Türkiyənin hekayəsi - Səbahəddin Əli
“Türkcə və məncə”
silsiləsindən
Şəhərlər
mənə bir tuzaq,
İnsan
söhbətləri yasaq,
Uzaq
olun məndən, uzaq!
Mənim
məskənim dağlardır, dağlar...
***
Dünyada
elə ölümlər var, yada salmaq istəmədiyim, amma
ürəyimin dərinliyində ocaq çatıb korun-korun
yanır. Gözümü
yummağa çalışıram o ölümlərə,
ölümdən daha çox insan
amansızlığının, insan dəyərsizliyinin, insan
sonunun hekayəsinə...
Belə
ölümlərdən biri də Səbahəddin Əlinin məşum
ölümü və ya ölüm adı qoyulmuş naməlumluğa
yolçuluğudur...
Hər dəfə o ölümü xatırlayanda, gah
canımda işgəncə yanğısı, gah
başımda dəyənək zərbəsi hiss edirəm. Bir dəfə deyil, iki dəfə
deyil, beş dəfə deyil... Başım bir kitabın üstünə əyilib,
yol gedirik, oxumağa çalışıram. Bir yandan da
yolumun bələdçiliyini etibar etdiyim adamla məni narahat
edən, qırx bir illik həyatımın böyük hissəsində
yazmaqdan çəkinmədiyim
ideyaların, inandığım prinsiplərin, uğrunda təqiblərə,
həbslərə, məhrumiyyətlərə, qınaqlara,
damğalara məruz qaldığım fikirlərin mübahisəsi
içindəyəm...
Sonra ölürəm. Meyidim o çox
sevdiyim dağlara atılır, üstündən altı ay
keçmiş tapılır, bədənimin qalıqları
basdırılır. Sonra çıxardılır,
başqa adam olduğum zənn edilir, sonra mən
o olmuram... sonra bir də basdırırlar və məzarımın
harda olduğunu birdəfəlik unudurlar. Kim olduğumu xeyli
sonra qatilim etiraf edir...
Amma kim bilir, bəlkə mən o deyildim?
...Xatırladıqca
ağrıdığım ölümə, bir yandan da bu qəribə
tarixçəyə görə inanmıram. Mən
Səbahəddin Əlinin o cür vəhşiliklə,
düşməncəsinə öldürüldüyünə
inanmıram. Öldürülməsiylə
bağlı dolaşan müxtəlif şayiələrin
sonunda kimsənin onu ölü gördüyünü etiraf
etmədiyi üçün inanmıram.
Bəlkə
də xəyalən kitaba əyilmiş başıma dəyən
dəyənəyin zərbələrinə buna görə hələ
də dözürəm?..
***
Türk nəsrinin
nəhəngi, özündən sonra ən işıqlı
yazıçılara istiqamət vermiş Səbahəddin
Əli daha çox üç romanı ilə tanınır:
"Kuyucaklı Yusif", "İçimizdəki
şeytan" və əlbəttə, "Xəz paltolu madonna". "Xəz paltolu madonna"
Türkiyədə hələ də ən çox
satılan, kitabxanalarda ən çox oxunan, ən çox
oxucu rəğbəti qazanmış roman adını qoruyub
saxlayan kitabdır. Yetmişə yaxın
şeiri var ki, bəzilərinə dillər əzbəri olan
mahnılar bəstələnib və bu mahnılar indi də həyatını
ölkənin işıqlı amallarına həsr etmiş
insanların şüarı, etiraz sədaları,
dözümü və gələcəyə inamı rolunda
çıxış edir. Müxtəlif mövzulu,
siyasi, ədəbi və başqa istiqamətli məqalələri
də sağlığında başına az
bəla açmayıb...
Bütün bunlarla yanaşı, Səbahəddin
Əli, ilk növbədə, Türkiyə hekayəsinin
atasıdır. Lakin onu Türkiyə sərhədləri
içərisinə sığışdırmaq böyük
ədalətsizlik olardı. Çünki
iti görən gözləri, yanğısı, həyati və
mənəvi xırdalıqlara bələdliyi və onları
təsvir etmək bacarığı dünyanın istənilən
ölkəsində insan ürəyinə dərindən
nüfuz etmək, ağrıtmaq və düşünməyə
vadar etmək gücündədir.
***
Səbahəddin Əlinin hekayələri onun
bütün xarakterini və mənsub olduğu torpaqlara
doğmalığını,
qaynayıb-qarışdığını göstərir. Səbahəddin
Əli müxtəlif vəzifələrdə Türkiyənin
müxtəlif rayonlarında işləmişdi, lakin ən
başlıcası, səyahəti sevirdi. Dincəlmək,
təbiətin gözəlliklərindən həzz almaq,
güc toplamaq üçün gəzmirdi Səbahəddin
Əli. İnsan hekayələrinin ovuna
çıxırdı. Qulağına dəyən
bir əfsanənin, hardasa eşitdiyi bir hadisənin, işlədiyi
və müəllimlik etdiyi yerlərdə, tez-tez
düşdüyü həbsxanalarda
qarşılaşdığı məqamların dərinliyinə
nüfuz edərək, onları gah satirik, gah faciəvi, gah da
elə təsvir etdiyi laqeydlik ab-havasında hekayə kimi
yazıb çap etdirirdi.
Onun hekayələrində detalların təsviri bəzən
hekayənin fonunda, bəzənsə ani kadr şəklində
görünüb itmir. Səbahəddin Əlinin hekayələrində
köməkçi təsvirlər, köməkçi kadrlar,
köməkçi girişlər yoxdur. Bu
hekayələr oxucunun yaxasından birdəncə
yapışıb onu zamanın, yerin, hadisənin -
ağrının birbaşa içinə salır. Vurnuxmağa dəyməz, çıxa bilməzsən.
Səni parçalayır, bölür, dağıdır Səbahəddin
Əlinin hekayələri, heç tanımadığın
insanlara çevrilməyə, heç bilmədiyin
ağrıları çəkməyə, canını xilas
etmək üçün yaralı heyvan, küncə
sıxılmış quş kimi çırpınmağa,
vurnuxmağa, haray salmağa məcbur edir. Üsyankar
bir ruh yükləyir sənə. Yükləyir
ki, haqqı pozulanların, əzilənlərin, mənasız
ömrün caynağında heçə dönüb kənara
atılanların səsi olasan, qəzəbini daşıyasan,
intiqamını alasan.
Soyuq
qış günü boyundan böyük güyümün dəyib
ayaqlarını yara edən kiçik Həsənin ağrısını
ayaqlarında hiss edirsən. Boynundan dolan buz kimi
hava səni titrədir. Kimsəsiz yolun
qaranlığında ulaşan qurdların yeminə
çevrilirsən. Parçalanırsan,
kiçik bədənini bir daha həyatın boynuna yük
kimi qoyduğu, baxmağa məcbur olduğun, özündən
kiçik iki qurbanın yaşadığı soyuq və
qaranlıq daxmaya qayıtmır. Ayran verib pulunu ala bilmədiyin
insanın cibində tapılmayan xırda pul sənin həyatının
haqqına çevrilir: on beş quruş!
Eyni "on beş quruş" başqa bir hekayədə,
"İsitmək üçün" də bir daha sərt
şillə kimi sifətimizə çırpılır: Biz
necə insanıq? Biz insanıqmı?
***
Səbahəddin Əlini Almaniyadan qayıtdıqdan sonra
ölkəsində böyük bir çətinlik gözləyirdi. Sağ tərəf onu
solçu, daha doğrusu, kommunist deyib təqib edir, məhkəmələrdə
süründürür, işsiz qoymağa
çalışır, sol tərəf isə daha çox ailə
həyatı qurduqdan sonra rahat, hətta dəbdəbəli
burjua həyatı keçirməsini, mətnlərindəki
ideyalara yaraşan şəkildə həyat tərzinə
sahib olmamasını irəli sürərək qəbul
etmirdi. Səbahəddin Əli isə nə
kommunist idi, nə sağın adamı. Sosial-demokratiyanın
ideyalarına əsaslanmaqla yanaşı, ziddiyyətli, müəyyən
müddət əvvəl inamla səsləndirdiyi
yanaşmalara əks yanaşmalarını çəkinmədən,
məhdudiyyətsiz dilə gətirir, yazırdı. Fikrini tez-tez dəyişməkdə ittiham olunurdu.
Adama elə gəlir, Səbahəddin Əli çoxlu adam olmaq istəyir və bunu çəkinmədən
həyata keçirirdi. Lakin hekayələrində
fikrini dəyişdiyini görən olmamışdı. Türkiyə həyatının bütün
xırdalıqlarının amansız və
qınayıcı təsviri ilə yanaşı, bəşəri
ideyalara sadiqliyini qoruyur, ədalətin, adi insani haqların
milli və irqi ayrı-seçkilikdən, faşizm
ideyalarından uzaq və uca olduğunu təlqin edirdi. Onun zəngin mövzulu hekayələrinin heç
birində fikir dəqiq bir ideya üzərində cəmlənmir.
Səbahəddin Əlinin hekayələri
bir-birinə qırılmaz tellərlə bağlı amillər
torudur və məhz bu xüsusiyyətilə həyatiliyini təmin
edir. O, heç vaxt iztirabını təsvir etdiyi
obrazı və ya obrazları əlahiddə halda göstərmir.
Əzaba məhkum obrazın bunda
özünün də günahkar olduğunu oxucunun beyninə
həkk edir. Cəmiyyəti fərddən,
fərdi ictimai vəziyyətdən, ictimai vəziyyəti idarəetmənin
mənzərəsindən ayırmır. Səbahəddin
Əli xisləti açmağın, göz qabağında
canlandırmağın mahir ustasıdır. Fotoqrafiyaya az-çox bələd olanlara məlumdur,
istənilən şəkildə nəsə
bulanıqlaşır, göstərmək istədiyin nöqtəni
fokslayırsan və "çık!" Lakin Səbahəddin Əli sehrli
"fotoqraf"dır. Onun hekayələrində
bulanıqlaşdırılmış bircə detal da tapmazsan.
Hər şey şəklə daxildir, ən uzaqdakı
ağac da, ən yaxındakı ot da,
ortada qalan kötük də...
Ən uzaqdakı dağlar da, ən yaxındakı qəsəbə
də, ortada qalmış insan da.
Həbsxana
kamerasında ölüm döşəyinə
düşmüş Süleyman əfəndi də, ona qulluqda
son ana qədər vəfasını qoruyan Satılmış
da, ölmüş ərinin əşyalarını
yığışdıran qadın da, hətta qısa
müddətlik yoxa çıxmış çaydan da... -
bizik...
***
Səbahəddin Əlinin "Asfalt" hekayəsi
kütlənin nə qədər həlməşik
olduğunu təsvir edir. Bizi həmin kütlənin həlməşikliyi
insanda qazanılmış laqeydlik və yaltaqlıq sindromunun
hansı mənəvi sapmalara səbəb olduğuna
baxmağa məcbur edir. İmkan vermir,
başımızı yana döndərək,
gözümüzü kənara qaçırdaq; qəddarcasına
tutub saxlayır. Fikrimizi səhnəyə kilidləyir və
aradan keçən az qala, doxsan ildə insan
xislətinin necə də dəyişməz
qaldığını görüb dəhşətə gəlirsən.
Sənə elə gəlir, zaman geriyə
axır, sən və mənsub olduğun cəmiyyət
üzüaşağı, quyunun dibinə gedir. Asfalt yoldan çıxıb "Yuxu"nun
qarmağına keçməyin isə an məsələsidir.
Səbahəddin Əli hər nə qədər
insan mərkəzli yazıçı, insan hisslərinə
vaqifdirsə də, onu heç vaxt budağından
qopartmır. Onu öz ağacının,
içdiyi suyun, udduğu havanın, üşüdüyü
soyuğun, quruduğu quraqlığın meyvəsi - ya geni dəyişdirilmiş,
ya da qurdlanmış meyvəsi kimi göstərərək
günahkarlığıyla
günahsızlığını eyni tərəziyə
qoyur. İzolə olunmuş otaqlar şəklində
üst-üstə düzülmüş cəmiyyətin
mümkünsüzlüyünü bir daha xatırladır.
Biz
hamımız hər şeyimizlə bir-birimizdən ibarətik...
***
Səbahəddin Əlinin "Salam" və ya "Həsənboğuldu"
kimi hekayələri də var; həyatın içindən,
adi əhvalat təsiri bağışlayan hekayələr. Amma bu hekayələrdə
belə haqqında danışılan qəhrəmanların
xarakteri onlar haqqında danışılan qəhrəmanın
xarakterini kölgə altına almır: "Yusif
dükanını bağlayıb gedəndən sonra
müştəriləri mənə qaldı. Övladlarının
qisməti mənə tapşırılmış oldu.
Onların haqqı boynumun borcudur" deməklə həm də
boynumuzda tanıdığımız və
tanımadığımız insanların, həyatın,
inkişaf və rifahın yükünü gəzdirdiyimizi
başa salır...
***
Nəhəng Səbahəddin Əli hekayələrində
əzabla təsvir etdiyi kiçik adamların taleyini
yaşamalı oldu. Onun ölümü ölümünü təsvir
etdiyi bədbəxt uşaqların, qadınların, -
insanların ölümünün inikası idi, Səbahəddin
Əli hekayələrində qəribə bir soyuqqanlı pərdə
arxasından qəzəb doğuracaq şəkildə təsvir
etdiyi amansız və düşüncəsiz, laqeyd, beyni dar
çərçivədə
manqurtlaşdırılmış, insani hisslərini
itirmiş, hardasa balaca bir qızcığazı soyuqdan,
hansısa bir qadını isitmə xəstəliyindən
öldürən birbaşa və ya dolayı qatillərdən
birinin qurbanı oldu.
Məzarının
yeri hələ də bilinməyən Səbahəddin Əli kim bilir, indi haralardadır? Məzarının
yeri bilinməyən Səbahəddin Əlinin qalıqları
tapılıb o olduğu zənn edilmiş meyidinin yerində
bir xatirə daşı qoyulub, amma o daşın da yeri
çox az adama məlumdur.
Amma mən
bilirəm, onu sevənlər də o daşın dağlarda
olduğunu bilirlər...
***
...Bir məmləkətin
ordusu pozulubsa, döyüşə girmədiyi müddətdə
bu meydana çıxmaz; bir məmləkətin təhsili
pozulubsa, bunun özünü göstərməsi ən
azı bir nəsil çəkəcək; lakin bir məmləkətdə
ədalət pozulubsa, xalq ədalətə inanmamağa
başlayıbsa, anarxiya dərhal özünü göstərməyə
başlar, hərə öz haqqını özü təmin
etməyə çalışar və həmin cəmiyyət
dərhal dağılmağa və batmağa məhkumdur...
Səbahəddin Əli həmişə diridir...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti 2024.- 27 aprel,
¹15.- S.46-47.