Şah
İsmayıl Xətayinin tarixi missiyası
Hər bir xalqın tarixini elə şəxsiyyətlər
yaradır ki, onların tərcümeyi-halı bu tarixin
ayrı-ayrı dövrlərinin, mərhələlərinin ən
mühüm xüsusiyyətlərini təkcə özündə
əks etdirməklə bitməyib, həmin xüsusiyyətlərin
zahiri pərakəndəliyini, "xaos"unu daxili bir
bütövlüyə, harmoniyaya gətirir. Və belə şəxsiyyətlərin
tarixi gedişin məntiqindən güc alan
amalları, uğrunda mübarizə apardıqları ideallar,
qazandıqları qələbələr,
qarşılaşdıqları çətinliklər bir-biri
ilə sıx (və mütəşəkkil!) əlaqədə
xalqın bütövlükdə tərcümeyi-halının
əsas konturlarını təsəvvür etməyə imkan
verir. Azərbaycan xalqının tarixinin
"gündoğan"ında zühur edərək orta əsrlərdən
yeni dövrə ilk addımlarını atmaqda ona (həm
xalqa, həm də xalqın tarixinə!) öndərlik eləmiş
Şah İsmayıl (Xətayi) məhz bu cür şəxsiyyətlərdəndir.
Simasında ideoloq, sərkərdə-hökmdar
və söz ustası olmaqla, ən azı, üç
istedadı yüksək səviyyədə təcəssüm
etdirmiş bu möhtəşəm şəxsiyyətin həmin
istedadlarının hər birini səciyyələndirən
ümumi bir əlamət varsa, o da "milli"likdir. Çünki mənsub olduğu xalqı etnosdan millətə
çevirən Liderin həqiqi missiyası özünü ən
parlaq şəkildə, ilk növbədə, burada - milli iradəni
tarixi ehtiyac duyulan ən müxtəlif istiqamətlərdə
həyata keçirmək qüdrətində göstərir.
Şah İsmayıl tarix səhnəsinə
çıxanda türk etnosunun türk xalqlarına
diferensiasiyası prosesi keyfiyyət həddinə çatmaqda,
artıq formalaşmış eyni mənşəli xalqlar
Türk məkanında öz milli müstəqillik
iddialarını bu və ya digər formada (hərbi-siyasi,
iqtisadi-ticari, mənəvi-mədəni və s.)
nümayiş etdirməkdə idilər. Coğrafi
sərhədlər hələ ən ümumi şəkildə
təxmin olunsa da, heç bir şübhə yox idi ki, son dərəcə
intensiv siyasi lokallaşma etnik-etnoqrafik hüdudlardakı dəqiqliyə
o qədər də riayət etmədən, tezliklə ortaya hər
birinin imperiya yaratmaq marağı olan dövlətlər
çıxaracaqdır. Və bu
qarşısıalınmaz hərəkat kontekstində Azərbaycan
xalqının ilkin milli özünütəşkil prosesinin
elə bir strateji əlaməti yoxdur ki, Şah
İsmayılın tərcümeyi-halında (və tarixi
missiyasında!) bilavasitə ehtiva olunmasın.
Əlbəttə,
hər nə qədər zaman-zaman "elm meydanı"ndan
sıxışdırılıb, hadisələrin təsadüfi
əlaqələrini, sadəcə, əks etdirən rəqəmlər
yığınından ibarət elan olunsa da, son dövrlərdə
dilçilik, ədəbiyyatşünaslıq,
tarixşünaslıq kimi sahələr dəqiq metodlara
müəyyən maraq göstərməkdə, subyektiv
mülahizələr, ideoloji mövqeli təhlillər əvəzinə,
sistem-struktur baxış imkanlarını genişləndirməkdə,
antroposentrik yanaşmanın ilk uğurlu sınaqlarını
keçirməkdədirlər. Bu gün tarixə (burada
söhbət həm dil, həm ədəbiyyat, həm də cəmiyyət
tarixinə münasibətdən gedir ki, bunun özü də
daha dərin diferensiallıq tələb edir) münasibətdə
müqayisəli (tarixi-müqayisəli) metod bir qədər dəbdən
düşsə də, əslində onun bütün
imkanlarının tükəndiyi qənaətinə gəlmək,
yəqin ki, özünü doğrultmazdı... Uzun
sözün qısası, biz əminik ki, Azərbaycan
xalqının təşəkkül tarixinə Şah
İsmayılın, sözün geniş mənasında, tərcümeyi-halı
"pəncərə"sindən baxmaq, əgər şəxsiyyətlə
cəmiyyəti bağlayan, köhnə təbirlə desək,
"şəxsiyyətin cəmiyyət tarixindəki
rolu"nu az-çox dəqiq əks etdirən prinsiplərə
və ya qanunauyğunluqlara əməl eləsək, o mənada
faydalı olardı ki, biz, məsələn, Şah
İsmayılla Sultan Səlim, dolayısı iləsə, Səfəvi
imperiyası ilə Osmanlı imperiyası (buraya şiəliklə
sünniliyi də əlavə etmək olar) arasında
başlayan çoxəsrlik müqayisənin təfərrüatlarına
(və eyforiyasına!) dalmaq əvəzinə, tarixi olduğu
qədər də sinxron mahiyyətinə nüfuz edərdik.
Və məntiq bizi, ən azından, heç olmasa, ən
ümumi təsəvvürlərdə "münaqişə"nin günahkarlarını axtarmaq işgəncəsindən
qurtarar, yaxud "qardaş qırğını" barədəki
təəssüratın ilğımını
dağıdardı.
Azərbaycanlıların,
eləcə də Türkiyə türklərinin, türkmənlərin,
özbəklərin, qazaxların, qırğızların,
tatarların, başqırdların... orta əsrlərin sonu,
yeni dövrün əvvəllərindən etibarən
etnik-etnoqrafik, coğrafi, siyasi, mədəni-mənəvi,
linqvistik və s. müstəqilliyə nail olmalarına qədər,
türk etnosu hansı diferensiasiya dövrlərindən və
ya mərhələlərindən keçmişdi? Və bu diferensiasiya prosesi nə dərəcədə
təbii, qanunauyğun, müasir türk xalqlarının
formalaşması baxımından əsaslı idi?
Xalqların
tarixinə (deməli, ümumən tarixə!) elmi yanaşma
imkan verir ki, biz nəzəri baxımdan mümkün ola bilən iki tendensiyanı tarixin faktlarına
istinadən müqayisə eləyərək
aydınlaşdıraq ki, bu, diferensiasiya, yoxsa, inteqrasiya
tarixidir... Ən geci, XIX əsrin əvvəllərindən,
yəni tarixi-müqayisəli metod meydana çıxandan
aparılan müşahidələr, induktiv təəssüratlar
ardıcıl olaraq belə bir deduktiv qənaəti möhkəmləndirmişdir
ki, xalqların tarixi, ümumiyyətlə diferensiasiya tarixidir.
Və əgər belə olmasaydı,
hind-avropalılar hindlilərə, iranlılara, romanlara,
germanlara, slavyanlara, onlar da hər biri, öz növbəsində,
müasir hind, İran, roman, german, slavyan xalqlarına
bölünməzdilər. Bu elə bir
tarixi (diaxron) qanunauyğunluqdur ki, ən azından, belə bir
kəşf üçün tarixçilərə minnətdar
olmaq, tarixşünaslığa isə faktların necə gəldi
(eklektik) yığımı kimi yox, məhz elm kimi hörmət
etmək lazım gəlir. Ancaq kəşfin
məzmunu bununla məhdudlaşmır. Xalqların
təşəkkül və ya formalaşmasında
diferensiasiya ümumən nə qədər həlledici olsa da,
inteqrasiyanın da müəyyən rolu vardır. Ancaq bu, diferensiasiya ilə hüdudlanmış
inteqrasiyadır. Məsələn, azərbaycanlıların,
yaxud Türkiyə türklərinin, yaxud da türkmənlərin
diferensial (əsasən, etnoqrafik, coğrafi, linqvistik) keyfiyyətləri
aparıcı cizgiləri ilə qərarlaşdıqdan sonra həmin
xalqlar daxilində inteqrasiya hərəkatı başlayır
ki, özünü daha çox siyasi baxımdan göstərir.
Yəni burada Şah İsmayıl kimi milli liderlərin, ilk
növbədə, siyasi iradəsi tələb olunur ki, təbii
diferensiasiya prosesinin tarix səhnəsinə
çıxardığı xalqın "təbiət"ində
hələ də müəyyən ünsürlər
yaşayan "mərkəzdənqaçma"
ehtiraslarının qarşısını almaqla onun etnosiyasi
bütövlüyünü təmin eləsin.
Türk
etnosunun diferensiasiyası, yaxud bölünməsi tarixini həm
epik-mifoloji, həm də linqvistik planlarda izləmək
üçün çox mötəbər mənbələr
vardır ki, onlardan biri "Oğuz kağan"eposu, o birisi
Mahmud Kaşğarinin "Divan"ıdır.
Eposda Tanrının təqdiri ilə hakimiyyətə
gələn Oğuz kağan ölkəsinin (əslində
dünyanın!) hüdudları daxilində dövlətini
qurub qayda-qanunlar müəyyən etdikdən sonra hərbi iradə
göstərərək baş əyməyənlərə
baş əydirmək məcburiyyətində olur. Və bu, o dövrdür ki, hələ türk cəmiyyətinin
(etnosunun) diferensiasiyasından yox, yalnız inteqrasiyasından
söhbət gedə bilər. Oğuz
kağana müqavimət göstərən, müstəqil
olmaq istəyinə düşən qüvvələrə gəldikdə
isə bu, ümumi ictimai (epik) təfəkkürdə
diferensiasiya meyilləri deyil, hərcmərclik (disharmoniya) cəhdləri
kimi əks olunur. Ona görə də
Oğuz hökmdarı bu cür cəhdlərin
qarşısını kifayət qədər amansızlıqla
alır. Ancaq yaşlaşdıqda, ömrünün
sonunun gəldiyini bildikdə böyük bir qurultay
çağırıb yurdunu oğulları arasında
bölür... Əlbəttə, bu, ölkənin (etnosun!) gələcək
diferensiasiyasına "öncədən görmə" səviyyəsində
bir işarədir, ancaq gerçəklikdə nə etnik-siyasi
bütövlüyü təmin etmək, nə də gələcək
təbii diferensiasiya prosesinin törədəcəyi problemlərin
qarşısını almaq iqtidarında deyil. Oğuz
kağanın istər oğulları arasında, istərsə
də, Oğuz-türk cəmiyyətində şəxsi
nüfuzu nə qədər güclü olsa da, həmin
nüfuz onun sözünə yox, şəxsiyyətinə
aiddir (və onu da nəzərə almaq çox
mühümdür ki, hökmdarın taleyi Tanrının
ixtiyarındadır). Hökmdarın sonrakı nəsli,
sülalə tamamilə fərqli dövrlərin tarixi şərtləri
əsasında hakimiyyət sürməli olacaqdır... Bir sözlə, "Oğuz kağan" oğuz-
türk cəmiyyətinin birliyi ideologiyasını
özünəməxsus epik bir vüsətlə tərənnüm
edərək öz funksiyasını başa
çatdırır. Və onun gələcək
diferensiasiya barədəki "öncədən görmə"yə
gəldikdə isə bu, etnosun taleyi baxımından nə qədər
xoş məramla irəli sürülmüş (əslində
də, heç bir xalqın eposu həmin xalq barədə bəd
niyyətli heç nə söyləməz) olsa da, ilk
növbədə, ona görə son dərəcə sadəlövhdür
ki, yeni dövr öz yeni eposunu yaratmaqla etnos barədəki
tarixi təsəvvürü əsaslı şəkildə dəyişir.
Belə ki, Şah İsmayılın dövründə - orta əsrlərin
sonu, yeni dövrün ərəfəsində türk etnosunun
"tərcümeyi-halı"nı nə "Oğuz
kağan", nə də "Dədə Qorqud" deyil,
"Koroğlu" eposu interpretasiya etməyə
başlayır. Nə Şah İsmayıl, nə də Sultan
Səlim artıq, nəinki Oğuz kağan kimi, heç
"Dədə Qorqud"dakı Bayandur xan kimi də
Oğuz-türk cəmiyyətinin bütövlüyü məsuliyyətini
öz üzərlərinə ala bilməzdilər. "Koroğlu"da isə belə bir məsuliyyət
barədə ümumiyyətlə söhbət getmir.
Dil də epos qədər etnosun tarixi vəziyyəti, yəni
nə qədər diferensial, yaxud inteqrasion keyfiyyətlər
nümayiş etdirdiyi barədə məlumat verir. Mahmud
Kaşğari "Divan"ı türkcənin I minilliyin
sonu, II minilliyin əvvəllərindəki geniş mənzərəsini
təqdim edərək göstərir ki, müəyyən
dialektlər ədəbi dillərə çevrilmək
iddiasındadır. "Divan" müəllifi
hər nə qədər yenilməz bir türk təəssübkeşi
olsa da, Türk məkanında müxtəlif dil (bunun
ardınca isə, təbii ki, xalq!) təzahürlərinin
mövcudluğunu etiraf etməyə məcburdur. Və Mahmud Kaşğarinin elmi obyektivliyinin bir
faktı da odur ki, əsərini ərəbcə "Türk
dilinin divanı" yox, "Türk dillərinin
divanı" ("Divani-lüğat it-türk")
adlandırır, halbuki onun əsaslandığı və
özünün də bilavasitə nümayəndəsi
olduğu ərəb dilçiliyi məktəbinə mənsub
lüğətlərdə ümumxalq ərəb dilinin yox, ərəb
ədəbi dilinin mənzərəsi əks etdirilirdi.
(Davamı
var)
Nizami Cəfərov
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, №15.- S.22.