamırsınız? Ürəyiniz
nurlanar, daha yaxşı müsəlman, daha igid tatar
olardınız. Orada Peyğəmbər, burada ümməti-islam
dəfn olunub".
Göründüyü kimi, nəzərdən
keçirilən hekayələrin demək olar ki,
hamısında publisist başlanğıc kifayət qədər
qüvvətlidir. Publisist ricətlərə müraciətin
səbəbi aydındır - problemin bədii dərkindən
daha çox, birbaşa çağırışlarla oxucunun
düşüncəsini hərəkətə gətirməyin
daha asan, effektli olduğu düşünülürdü.
Digər tərəfdən, bu tipli publisistika
ünsürləri müəllifin milli və vətəndaşlıq
mövqeyinin müstəqim ifadəsinə xidmət edirdi.
Qalatasaray
sultaniyyəsindən tanıdığı Xeyirxahı
"Hacı Əmir Həsən Əfəndi Bəkirzadə
cənablarına" ithaf olunmuş "İki dərviş"
hekayəsi Bəkir Çobanzadənin nəsr
yaradıcılığında özünəməxsus yer
tutur. Janr və mövzu etibarı ilə
adıçəkilən əsər, əslində dini
pritçadır və bir neçə cəhətdən səciyyəvidir.
Hekayə ilə tanışlıqdan, ilk
növbədə, müəllifin təkcə dünyəvi təhsil
ocaqlarında deyil, dini məktəblərdə də əsaslı
bilik əldə etməsi, islamın tarixinə və
ehkamlarına kifayət qədər dərindən yiyələnməsi
qənaəti hasil edilir. Didaktik motivlərə
üstünlük verilən hekayə, eyni zamanda gənc
yazarın ədalət duyğusu və müasir ifadə ilə
desək, fəal həyat mövqeyi haqqında
düşünməyə zəmin yaradır.
"Həzrəti Ömərin ədaləti
bütün kafirlərin gözlərini yaşardanda,
islamın yaşıl bayraqları Hindin, Çinin, Roma
imperiyasının qübbəli salonlarında
dalğalandığı zamanlarda bu gün yerlərin,
qurdların yediyi sarı daşlı türbələrin
altındakı igidlər "Əbədiyyət! Əbədiyyət!"
- deyə türkülərin söylərkən, bizim Yayla
dağlarında arslanlar, pələnglər dolaşırkən,
Xilafət şəhərində - Şami-Şərifdə ağ saqqallı, ağ sarıqlı bir
ixtiyarın - Şeyx İsmail əl-Kəndinin iki oğlu
dünyaya gəldi" - nağılvari təhkiyə hekayənin
pritça ruhu və dini məzmunu, eyni zamanda müəllifin
bilik dairəsi və mətləbə uyğun üslub
seçimi haqqında təsəvvür yaradır.
Tanınmış
din adamı və böyük nüfuz sahibi olan Şeyx İsmayılın
ölümündən sonra övladları - Yusiflə
İshaq fərqli yaşam yolları seçirlər. İshaq iki keçi alıb Havran dağlarına,
Əshabi-Kəhfi xatırladan hicra bir mağaraya çəkilir.
Zahidanə həyat yaşayıb
ömrünü ibadət və təqva ilə keçirir.
Bilincli şəkildə dünya işlərindən
tamamilə uzaqlaşır. Yeddi il
mağarada qaldıqdan sonra şəhərə gedib
qardaşına baş çəkməyi qərara alır.
Keçiləri sağıb südünü ağ
dəsmalın arasına tökür, (ibadət nəticəsində
yetişdiyi müqəddəslik ona belə möcüzələr
yaratmağa və kəramətini göstərməyə imkan
verir) şəhərə yollanır.
Neçə ildən bəri atasından qalma
dükanı işlədən, hər addımbaşı
şeytanın adamları ölçüdə, çəkidə
aldatmaq vəsvəsəsi ilə üzləşən, amma
Allah yolundan əsla sapmayan Yusif təəccüblənmədən
süd bağlamasını qardaşından alıb
divardakı mıxdan asır. "Dükan
qadınlar, xanımlar, seyyidələr, şərifələrlə
dolu idi. İshaq özünü bir toy məclisindəki
kimi hiss etdi. Gözəl gözlər, incə
qaşlar ürəyində bilinməyən,
anlaşılmayan, nə ərəbcə, nə əcəmcə
izahı mümkün olmayan, açılması
müşkül bir yığın duyğular, həyat və
dünya diləkləri oyandırdı".
Və elə bu zaman dəsmalın arasındakı
süd taxt üstündə oturub müşk şüşəsini
açmağa çalışan zənci qadının
başına damcılamağa başlayır. Ani də olsa,
könlünü dünya nəşəsinə qapdırmaqla
təqvasını pozduğunu başa düşən
İshaq bütün gecəni tövbə, istiğfarə
edir, ertəsi gün isə qardaşına deyir:
"- Ya Yusif, ey zavallı qardaşım! Mənim kimi ən
abid, ən zahid bir sufini bir saatın içində belə
sarsıdan bir yerdə gör, illərdən bəri nə qədər
günaha batmısan. Vaz keç, bu
dünya əhvalından, xatununu boşa, uşaqlarını
dostlarına tapşır, dükanını bağla, birlikdə
mağaraya çəkiləlim. Başqa
türlü səninlə cənnətdə rastlaşa bilmərik,
sabah axirətdə qardaş kimi əl-ələ verib
ömür sürməmiz çox çətin olar".
Yusif təklifi qəbul edir. İşlərini sahmana
salıb gələcəyini deyir. İshaqı
yola salanda "Yəqin ki, mağara soyuqdur, qaranlıqdır.
Dəsmalın arasına köz qoydum ki,
çatanda ocaq qalayasan" - deyir. Dəsmala
bükülmüş qığılcım saçan köz
parçalarını görəndə İshaq başa
düşür ki, qardaşı ibadətdə, təqvada
ondan əsla geri qalmayıb, Allah yanında dərəcəsi
heç də ondan əskik deyil. Həm də
İshaq buna illərlə, təkbaşına mağarada gizlənib
insanlarla hər cür əlaqəni, ünsiyyəti kəsməklə
nail olubsa, Yusif nahaq dünyada yaşayaraq, hər dəqiqə
günah əməllərlə şirnikləndirilərək
təmizliyini, halallığını qoruya bilib. İshaq başa düşür ki,
qardaşının seçimi daha düzgündür. Yalnız özünü düşünməkdən,
xudbinlikdən uzaq bir yoldur. İnsanlara
kömək etmək, onları bəd əməllərdən
çəkindirmək üçün geniş imkanlar
açır. Odur ki, yenidən mağaraya
qayıtmaq fikrindən əl çəkir, əl
buyruqçusu kimi Yusifin dükanında qalıb ona kömək
etməyə başlayır.
Bu maraqlı pritça həcmcə kiçikliyinə
baxmayaraq çox böyük mənəvi-əxlaqi problemə
aydınlıq gətirir. Cəmiyyəti dəyişmək,
insanlara yardım göstərmək üçün inzivaya
çəkilib dərviş, mentor olmaq kifayət deyil. Zahidlik yalnız fərdin mənəvi
saflığına yol aça bilər. Cəmiyyətdə
yaşayıb saflığı, təmizliyi, doğruluğu hər
gün, hər saat şəxsi nümunənlə insanlara
göstərmək toplumun düşüncəsini və əxlaqını
dəyişdirmək baxımından daha məqbul və
faydalı yoldur - "İki dərviş" hekayə-pritçasından
çıxan əxlaqi nəticə budur!
Bəkir Çobanzadənin hekayələri etnoqrafik
çalarların zənginliyi ilə seçilir. Bu da, hər
şeydən əvvəl, tatar həyatının
özünməxsusluqlarına dərin bələdlikdən,
onu olduğu kimi, bütün incəlikləri, rəng və
çalarları ilə təqdim etmək istəyindən irəli
gəlir. Bu həyat müəllifə yad
deyildi. Onu bütün sevinc və kədərləri
ilə yaşamışdı. Hekayələrində
özünün, ailəsinin, hər insanına,
daşına, koluna bələd olduğu doğma
Qarasubazarın tarixini yazırdı. Bəhs
etdiyi tarixin canlı şahidləri vardı. Ona görə də təsvirlərində hər
şey dəqiq, yerli-yataqlı olmalı idi. Eyni zamanda quru xronika yox, təsirli bədii əsər
şəklində meydana çıxmalı idi.
Diqqəti çəkən digər cəhət isə,
yuxarıda da qeyd etdiyimiz kimi, 25-26 yaşlı
yazıçının yaşı və həyat təcrübəsi
ilə bir araya sığmayan didaktika ünsürlərinə
nisbətən geniş yer verməsidir. Əslində
bu təmayül onun fərdi yaradıcılıq keyfiyyətindən,
hadisələrə fərdi baxışından çox,
dövrün ruhu ilə bağlı idi. Eyni ibrətamiz
süjetləri, eyni didaktika ünsürlərini XIX əsrin
ikinci yarısı və XX əsrin əvvəllərində
digər türk xalqlarının bədii nəsr və
poeziyasında da müşahidə etmək
mümkündür. Sadəcə, maarifçi-didaktik ənənələrin
ədəbiyyatda öz mövqelərini qoruyub saxlaması dəyişən
şərtlər müstəvisində milli ziyalıların
öyüd-nəsihətlə doğma xalqa
doğru-düzgün yol göstərmək arzusundan irəli
gəlirdi.
Vilayət Quliyev
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, №15.- S.16-18.