Fərqli sənət
hadisəsi - heyrətamiz məqamlar
Azərbaycan
Respublikasının Əməkdar rəssamı,
Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili
Ülviyyə Həmzəyeva əsərlərində
yaratdığı heyrətamiz məqamlarla özünü təqdim
edir. Müsahibələrindən birində jurnalistin Ülviyyə
xanıma ünvanladığı, "Sizin bir rəssam kimi dəsti-xəttiniz
kəskin seçilir. Bu yol sizi necə tapdı? Rəssamlıq
istedadının sizə kimdənsə bəxş
olunduğunu düşündüyünüz birisi
varmı?" - sualına Ülviyyə xanımın verdiyi
cavab fikrimizin ifadəsinə yardımçı olacaq: "Mənim
dəsti-xəttim məni özü tapıb desəm,
yanılmaram. Qeyd edim ki, rəssamlıq sənəti mənə
irsi olaraq keçib. Həm ata tərəfindən, həm ana
tərəfindən sənətlə ciddi məşğul
olublar. Nənələrim gözəl xalçalar toxuyar,
naxışlarını özləri vurar, ipliklərin rənglərini
özləri seçərdi. Atam gözəl rəssam və
dəmir üzərində döymə ilə məşğuldur.
Deyərdim ki, bu sənət irsi olaraq mənim qanıma
kodlaşdırılıbdır".
Ülviyyə xanımın "Bu
sənət irsi olaraq mənim qanıma
kodlaşdırılıbdır", - sözləri sənətinin
sehrinin haradan gəldiyinə işıq salır. Bu irsi
kodlaşmada ata, ana, nənə amili, yəni genetika
mühüm rol oynayır.
Rənglərin
sirrinə vaqif olan Ülviyyə xanımın sənətində
"rənglərin mozaikası xarakterikdir. O, bir rəsm əsərinin
kompozisiyası daxilində, necə deyərlər, mövcud
olan yeddi rəngin hamısından istifadə edir" və rənglərin
üzərinə bir də fəlsəfi qat çəkir. Rəssamın
bədii təfəkkürün və intellektual
qavrayışın dərin siyasi-fəlsəfi vəhdətindən
yoğrulmuş yaradıcılığında rənglərin
özünəməxsus fəlsəfəsi var. Bu fəlsəfi
çalarlar insanı düşündürür. Ülviyyə
xanımın əsərlərinə vizual olaraq baxıb
keçmək olmur. Rəssam xanımın sənətindəki
"rəng mozaikası"nı Azərbaycan Milli Elmlər
Akademiyasının Prezidenti, akademik İ.Həbibbəyli belə
səciyyələndirir: "Ülviyyə Həmzəyeva
ciddi mifoloji mövzularda işlədiyinə görə, onun rəsmlərində
də rənglərin tünd çalarları, rəng effekti
baxımından tündvarilik nəzərə çarpır.
Lakin istənilən əsərində digər rənglərlə
müqayisədə, az yer tutan ağ, mavi və açıq
qırmızı rənglər tündvari rənglərin
içərisindəki işığı, aydınlığı,
nikbinliyi ifadə edir. Bu mənada, Ülviyyə Həmzəyevanın
tünd rənglərlə çəkilmiş ciddi görkəmə
malik cizgilərində kompozisiyada nisbətən az yer tutan
ağ, mavi və açıq qırmızı rənglər
rəssamın ifadə etmək istədiyi mətləbin
tamaşaçıya çatdırılmasına uğurla
xidmət edir."
Əslində
"tündvari" rənglər, xüsusilə, qara rəng
sadə, sadə olduğu qədər də mürəkkəb
bir rəngdir. Qara rəng, günəş
şüalarını içinə çəksə də,
çölə hər hansı bir rəng buraxmır. Belə
bir fikir formalaşıb ki, "Qara, şüuraltı olaraq,
başqalarında maraqlı və qəribə təəssürat
oyatmaq istəyənlərin rəngidir. Belə insanlar öz həssaslığını
boğmağa çalışır. Cəsur, təşəbbüsə
meyilli, sağlam xarakterli olurlar." Hər bir sənət,
xüsusilə, rəssamlıq sənəti özünəməxsusluğu,
cəsurluğu və təşəbbüskarlığı
sevir. Ülviyyə xanımın yaradıcılığında
hər üçünün izlərini görürük. Cəsurluq,
təşəbbüskarlıq və özünəməxsusluq.
Bunu rəssamın rəng və mövzu seçiminə də
aid etmək olar.
Daha
çox kompozisiyalı rəsmlər yaradan rəssamın sənətində
kompozisiyaya uyğun çoxsaylı detallardan istifadə olunması
diqqətçəkicidir. Ülviyyə xanımın sənətində
mübhəmlik var. Bu mübhəmliyi açmaq
üçün detallar "kontur xətləri" rolu
oynayır. Onun "yağlı və sulu boya ilə çəkdiyi
rəsm əsərləri orijinal qrafika nümunələri
kimi görünür. Kompozisiyalı rəsm əsərləri
yaratmaq rəssamdan əsərlərində süjet
qurmağı tələb edir. Ülviyyə xanımın əsərləri,
demək olar ki, süjetlidir. Süjetləri isə zəngin və
əhatəlidir. O, bir rəsm əsəri çərçivəsində
yerləşdiyi müxtəlif çoxsaylı detallar
(ağac, göz, səməni, alma, əjdaha, ilan və s.) və
ona uyğun olaraq aldığı rəng effektləri vasitəsilə
süjeti inkişaf etdirir. Rəssamın əsərlərində
təsadüfi detal yoxdur. Daha çox mifoloji mövzular və
motivlər üzərində işləməyi sevən
Ülviyyə xanımın rəsmlərində əsatirdən
gələn div, ilan, balıq, Simurq rəmzlərinə rast gəlinir.
Sadaladığımız rəmzlərdən biri əsərinin
mərkəzi obrazı əsatiri motivləri
canlandırmağa, digər detallar isə obrazın mahiyyətinin
açılmasına kodlaşdırılıb.
Bütövlükdə, rəsmlərdəki detallar: fiqurlar və
ya elementlər müəllifin fikrinin açılmasına
xidmət edir.
"Azərbaycan
təsviri sənətində rəngli qrafikanın əsas
yaradıcısı olan Ülviyyə Həmzəyevanın rəsm
əsərlərində janrlararası daxili bir
bağlılıq vardır. Bir janrda, məsələn,
qrafika janrında yaratdığı rəsm əsərində
natürmort, peyzaj, qurama, bəzən, hətta portret cizgilərini
mütənasib şəkildə yerləşdirib, vahid
kompozisiya yaratmaq Ülviyyə Həmzəyevanın universal
yaradıcı istedadının göstəricisidir"
(akademik İ.Həbibbəyli). "Azərbaycan təsviri sənətində
süjetli rəssamlığın əsas yaradıcılarından
biri" olan Ülviyyə Həmzəyevanın "mifoloji
süjetlər və obrazlarla zəngin olan "Mistik
Misir", "İtmiş cənnət", "Dəli Dəvə",
"Paralel həyat" rəsm əsərlərini "Azərbaycan
təsviri sənətində yağlı boya ilə işlənmiş
nadir mifoloji miniatürlər" (İ.Həbibbəyli),
"Məkan və zaman", "Bürclər" əsərləri
milli ruhda yaradılmış fəlsəfi məzmunlu
quramalarıdır" (Carolyn Edlund).
Rəssamın
mistik qəhrəmanlarının yaşı çox qədimdir.
Bu qəhrəmanların çoxu əsatirlərdən,
nağıllardan gəlmədir. "Onun rəngarəng rəsmləri
qədim süjetlərin mifologiyası və müasir həyatın
mozaikası təəssüratı oyadır." Rəssamın
tablolarında qədim Avesta süjetləri, zəngin rəmzi
təsvir elementləri qarşılıqlı vəhdətdə
təzahür edir. Tamaşaçı onun məna və məzmun
dolu rəngkarlıq əsərlərinə ("Həyat həqiqəti",
"Yuxuya bənzər sevgi", "Həyat
ağacı", "Şuşada öpüş",
"Bəşəriyyətin beşiyi", "Paralel həyat",
"Narahat ruhlar", "Sikkə", "Ailə sirli
qapı", "Arzular qayığı" və s.)
tamaşa edəndə ulu əcdadlarımızın mənəvi
irsinin izinə düşən rəssamla birlikdə sirli
dünyaya, "rənglərlə və nağıl elementləri
ilə yazılmış nağıllar" aləminə,
milli mədəniyyətimizi əks etdirən buta, simurq,
xonça, səməni, alma detalları ilə zəngin olan
bir dünyaya səyahət edir. "Bu rəsm əsərlərindəki
süjet ("Simurq" rəsmi), milli ornamentlər ("Xəzinə
küpü" tablosu), "Muğam" əsərində təsvir
olunan musiqi üçlüyü, arxa fondakı milli
memarlıq abidələri və romantik Azərbaycan peyzajı
Ülviyyə Həmzəyevanın rəngli
nağılları", "Muğam" rəsmi Azərbaycançılıq
düşüncəsinin təsviri sənət dili ilə
ifadə olunmuş ritmik qrafikasıdır." Rəssamın
qrafika əsərlərindən "Avesta",
"Çirkin ördək", "Bürclər",
"Mistik Misir", "Fəsillər", "Bəşəriyyət"
və digərlərini nümunə göstərmək olar.
Ülviyyə Həmzəyevanın "miniatürləri
mifoloji motivlər, xalq sənəti örnəkləri və
müasir həyat fəlsəfəsi üzərində
köklənmiş fərqli sənət hadisəsidir."
Rəssam
xanımın yaradıcılıq qalereyasında portretlərin
özünəməxsus yeri var və yaratdığı
bütün portretlər qiymətlidir, "Ulu Öndər
Heydər Əliyev", "Prezident İlham Əliyev",
"Vitse-prezident Mehriban xanım Əliyeva", "Hüseyn
Cavid", "Mirzə Cəlil", "M.Ə.Sabir",
"Bəhruz Kəngərli", "S.Bəhlulzadə",
"Möminə xatun", "Məmməd Araz",
"Akademik İsa Həbibbəyli" və s.
Portret
yaratmaq sənətkardan böyük məsuliyyət tələb
edir. Bu məsuliyyət Ülviyyə xanımın yaratdığı
portretlərdə (portretlərini işlədiyi şəxsiyyətlərin
daxili zənginliyini zahiri dünyasında təzahür etdirməsində)
ciddi şəkildə hiss olunur. Bu, rəssamın peşəkarlığının,
sənət məsuliyyətinin və dərin bədii
yaradıcılıq müşahidələrinə malik
olmasının göstəricisidir. Ü.Həmzəyeva
özünün də bir neçə avtoportretini yaradıb.
"Rəssam yaratdığı portretlərin hər biri
ayrı-ayrılıqda bədii təhlil və təsvir
xüsusiyyətləri ilə səciyyələnir. Rəssam
bir çox əsərlərində obraz olaraq balaca
qızı İlknurun surətindən istifadə edib." Sənətşünas
Əsəd Quliyev bu istiqaməti məşhur əfsanəvi
fırça ustası Toğrul Nərimanbəyovun
yaradıcılığı ilə paralelləşdirir:
"Bu yerdə Ü.Həmzəyevanın tablolarında
yaratmış olduğu obrazlar bolluğunu da T.Nərimanbəyov
yaradıcılığı ilə müqayisə etmək olar."
Ülviyyə
xanımın sənətinə stimul verən amillərdən
biri də onun qoynunda milli-mənəvi xəzinəmizi
yaşadan, Nuh məqbərəsi, Əshabi-Kəhf
mağarası, Mömünə Xatun türbəsi, Kültəpə
mədəniyyəti, Gəmiqaya rəsmləri, Qarabağ abidələri,
İbn Küseyr məqbərəsi və s. ecazkar iqlimə, təbiətə,
əsrarəngiz dağlara malik Naxçıvanda doğulub
boya-başa çatmasıdır. Bu baxımdan,
"Naxçıvan rəssamlarını çox
şanslı insanlar sayan" Ülviyyə xanım sənət
pillələrində uğurla irəliləməyini belə
izah edir: "Mən Azərbaycanın gözəl və qədim
şəhərlərindən biri olan Naxçıvanda anadan
olmuşam. Mənim atalarım bu qədim torpaqda
yaşamış, mənim xoşbəxt
uşaqlığım burada keçmişdir. Ənənələrlə,
mifoloji deyimlərlə dolu olan bu qədim diyar mənim
yaradıcılığıma stimul verib".
Bənzərsiz
rəngləri, özünəməxsus üslubu, fəlsəfi
mahiyyətli yaradıcılığı ilə zəngin ənənələrə
malik olan, Azərbaycan təsviri sənətində öz
sözünü demiş, imzasını təsdiq etmiş
Ülviyyə Həmzəyeva istedadlı rəssam, millət vəkili,
peşəkar müəllim, qayğıkeş anadır. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı kimi, Ülviyyə Həmzəyeva
ölkəmizdə mədəniyyətimizin inkişafına,
Naxçıvan Dövlət Universitetinin İncəsənət
fakültəsinin müəllimi və Naxçıvan Rəssamlar
Birliyinin sədri kimi, yeni nəsil gənc rəssamların
formalaşdırılmasına öz töhfələrini
verir. Ülviyyə Həmzəyeva Azərbaycanda ilk dəfə
olaraq Naxçıvan Dövlət Universitetinin Gənclik
parkında soyqırımı qurbanlarının xatirəsinə
ucaldılan abidənin müəllifidir (2001). Onun əsərləri,
Azərbaycan, ABŞ, Çin, Türkiyə, Portuqaliya,
Gürcüstan, İspaniya və s. ölkələrdə
keçirilən sərgilərdə nümayiş olunub.
Əsərləri şəxsi kolleksiyalarda və muzeylərdə
saxlanılır. Ülviyyə Həmzəyevanın
yaradıcılığı haqqında ABŞ-ın
Kaliforniya şəhərində çap olunan "Beynəlxalq
müasir ustadlar" kitabında məlumat verilmiş, əsərləri
çap edilmişdir (2011). VIII "Vera" beynəlxalq
festivalında "Unikal Milli Orijinallıq" nominasiyası
üzrə mükafata layiq görülmüşdür.
Ülviyyə
Həmzəyevanın əsərlərini vizual olaraq görməklə
yanaşı, rəsm əsərinin alt qatını başa
düşmək, anlamaq lazımdır. Anlamaq
üçün isə, bir az sənətdən, bir az fəlsəfədən,
bir az mifologiyadan, bir az əsatir, nağıl, miniatürdən,
simvollardan, işarələr sistemindən baş
çıxarmaq lazımdır. Yoxsa, Ülviyyə
xanımın "xalçaların, miniatürlərin və
qədim petroqliflərin nümunələrini xatırladan rəsm
əsərləri, əfsanələr və
nağılların fantastik personajlarını
canlandırdığı əsərlərə açar
salmaq", onları oxumaq o qədər də asan deyil. Onun
tarixi dəqiqliyi əks etdirən
dünyagörüşü, müəlliflik hüququ ilə
qorunan müasir qrafika texnikalarında "toxunmuş", qədim
simvolizmə söykənən "fəlsəfi əsərləri"
dəyərli, dəyərli olduğu qədər unikaldır
(misilsiz, bənzərsiz, müstəsna).
Mövlananın
belə bir deyimi var: "Hər kəsin baxmadığı
istiqamətdən bax dünyaya..." Ülviyyə xanım
bütün cərəyanlardan yararlananda da, heç bir rəssamın
baxmadığı aspektdən baxır dünyaya -
"sirli-sehrli Ülviyyə dünyasından". Bu
dünyada hər şey özünəməxsusdur, millidir,
yenidir, fəlsəfidir, heyrətamizdir... Əsərlərində
milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini
özünəməxsus tərzdə əks etdirən, sənətdə
öz dəsti-xətti olan Ülviyyə xanım Həmzəyevaya
cansağlığı və sənət uğurları
arzusu ilə, "Ayınız, gününüz mübarək
olsun, Ülviyyə xanım!" deyirik.
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, ¹15.- S.39.