Səslə söz arasındakı sirr

 

Gündüz demədiyim sözün vaxtıdır

Gecə açmadığım sirrin məqamı.

Ya sən istəyirsən ümidimi qır,

Zülmət gözlərimdə, ya yandır şamı.

 

Bu yaşda qoyarlar, hey lağa eşqi,

O qara taleli kölgə kim axı?

Yoxluqla çəkərlər sınağa eşqi,

Mən niyə var olmaq istədim axı?!

 

İlişib qalıram nə istəməndə,

Batdığım dalğalar səsindir sənin.

Dünyanı başıma uçurma, mən də,

Bəlkə işığına uçdum kölgənin.

 

Köçsən, yurd yeridir, ürəyimə düş,

Arzum son uçuşa eyləməkdi cəhd.

Tanrı qınağıdır hər qəfil görüş,

Nə səndə o təpər, nə məndə o əhd.

 

Sənə dedim axı, soyuqdu ara,

Yandıqca titrəyir, əsir şam yenə.

Yenə boylanırsan ən uzaqlara,

"Getmə" demək üçün susuram yenə.

 

Haqqı gəzirsənsə, buz əlimi tut,

Fırlanır başıma dam işığında.

Səssiz ağlamağı bu gecə unut,

Titrəyir ürəyim şam işığında.

 

Pozuldu zamanın dəngəsi yenə

Yadına gəlirmi necə susduğum?

Qıymadım bir sözə bir səsi yenə,

Gündüz demədiyim, gecə susduğum...

 

Xəyalların soyuq vaxtı

 

Sənə bir çiçəklik nəğmə oxumaq,

Mənə bir sinəlik yasəmən ətri...

Bir də küləklərin tərs əsən vaxtı,

Səpərsən ömrünə, sən həmən ətri...

 

Fırtına qopartmaq bir ovuc suda,

Divlərin şüşədə quş canı olmaz.

Qurdağzı bağlamaq olmur quyuda,

Adamın yaşamaq imkanı olmaz.

 

Ömür bir qəflədir, ölüm köç ayrı,

Yollar doğanaqdan dolanıb keçər.

Kabab çəkmək üçün qara qoç ayrı,

Kəndiri kəsilən ağını seçər.

 

Mən ki nağıl-nağıl köçürəm qəmə,

Qonmaz ürəyimə asan, hər ağrı.

Simurğ qanadından lələk istəmə,

Saçından asılan sevgilər ağrı.

 

Əlim üzüldüyü günə yağdı qar,

Bilmirəm, kim kimi üzdü, payızdır.

Hərənin özünün sevdiyi vaxt var,

Mənimki bahardır... düzdü, payızdır!...

 

Ey dost...

 

Minimalist şeirlər

 

"Haqq nazilər, üzülməz" deyənlərədir sözüm!

Bu bəlkə də doğrudur, nazilən haqq üçün...

amma dəfələrlə sınan gördüm haqqı

ən qalın yerindən...

Üzülmə, dostum, elə sənsən o haqq!

 

***

Bu da son... - deyib vaysınma, dost!

Tükənməyib hər şey,

dünyada çobanyastığı gözəllər qalıbsa, hələ də,

təbii, gözoxşayan, üslü-puslu...

O da ki

gözəlliyinə mat qalan adamı sevə-sevməyə...

 

***

Müharibə təkcə top-tüfənglə edilmir ki, dost,

olur ki,

söz atır bir-birinə

hikkəsi tank, hirsi minaatan adamlar.

Düzdür, ölüm-itim olmur,

amma

sağalmır söz yaraları da...

 

***

Daha Əzrayıl da yaxşı bilir,

salamat Dəli Domrulu qalmayıb dünyanın.

"Parçala, hökm sür!" dövrü başlayandan sonra

dəlisi olanda Domrulu olmur,

Domrulu olanda dəlisi...

Ey dost, dastanlarımızın...

 

***

Suya baş vurarlar,

havanı udarlar nəfəs-nəfəs...

Günəşə boy verərlər,

torpağa can...

Sevdiklərini tez almağının səbəbi

qovuşmaq istəyindəndir özünə, dost!

 

***

Söz oyunudur bizimki,

yaxşı bacarırıq söz "vint"ini,

aldatmağa bir-birimizi gələrkən üz-üzə...

Hələ adlara bax, kos top olan gündən,

"Qarabağ", "Turan", "Sabah"...

 

***

"E-klass" siqnalı ilə

Bakıdan almanlara salam göndərir

bu gecəyarı bir şəhər cayılı,

            ya da bir kəndçi balası...

Almanlar utanır siqnal səsinin gurluğundan...

Belə səhv eləməzdi adam, ey rıtsarlar!

 

***

Bu zaldan Rüstəm çıxmaz, Natəvan,

dura və sənə "aslanım" deyə birisi...

Pişiklənməyə çoxdu əli qələmtutan,

amma barmaqsayıdır aslan olası şeir adamlar...

 

***

Küləyin ah çəkdiyi,

buludların dolduğu zamandır ömrümdə

hələ ki,

dözür göy üzü ağlamamaq üçün...

 

***

Bu nə gün-saatdır? -

soruşur qolumda can verən vaxt...

Bir cihaz ki, illəri göstərir

niyə saat adlansın, ya Rəbb? -

Divarı döyəcləyir əqrəblərin sualı...

 

Ehtiyacın şeiri

 

Özündən doğulur yol ehtimalı,

Dost-tanış gözləntin, yar ehtiyacın.

Qana işləyəndi rəngin tünd alı,

Gilənar istəyin, nar ehtiyacın.

 

Tanrıdan hər şeyə bir gün var macal,

Xəcalət çəkməyə zaman, ar-macal...

Bir var, geniş imkan, bir var, darmacal,

Üzü qara olsun dar ehtiyacın.

 

Kim deyir, sananmaz səhradakı qum,

Birdən törəmirmi torpaqda min tum?

Təkcə olan-qalan qurtarmır, dostum,

Həm də tükənməyi var ehtiyacın.

 

Nə həvəs o həvəs, nə candı o can,

Daha dost-tanış da baxıb keçir yan.

Adamın ürəyi istəyən zaman,

Qış ola, ödənə qar ehtiyacın.

 

Üzbəsurət

 

Nə Ağ, nə də Qara, - batsan dənizin,

Dərd soldan gəlirsə, çalış, sağa üz.

Dəyişər rəngini əsmər bənizin,

Özündə yoxdusa, sürtmə ağa üz.

 

Kimi hərifsayaq, cahıl vaxtında,

Gah gün ağardarsan, gah il vaxtında.

Üstünü vurmadan ahıl vaxtında,

Varsa qoca üzül, yoxsa, çağa üz.

 

Payızdı, bağ-bağça düşübdü bardan,

Çətin ki, qurtulaq sərt qışı qardan.

Öyrən ləngiməyi tısbağalardan,

"Bu tısnan, o pısnan" olsan bağa, üz.

 

O səbir kasası dolmaqdır yaşa,

Baxmır qulbeçəsən, ya sultan, paşa...

Bir də görərsən ki, dönübsən başa,

Getməyə yol yoxdu, qayıtmağa üz.

 

Üç sərbəst

 

Baxdım ki,

baxmaq olmur günəşə...

Gördüm ki,

görmək olmur üfüqlərdən o yanı...

Gözlərimi yumuram ki,

yaxın olsun uzaqlar...

Açıram ki,

işıqlansın yer üzü başdan-başa...

Amma yenə də var qaramat adamlar,

qan qaraldan adamlar.

Bir də baxdım ki...

Yox, baxmıram daha heç nəyə,

görmək istəmirəm özümə yaxın bildiklərimi

qanıqara, qəlbiqara...

 

***

Bütün cizgiləri keçdi yol,

tapdaladı bütün xətləri küçə;

qoşası qaldı, nə təki, nə qırığı,

Çəkildi özünə fənərlər,

Rəngdən-rəngə düşdü işıqforlar

soyunduqca libasını ağaclar.

Aparmağa gəlmişdi səni xəzəllərin korteji,

aşıb-daşırdı künc-bucaq

qəzalı qızılı yarpaqlarla,

Çalğısını arxasınca sürüyürdü dalandar qadın.

Sular üşüyürdü saçlarının burulğanında,

qopmuşdu sinəmdə qasırğalar,

Mən payıza dönmüşdüm o gün,

qəlbim əsirdi bütün çılpaqlığı ilə dalanınızda.

 

***

Söndürmə işıqların hamısını...

Qaranlıqda itirə bilərəm

gözlərinin şafağını,

saçlarının dalğalarını,

əllərinin qırışlarını,

gülüşlərinin təravətini...

Zinrik gecələrə fobiyam var mənim,

son vaxtlar qorxuram

adamların içindəki zülmətdən.

Heç olmasa, yandır eyvanın işığını,

kölgəsi düşsün çilçırağın pəncərəyə...

Mən işığı kölgəsi ilə sevənlərdənəm!

 

Səsin söz inikası

 

Özünə dönməkdi təklik bir az da,

Küt səsdi, boş sözdü həmdəm olanım.

Rahatlıq tapmağa bəs edir az da,

Kor sevinc olanım, kar qəm olanım.

 

Üstü su dəryanın dibidir al qan,

Şit səsə şor tilov atıram, eyvah.

Qulağın ölçüsü darı olandan,

Sözün ən boşunda batıram, eyvah.

 

Gülüş ovlamaqdı qağayı namı,

Asıram özümü şən səsdən niyə?

Bircə xoş söz üçün ölmürmü hamı,

Mən isə düşürəm həvəsdən niyə?

 

Yolüstü aşxana, yolkənarı pir,

Yorub çıxarıram yolu ayaqdan.

Götürüb gəlməyə nə var ki, şair,

Boş sözü arandan, xoş səsi dağdan.

 

Olur ki, kəc düşən tərs çıxır bədə,

Aranı səngidib ilıtmaq olmur.

Gözümün qarası qalır gecədə,

Sözümün qarası gündüz olmur.

 

Səsimi qısıram bir haqq söz üçün,

Olmur hər dinənə "lalam" söyləmək;

Yaxın doğmaları itirdiyim gün,

Qərib kölgələrə salam söyləmək.

 

Söndü gözümüzdə közərən şam,

Bəxtin əmgəyində kəkil gəzirəm.

"Xoş gəldin!" deməyə tapılmaz adam,

"Əlvida!" deməyə şəkil gəzirəm.

 

Heç kimin ağzını salmadım dağa,

Daha dizə durmaz düz etiraz da.

Üst-başım bələnib toza-torpağa,

Özünə dönməkdi təklik bir az da...

 

Süleyman Abdulla

 

 Ədəbiyyat qəzeti  2024.- 27 aprel, №15.- S.23.