Məhəmməd
Füzuli - Seyid Əzim Şirvani - Əliağa Vahid
Azərbaycan qəzəlinin
üç sütunu
(Əvvəli
burada)
Bu qəmlər
ki, mənim vardır, bəirin başına qoysan,
Çıxar
kafər cəhənnəmdən, gülər əhli-əzab
oynar.
Füzuli
deyir ki, mənim bu qəmlərim ki var, dəvənin
başına qoysan, kafər cəhənnəmdən
çıxar, orada əzab çəkənlər
gülüb-oynarlar. Bundan böyük mübaliğəyə
rast gəlmisinizmi?
Tabi-suzi-sinədən
əskiltməsəydi göz nəmi,
Göz
yumub açınca seylabə verərdim aləmi.
Füzuli
deyir ki, əgər aşiqin sinəsində yanan eşqin hərarəti
gözlərindəki nəmi əskiltməsəydi, o, göz
yumub-açınca dünyanı selə qərq edərdi.
Yerdən,
ey dil, göyə qovmuşdu sirişkin mələki,
Anda
heç qoymayacaqdır oları əfqanın.
Füzuli
deyir ki, ey qəlbim, sən o qədər göz yaşı
tökdün ki, mələklər yerdə qala bilməyib
göyə qalxdılar, amma göyə ucalan fəryadın
onları orada rahat qoymayacaqdır.
Bu sətirlərin
müəllifi az-çox klassik poeziyamıza vurğun bir
şəxsdi və Füzuli heyranıdır. Təkcə
Füzulini deyil, klassik poeziya nümunələrinin əksəriyyətini
(xüsusilə qəzəl ədəbiyyatını) dönə-dönə
mütaliə edir, ən çox klassik poeziyada işlənən
bədii təsvir vasitələrinə diqqət yetirir. Və
etiraf edir ki, Füzuli qəzəllərində olan bu
möcüzələrə heç bir şairdə təsadüf
etməyib.
Beləliklə,
biz Azərbaycan qəzəlinin "Füzuli mərhələsi"ni
xüsusi qeyd etməliyik. Bu mərhələ hələlik qəzəl
ədəbiyyatımızın zirvəsidir.
Qəzəlin
Seyid Əzim əsri. Üç əsr sonra XIX əsrdə yaranan
külli-miqdarda qəzəlləri, nümunələri nəzərdən
keçirərkən aşağıdakı nəticələrə
gəldik ki, XIX əsr Azərbaycan qəzəlinin həm
müəyyən mənada yüksəliş dövrü, həm
də eniş dövrü olmuşdur.
Qəzəl
populyarlıq qazanır, xalqın milli-mənəvi dəyərləri
sırasında yer alır, muğam məclislərinin bəzəyi
olur, hətta maarifçi fikirləri ifadə etmək
üçün bir vasitəyə çevrilir. Bunların
reallaşması qəzəl ustadlarının sayəsində
mümkün idi və Qasım bəy Zakirin, Seyid Əzim
Şirvaninin, Nəbatinin, Xan qızı Natəvanın, Mirzə
Nəsrullah Baharın, Bixudun, Mir Möhsün Nəvvabın,
Fatma xanım Kəminənin, Heyran xanımın, Qasirin,
Racinin, Həsənəli xan Qaradağinin, Sədi Sani
Qarabağinin, Məhəmməd Bülbül
Qaryağdının, Məhəmməd ağa Cürminin,
Əbdülxaliq Yusifin, Əbdülxaliq Cənnətinin, Azər
Buzovnalının qəzəlləri bu janrın yeni bir
vüsət qazanmasında əvəzsiz rol oynadı. Bu adlar içərisində Seyid
Əzim Şirvaninin xüsusi yeri var və əgər
Füzulidən sonra "USTADİ-ƏZƏM" "təyinatı"
verilsə, bu, Seyid Əzimin qismətinə düşər.
Müasiri Ağəli bəy Nasehin "Sərdəftəri-əhli-fəzlü
ürfan" kimi dəyərləndirdiyi Seyid Əzim,
doğrudan da, adları çəkilən əksər XIX əsr
şairlərinin mənəvi ustadı olmuşdur. Hətta
mübahisəli səslənsə də, deməliyik ki,
Füzuli olmasaydı, Seyid Əzim poeziyamızda birinci qəzəl
ustadı kimi şöhrətlənəcəkdi. Seyid Əzim
Füzuli ənənələrini yaşadan, lakin bu ənənəni
özünün novator-şair keyfiyyətləri ilə zənginləşdirən
bir şair idi. Ümumiyyətlə, qəzəldə
Füzulidən sonra novatorluq etmək mümkün idimi? Seyid
Əzim qəzələ yeni ab-hava gətirdi, qəzəlin
dili xeyli sadələşdi, qəzələ həyati
detallar, real hisslər daxil oldu. Deyək ki, Füzulinin platonik
məhəbbətini Seyid Əzimin Yer gözəllərinin
sevgisi əvəz elədi. Füzulinin heç bir qəzəlində
gözəlin yaşadığı məkanın adı
çəkilmir. Konkret şəxslərin də adlarına təsadüf
etmirik. Amma Seyid Əzimin qəzəllərində coğrafi
adlarla (şəhər, çay), tanış adamların ismi
ilə qarşılaşırıq: "Kənari-çeşmimə
sancıldı oxların ney tək, Sudan qəmiş bitirən
Kür kənarına bənzər", "Neçə məhru
gözəl Şirvanda könlümdən qərar
almış, Tənimdən tab, gözdən xab, əldən
ixtiyar almış", "Səfayi-Kəbeyi-kuyin taparmı
şeyxi-hərəm, Əgər yüz il yügürə Məpvdən
Səfayə qədər",
"Cürmilə çoxdu bu qəzəlin fərqi
Seyyida, Gər simi-şeirə bir məhəki-imtiyaz olur".
Qəzəldə zarafat, yumor, xalqdan gələn şirin,
duzlu atalar sözləri və məsəllərə də (hətta
söyüşə də) Seyid Əzim divanında
rastlaşmaq olar: "Qonşu toyuğu qaz görünür
qonşuya, Seyyid, Öz yarüvi tut, özgə nigarı nə
gərəkdir?", "Yarını əğyar ilə
gördü, özün öldürmədi, Adını
aşiq qoyub, Seyyiddə hərgiz ar yox", "Əgər məşuqə
mənzurundu, get bir şahibaz istə". Bu məşhur bir
məsəldir, Seyyida, "qaz vur, qazan doldur", "Seyyida,
yar eşidib naleyi-zarimi dedi: Bu nə itdir ki, gəlib kuyimə
fəryad eylər", "Səni Yusif bilib, verdim
könül mülkündə sultanlıq, Əzizim, nuri-eynim,
sən gəda oğlu gədasənmiş", "Görər
əğyar ilə yarını ölməz, İlahi, Seyyidə
bir ar gəlsin".
Qəzəldə
müəyyən bir əhvalatı, aşiq-məşuq
münasibətlərini nəql
eləmək ("Gecə xəlvətcə bizə sevgili yar
gəlmiş idi" - Nizami) klassik qəzəllərimizdə
ayrıca bir xətt təşkil edir. Buna süjetli qəzəl
deyilir və Seyid Əzimin belə qəzəlləri sayca az
deyil.
Dünən
gecə mənə həmbəzm bir səmənbər idi,
Məhi-cəmalı
ilə gözlərim münəvvər idi.
Başımda
nəşeyi-mey, xatirimdə zövqü səfa,
Bir əldə
türreyi-dilbər, bir əldə sağər idi.
Gecəm
o hur cəmalilə ruz tək rövşən,
Yerim
behişti-bərin, badəm abi-Kövsər idi.
Nə
xahiş eyləsəm ol bəzm ara olub hasil,
Nə
arzu eləsəm yardən müyəssər idi.
Xuda
keçən gecəni ömrümə hesab eləsin,
Ki, hər
dəqiqəsi yüz min günə bərabər idi.
Qədr
axtarasan, ey şahi-diyari-vəfa
Ki,
heyf öldü bu Seyyid, qəribə çakər idi.
Seyidin
qəzəlləri həyatsevərlik, nikbinlik
çalarları ilə oxucuda xoş hisslər oyadır,
"axirət fikrini çəkmə, gözəllərdən
və gözəllikdən zövq al" - bax, bu fikirləri
təbliğ edirdi Seyid, xurafat
zülmətinə bürünmüş Şamaxı
mühitində bunları söyləmək hünər tələb
edirdi. Şərabın, meyin "tərənnümü"
isə Xəyyamdan, Füzulidən gəlirdi və ümumiyyətlə,
klassik poeziyada mey, meyxana, şərab daha çox simvolik məna
daşıyır. Ancaq S.Əzimin yaşadığı
Şamaxı mühitində meyi, meyxanəni məscidə
qarşı qoymaq qabaqcadan əcəl kəndirini boynuna dolamaq
idi. "Şərab almağa səndən ötrü təndə
nəqdi-canım var, Güman etmə ki, bu biçarə
Seyyid təngdəst olmuş". "Qəribə xanəviran,
rindi-bipərvadı Seyyid kim, Əlindən cam düşməz,
bir çıxıb meyxanədən gəlməz", "O
tari-zülfə Seyyid qılmaz iyman, məhz kafərdir,
Çəkər təsbihdən əl, rişteyi-zünnardan
keçməz", "Seyyida, lalələr aldı ələ
mərcani qədəh, Ruhi-Cəmşidi edək şad,
içək bir neçə cam", "Zahidü məscid
təmənnasın çox etmə, ey könül, Zahidi bir
cüğd bil, həm məscidi viranə tut" və s.
Ancaq S.Əzim heç vaxt allahsız olmamışdır, qəzəllərində
Qurandan, dini kitablardan gələn sözlər, ifadələr,
"Xalıq", "Allah kərimdir" rədifli qəzəlləri
diqqəti cəlb edir.
Seyid
Əzimin Füzuli qəzəllərinə nəzirələri
çoxdur. Ancaq bunları sadəcə nəzirə hesab etmək
doğru olmazdı. Bu qəzəllərdə Seyid Əzimin
özünəməxsus şair fərdiyyəti, üslubu
diqqəti cəlb edir:
Can
tazələnir ləli-dürəfşanını görcək,
Dil
xürrəm olur sərvi-xuramanını görcək.
Dağlarə
çıxıb saldı başın sünbül
aşağı,
Ol
lalərüxün zülfi-pərişanını görcək.
Bu
xaki-siyəhdən başımız çərxə
ucaldı,
Ol
mahirüxün gündə bir ehsanını görcək.
Seyyid,
elə bildim ki, bəqa suyunu içdim,
Ol səbz-xətin
qətlimə fərmanını görcək.
Çox
maraqlıdır ki, XIX əsr şairlərinin bir çoxu
ikili ədəbi həyat yaşayırdılar: bir tərəfdən
divan ədəbiyyatına - klassik poeziyaya bağlı idilər,
digər tərəfdən maarifçiliyi təbliğ edirdilər.
Elə Seyid Əzimin yaradıcılığı bunun əyani
sübutudur.
Qəzəlin
XIX əsr dövrü bu janrın obraz, bədii təsvir
ustalığı, orijinal deyim tərzində də yeniliklərlə
zəngin idi. Füzulidən qüvvət alan şairləri
birmənalı şəkildə təqlidçi
adlandırmaq olmaz. Əksinə elə qəzəl nümunələri
yaranırdı ki, onları Füzuli və Seyid Əzim qəzəlləri
ilə bir sırada tay tutmaq olar.
Hər
kim ki, hicri yar ilə düşsə dimağidən,
Heç
açılırmı könlü onun seyri-bağidən...
Yetdikcə
gül dodağinə mey, bilməzəm alır,
Güldən
dodaq nəşəni ya mey dodağidən.
Sənsiz
bahar açıla, istəməz Bahar,
Nə
qönçə bağidən açılar, lalə
dağidən.
XIX əsr
Azərbaycan poeziyasında qəzəl janrının yüksəlişini,
başqa şeir formaları ilə müqayisədə
aparıcı mövqeyini qeyd etdik, ayrı-ayrı qəzəl
ustadlarının yaradıcılığına qısaca da
olsa, nəzər yetirdik. Lakin hər bir "çiçəklənmənin"
bir solan dövrü də olur. XIX əsr - Azərbaycan
maarifçiliyinin yaranışı, formalaşması və
inkişafı dövrüydü, ədəbiyyatda yeni realist
meyllər, tendensiyalar, təzə ədəbi janrlar
yaranırdı, rus və Qərb ədəbiyyatı ilə
tanışlıq başlanmışdı, bu ədəbiyyatlardan
ilk tərcümələr edilirdi, yeni tipli məktəblər
açılırdı, Axundov və Zərdabi kimi dühalar
milli-mənəvi tərəqqi uğrunda mübarizə
aparır, beyinləri köhnə, sxolostik düşüncə
tərzindən xilas etməyə
çalışırdılar. Əlbəttə, bu yeniliyin -
yeni düşüncə tərzinin formalaşması tədricən
klassik ədəbi meyarların zəifləməsinə, rəqabət
gücünün azalmasına səbəb olurdu.
Bu, ədəbiyyatın
zamanla ictimai fikirdə yaranan yeni, mütərəqqi meyllərlə
səsləşməsi ilə bağlı bir hərəkat
idi. Lakin bu, o demək deyil ki, klassik şeir formaları,
xüsusilə qəzəl sıradan çıxır.
Çünki "epiqonçu" adlandırılan şairlərin
meydanı hələ geniş idi.
Klassik
şeir formalarının strukturu əzəldən sabitliyi ilə
diqqəti cəlb edir, deyək ki, nə məsnəvi, nə
rübai, nə müxəmməs, nə müsəddəs, nə
də qəzəl heç vaxt öz "qiyafəsini" -
formasını dəyişmir. Lakin zaman klassik formalara da
öz "möhürünü" basmış olur. XIX əsr
poeziyasında, xüsusilə Seyid Əzim Şirvaninin, Nəbatinin,
Natəvanın, Şamaxı, Qarabağ, Bakı, Lənkəran
ədəbi məclislərində iştirak edən bir
çox şairlərin qəzəllərində sadələşməyə,
xəlqiləşməyə meyl, mümkün qədər
mücərrəd və qəliz ərəb-fars sözləri
və ifadələrindən qaçmaq qəzəlin yaxın
gələcəkdə yeni bir mərhələsinin
yaranacağına ümid doğururdu. Bu ümidi isə qəzəlin
Füzulidən və Seyid Əzim Şirvanidən sonra
böyük ustadı Əliağa Vahid doğrultdu.
Belə
bir dönəmdə klassik şeir sanki öz
missiyasını başa vurmuş hesab olunurdu, ancaq XX əsrin
əvvəllərində əsasən iki böyük sənətkar
- Mirzə Ələkbər Sabir və Əliağa Vahid
köhnə formalarda islahat işi apardılar(Mollanəsrəddinçi
şairləri də unutmaq olmaz)... Sabir klassik ənənədən məzmunu,
ideyanı yeniləşdirmək naminə əruzdan dördəlli
yapışdı, Vahid isə qəzəlin - "köhnə"
formanın xəlqiləşdirilməsi, onu xalqa sadə və
anlaşıqlı tərzdə
çatdırılmasına nail oldu. Sonrakı onilliklərdə
Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə
bu ənənəni davam etdirdilər.
Vahid
klassik qəzəlin mistik, bəzən isə həddən
artıq mücərrəd örtüyünü çəkib
atdı, qəzəldə real insan hisslərini ön plana
çəkdi. Vahidin özündən əvvəlki əruz
şairlərindən fərqli olaraq dərin fəlsəfi mənalara,
ağır ürfani fikirlərə, çətin
anlaşılan rəmzlərə çox da yaxın getmədiyini,
ərəb-fars sözlərindən bacardıqca imtina etdiyini,
işlətdiyi təşbehlərin, metaforaların sadə, hətta
bəzi məqamlarda primitiv olduğunu qeyd edənlər var.
Bununla razılaşmaq çətindir. Vahidin qəzəlləri
fəlsəfi mənalarla doludur, ürfani fikirlərə də
rast gəlirik, doğrudur, işlətdiyi təşbehlər,
metaforalar, ədəbi təsvir və bədii ifadə vasitələri
sadəliyi ilə diqqəti cəlb edir, amma bu sadəlik
primitivlik demək deyil. Vahidin qəzəlləri ilə
Füzuli qəzəllərini
müqayisə etdikdə məna və məzmun
baxımından uçurum yaradacaq qədər ciddi bir fərq
görmürük. Füzuli azərbaycanca divanının ilk
qəzəlində eşqi tərənnüm edir("Qəd ənarəl..."),
Vahidin qəzəllərində də buna aid onlarla misallar gətirmək
olar("Sevgilim, eşq olmasa, varlıq bir əfsanədir"
və s.). Füzuli yarın sitəmindən,
cövr və cəfasından şikayət edir ("Nə kəmandarsan,
ey məh ki, atıb qəmzən oxun, Yıxdığın
seydidə nə zəxm, nə peykan görünür").
Vahid də eləcə: ("Uyma hər zülfü qara,
sevgili cananə, könül, Bu vəfasızlar edərlər
səni divanə, könül"). Füzuli yar
üçün qurban getməyi, hətta gözünü
qırpmadan həlak olmağı özünə şərəf
bilir ("İldə bir qurban kəsərlər xəlqi-aləm
iyd üçün, Dəmbədəm, saatbəsaət mən
sənin qurbaninəm"), Vahid də son anda ölümü
intixab edir: ("Eşq cövründən qutarmaq bir sağalmaz
dərd imiş, Mən bu dərdin çarəsin ölməklə
asan etmişəm"), Füzulidə sevdiyi gözəlin
zahiri əlamətlərinin təsvirinə aid onlarla beytlər
tapmaq müşkül deyil("Öylə rənadır,
gülüm, sərvi-xuramanın sənin, Kim, görən bir
kəz olur, əlbəttə, heyranın sənin"), Vahiddə
də həmçinin: ("Gözəlim, gül üzünə
el hamı heyrandı sənin, Fitnəkar, şux
baxışın işvəli ceyrandı sənin"),
Füzuli də eşqdə özünü Məcnundan
üstün sayır("Ey Füzuli, dura məndən ala təlimi-vəfa,
Nagəh ər mərqədi - Məcnunə düşərsə
güzərim"), elə Vahid də belə
düşünür("Məcnunu mənəm indiki əsrin,
hanı Məcnun? Dillərdə mən ondan daha əfsanəyəm
indi"). Füzuli ürfan şairi idi. Bəs Vahid?
(Davamı
olacaq)
Vaqif Yusifli
Ədəbiyyat qəzeti 2024.- 27 aprel,
№15.- S.44-45.