Hindu qəsəbəsi
Amerika yazıçısı
Ernest Miller Heminquey 1899-cu ildə anadan olmuş, 1961-ci ildə
dünyasını dəyişmişdir.Nobel mükafatı
laureatı,çox uşaqlı ailənin övladı, 6
uşağın böyüyü idi. Anası opera müğənnisi,
atası həkimdi. Ernestlə atasının taleyi bir-birinə
bənzəyir. Hər ikisi intihar etmişdi. Ernestin 4 rəsmi evliliyi
vardı. “Əlvida, silah” ,” Çayın o tərəfində
ağacların kölgəsində”, “Zəng kimin
üçün çalınır?” “Günəş
çıxır” və s. romanların; “Qoca və dəniz”, “Günortadan
sonra ölüm”, “Afrikanın yaşıl təpələri”,
“Kilimancoranın qarları” və s.povestlərinin, bir çox
hekayə kitablarının müəllifidir.
Gölün
sahilində başqa bir qayıq da bağlanmışdı.
İki hindu dayanıb gözləyirdi. Niklə atası arxa tərəfindən
atılıb qayığa mindilər. Hindular qayığı
itələdilər. Onlardan biri avar çəkməyə
başladı. Corc dayı da o biri qayığın arxa hissəsində
oturdu. Cavan hindu qayığı itələdi. Özü də
atılıb mindi və avarları götürdü.
Hindular
eyni ahənglə cəld avar çəkirdilər. İki
qayıq qaranlığı yarıb yola düşdü. Nik o
biri qayığın onlardan xeyli
uzaqlaşdığını gördü. Duman qoynunda suyun
şappıltısı eşidilirdi. O, arxaya söykənmişdi,
atasının qolları ona sarılmışdı.
Avarçəkən hindu səy göstərsə də, o
biri qayıq qaranlıqlara daha tez soxulur, hər dəfə onu
izləyən qayığı xeyli arxada buraxırdı. Nik:
-
Hara gedirik, atacan?
-
Hindu qəsəbəsinə. Qadınlardan biri ağır xəstədir.
- Belə
de, - Nik təəccübünü gizlətmədi.
Kiçik
körfəzi keçəndən sonra o biri qayıq sahilə
yan aldı. Corc dayı qaranlıqda siqar çəkir, cavan
hindu qayığı sahilə dartırdı. Corc dayı
hindulara siqar verdi. Onlar əllərində fənər
tutmuş hindunu izləyərək sahildən
uzaqlaşdılar. Şehdən tamam islanmış çəmənliklə
yeriyirdilər. Sonra meşənin içərisi ilə
uzanıb gedən cığıra düşdülər.
Cığır onları hindu daxmalarının yerləşdiyi
təpəliklərə doğru aparırdı. Hər iki tərəfdən
ağaclar kəsildiyindən yol kifayət qədər
işıqlı idi. Cavan hindu ayaq saxlayıb fənəri
söndürdü. Yollarına davam etdilər. Döngəyə
çataçatda bir it hürə-hürə onlara
yaxınlaşdı. Qarşıda hindu
ağacyonanlarının yaşadıqları daxmalardan
işıq gəldi.
İtlər
gələnlərin üstünə
tökülmüşdü. İki hindu onları geriyə
qaytardı. Yola yaxın daxmanın pəncərəsindən
işıq gəlirdi. Qoca qadın əlində lampa astanada
dayanmışdı. İçəridə - taxtın
üstündə gənc hindu qadın uzanmışdı.
İki gün idi ki, o, ağrı çəkirdi. Qəsəbədəki
qadınların hamısı onun qulluğunda durmuşdu.
Kişilər yol qırağına çəkilib
qaranlıqda oturmuş, qadının
qışqırtısı eşidilən yerdən xeyli kənarda
siqaret çəkirdilər.
Qadın
başını yana çevirmiş halda aşağı
taxtda uzanmışdı. Büründüyü adyalın
altından iri qarnı bilinirdi. Həkimlə Corc dayını
izləyən Nik və iki hindu komaya girəndə qadın
ağrının təsirindən ucadan bağırdı.
Onun əri
yuxarı taxtda uzanıb çubuq çəkirdi. O,
üç gün əvvəl ayağını balta ilə kəsmişdi.
Otaq dözülməz dərəcədə pis iylənirdi.
Nikin atası ocağın üstünə su qoymağı
tapşırdı. Su qızına qədər Niklə
söhbət etdi:
- Bu
xanımın uşağı olacaq.
- Bilirəm.
Atası:
-
Bilmirsən, - dedi, - mənə qulaq as. Onu sancı tutub.
Uşaq istəyir doğulsun, qadın da bunu istəyir.
Ananın bütün əzələləri onun azad
olmasına çalışır. Ona görə belə bərkdən
çığırır.
-
Görürəm.
Qadın
təzədən qışqırdı.
-
Atacan, ağrını kəsmək üçün ona dərman
verə bilməzsən?
-
Yox, ağrıkəsən dərman yoxumdur. Onun
çığırtısına fikir vermə. Mən
heç onu eşitmirəm, belə ağrıların qorxusu
yoxdur.
Yuxarı
taxtdakı kişi üzünü divara sarı çevirdi. Mətbəxdəki
qadın xəbər verdi ki, su qızıb. Nikin atası oraya
getdi və böyük qəhvədandakı suyun
yarısını ləyənə töküb,
bükülü cib dəsmalını açdı, bəzi
tibb alətlərini qəhvədanda qalan suya boşaltdı.
- Qoy
qaynasın, - dedi və qəsəbədən gətirdiyi bir
parça sabunla əllərini ləyənin içərisində
- isti suda yumağa başladı. Nik atasının sabun tutan əllərini
bir-birinə sürtüşdürməsinə tamaşa
edirdi. Həkim çox diqqətlə və səliqə ilə
yuyunur, eyni zamanda söhbətindən qalmırdı:
-
Bilirsən, Nik, qadın doğanda, adətən birinci
uşağın başı gəlir, bəzən isə bunun
əksi olur. Belə olan halda hamı təlaşa
düşür. Qadın isə o dünyaya gedib
qayıdır. Deyəsən, “operasiya” etməli olacağam.
Başqa əlac yoxdur…
Əllərini
yuyub razılıq etdi və içəri keçib, işə
başladı.
-
Corc, adyalı aşağı çək, - dedi. - Mən
toxunmaq istəmirəm.
Bir
azdan o, əməliyyata başlayanda Corc dayı və
üç hindu kişi qadının əl-ayağını
tutdu. Qadın Corc dayının qolunu dişlədi. Dayı
"Lənətə gəlmiş hindu qancıq",- deyə
söydü.
Corc
dayını qayıqla gətirən cavan hindu bunu eşidib
gülməkdən uğundu.
Nik də
atasına kömək edirdi. O, ləyəni tutmuşdu. Cərrahiyyə
əməliyyatı uzun çəkdi. Həkim körpəni
qucağına götürüb yanına
şappıldatdı ki, nəfəs alsın. Sonra onu qoca
qadına uzatdı:
-
Bax, Nik, oğlandır… Mənim assistentim olmaq istərsən?
Nik
çiyinlərini çəkdi:
- Nə
bilim…
O,
atasının hərəkətlərini görməməkçin
yana baxırdı. Ata:
-
Allahın köməkliyi ilə qurtararıq, - deyə nəyisə
ləyənə tulladı. Nik baxmadı.
-
İndi isə… yarığı tikmək lazımdır. Nik,
öz işindir, baxa da bilərsən, baxmaya da. Bayaq kəsdiyim
yeri indi tikəcəyəm.
Nik
baxmadı. Onun marağı çoxdan sönmüşdü.
Atası işini qurtarıb başını qaldırdı.
Corc dayı və üç hindu kişi bellərini dikəltdilər.
Nik ləyəni mətbəxə apardı. Corc dayı qoluna
baxdı. Cavan hindu xatırlayaraq güldü. Həkim:
-
Darıxma, Corc, yaranın üstünə peroksid tökərəm,
- dedi. - Sonra o, hindu qadına sarı əyildi. O artıq sakitləşmişdi.
Gözləri qapanmış, sifətinin qanı
qaçmışdı. Körpədən, ümumiyyətlə,
ətraf aləmdən xəbərsizdi. Həkim ayağa
qalxaraq:
- Mən
sabah səhər qayıdacağam, - dedi. - Günorta Seyni-İqnasdan
şəfqət bacısı gələcək, özü ilə
lazım olan bütün dərmanları gətirəcək.
O,
oyundan sonra geyinmə otağına toplaşmış
futbolçular sayağı həyəcanlı və
çoxdanışan olmuşdu.
-
Bunu tibb jurnalına yazmağa dəyər, Corc. İri qatlama
bıçaqla qeysər əməliyyatı aparmaq, sonra
yarığı nazik bağırsaqdan düzəldilmiş
doqquz futluq sapla tikmək.
Corc
dayı divara söykənib qoluna baxırdı:
- Siz
əvəzedilməz adamsınız. Doğru
sözümdür.
-
Xoşbəxt ataya baxmaq lazımdır. Adətən belə
xırda-xuruş hadisələrdə atalar çox əzabçəkən
olurlar. Öz aramızdır, o bunları çox sakit
qarşıladı. Soyuqqanlı adama oxşayır.
O,
hindu kişinin öz başına bürüdüyü
adyalı çəkdi. Əli islandı. Tez aşağı
taxtın qırağına çıxıb bir əlində
lampa tutaraq onun sifətinə baxdı. Hindu yönü divara
uzanmış, boğazı bir qulağından digər
qulağına kimi kəsilmişdi. Bədəninin
ağırlığı altında əyilmiş taxtın
çökək yerinə qan
yığılmışdı. Başı qolunun
üstünə düşmüşdü. İti tərəfi
yuxarıya çevrilmiş ağzı açıq
ülgüc adyalın altında qalmışdı. Bunu
görən həkim çığırdı:
-
Niki komadan çıxart, Corc!
Buna
ehtiyac yox idi. Mətbəxin qapısı ağzında
dayanmış Nik atasının bir əlində lampa
yuxarı taxta çıxdığını, ehmalca hindunun
başını yana çevirdiyini açıq-aydın
görmüşdü.
…Onlar
daxmalardan uzaqlaşan yolla gölə tərəf enəndə
dan yerinə qan sızırdı. Nikin atası:
- Səni
nahaq gətirdim, - deyə dilləndi. Onda əvvəlki şən
əhval-ruhiyyədən əsər-əlamət
qalmamışdı. - Sənin orda iştirakın
ağılsızlıq idi. Mən buna nahaqdan yol verdim.
Nik
soruşdu:
-
Doğanda qadınlar həmişə belə əzab çəkir?
-
Yox, bu, bir təsadüfdür.
-
Atacan, o kişi özünü niyə öldürdü?
-
Bilmirəm, Nik, bilmirəm. Yəqin dözmədi.
-
Atacan, kişilərin çoxu özünü
öldürür?
-
Yox, Nik.
- Bəs
qadınlar necə?
-
Nadir hallarda.
- Yəni
heç öldürmürlər?
- Hərdənbir.
-
Atacan?
- Hə…
-
Corc dayı hara getdi?
-
Harda olsa bu saat qayıdar.
-
Atacan, ölmək çətindir?
-
Yox, lap asan. Şəraitdən asılıdır.
Onlar
qayığa mindilər. Nik arxaya keçdi. Atası
avarları götürdü. Günəş dağların
dalından boylanırdı. Cökə ağacından
hazırlanmış avarlar suya baş vurub çıxır,
dairə cızırdı. Nik əlini suya saldı. Su səhərin
sazağında ilıq idi.
Səhər
erkən göldə atasının avar çəkdiyi
qayığın arxasında oturan Nikə birdən-birə elə
gəldi ki, o heç vaxt ölməyəcək.
İngilıs dilindən
tərcümə edəni: Akif Abbasov
Ədəbiyyat qəzeti 2024.- 27 aprel,
¹15.- S.43.