Ədəbiyyata həsr olunan ömür
Novruz Nəcəfoğlu - 70
Tanınmış söz adamı Novruz
Nəcəfoğlunun 70 yaşı tamam olur. İllərlə
dövlətə və dövlətçiliyə
sədaqətlə xidmət edən dəyərli
ziyalımız həm də qeyri-adi bir ədəbiyyat
adamı, orijinal yazıçıdır. Qələmə
də hər zaman xidmət edən yazıçının
ömrünün böyük hissəsi, bioqrafiyası
əsərlərində də öz əksini tapıb. Bu mənada, Novruz müəllimin əsərləri
onun özü ilə söhbət qədər doğma
gəlir adama. Seçdiyi
qəhrəmanların koloriti, təbiiliyi oxucunu o qədər
inandırır ki, bu adamları hər gün, hər yerdə
gördüyünə, onlarla eyni mühiti
bölüşdüyünə şübhə qalmır.
Yazıçının
"Bir qış gününün xatirəsi",
"Yollar uzanan gün", "Keçən cavan
çağım ola...", "Atüstü bir
nağıl", "Bir mən oyaqdım",
"Nağıl adam", "Yuxuya gedib gecə"
kitabları bu cür qəhrəmanlarla zəngindir və bu
əsərləri oxumaqla onların saf dünyasına dalmaq
fürsəti yaranır. Müəlifin
şeirləri "İçimdə bir ocaq var",
oçerkləri isə, "Unudulmazlıq haqqı"
kitabında toplanıb. Yazıçının
ədəbi yaradıcılığı ilə bağlı
ardıcıl məlumatı ona həsr edilmiş "Yurd
yaddaşı" (tərtibçi: Aydın Tağıyev) kitabından
öyrənmək olar.
Həmçinin
yazıçının xarici ölkələrə
səfər təəssüratları ilə bağlı
qələmə aldığı "Dünya duracaq yer
deyil", "Sinqapur - Böyük dünya şəhəri,
iddialı ölkə", "Gördüyüm və
eşitdiyim Yaponiya" kitabları çağdaş səfərnamələr
kimi qiymətləndirilir.
Uşaqlar
üçün yazdığı "Nəcəflə
üz-üzə", "Ən böyük adam",
"Tufan" və ingilis dilində "Tural, Humay and
Nicat" kitablarından balalara xitabını, onların
dünyasına qatmaq istədiyi təməl
dəyərləri duymaq, görmək mümkündür.
Novruz müəllim qardaş Türkiyədə
də tanınan qələm adamıdır. Onun "Çarəsiz
yolçu", "Bəmbəyaz keçiddə",
"Qaranlıq gecənin səsləri"
əsərləri Türkiyə türkcəsində
(İmdat Avşarın tərcüməsində) çap
edilib. Bu əsərlər Türkiyənin
Təhsil Nazirliyi tərəfindən məktəblərdə
tədris olunmaq üçün əsərlər
siyahısına salınıb, kitabxanalar üçün
satın alınıb.
Bir
neçə il öncə Novruz müəllimin "Yuxuya
gedib gecə" kitabı
"Çağdaş nəsrin ustaları" seriyasından
- "XAN" işıq üzü gördü. Türkiyəli
yazıçı-tərcüməçi İmdat Avşar
əsəri qısa müddətdə Türkiyə türkcəsinə
də çevirdi və artıq qeyd etdiyim kimi, kitab qardaş
ölkədə nəşr olunub böyük maraqla
qarşılandı. Həmin əsərin
ilk oxucusu olmağın məmnunluğu içərisində
kitaba Ön söz yazmışdım. Bu gün
ədəbi mühitdə hər kəsin böyük
rəğbət və hörmətlə
yanaşdığı, yüksək həssaslığı,
qələm adamlarına qayğıkeş
münasibətilə seçilən Novruz müəllimi
yubileyi münasibətilə səmimi qəlbdən təbrik
edirəm, ona uzun ömür, cansağlığı yeni-yeni
yaradıcılıq uğurları diləyirəm. "Yuxuya gedib gecə" kitabına
yazdığım Ön sözü "Ədəbiyyat qəzeti"
oxucularına təqdim edirəm.
Yazıçı-publisist Novruz
Nəcəfoğlunun "Yuxuya gedib gecə" povestini
oxuyanda ədəbiyyatın və ümumiyyətlə
sənətin əbədi-əzəli mövzusu, problemləri
haqqında düşünməli olursan. Qəribə adam var - Həbib, onun tənhalığı
var və bu yalqızlığı
bölüşdüyü gecə var, bir də
keçmişin səsləri var. Vəssalam! Həbibin
gecədən və gecənin söylədiklərindən
savayı, nəyəsə ümidi yoxdur. Tənhalığını
bölüşmək üçün kimsəyə üz
tutmur, bircə dostunu, yaxınını, qohumunu, əzizini
belə axtarmır. Əlac o
qırıq-kəsik, xaotik xatirələrin, yada
düşən səslərin arasından həqiqəti
tapmaq və ona tapınmaqdır. Görünür,
maraqlı və qeyri-adi olan da elə budur. Oxucu suallar
qarşısında çaşıb qalır: Niyə, nə
üçün təkdir Həbib? Nə
istəyir, nə axtarır, niyə kimsəsizdir o?
Sualların
cavabı ayrı-ayrı bölümlərdə gizlidir,
onları açmaq, anlamaq və öz qənaətini
çıxarmaq oxucuya qalır...
Mənimsə, qənaətim budur ki,
"Yuxuya gedib gecə" Həbibin timsalında ən
qədim insandan üzübəri, statusundan,
cəmiyyətdə tutduğu mövqedən asılı
olmayaraq, hər bir adamın əndişələrini,
narahatlıqlarını ifadə edir. Dünyaya
tək gələn insanın tənhalıq qorxusu və
bununla mübarizəsi həm qəribədi, həm də
gözlənilən. Bu əsərdə isə
müəllifin uğuru iki zamanı birləşdirə
bilməsidir - keçmiş zamanı və gecə zamanını:
"Elə bil, qəflətən
nazikcə işartı sızmışdı bu qatı
qaranlığa, xəfif bir hənirti keçmişdi lal
sükutun içindən. Görünür,
elə sükutun hənirtisi imiş o... Həə, elədir
ki, var, deməli, sükutun da hənirtisi olurmuş..."
Yazıçının
təsvirindəki "qatı qaranlığa sızan
işartı" - işıq Həbibin
xatirələrindən gəlir. Və əslində
qəhrəman bu səslərin, xatirələrin içərisində
yaşamaq üçün səbəb
axtarır...
Ümumiyyətlə, Novruz
Nəcəfoğlunun əsərlərinin çoxu,
"Yuxuya gedib gecə" daxil, nostaljidən yaranıb,
ötən günlərin xiffətini çəkdiyi
üçün yazılıb. Maraqlı
olan budur ki, insan bu günü, indisi pis, əzablı
olduğu üçün qəribsəmir, nostalji
keçirmir. Yəni elə Həbib də
keçmişinə ona görə can atmır ki, mövcud
güzəranı pisdi, çətin, ya daha qəliz həyat
yaşayır, yox... İnsan, sadəcə,
belə yaranıb, həmişə gözü arxadadı
və qarşıdakı günlərindən
nagümandı, nəyinsə daha yaxşı olacağına
inanmır. Novruz Nəcəfoğlunun
əsərlərində qəhrəman keçmişdə
yaşananların da xiffətini çəkir, indi, bu gün
yaşadığının da qədrini bilir, gələcəyə
də ən kiçik bir ümidi var. Sanki müəllif
hər şeyin əla olacağını bilir, ya da buna
inandırır özünü. Amma bununla
belə yenə sıxılır, ütülü, şablon
adamları gördükcə keçmişdəki,
kənddəki o qəribə adamlar üçün
darıxır, məsələn, sadəcə, qan almaqla min
dərdə əlac edən acıdil Gülxar arvadın
xiffətini çəkir. Və oturub
yazır. Elə ona görə də "Yuxuya gedib
gecə" müəllifin öz ovqatının,
ağrılarının, əndişələrinin ifadəsi
kimi oxunur...
Artıq qeyd etdiyim kimi, povestdə
tənhalığın qəribə bir forması
özünü göstərir. Axı
gecə də tənhaların qənimidir. Həbib "səbəbsiz-filansız"
tənhadı. Gecə yaddaşından
gələn səslərin, "hay"ların,
"huy"ların sədasına oyanır və
olub-keçənləri yadına salır. Bu olub-keçənlər, bəlkə də
ayrı-ayrı əsərlərin mövzusudur, amma Həbibin
xatirələri, düşüncələri kimi maraqlı
bir şəkildə eyni ideya altında birləşə
bilib. Bu mənada, hər bölüm
həm ayrıca bir hekayə kimi, həm də bütöv
povestin tərkibi kimi qavranır. Məsələn,
"Qoytuləli körpüsü" bölümü, ilk
baxışdan, Həbibin ovqatına uyğun deyil
bəlkə. Amma Qoytuləlinin
başına gələn hadisənin özü nə
qədər düşündürücüdür. Fəlsəfə isə bundan ibarətdir ki,
xoşbəxtlik, yaxud insanın axtardığı elə
öz yanında, yaxınındadı, sadəcə, bunu
görmək, ona çatmaq üçün əziyyət
çəkməli, uzaqdan fırlanıb-dolanıb
gəlməlisən. Yazıçı bu
bəşəri, əbədi ideyanı, mövzunu o
qədər orijinal şəkildə yazıb ki, son
dərəcə təsirli alınıb. Həm
də əhvalatı Həbibin ovqatının ifadəsi kimi
təqdim edə bilib.
Novruz müəllimin istər nəsr
əsərlərində, istərsə də
şeirlərində insanın təbiətlə
vəhdəti ön plandadır. Povestin
"Səməndər"lə görüş"
bölümü bu mənada xarakterikdir... Həbib
dostu, həmdəmi olan atını,
"Səməndər"i yadına salır, bundan
təsəlli tapır. Həm də "Səməndər"
bu anlarda ona insanlardan daha doğma, daha yaxındı, onun
duyğularını, yaşadıqlarını daha
yaxşı duyur, anlayır. Bu məqamda
Çexovun "Qüssə" hekayəsi yada
düşür. Cavan oğlunu itirən faytonçu
dərdini bölüşməyə adam
tapmır, hər ağız açdığı adam onu dinləməkdən,
dərdinə şərik olmaqdan boyun qaçırır. Çarəsiz qalan faytonçu tövləyə
girib ata danışır dərdini. Burda isə Həbib
dostunu - "Səməndər"i dərdli olduğu,
danışmağa adam tapmadığı
üçün yox, sadəcə, qəlbində,
düşüncəsində atın özəl yeri
olduğuna görə axtarır... Həbiblə
"Səməndər"in dialoqu, atın səssiz
reaksiyalarının sözə çevrilməsi mətnin
enerjisini dəyişir.
Yer
üzündə ən şirin nemət yuxu imiş, sən
demə... Bunu elm sübut edib, eksperimentlər
də təsdiqləyib. Hətta, yuxusuzluq cəza kimi
istifadə edilirmiş, İkinci Dünya müharibəsi
vaxtı nasistlər yatmaq qadağası ilə
işgəncə verirmişlər əsirlərə. Bu
mənada, yazıçının Həbibin
əndişələrini hər şeydən əvvəl
yuxusuzluqla bağlaması dəqiqdir:
"Başını atıb
mışıl-mışıl yatdığı, yuxusunda da
şirin, bal qoxuyan röyalar gördüyü zamanları
yadına saldı. İnsan bir ömür
boyu nə qədər yuxu görə bilər? Hansı yuxular yadda daha çox qalır,
qorxulu-acılımı, yoxsa, yatılı halda da adamın
üzünü güldürən şirin yuxular?
İndi yuxusuzluğun zəhərli tikan kimi
gözlərinə sancıldığı bu halında bir
vaxt gördüyü, hələ də
xatırladığı yuxuların hamısı, hətta
ən acısı da şirin gəlirdi, bal
dadırdı onun üçün".
Ümumiyyətlə, ədəbiyyatda
yuxu mövzusu çoxqatlıdır. Adi
həyatda o qədər önəm verilməyən,
bəzən sadəcə, inanc kimi qəbul edilən yuxular
sənətdə mühüm və hətta həlledici olur.
Dünya ədəbiyyatından da, bizim
ədəbiyyatdan da çoxlu əsər adı
çəkmək olar ki, hansısa düyünlər
qəhrəmanın yuxusunda açılır, yaxud bir
çox sualların cavabı məhz yuxuda tapılır.
Novruz Nəcəfoğlu
yaradıcılığında da yuxu qəhrəmanların
narahatlığının, nigaranlığının
ifadəsidir. Elə "Yuxuya gedib
gecə" povestində də Həbibin gecələri
əzablıdı, hər dəfə hansısa səsə
oyanır və mücərrəd suallarına cavab tapmaq istəyir,
beləliklə, bu metodla əsərin növbəti
bölümü yazılır. Amma bununla
bərabər bütün danışılan
hadisələrin yuxuda görülməsi variantı da
ağıla gəlir. Yəni Həbibin
xatirələri elə yuxu kimidi. Bu
mənada, yazıçının başqa əsərləri
ilə də assosiasiya yaranır. Misal
üçün, "Bəmbəyaz keçiddə"
hekayəsinin qəhrəmanının düşüncələri,
başına gələnlər yuxuya bənzəyir. Yuxu estetikasından istifadə edilmiş
"Hikkə" hekayəsində də oxşar ovqatı
görmək olur. Və deməliyəm ki,
bu cür yarıoyaq, yarıyuxulu vəziyyəti yazmaq sadə
deyil. Yazıçı hadisələri
koloritli dillə, axıcı üslubda yazmaqla yanaşı,
həm də gecə əhval-ruhiyyəsini,
qəhrəmanının vahiməsini göstərməyə
müvəffəq olub. Amma bu vahimə
ölüm sevdası yaradan, həyatdan əlini
üzməyə sövq edən dəhşətli bir
nəsnə deyil. Əksinə, insanı
düşündürən, duruldan, özünə qaytaran
vacib bir duyğudur:
"Hop-hop" quşu da, sən
kədərə bürünsən, gəlib yanında oxuyar,
dərdinə ortaq olub səninlə birlikdə
çırpınar. Qanadlarının
səsini eşidərsən, nəğməsi ilə
ürəyini riqqətə gətirər, göz
yaşlarını silər incə lələklərilə.
Ovudar, kiridər, ümidləndirər səni.
Əzab-iztirab, ayrılıq, unutmaq, unudulmaq
qorxusu bahasına başa gəlsə belə, onu tez-tez
dinləmək keçər ürəyindən. Başqa cür mümkün olmaz "Hop-hop"
quşunu duyub dinləmək".
Beləliklə,
yazıçı deyir ki, xoşbəxtlik
nəğməsini, "Hop-hop"un
səsini eşitməkdən ötrü mütləq
əzabı, ayrılığı, qorxunu
keçirməlisən içindən və bu ideya ilə
sufi ovqatı ifadə etmiş olur... Və
mənə görə povestin əsas üstünlüyü
bölümdən-bölümə müxtəlif
səslərin vasitəsilə bu halı göstərməsi
və insan ömrünün mərhələlərini göz
önünə gətirməsidir. Burda bütün
səslər var sanki... Quş səsi, bulaq səsi,
təbiət səsi, çağa
qışqırığı, arvadların vay-şivəni, kişi harayı, at kişnərtisi... Və
Qadın sükutu! Hə, məhz bu məqamda Həbibin
xatirələri tamamlanır! Qadınsız olmazdı...
Yazıçı deyir ki:
"...Onda
ürəyimin bütöv vaxtları idi... O vaxtlar
ürəyimi kiməsə rahat aça bilərdim, nəinki
indi, cərrah bıçağına çatınca,
yetişmiş nar kimi çat-çat olandan sonra..."
"Ürəyinin
bütöv vaxtlarında" bir Qadına aşiq olan,
sükutunu belə onunla bölüşən Həbibin
əsərin sonuna doğru məhz bu sevgini,
heyranlığı, o mübhəm duyğuları
xatırlaması təsadüf deyil...
"Birgə olanda daha çox
sükutla danışardıq. Sözlərsiz də söhbət
etməyin üsulları vardı aramızda. Baxışlarla
birgə ruhun təzadlı eyniləşmək istəyi
də danışar, vücudumuzdakı yanğının
elə-belə söndürülməsinin mümkün
olmayacağını
düşünə-düşünə birləşmək
ehtiyacı da çıxardı üzə..."
Axı əsərin
lap əvvəlindən sükutun səsindən söhbət
gedirdi, indi də sükutu bölüşdüyü o
Qadını və öz cəsarətsizliyini xatırlaması
yerinə düşür. Və sual yaranır: -
Görəsən, Həbibin tənhalığının
səbəbi elə bu cəsarətsizlik və sevdiyi
qadına sahib çıxa bilməməsi deyil ki?.. Suala hər bir oxucunun və
bəlkə elə müəllifin də öz cavabı var...
Mənə görə isə, məhz bu səsi
eşidəndən, əbədi sığınacağı
xatırlayandan sonra qəhrəmanın - Həbibin
qaranlığa qarışıb itməsi ən dəqiq,
düzgün finaldır... Görünür, insan
ömrünün də, xatirələrinin də
qapandığı bir an, məqam, mənəvi, ruhi kamillik
mərtəbəsi var ki, Novruz Nəcəfoğlu
qəhrəmanını həmin ucalığa
çatdıra bilir...
Novruz
Nəcəfoğlunun yaradıcılığında ictimai
problemlərin əksi vacib məqamlardan biridir. "Yuxuya gedib
gecə"də itirilmiş torpaqların acısı qrafik
şəkildə, simvolik olaraq verilirsə, kitaba daxil
edilmiş digər əsərdə - "Ağ qayadan
atılan güllə" hekayəsində bu, əsas
mövzudur. Və mənə görə ən vacib olan böyük bəlanın,
ağrının, itkinin bir ailənin, bir insanın taleyi
vasitəsilə çatdırılmasıdır.
Yazıçının "Yollar uzanan gün" və
"Ağ qayadan atılan güllə" əsərləri
əsasında rejissor Ceyhun Şüküroğlunun
çəkdiyi film də bu mənada təsirlidir. Bir
insanın, yoldaşını itirmiş, balalarını
başına yığıb ömrünü sürən
tənha bir kişinin, qızının toyuna hazırlaşan
Rəhmanın ağrısı, faciəsi o qədər
tanışdır ki... Ataların dediyi - "Bir gözümüz
ağlayanda o biri gülür" ifadəsi təsadüfi
deyil. Bütün həyat budur və
oğlunu itirən Rəhman kişinin bunu
ailəsindən gizli saxlaması,
qızının xeyir işini təxirə salmaması
bunu göstərir... Müəllif bayağılaşan
zəmanə, insanların yadlaşması, bir-birini
duymaması və bütün bu dəyişən
dünyanın içində köhnənin adamı olan
Rəhmanın yalqızlığını göstərir. Bəlkə elə bu
yalqızlıq da onu Həbiblə doğmalaşdırır,
yaxınlaşdırır, eyni ərazinin, yaxud elə
birbaşa desək, Novruz Nəcəfoğlu kitablarının
qəhrəmanına çevirir.
"Ağ qayadan
atılan güllə"nin ötürdüyü mesaj odur
ki, müharibə bitsə də, o ağrılar
keçməyib. Və Qarabağ qayıtmasa,
keçməyəcək də. Elə Rəhman kişinin
evinin açarlarını qoruyub saxlaması, oğluna
açarları verib: "Bəlkə evimizə yolun
düşə" - deməsi də ümidlə
qarışıq gözləntinin göstəricisidir. Yəni insan itkilərdən
sınmır, məhv olmur, əksinə, bir
Səməndər quşu kimi yenidən doğulur... Və bu
əsərlərin müəllifi də gizlində
ağlamağa yox, açıqda mübarizə aparmağa,
sağ qalmağa, yaşamağa çağırır!
P.S. Ön sözü
44 günlük Zəfər savaşımızdan öncə
yazmışdım. Qəribədir ki,
"Ağ qayadan atılan güllə" əsərinin
ideyası da, yozumu da özünü doğrultdu. 44 gün
içərisində torpağı düşmən tapdağından
azad edən oğullar həm də bu cür
əsərlərin yetişdirdiyi nəslin
nümayəndələridir. Açarlarını,
evlərinin sənədlərini qoruyub saxlayan insanların
həsrətinə son qoyuldu, Qarabağ zəfəri
ədalətin ən təntənəli qələbəsi
oldu. Bu mənada, elə Novruz müəllimin də
əsərləri yeni gözlə, qalib ovqatı ilə
oxunur. Heç şübhəsiz, yazıçının
yaradıcılığında qələbəmizə
həsr olunan əsərlər də yer alacaq!
Pərvin
Ədəbiyyat
qəzeti 2024.- 27 aprel, №15.-
S.32-33.