İlk təsəllim
“Yaddaş eskizləri” silsiləsindən
Bir aya yaxın idi Hüseyn
dayını görmürdük...
Futbol üzrə SSRİ, Avropa, dünya
çempionatlarını televizorda izləməyi, stadionda
“Neftçi”nin bütün oyunlarına
baxmağı öz yerində, məhəlləmizdəki
oyunlara məşqçilik, hakimlik etməkdən xüsusi həzz
alan Hüseyn dayı zəif, amma oynamaq həvəsində
olanları komandalar arasında
bölüşdürürdü ki, qıraqda kefsiz
dayanmasınlar. Yarış bərabər getsin
deyə, hər komandaya eyni səviyyədə oynayan uşaq
salırdı. Arada özü də
meydançamıza girib top ötürürdü, amma qol
vurmurdu.
Əvvəlcə o,
bizə yüngül, sarı rəngli, bir müddət sonra
daha həvəslə oynayaq deyə, əsl
futbolçuların oynadığı bahalı dəri top
aldı. Hərəmizə bir ləqəb qoymuşdu:
Elşad – Sokrates, İntiqam – Maradona, uzundraz İlqar –
Bertolduydu. Mənsə fərsiz qapıçı kimi nə
Subisaretta idim, nə də Dasayev, zərbəylə vurulan topu
yumruqlarımla qaytarmaq əvəzinə, sifətimə dəyəcəyindən
qorxduğumçün, arxamı çevirirdim, top ya belimə,
ya da pardon, dalıma dəysin və çox vaxt qol
buraxırdım.
Oyun maraqlı, gərgin
keçsin deyə, Hüseyn dayı qalib komandanın
oyunçularına, – hər komandada altı nəfər, –
dondurma söz verirdi. Damağındakı siqaret
tüstüsünün acısından gözlərini
qıyan, həmişə çirkli ağ
xalat geyinən Qüdrət dayı dondurmalarla dolu
arabasıyla “Marojenni (dondurma), kafeyni, plambir, fruktovı (meyvəli)!”
deyə-deyə məhəlləmizdə peyda olan kimi, qalib
komandanın uşaqları qaçırdı Hüseyn
dayıgilə. O da cibindən yaşıl üçlük
çıxardıb kapitana verirdi. Uduzan komandanın
uşaqlarına da bir manat göndərirdi ki, özlərinə
nisbətən ucuz, on beş qəpiklik
meyvəli dondurma alsınlar.
Bir dəfə Hüseyn
dayının yoldaşı Mahizər xala qonşu arvadlara bərk-bərk
tapşırdı: “Axşam saat altıda çölə
çıxmayın, ərlərinizlə bir yerdə oturun
televizorun qabağında, Hüseyni göstərəcəklər”.
1986, ya 1987-ci iliydi, doğma dildə cəmi bir
kanal, – AZTV varıydı. O kanalda bircə dəfə
çıxış edən adam qısa
zamanda az qala, bütün Azərbaycanda məşhur ola bilərdi.
Yeri gəlmişkən, Hüseyn dayı Xarici
Dillər İnstitutunun (indiki ADU) yataqxanasının
komendantıydı. Verilişin mövzusu tələbələrlə
bağlıydı, böyük zalda üç-dörd
sırada xeyli adam oturmuşdu. Evdə atam, anam, qardaşım, mən televizorun
qabağında oturub on beş-iyirmi dəqiqə
tanımadığımz adamlara candərdi qulaq asandan sonra,
Hüseyn dayıya söz verdilər. Həmişə
idman şalvarında, “Radopi” çəkə-çəkə
bizə məşqçilik, hakimlik edən, hoppanıb
başıyla top vuranda ağzını açan İntiqama
“Maradona, ağzıvı yum, milçək girər” deyən
Hüseyn dayını ilk dəfəydi ciddi sifətdə,
qara kostyumda, ağ köynəkdə,
qalstukda görürdük. Əlində mikrofon beş-altı
cümlə dedi, bircə “İnfrastruktur dəyişiklikləri
etmək lazımdır” sözləri yadımda qalıb. Mən dərs oxuyan uşaq olduğuma görə məhəllədə
“Arximed” ləqəbi almış məktəbli, ilk dəfəydi
“infrastruktur” sözünü eşidirdim, o söz mənə
qeyri-adi, sirli gəlmişdi. Mənasını
anlamaqda nə atam, nə də evimizdəki izahlı
lüğət mənə kömək edə bilmişdi.
Üstəlik, futbolla assosiasiya olunan Hüseyn
dayının bu sözü deməsindən əməlli-başlı
heyrətlənmişdim.
Həmin verilişdən
sonra o, bir müddət uşaqlı-böyüklü
gözümüzdə ucaldı, ona olan sevgimizin, hörmətimizin
üstünə ciddilik gəldi. Tezliklə, Hüseyn
dayı yenə uşaqlara qaynayıb-qarışdı, onu az qala, tay-tuşumuz kimi hiss etməyə
başladıq. Yenə oyunlara can qoyduq ki, onun hesabına o
vaxtın ən dadlı plombir dondurmasını yeyək,
uduzanda heç olmasa, meyvəlisiylə keçinək.
Sonra təcili
yardım maşını məhəlləmizdə peyda oldu,
maşından düşən həkim, balacaboy, kök tibb
bacısı, əynində zolaqlı xəstəxana
xalatı olan Hüseyn dayı və Mahizər xala həyətə
girdilər. Beş dəqiqə keçməmiş
həkimlə tibb bacısı öz maşınlarına
minib getdilər. Hardasa bir saat sonra qəfildən
onların həyətindən ağlaşma səsi gəldi.
Kişili-arvadlı qonşular evlərindən
çıxıb ora axışdı.
Bircə ay əvvəl sağlam
gördüyüm yaxşı insanın qəfil ölməsini
dərk edəmmirdim, elə bilirdim, xəstəxanadan evinə
qayıdan o yaşda adam ancaq qocalıb
ölə bilər. Uşaqların sevimlisi, öz
ayaqlarıyla həyətlərinə girən Hüseyn
dayının otuz altı yaşında qəfil bizi tərk
etməsi uşaqlıq həyatımda mənə məntiqsiz,
yanlış hadisə kimi gələn, həm də zərbə
aldığım üçüncü ölüm hadisəsi
idi... Artıq əlli yaşın içindəyəm,
amma hələ də o, yaşca məndən böyük,
altdan yuxarı ona baxdığım, boyca məndən
hündür Hüseyn dayıdır və axıra qədər
də belə olacaq.
Ağlaşma səsinin
vahiməsindən onların həyətinə girmədim, eləcə
çöldə dayanıb deyilən ağılara qulaq
asırdım. Cənazə həyətdən
çıxarılanda, – əminiydim ki, baxsam, mafə mütləq
yuxuma girəcək, – evimizə qaçacaqdım. Bu vaxt Hüseyn dayıgilin dəmir
darvazasının qapısı açıldı, rəhmətliyin
oğlu, ən yaxşı futbolçumuz, bombardirimiz Elşən
həyətlərindən çıxıb var-gücüylə
qaçmağa başladı. Ardınca
yaşca hamımızdan böyük, Sovetin iki illik əsgərliyini
çəkmiş qonşumuz Daşdəmirlə mən hərbi
hospitalın divarı boyu qaçdıq. Tramvay
xəttinə çatmamış Daşdəmir onun qolundan
tutaraq ərklə danlamağa başladı. Elşən ağlamasa da, sifətində
çaşqın ifadə varıydı, elə bilirəm,
evdən qaçmaqla atasının yoxluğuna qarşı
üsyan etmişdi.
Geri
qayıdırdıq, bir qolundan Daşdəmir, o birindən mən
tutmuşdum, özümü lap milisaner (indiki polis) kimi hiss
edirdim. Əlimlə belinə vura-vura ürək-dirək
verirdim: “Möhkəm ol, olan şeydi, sən daha yekə
oğlansan”. Ondan bir sinif yuxarı oxuyurdum.
Elə şəstlə yeriyirdim, elə bil,
çox çətin bir işin öhdəsindən gəlmişəm.
İstəyirdim, məhəlləmizdə
hamı qəhrəmanlığımı görüb ürəyində
mənə “malades” (əhsən) desin, bunu bilməkçün
uşaqlı-böyüklü qarşıma çıxan hər
kəsin üzünə diqqətlə baxırdım. Onlarsa mənə yox, qəmgin-qəmgin Elşənə
baxırdı, gözlərimlə “Mənə də baxın
də” deyirdim. Evlərinə çatana yaxın onu
qucaqlayıb, üzündən öpüb yenə dedim, möhkəm olsun. Daşdəmirlə
bir yerdə onu evlərinə gətirib
çatdırdığıma görə hədsiz sevinirdim,
həmin anlar bəlkə də Hüseyn dayının bu
dünyadan köçməsini unutmuşdum. Ən əsası, həyatımda ilk dəfə kiməsə
təsəlli verdiyimçün özümlə fəxr
edirdim, şüuraltı hiss edirdim ki, yavaş-yavaş
böyüyürəm.
Dəmir darvaza
taybatay açılanda, ağlaşma səsi güclənəndə
aradan çıxdım. Sonra eşitdim,
Hüseyn dayını dəfn etməkçün doğulub
böyüdüyü Salyana aparıblar. Məhəllə
uşaqları bir neçə gün futbol yetimçiliyi
çəkdi.
...Rəhmətliyin
üçündə, mağarda oturub şəklinə
baxanda, mənə elə gəlirdi, Hüseyn dayını
Bakıda dəfn etsəydilər, onu uzun müddət
yanımızda hiss edəcəkdik. O isə Salyana – uzağa
getməklə sanki özünü bizə unutdurmaq istəmişdi,
istəməmişdi onun yoxluğunu hiss edək, xiffətini
çəkək.
Alpay Azər
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, ¹15.- S.47.