Məni kövrəltmək üçün...
8 noyabr - Zəfər gününə
həsr olunmuş tədbir gününü heç unuda
bilmirəm. Şəhid, qazi ailələri və
sadə insanlardan ibarət bu tədbir rayon İcra
Hakimiyyətinin başçısının içəri
daxil olması ilə start götürdü. Beş
dəqiqə keçməmiş, tədbirin bütün
balaca qonaqlarının, şəhid, qazi ailələrinin
övladlarının, çıxış edən
istedadlı uşaqların və kimliyindən asılı
olmayaraq bütün balacaların hamısı onun
ətrafına toplaşdılar. Üzbəüz
oturduğum üçün yaxın bir
müşahidəçi kimi bütün diqqətim bu
mənzərədə idi. Uşaqların
böyük sevgiylə sarıldığı və "icra
baba" dediyi bu səmimi insan heç bir uşağın
adını unutmamışdı, hər biri ilə də yaxından,
sevgi dolu təmasda idi. Hər
davranışı ilə uşaq psixologiyasına həssas
yanaşmaqla, uşaqların ona müraciət etdikləri
kimi, icra baba - baba adının haqqını verirdi.
Bütün bunları
izləyərək keçmişdəki uşaq
xatirələrimi yaddaşımın bir küncündən
çıxarıb öz-özümdə, bugünkü tablo
ilə müqayisə edirdim. Bugünədək
məni ona yaxınlaşdıran yaradıcılıq, yazarlıq,
şairlik ruhuna biri də əlavə olmuşdu: iindən
asılı olmayaraq xalqın, insanların içində olan
səmimiyyəti və mehribanlığı... Əslində
bunun belə olacağını bilməliydim, axı o
yaradıcı təfəkkürə sahib bir insandır,
digər insanlardan fərqli olaraq o, hər bir insanın
ağrı-acısını öncə bir
yazıçı, şair kimi duyur və yaradıcı insan
isə yağışın yağmasını belə buludda
bir hadisə baş verməsi kimi, göylərin
kövrəlməsi kimi görür...
Bu
bulud yerin ahıdır,
Yön alıb göyün
üzünə.
Yağsa,
ürəyim boşalır,
Yağmur bu çölün
düzünə.
Şimşək
qatıb baxışına,
Qıya bilmir yağışına.
Sarılıb
dağın başına,
Yazığı gəlmir
özünə.
Bəli, bir şair üçün
şimşək səsi - buludun hay-küyü, göy
üzünün tutulması - onun üz-gözünü
turşudub qaşqabağını sallaması, bəzən
də ağlaya bilmədiyi üçün keçirdiyi
narahatlıqların ifadəsidir, eynilə insan qəlbinin
yaşantıları kimi. Ruhdakı
səssiz hayqırtılar şimşək kimi buludun
bətnində yaratdığı narahatlıqların eynisini
yaşayır, ən sonda yağışın
yağmasına bənzəyən göz yaşları isə
ürəyini boşaltmağına yardım edir.
Necə ki, şair bu şeirində də öz kövrək
duyğularını buludlar kimi, ağ
kağızın üzünə mirvari
dənələrinə çevirib ustalıqla düzməyi
bacarmışdır.
Novruz Nəcəfoğlunun
hekayələrini, povestlərini oxuduqca, bunun bir daha şahidi
olursan. Xalqın içində
olmaq, insanların həyatı, yaşadığı
hiss-həyəcanları daha da dərindən duymaq onu
yazıları ilə insanlara daha da
yaxınlaşdırır, yaradıcı
düşüncələrini həyatın içindəki
yaşantılarla rəngləyir. O, hekayə və
şeirlərində də səmimidir, insanlıq,
gözəllik, ailə, dostluq və ən ali
duyğular onun əsas, bədii qəhrəmanlarıdır. Özü ilə baş-başa qalanda ciddi
görünüşü, vüqarlı baxışları
altında gizlətdiyi həssas, səmimi, şair
duyğularını yazı masasının üstünə
tökərək sətirlər boyu oxucusu ilə
söhbət edir. İnsanları nə qədər duyub
hiss etdiyini, hər kəsin ağrı və sevincini nə
qədər real yaşadığını şeir-şeir,
hekayə-hekayə danışır.
Bəzən hansısa misrada
büdrəyərkən əlindən tutan şair
düşüncələrinə təşəkkür edir,
bəzən isə ötən illərin
acılı-şirinli xatirələrinin
yazdırdığı cümlələri içində
qərq olaraq yaşantıları hekayəyə çevirir. Qayğılar,
boynundakı məsuliyyət və vəzifə
yükündən yazı masasının arxasında azad olan
yazıçı sadə insanların içinə
qarışaraq düşüncələri boyunca saatlarca, az qala, bütün dünyanı
dolaşır.
Bir
yozulmaz yuxu oldum,
Ürək
yandı od içində.
Yenə
özümdən yıxıldım,
Yıxılmadım yad içində.
Uşaqlıq illəri, gəncliyi
təbiətlə qol-boyun, uca, başı göylərə
dayanan dağların, yamyaşıl köynəyi
əyninə yaraşan ətirli meşələrin qoynunda
keçən Novruz Nəcəfoğlunun
əsərlərindən də o yerlərin ətri duyulur. Bəlkə
də bu səbəbdəndir ki, təbiətlə sıx
təmasda yaşayan, hər gün bu gözəlliyə oyanan
yaradıcı ruh illərin keçdiyi həyat yollarında
öz təbiiliyini, şuxluğunu qoruyub saxlaya bilib.
Buna görə də çox vaxt
təbiətlə söhbətləşərək, sevdiyini
"gözünün önündə dayanan vüqarlı
dağlarda, ətrini çiçəklərdə,
baxışlarındakı ifadəni isə
göylərdə" axtarır.
Daş
baxışlardan gələcəyə baxan daş
yaddaşın içində qoruduğu, illərin sərt
üzünün poza bilmədiyi qeyrət, vicdan və
mərhəmət hissi sətirlərdə də bulaq
şırıltısı kimi axaraq şeirləşir:
"Doğma baxış".
İllərinin
sərt üzünün
əzabının
poza bilmədiyi
qeyrət, naxış!
...Nə
inilti,
nə yalvarış,
Heykəlləşmiş,
Mamır
basmış,
"Daş
baxış"!
...Daş,
lal yaddaş...
"Karvanbaşı mənzil
başına çatanda yük taylarını
çəkidə tarazlaşdırmaq üçün
yüngül tərəfə qoyduğu daşı
çıxarıb yerə tulladı. Mənzil
başı isə yad, qərib bir məmləkət idi.
Beləcə yük əyildiyindən bir
Vətən daşı da qürbətə düşdü.
Qardaşını qürbət ellərə atan
çəki daşı!.. - cümlələrini "Daş haqqında
ballada" yazısında oxuduqca təsirlənirəm.
Çünki
həyat adlı mübarizədə, içi mən
qarışıq olmaqla, minlərlə Vətən
daşımız, çiynindəki yükün
ağırlığından qürbət qoxusunu
illərlə ciyərlərinə cəkməyə məcbur
olub və hələ də belə insanların sayı az deyildir. Taleyin bəzən
xarab, bəzən də düz çəkən
tərəzisində çəki daşına dönən
insan ömrünü yalnız bir yaradıcı insan duya
bilərdi. O yaradıcı insanı özünə
kövrək hisslərindən, şair təbindən
başqa heç nə tabe edə bilməz. Onun
dünyasının bünövrəsi gözəllik,
ədalət və vicdan ilə yoğrulub.
Şairin kövrək sətirləri
üzərində fikir gəzintisi edərkən,
gözlərindən və qəlbindəki
mərhəmətdən küsdüyü üçün
özünü məzəmmət etdiyinin də şahidi
olursan, bəzən də yolları ayrılıqlara
səbəb olduğu üçün qınayır.
Novruz Nəcəfoğlu şeirlər
kitabının ilk səhifələrində
yazdığı sətirlərdə özü ilə
üz-üzə dayanıb yaşadığı ömrün
hesabatını özünə verərək,
özündən çox uzaq olan özünü axtara-axtara,
yenə də şeirlərində tapır. Tanrı verən
ömrünü ona sığınaraq doğru bildiyi yolda
davam edir:
Öz
odumda yana-yana,
Özümdən
çox uzaq olan
Öz-özümü
axtarıram...
"İndi
hansı yaşdayam" adlı şeirində alnındakı
qırışların yara çatması üçün
uzandığı həsrətin cırmaqlayıb aşdığı
şırımları ümidlərinin yaxasından asan
şair "mən baba, sən də nənə
yaşındasan" deyərək həyatdan şikayət
etmədən, illərin soyuğu, istisi ilə, küləyi, boranı ilə
gələcək illərə doğru addımlayır.
Gəldi ömrün
payızı, nə tez haqladı bulud,
Məni
kövrəltmək üçün yenə də
ağladı bulud...
Məncə,
ömrün 70-ci baharında payızdan danışmayaq.
Yazıçı, şair ömrü üçün 70
rəqəmi də hələ payız sayılmır. Yaradıcı
təfəkkürün, yaradıcı dünyası olan
insanın ruh yaşı gənclik yaşı ilə eyni
götürülür.
70 illik
şərəfli ömür tarixiniz, yubiley yaşınız
mübarək, doğma adam!