Qəribə
adam
İsi Məlikzadə - 90
"Xalq birləşəndə, yazıçı təklənəndə
güclü olur"
Seyran Səxavət
Yaşasaydı, indi - 1 may 2024-cü ildə 90
yaşı olacaqdı. O, nəinki 90, heç 70, 80 il də yaşamadı. Heç bir rəyi
soruşulmadan gəldiyi bu fani dünyadan 12 may 1995-ci ildə də
getdi. Cəmisi 61 yaş. Onlarla
povest, hekayə, bədii film ssenarisi yazmış
yazıçı üçün bu nə yaşdı ki?!
Ya zəlzələdən, ya da vəlvələdən
- hansısa xəstəlikdən dünyasını tez dəyişdi
İsi Məlikzadə. Onun adının
önünə əksəriyyətin xoşladığı
(və tələb etdiyi!) "Görkəmli
yazıçı" sözünü qəsdən
yazmıram. Çünki İsi bir dəfə məndən
soruşdu: "Axı bu "görkəmli" sözü
yazıçıya nə verir? Mənim belə
şeylərdən ağıcım gəlir. "Mən
ona belə cavab verdim: "Nə "görkəmli", nə
"böyük" deyimi həmin yazıçıya ucuz,
müvəqqəti şöhrətdən savayı heç nə
vermir".
30 ildi İsi haqq dünyasına
qovuşub. Mən indi də bu fikirdəyəm ki, əsl
yazıçı və şair, həqiqi alim həyatda da,
elmdə və yaradıcılıqda da əbədini ötəridən
ayırmağa bacarandır.
Obrazlı desəm, məni ədəbiyyata,
ədəbi tənqidə gətirən İsi Məlikzadə
olub. "Sən kimsən, müasirim?" adlı ilk məqaləmi
1978-ci ildə İ.Məlikzadənin "Küçələrə
su səpmişəm" (1977) kitabı barəsində
yazmışam (Bax: "Azərbaycan" j., 1978. N-12) Bu, mənim yazıçı ilə ilk onlayn
tanışlığım olub. Bu kitaba daxil olan dörd
povesti oxudum, bəyəndim, sevdim və yazdım...
İsi Məlikzadə, qeyd etdiyim kimi, 1934-cü il may ayının 1-də Ağcabədidə
anadan olub. Orta məktəbi bitirib, 1952-1957-ci illərdə
Neft və Kimya İnstitutunda neft mühəndisi ixtisası
üzrə təhsil alıb. Mədəndə
operator, yerüstü avadanlıq ustası, Kommunal Təsərrüfat
Nazirliyində böyük mühəndis, şöbə rəisinin
müavini kimi işlərdə çalışıb.
1961-66-cı illərdə "Ulduz"
jurnalında publisistika şöbəsinin müdüri, 1966-73-cü
illərdə məsul katib, Azərnəşrdə redaktor,
1974-1976-cı illərdə Azərbaycanfilm Kinostudiyasında
müxtəlif vəzifələrdə işləyib. 1976-80-ci
illərdə "Azərbaycan"ın nəsr şöbəsinə,
"Ulduz" jurnalının nəsr şöbəsinə
(1980-81) rəhbərlik edib, "Mozalan" satirik jurnalının
böyük redaktoru olub (1981-83). Sonra iki il
Kinostudiyada baş redaktor kimi məsul işdə
çalışıb.
1968-ci ildən AYB-nin üzvü olub. Bu
məlumatlara ona görə qeyd edirəm ki, kitab oxumayan, ancaq
planşet işlədən, ədəbiyyatdan bixəbər gənclik
istedadlı yazıçı, səmimi, zəhmətkeş
ziyalı İsi Məlikzadəni tanısın. Bəli, o mühəndis idi. A.P.Çexov
həkim, dünya şöhrətli türk
yazıçısı Ç.Aytmatov ixtisasca zootexnik
olduğu kimi.
İsi Məlikzadənin "Həsrətin sonu"
(1964) "Kövrək qanadlar" (1973), "Özgə
anası" (1969), "Küçələrə su səpmişəm",
"Yaşıl gecə", "Günəşli
payız" (1982), "Dədə palıd" (1984),
"Gümüşgöl əfsanəsi" (1987),
"Şehli çəmənlərin
işığı" (1991), "Dolaşaların
bayramı" (1992) və s. nəsr kitabları çap
olunub.
İ.Məlikzadənin kino sənəti
sahəsində xidmətləri də böyükdür. O, "Alma
almaya bənzər", "Ağ atlı oğlan",
"Güllələnmə təxirə salınır",
"Gümüşgöl əfsanəsi",
"Hacıqara", "Kişi sözü",
"Qanlı gəmi" kimi filmlərin ssenari müəllifi
və yaxud redaktorudur. Onun "Qatarda" (1981)
teletamaşası izləyicilərin dərin rəğbətini
qazanıb. İsi Məlikzadə
bütün Sovet İttifaqı ədəbiyyatında yeni mərhələ
olan "60-cıların" Azərbaycandakı istedadlı
nümayəndəsi idi. O, povest və hekayələrində
insan münasibətlərinin dərinliyinə enməyi,
İnsana bəşəri fəzadan nəzər
salmağı bacarırdı. Onlar, nəsrdə
60-cılar böyük və güclü bir pleyada idi; İsa
Hüseynov, Sabir Əhmədli, Anar, Ə.Əylisli,
Elçin, Sabir Azəri və İsi Məlikzadə. Bu pleyada XX əsrin ikinci yarısından
başlayaraq ədəbiyyatda mücərrəd ictimai borc
amilini konkret İnsan amili ilə əvəz etdilər. Y.Qaqarin kosmosu fəth edəndə
yazıçılar da İnsanın ucalığını fəth
etdilər. Onlar tək deyildi. Ümumittifaq ədəbiyyatında Azərbaycan
60-cılarının Y.Trifonov, Ç.Aytmatov, V.Belov... kimi
dünya şöhrətli həmkarları var idi.
İ.Məlikzadə poeziyasında R.Rza, S.Vurğun, M.Araz,
Ə.Kərim, F.Qoca H.Arif, N.Həsənzadə, N.Xəzri,
F.Sadıq və R.Rövşən olan bir ədəbi prosesin
"boy çiçəyi" (İ.Əfəndiyev) idi. O
iki darısqal otaqda təvəzökar, kasıb bir
ömür sürdü. Fəqət, bu mütəvazi
insanın yaradıcılıq üfüqləri çox geniş
idi. Bir daha qeyd edirəm: O, insan münasibətlərinin
ən mübhəm qatlarına nəzər sala bildi. Zahirən
"Mədəni", "İşgüzar", "Ləyaqətli"
görsənən məmurların canavar xislətinə bədii
təxəyyülün gur işığını saldı.
Mən onun çoxlu sayda və çox qiymətli povestlərinin
- "Küçələrdə su səpmişəm",
"Evin kişisi", "Yaşıl gecə, "Günəşli
payız", "Dədə palıd",
"Gümüşgöl əfsanəsi", "Şehli
çəmənlərin işığı" və s.
bir-bir təhlil edə bilərəm. Fəqət, mən 30 il bu həyatda olmayan görkəmli
yazıçı İsi Məlikzadəni bütöv təqdim
etmək istəyirəm. Onun qələmindən
nə çıxıbsa hamısı gözəldir, ciddi ədəbiyyat
faktıdır. Adlarını
sadaladığım əsərlərin gözəlliyi estetik
qayənin səmimiyyətindədir. İ.Məlikzadə
heç vaxt özünə, millətinə və dövlətinə
xəyanət etməyən ən səmimi Azərbaycan
yazıçısıdır.
Biz onu unutsaq, unudularıq. Nə
İsinin ruhu, nə də gələcək nəsillər
bizi bağışlamaz. İ.Məlikzadə
Qarabağın canlı timsalıydı, onun
özüydü. Qarabağı azad etdik,
indi də İsi Məlikzadələrin, Qarabağın
azadlığı həsrəti ilə dünyadan
köçənlərin nigaran ruhlarını sayğıyla
yad etməliyik. Bu isə Ali Baş Komandanın yox, biz
ziyalıların mənəvi borcudur...
Mənim İsi ilə əyani
tanışlığım 1987-ci ildə baş tutub.
1986-cı ildə Sov.İKP MK-nın gənclərlə
iş haqqında qərarının 10 illiyi nünasibətilə
Moskvada SSRİ Yazıçılar İttifaqında
müşavirə keçirilirdi. Bütün
respublikalardan gənc tənqidçi və
yazıçılar oraya dəvət olunmuşdu. AYB-nin təklifi ilə Azərbaycandan mən
getmişdim və orada çağdaş Azərbaycan ədəbiyyatı
haqqında məruzə etdim. Mənim həyatımda
müsbət rol oynayan bu olay uzun əhvalatdı. Gənclər
üzrə SSRİ Yazıçılar İttifaqının
yeni katibi Skvortsov məni G.Markovun birinci müavini
Y.Verçenko ilə tanış etdi. 11 ilə
5 nəfərdən ibarət ailəmlə özgə
qapılarında kirayənişin yaşayan mən
Y.Verçenkonun Azərbaycan KP MK-nın birinci katibi
K.Bağırova yazdığı təqdimat sayəsində
1990-cı ildə ev ala bildim. Bu zaman bir
hadisə də olmuşdu: 1986-cı il iyun
ayının 9-da doktorluq dissertasiyam müzakirə olunmalı
idi. Lakin akademik Kamal Talıbzadədən
başqa müzakirəyə işimi oxuyan 10 adamdan heç
biri gəlmədi. Məni, necə deyərlər,
32 yaşlı gənc alimi baykot etdilər. Qısası, mən inciyib Moskvaya - Dünya Ədəbiyyat
İnstitutuna 3 illik stajirovkaya getdim.
Xəstələnib "Moskva" otelində
qalırdım. Bir müddət sonra
SSRİ Yazıçılar İttifaqında nəsr
müşavirəsi keçirilirdi.
Bu müşavirəyə S.Əhmədov,
S.Azəri, V.Quliyev, A.Məmmədov, mən və İsi Məlikzadə
qatılmışdı. Mənim
"Moskva" hotelindəki otağım axşamlar Azərbaycan
ədəbiyyatı mərkəzinə çevrilmişdi.
Hamımız İ.Məlikzadənin məzəli
əhvalatlarına aludə olmuşduq. İsi
özü gülmürdü, ciddi və sərt görkəm
alıb elə şeylər (xüsusilə,
yazıçıların həyatından!)
danışırdı ki, necə deyərlər, gülməkdən
ölürdük. Mən onda gördüm
ki, o, qəribə adamdır. Gənc yaşlarımda
teatrda Məmmədrza Şeyx Zamanovdan eşitdiyim bir söz yadıma
düşmüşdü: o danışırdı ki,
görkəmli komik aktyor Mirzağa Əliyev gənc aktyorlara
deyərdi ki, nə badə, nə badə,
tamaşaçıları güldürməyə
çalışasınz. Siz rolunuzu dəqiq
oynayın, şərait yarananda tamaşaçı
özü güləcək.
Fikirləşirəm ki, İsi Məlikzadə
yazıçı olmasaydı çox qüdrətli komik
aktyor olardı, fəqət, o, qüdrətli
yazıçı oldu. İ.Məlikzadənin
Moskvada mənə xəlvəti
danışdıqlarını (olmuş əhvalatları!)
burada yaza bilmərəm. Nəticəsi olaraq onu deyim ki,
İsi bu dünyaya ironiya ilə baxırdı və mənə,
ondan 20 yaş kiçik dostuna tövsiyə edirdi ki, bu cəncəl,
dəyişkən dünyaya, onun "insanlarına" inanma,
çox da etibar etmə. İndi 70 yaşlı
mənim qulaqlarımda İsinin xəlvət dediyi sözlər
səslənir.
"Qatarda" teletamaşasındakı Dadaş İsi
Məlikzadənin öz obrazıdır: Dadaşov adi bir adam ikən, ona görə hamını aldada
bilir ki, o, ilk növbədə sidq ürəklə
özünü aldada bilir. Bununla da ətrafdakıların
maymaqlığına gülür, onların günahkar
olduğunu üzə çıxarır, izləyiciləri də
ironik gülüşlə güldürə bilir...
İ.Məlikzadə çox ciddi yazıçı
idi. Elə buna görə də onun
gülüşü də ciddidir. Onun
ölümü də bu etibarsız dünyaya çox ciddi
bir ironiya oldu. Yəqin öləndə,
son nəfəsdə bilirdi ki, ölməzdir. Yazıçıların, şairlərin, bəstəkarların,
rəssamların, ümumən, yaradıcı adamların əsl
həyatı ölümündən sonra başlayır.
Əsərləri, yaradıcılıqları
yaşadıqca onlar yaşayır. Mənim dostum, "Dədə
palıd"ım İsi Məlikzadənin bu il
90 yaşı tamam olur. Böyük Səməd Vurğun bu həqiqəti
çox yaxşı deyib:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Həzin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Mən çox dəyərli dostlar
itirmişəm, fəqət, hamısı xatirələrimdə
yaşayır. Yaxşı ki, xatirələr
var. Onların içində mən də varam. 70 yaşlı adama bundan artıq nə
lazımdır?!
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, №15.- S. 27.