Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı

 

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

 

(Əvvəli burada)

 

Otuz ikinci beytin şərhi:

bundan yaxşı nə var?

 

Hər kəs ki doğulduğu

            dünyada (asudə) yaşayırdı,

(Odur ki) mədaxil xərcsiz idi.

            Bundan yaxşı nə var!

 

Mərhəmət, mərhəmətli şah, sosial dövlət bunları etdi: xalqı quraqlığa bağlı qıtlığın, yoxsulluğun ortaya çıxardığı ölümün caynağından qurtardı, ilahi rəhmətə yol açdı, quraqlıq bitdi, Allahın buyruğu ilə Bəhramın ölkəsində dörd il kimsə ölmədi...

Nizami xeyirli şahın özəlliklərini tanıtdı. Məsnəvinin süjet xətti yeni mərhələyə keçir, mərhəmətli şahın addımları, onların nəticələri təqdim olunur, mərhəmətin əlamətləri hansılardır, ölkədə mərhəmət olsa, nə baş verər suallarına cavab verilir, uyğun vasitələr seçilir:

- Nizami "hər kəs/kim" deyir, istisnaya yer qoymur, bir qrupa aid mərhəməti rədd edir, deyir ki, mərhəmət hər kəsi qucaqlayan anlayışdır - Allahın mərhəməti hər varlığı əhatə etmişdir, bir insana, bir qrupa aid olan şey dəyər sayılmaz;

- "Hər kəs/kim ki doğulduğu dünyada yaşayır" - Nizami məhz "dünya" ("dünyada" biçimində) sözünü seçir, ona iki məna yükləyir: a) ölçünü hamıya aid edir - bu qayda dünyanın hər yeri, hər insan üçün keçərlidir, dəyişməz; b) Bəhram çox böyük bir ölkənin şahıdır, bu ölçü onun ölkəsinin hər yerinə, hər bir insanına aiddir;

- O hansı ölçüdür? Mərhəmət, mərhəmətli şah, sosial dövlət elə bir vəziyyət yaratdı ki, ölkədə barış, əmin-amanlıq, hüzur, rifah oldu, qaçqınlığa, insan köçünə, yoxsulluğa son qoyuldu, hər kəs rahat yaşadı - mərhəmət olsa, hüzur, barış, inkişaf olar, kimsə torpağını tərk etməz;

- Nizami mərhəmətin mayaladığı ikinci nəticəni açıqlayır, "dəxl" deyir, bu sözün "gəlir"/ "qazanc" mənası var. Bəhramın ölkəsində qazanc xərcsiz oldu - gəlirdən vergi alınmadı, sonrakı beytlərdən öyrənəcəyik ki, Bəhram xalqı yeddi il vergidən azad edir, xalqın qıtlığın nəticələrindən qurtulması üçün dövlətin imkanlarının qapısını açır;

- Nizami sevincindən özünü tuta bilmir, mətnə daxil olur, mərhəmət sevgisini, mərhəmətin dəyərini, ortaya çıxardığı nəticəni bədii sual biçimində tanıdır, vəcdə gəlir, coşur, heyran olur: bundan daha yaxşı olan nədir, bundan daha yaxşı nə var ki, ola bilərmi?

- "Bundan" ("əz in") - insanın mərhəmətli ölkədə yaşamasından, doğulduğu yeri tərk etməməsindən, gəlir vergisindən azad olmasından - bundan daha yaxşı nədir ki?

 

Otuz üçüncü beytin şərhi:

imarətlərlə doldu

 

Əhali o qədər çoxaldı

Ki, çöllər və dağlar imarətlərlə doldu.

 

Bəhram mərhəmətlə şükür arasında bağ qurur: Allah mənə dövlət, hakimiyyət, siyasi güc verdi, bunlar böyük nemətlərdir, hər nemətin şükrü var, hakimiyyət nemətinin şükrü də onun mülkiyyət deyil, ilahi əmanət olduğunu bilmək, hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə təhlükəsizlik, hər kəsə rifah, dövlət, vəzifə, sərvət xalq üçündür anlayışına sahib olmaqdır...

Beyt bu anlayışa inanan mərhəmətli şahın saleh əməllərinin nəticələrini açıqlamağa davam edir. Öncəki beytdən öyrəndik ki, mərhəmət - şahın mərhəməti, sosial dövlət iki nəticəyə yol açdı: insan köçünün qarşısı alındı, hər kəs doğulduğu yerdə yaşadı (qıtlıq böyük köçə səbəb olurdu), xalqdan vergi alınmadı...

Bu beytdə mərhəmət hərəkatının ölkədə yol açdığı dəyişim, dönüşüm, inkişaf dörd vasitə ilə verilir: çoxluq - say artımı, zənginlik - sərvət artımı, böyüklük - mülkiyyət artımı, genişlik - məkan artımı. Nizami mesajlara uyğun vasitələr seçir:

- "Xəlayeğ" - söz cəmdədir, say çoxluğunu bildirir: xalq, yaradılmışlar, əhali, insanlar - mərhəmət, ədalət, sosial dövlət, xalqın vergilərdən azad edilməsi zənginliyə, o da əhalinin say artımına səbəb oldu, köçün qarşısı alındı, insanlar dolanışıq qayğısından azad oldular, evlənmək, uşaqların sayını artırmaq asanlaşdı, ailələr böyüdü, çoxaldı;

- Nizami bolluğun yol açdığı əhali artımını ifadə etmək üçün bir vasitə də seçir, məhz "ənbuh" sözünə yer verir, doluluğu göstərir, onu qafiyə mövqeyinə yerləşdirir: "sıx", "çox sıx", "sıx-sıx", "dolu" - hər yer insanla doldu, insanların sayı o qədər atdı ki, məkanlar insanla qaynadı;

- "Gəşte bud" - (hər yer, ölkə) insanla oldu / doldu, dolub daşdı;

- Şair mərhəmətin yol açdığı bolluğu, zənginliyi ifadə etmək üçün yeni vasitələr seçir: a) insanların sayı artdıqca evlərin də sayı çoxaldı, şair "ev" demir, mesajın təqdimi üçün "imarət" ("emarət") sözündən yararlanır: gözəl ev, rahat yaşamaq üçün hər imkanı olan ev/bina/tikili; b) Nizami çoxluğun, bolluğun, zənginliyin, inkişafın ifadəsi üçün bu addımları atır:

- Məkanı böyüdür / artırır: "səhra" / "düzənlik" - böyük ərazilər və dağ(lar);

- "Nə", "nə" inkar bağlayıcısına yer verir, onlar mətndə çoxluğu göstərir;

- "Və" bağlayıcısından yararlanır, o sıralayır, çoxaldır, var olanları bir-birinə bağlayır;

- Nizami hər yer demiş olur, ölkənin sadəcə bir bölgəsi deyil, hər yeri, bir qrup insan deyil, hər insan zəngin oldu, imarət tikmək imkanı qazandı;

- Nəticədə, ölkədə imarətsiz olan nə bir düzənlik, nə də dağ qaldı - məmləkət imarətlərlə doldu;

- Bir ölkənin inkişaf göstəriciləri (indeksi) sırasında bunlar da var: əhalinin say artımı, insanların gəlir səviyyəsi, mülkiyyəti, təhlükəsizlik, ədalətli hüquq sistemi - bunların hamısı Bəhramın ölkəsində var idi, o, rifah və güvənlik səviyyəsini bu dəyərlərlə qazandı: mərhəmət, ədalət, mərhəmətli şah, sosial dövlət, bəlli bir müddət vergilərin ləğv edilməsi - sonra da uyğun vergi sistemi;

 

Otuz dördüncü beytin şərhi:

evlər bir-birinə sarmaşdı

 

Eşitdiyimə görə, İsfahandan Reyə qədər,

Evlər və binalar qamışlar kimi

            bir-birinə sarmaşdı.

 

Nizami məsnəvinin süjet xəttinin yeni mərhələsində hər kəsə mərhəmət hərəkatının ortaya çıxardığı nəticələri tanıdır, bu məqsədlə çoxluq, zənginlik, böyüklük, genişlik anlayışlarından istifadə edir, şərh olunan beytin mənası da bu anlayışlara uyğun vasitələrə yüklənir:

- Şair "əz-ta" (-dan2, -dək) deyir, məsafəni böyüdür - mərhəmət hərəkatı o dərəcədə bərəkətli oldu ki...;

- İranın iki önəmli, böyük şəhərinin adını mətnə yerləşdirir - İsfahandan (Sefahan) Reyədək (Rey İranın əski paytaxtıdır) - bu iki şəhər arasındakı məsafə altı yüz kilometrdir - məsafənin böyüklüyü / uzunluğu mərhəmətin, mərhəmətli şahın, sosial dövlət anlayışının dəyərini göstərir;

- "Eşitmişəm" deyir, şahid olduğu deyil, eşitdiyi hadisəni danışır, feili nəqli keçmiş zamanda işlədir, bu yolla mərhəmət hərəkatının gücünü göstərir, yəni mərhəmət hərəkatının nəticələrinin minlərlə şahidi var, dillərdə dastan oldu, haqqında rəvayətlər, əfsanələr danışıldı, nəsillərdən nəsillərə daşındı, min illər sonra Nizami də bu hadisəni eşitdi / oxudu deyil, məhz eşitdi;

- Bəhramın hər kəsə mərhəmət hərəkatının ortaya çıxardığı, Nizaminin də eşitdiyi o nəticə hansıdır? Şair zənginlik, bolluq, bərəkət mənasının ifadəsi üçün sıxlıq və çoxluq deyir. Bu məqsədlə vasitələr seçir: a) "xane bər xane şod" - İsfahandan Reyədək ev evə sarıldı, mərhəmət zənginliyə yol açdı, bu zənginlik bir qrupu deyil, bütün xalqı əhatə etdi, bu qədər uzun məsafədə gözəl evlər tikildi; b) Nizami evlərin çoxluq və sıxlığının ifadəsi üçün "tənidən" ("tənide" biçimində) feilinə yer verir: "burmaq", "eşmək", "hörmək", "toxumaq" - evlər bir-birinə toxundu - hörüldü (xalçanın toxunması kimi, ilmələr nə qədər yaxın, sıx olursa, evlər də elə oldu) - bu qədər çox, sıx oldu. "Toxumaq" feilində nizam, gözəllik, hüzur mənaları da var, yəni evlərin tikilişi bir nizama tabe idi; c) Nizami mərhəmət hərəkatının ortaya çıxardığı zənginliyi göstərmək üçün "ev" sözünü iki dəfə təkrar edir, "evlər" demir, bir-bir sayır, ev-evə deyir, evin evə toxunduğu / hörüldüyü bir ölkə; d) şair mərhəmətin zənginlik biçimində ortaya çıxardığı nəticənin ifadəsi üçün təşbehə yer ver, "qamış kimi" deyir, İsfahandan Reyədək ev evə qamış kimi toxundu / sarıldı (tərcümədə "evlər", "binalar", "qamışlar" sözləri var, orijinala uyğun deyil) - qamış qamışa toxunar, sarılar, hörülər həsir olar, mərhəmətli Bəhramın ölkəsində də ev evə o biçimdə hörülmüşdü, çox, sıx idi, hər kəs ev tikmiş, hüzura qovuşmuşdu - mərhəmətin meyvəsi bolluq, bərəkət, zənginlik, hüzurdur;

 

(Davamı olacaq)

 

Siracəddin Hacı

 

Ədəbiyyat qəzeti  2024.- 27 aprel, ¹15.- S.38.