Füzulinin
"Rindü-Zahid" əsəri
Nəzəri-metodoloji
yozum
Mövlanə Məhəmməd
Füzulinin dövr və mühitinin, öz şəxsiyyətinin
bir sıra mətləblərini açan, farsca
yazılmış "Rindü-Zahid" mükaliməsi
şairin "Əsərləri"nin V cildində yer
alır. Həmin
cildə Ön söz yazmış akademik Həmid Araslı
belə maraqlı mülahizələr irəli sürür:
"Rindü-Zahid" əsəri Yaxın Şərq ədəbiyyatı
tarixində mükalimə şəklində
yazılmış böyük bir hekayədir". Hekayə deyil, bəlkə görkəmli alimimiz
hekayət yazıb, bu söz nəşrdə hekayə kimi
gedib. Biz bu fikirdəyik ki, bizim
dramaturgiyamız XIX əsrdən yox, bəlkə də elə
"Rindü-Zahid"dən mənşə alır. Həmid Araslı yazır ki, "Ata Zahid, oğul isə
Rind adlanır. Bu adlar özü orta əsr
ədəbiyyatında rəmzi məna
daşıyırdı. Zahid tərki-dünyalıq,
mühafizəkarlıq, riyakar dindarlıq, Rind isə bunun əksinə,
həyat və gözəllikləri sevən, eyş-işrət,
musiqi və gözəllik aşiqi bir şəxsiyyətdir...
Ata-oğul dili ilə gedən mükalimədə
nəsillərin qarşılıqlı münasibəti
aydınlaşır".
Beləliklə:
XVI əsrdən müasir dövrədək bizim ədəbiyyatda
atalar və oğullar problemi davam edir.
Hörmətli H.Araslı hər yerdə Zahidi köhnə
sovet sözü ilə desək, "mühafizəkar", hətta
"mürtəce" adlandırır (V c.s.5). İndi belə
terminlər işlətmək yolverilməzdir. Əsərin
əvvəlində verilən rübaidə belə deyilir:
İlahi,
sən məni məğrur zahid etmə!
Səndən
uzaq olan bir rind də etmə!
Elə et ki, yoxluqda ikən bir ad çıxarım,
Məni
rindlik və zahidliklə məşhur etmə!
(V c.s.11)
Bu rübai M.Füzulinin özünə aiddir. Biz əvvəlki məqaləmizdə
(bax:"Yeni tarixi dövr və Füzulişünaslığın
vəzifələri". "Ədəbiyyat qəzeti".17.02.2024)
yazmışıq ki, Füzuli həm Rinddi, həm də
Zahid. O bir yandan, eşqi, şərabı tərifləyir,
"səccadəyə basma ayaq", "məscidə girmə",
"namaz əhli ilə oturma-durma" deyir, digər tərəfdən,
"ruzi yeyənin ali rəsulun qapısından", "mənim
qəbrimin üzərinə baş daşı qoymayın,
imam Hüseynin məzarının baş daşının
kölgəsi mənim qəbrimin baş daşı olsun"
deyir.
"Rindü-Zahid"in
əvvəlində verilən ikinci rübainin birinci misrası
belədir:
"Zahidlərin pak ürəyindəki işıq səndəndir".
İndi də
mətnə müraciət edək: "Əcəm
diyarında olduqca vüqarlı, çox təmiz, pak bir Zahid
var idi"... Onun Rind adlı bir oğlu var idi
ki, kamalda misli-bərabəri yox idi" (s.13-14).
Beləliklə, həm Rind, həm də Zahid hörmətə
layiq adamlar, Füzulinin iki parçası idi. Əsər
başdan-başa Qurani-Kərimdən gətirilən surələr
və ayələrlə müşayiət olunur. Bu, XVI əsr üçün bir məziyyət idi və
əsərdəki fikirlərə inamı möhkəmləndirirdi.
Rind nəzmə meyillidir. Zahid ona deyir: "Ey Rind! Sənin
sözlərindən nəsrdən ikrah etdiyin məlumdur... Allahın və Peyğəmbərin caiz görmədiyi
nəzmi bəyənirsən? Yalançılıqda
ifrat etdiyinə görə şəriət əhli tərəfindən
adı məzəmmətlə yad edilən şeir sənin
xatirinin səhifəsinə nə üçün nəqş
bağlamışdır?
- Ey Zahid!
"biz ona şeir öyrətməmişik"
ayəsinin məzmunundan belə anlaşılır ki, şeir
Peyğəmbərdən başqasına Allah təlimidir. Odur ki, onu təhqir etmək xətadır.
"Həqiqətən, bəzi şeirlər hikmətdir"
hədisinin mənasından belə anlaşılır ki,
Peyğəmbər şeiri bəyənmişdi... "Şeirdəki fayda verən yalan zərər verən
doğru nəsrdən yaxşıdır"(s.16).
Əvvəla,
budur ki, Füzuli bir qəzəlində yazır:
"Füzuli rindü-şeydadır, həmişə xəlqə
rüsvadır", yəni Füzuli bu əsərdə bəyənmədiyi
rindliyi qəbul edir. İkincisi, bir dahi şair
olaraq Füzuli şeir ustasıdır. Məhəmmədi
Füzuli eyləyən bəyənmədiyi şeirdir.
Üçüncüsü, Füzuli özü də Rind
kimi düşünür:
Gər
dersə Füzuli ki, Gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə,
yalandır.
Şeir rəmzdir-simvoldur, şeir metaforadır, təşbeh
və istiarədir. Ona görə də böyük şair
şeiri "yalan" adlandırır ki, həqiqi lirika
birbaşa anlaşılmır. Zahid deyir,
"imkan həqiqətə çevrilə bilməz".
Rind: Ata zahiri vücudsuz, mürşüd mənəvi
vücudsuz. "Mürşüd anadan müqəddəsdir",
"elm bir ruhdur", "nəfsin canı vardır"...
Ümumən, rindlik və zahidlik Orta əsrlər
düşüncəsində iki zidd halət idi. Burada dahi
Füzulinin digər bir (dövründən irəli gələn)
ziddiyyəti də vardır. Zahid deyir: "Ey Rind! Daha yaxşı olar ki, sənət kəsb etməkdən
qabaq elmə rəğbət edəsən. Elm öyrənmək
vadisinə gələsən ki, elm ruhani ləzzətlərin
zəncirini hərəkətə gətirəndir ki,
Allahı tanımaq sirlərinə vasitədir:
Elm bir dəryadır ki, ondan
Haqqı tanımaq gövhəri hasil olar.
Zahid oğlu Rindi ona görə elmə dəvət edir
ki, elmdən "haqqı tanımaq gövhəri hasil
olar". Rind
atasına belə cavab verir: "Varlıqda irfandan başqa bir
müddəa yoxdur". Akademik H.Araslı yazıb:
"Füzuli sufilərin riyazət yolu ilə Tanrıya
doğru yaxınlaşmaq arzusunu bəyənmir... Füzuli irsini daha dərindən öyrənməkdən
ötrü onun sufilər haqqındakı mülahizələrini
nəzərdən keçirmək də çox
lazımdır. Şair sufi təriqətlərindən
heç birisinə mənsub olmamışdır. (s.8-9). Füzulinin tərəfində durduğu Zahid
"qələm gözəllik lövhü üzərinə
rəqəm yazdı" deyir. Açımını
Rind verir: "Ey Zahid!" bu xətt təliminin müqəddiməsidir.
Xətt təlimini mərifətin şərini
bilmək qələtdir. İrfan
istedadı xəttdən asılı deyildir. Peyğəmbərin
savadsızlığı, təhsilsizliyi buna şahiddir, xətt
irfanın mənşəyi deyil... Çünki
Allaha yaxınlıq məqamında əql heyran, nitq də
laldır" (s.18-19). Beləliklə,
buradan əqlə dəlalət edən elmin
gücsüzlüyü, əksinə, sənətkar (mütəfəkkir)
üçün fəhmin qüdrəti ortaya
çıxır. Peyğəmbər
savadsız idi, fəqət, onun savaddan çox-çox
güclü vəhyi var idi. Peyğəmbər
vəhylə, dahilər fəhmlə ilahi deyimləri, səma
kitabını qəbul etmişlər.
Zahid "qələm gözəllik üzərinə rəqəm
yazdı" deyimi ilə əslində hürufizmə
işarə edir. Rindün dediyi "xətt təlimini mərifətin
şərti bilmək qələtdir" deyimi də,
Füzulinin "Surətin gördükdə lal eylər məni"
deyimi də Fəzlullahın üzünü görəndə
özündən gedib bayılan müridlərə işarədir.
Fəzlullah müridlərlə görüşəndə
üzünü pərdə ilə örtürmüş.
Bu yerdə böyük sufi uzaqdan təsir
etdiyi üçün edam olunan Mənsur Həllac Miyanəçini
də yada salaq. Həyatsevər Rindün söylədiyi bir
mülahizə bu gün də din adından iftiralar yayan,
inkişafa mane olan xurafata, cahilliyə, fanatizmə zərbədir:
"Ey Zahid! Madam ki, məxluqatın
yaradılmasında qərəz xaliqə ibadət etməkdir,
Məxluqun məxluqa ibadət etməsi layiq deyil" (s 21). Bu fikir Orta əsrlər İslam Şərqində
böyük bir inqilabdır. Mahiyyəti isə belədir:
İnsan bütlərə ibadət etmədiyi kimi,
Peyğəmbərə, onun xəlifələrinə, imamlara
da ibadət etməməlidir. Bu müddəa əslində
"Qurani-Kərim"in Ali-İmran surəsindən gəlir.
Həmin surədə deyilir: "Allahdan başqasına ibadət
etməyək. Ona şərik qoşmayaq və
Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul
etməyək".
Biz "Azərbaycan
füzulişünaslığı" (2007) və
"Sufizm" adlı əsərlərimizdə (birinci əsər
bizim doktorluq dissertasiyamızdır.) Füzulidə sufizm
olduğunu söyləmişik. Sufizm əslində
din üzərində təməl tapır. Həmin təlim Peyğəmbərdən sonra III xəlifə
Osmanın dövründə mali-bərabərsizliyə etiraz əlaməti
olaraq dünyaya ifrat bağlanmamaq üçün dünyadan
imtina edən ilkin sufilər-zahidlər olmuşdur. Zahidlikdən ürfaniliyə keçid sufizm tarixində
yetkin mərhələnin hadisəsi idi.
Zahid
deyir: "Cəhli etiraf etmək də bir növ elmdir".
Rind deyir: "Allahı tanımaq alim və ağıllı
olmaqdan başqa bir şeydir. Allahın
sözündə və işində elm və əql kor və
kardır. Məmləkətin işləri
cahilin əlindədir" (s.24-25). Rind soruşur:
"Bura haradır və bu şərəfli yerin adı nədir?
Zahid deyir: "Bu, Allahın evidir və səfalı sufilərin
məbədidir". Rind: "Bu ev vəhdət, sid və səfa
evidir... Bu evdə yurd salmağın çətindir.
Mən ki hələ sənə bağlıyam.
Bu evdə mənzil tutmaqdan uzağam. Bizim hələ ki, fikrimiz dünya ilə məşğuldur.
Bura kamillərin yeridir". (s.42-43). Rind
şərabı və nəğməni tərifləyir:
"Şərab şüur aynasından tozunu silir",
"Ürəkaçan nəğmə səma
eyvanının kəməndidir", "Eşq bəşər
vücudu sədəfində Allahın əmanəti olan bir
gövhər"dir. Rind burada Şərqin böyük filosof
şairi Ömər Xəyyamın ənənəsini davam etdirir...
Zahid isə başqa fikir irəli sürür: "Gözəllərin
hüsnünə baxmaq yaxşı ürək sahiblərinin
ağlı üçün fitnədir".
"Rindü-Zahid"də mənəvi-əxlaqi məsələlər
də müəyyən yer alıb. Bu məsələdə
də iki dünyagörüşü
qarşılaşır. Zahid: "Evli olmayan kişi
hünərsiz olar". Yəni evlənmək
kişiyə qəhrəmanlıq bəxş edir. Rind:
"Evlənmək ləzzəti bir baldır və onun zəhəri
övladın əziyyətidir. Təzə gəlin
ilə ixtilaq şadlıqdır. ...Arvad
sevən kişi düşmən bəsləyən bir səfehdir"
(s.35-36).
Əsərdə
əsas fikir gözəllik anlayışı ilə
bağlıdır: həqiqət gözəl üzdə təzahür
edir, "gözəllik Allah simasının
aynasıdır". Allah axtaranlara yol göstərəndir.
Axırda
Zahid arif Rindün tənbehi ilə öz işlərindən
riya tozunu silir: "Fəna yolunda ağıllı ilə dəli
birdir. Dənizin dibində daş ilə inci
birdir".
"Rindü-Zahid" fəlsəfi mükaliməsində
oğul Rind, ata Zahid birdir, hər ikisi mütəfəkkir
Mövlanə Məhəmməd Füzulinin əqllə qəlbi
arasında çarpışır, həqiqət axtarır.
Gülşən
Əliyeva-Kəngərli
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, ¹15.- S.31.