Şəxsiyyət,
milli kimliyin poetik ifadəsi və sadiqlik
Şəxsiyyət
- insanın psixoloji siması olub, şüura, mənliyə
malik, öz hərəkətlərinə cavabdeh, ictimai
münasibətlərin fəal iştirakçısı olan
adamdır. Eyni zamanda şəxsiyyət - müəyyən
ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən,
gerçəkliyi dərk edib müəyyən istiqamətdə
dəyişdirən, ünsiyyətə girməyi bacaran
konkret canlı insandır. Bu gün kənardan baxanda aydın
görmək olur ki, Sayman Aruz yuxarıda qeyd olunan bütün
kriteriyaları özündə cəmləyən bir
ziyalıdır. Onun şəxsiyyətindən doğan
milliliyi, fərdi münasibətlər sistemində
qazandığı güvənc hissi, dəyərlərə
bağlılıq və milli kimliyə münasibəti bir
daha göstərir ki, Sayman Aruz dövrümüzün
böyük ziyalısı, böyük alimidir.
Bu
yaxında böyük ilahiyyatçı alim, din xadimi hacı
Şahin Həsənlini itirdik. Onun dəfn mərasimində
iştirak etdim. İnsan selindən hərəkət etmək
olmurdu. Ölkənin ən müxtəlif yerlərindən, kəndlərdən,
şəhərlərdən insanlar axışıb gəlmişdi.
Türkiyə, Rusiya, Almaniya kimi ölkələrdən də
onun ölüm xəbərini alıb gələnlər var
idi. Mərasimdə bütün təbəqələrdən
insan gəlmişdi. Millət vəkilləri fəhlələrlə,
din xadimləri ateist düşüncəli elm adamları ilə
çiyin-çiyinə dayanmışdı. Hamını
üzündəki kədər birləşdirirdi. O kədərin
adı hacı Şahin Həsənlinin ölüm xəbəri
idi, dəfn mərasimi idi. Şəxsən mən,
hacının bu qədər hörmət sahibi olduğunu
bilmirdim. Fərdi münasibətlərdə hər kəsin
sevgisini qazanmışdı. Demək ki,
yaşadığı müddətdə tam şəxsiyyət
ola bilmişdi. Bütün insani keyfiyyətləri, milli-mənəvi
dəyərləri özündə cəmləməyi
bacarmışdı. Bu gün ölkəmizdə, ətrafımızda
hacı Şahin Həsənli kimi, Sayman Aruz kimi nə qədər
insan var? Təbii ki, çox az. Biz insanlar, adətən əlimizdə
olan dəyəri, sahib olduğumuz varlığı itirəndən
sonra qədrini bilirik. Böyük şəxsiyyət olmaq
üçün peşənin, ixtisasın heç bir fərqi
yoxdur. Bir din xadimi də öz sahəsində vətəni,
milləti üçün yararlı ola bilər, bir elm
adamı da, bir şair, bir yazıçı da. Əsas olan məsələ
şəxsiyyət ola bilmək, dəyərləri
özündə əks etdirməkdir.
İnsanı
böyüdən, şəxsiyyət edən, ziyalı edən
başlanğıc nöqtə onun vətəndaş
mövqeyidir. Sayman Aruz bütöv Azərbaycan vətəndaşı
olmağı bacaran ziyalı kimi həmişə qərarlı
olub. Bir insan yaxşı vətəndaş ola bildiyi halda,
yaxşı dost, yaxşı həyat yoldaşı,
yaxşı ata olmağı da bacarır. Sən yaxşı
ata olmasan, yaxşı ziyalı da ola bilməzsən.
Çünki bir ziyalı yaşadığı cəmiyyətin,
həm də bütün körpələrini öz
övladı, öz balası biləndir.
Göründüyü kimi, bu kriteriyalar hamısı bir-birinə
bağlı böyüyür. Deməli, böyük
insanların, tarixi şəxsiyyətlərin ilk addımı
özünə, ailəsinə, ətrafına münasibətdən
başladı və gəlib cəmiyyətə, millətə,
dünyaya münasibətdə dayandı. Bu mənada, Sayman
Aruzu yaxından tanıyan biri kimi, onun nə qədər
böyük ürək sahibi, nə qədər böyük
ziya sahibi olduğunu məntiqi ardıcıllıqla göstərmək
olar, amma onun ümumi şəxsiyyətinin, ziyalı
mövqeyinin aydın olduğu qədər də çətin
bir yol yürüdüyünü qeyd etməliyik.
Hər
bir insan təmsil etdiyi tərəf boydadır. Məsələn,
alim elmi təmsil edir deyə, elm boyda olur, bənna tikdiyi bina
boyda olur, zərgər dəqiqlik və qızılın əyyarı
boyda olur. Sayman Aruz isə sözü təmsil edir deyə
söz boydadır, bu, öz yerində. Amma S.Aruz, həm də
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan
Şöbəsinin rəhbəridir. Yəni 45 milyon güneyli
soydaşlarımızı təmsil edir. Onun atdığı
hər addım tarixin yaddaşında milyonların adına
yazılır. Bir insan nə qədər çox böyük
tərəfi təmsil edirsə, həm bir o qədər
özü böyüyür, həm də o qədər
böyük məsuliyyət daşıyır. Buna görə
də bu gün Sayman Aruzun getdiyi yol çətin və məsuliyyətli
yoldur. O, bu yola hələ İran hakimiyyətinin həbsxanalarında
dırnaqları çəkiləndə
başlamışdır. Min bir əziyyətlər çəkə-çəkə
gəlib Bakıya çıxıb. Bakı küçələrində
aylarla evsiz qalıb, ac-susuz günlər keçirib. Amma
yolundan dönməyib. Avropada yaşayan qohumları öz
yanına dəvət etsə də, Sayman Aruz yenə getməyib.
Hansı ki, o, çəkdiyi bütün əziyyətlərə
son qoyar və qohumlarının göndərdiyi viza ilə
Avropaya gedə bilərdi. Amma Sayman Aruz səbir edib, mübarizə
aparıb, haqq üçün savaşıb, yolundan dönməyib.
Bu gün isə ölkənin tanınmış şairi,
ziyalısı kimi missiyasını davam etdirir.
İndi
isə, Sayman Aruzun şair taleyinə nəzər salaq.
Şeir hisslərin, duyğuların ən gözəl şəkildə
sözə çevrilmiş halıdır. Şeir dili ilə
ən böyük dərdini də deyəndə səni
alqışlayırlar. Çünki şeir dili dərdi də
isidir, yumşaldır və hətta gözəlləşdirir.
Sayman Aruz şeirlərində, sanki dərdlərinə əzizləmə
deyir, lay-lay çalır, sığal çəkir.
Qarşımda dayanan və bayaqdan maraqla oxuduğum bu şeirlərdən
misallar da göstərəcəm, amma öncə deyim ki,
bütün şairlər bir-birinə oxşasalar da, Sayman Aruzun
şeir taleyi, şeir nəfəsi tamam fərqlidir. Onun
şeirlərindən xalq səsi gəlir. Sanki hər
misranın, hər sözün küncündən insan
boylanır, "azadlıq, ədalət!" deyə
bağıran insanlar. Bu da mənə Güney Azərbaycanda
yaşayan soydaşlarımızın hazırkı vəziyyətini
xatırladır. Bütöv Azərbaycana səslənən,
hamını bütövlüyə, tamlığa, birliyə
səsləyən insanların, həm də "atıb
getdiyin yerdəyəm, gəlginən" deyə, nalə
çəkməsini poetik dildə xatırladır.
Məni
atıb getdiyin o tindəyəm, gəlginən,
Çünki
cahan dövr edir yerində pərgar kimi.
Sayman
Aruzun yaradıcılığında əsas qayə
bütövlük, birlik, milli kimlik, milli ruh, milli
düşüncədirsə, din, fəlsəfə, elm və
əsasən də, tarixi kimliyimizə bağlılıq məharətlə
özünü göstərməkdədir. Şair bir qəzəlində
deyir:
Babək,
Hələbə kimsə aparmır səni mehman.
Niyyətləri
var, qanına qəltan eləsinlər.
Yusif,
quyudan çox da sevinmə ki, çıxıbsan,
Misrə
aparırlar, səni zindan eləsinlər.
Bu
misralar eləcə tarixi özündə əks etdirən sadə
beytlər deyil, Sayman Aruz bu misralarla, yəni tarixi və dini
hadisələrlə bu günümüzün faciələrindən,
acılarından, zülmlərindən danışır.
Sözügedən qəzəlin son beytində şair belə
deyir:
Arxanda
sənin qəddi əyilməz Savalan var,
Hər
nə eləyirlər, de ki, Sayman, eləsinlər.
Bu
misralar zalimə, zülmə qarşı şair
üsyanıdır. Sayman Aruz
xalqın dərdini öz dərdi kimi sadalayır və sonda
"nə edirlər, qoy etsinlər" deyir, xalqının dərdini
deyən şairin xalqa -Savalana söykəndiyini bilir. Növbəti
qəzəldəki bu misraların isə məncə, izaha
ehtiyacı yoxdur, çünki bu misralar bir şairin tarix
qarşısında fəryadıdır:
Bayquş
kimi hər gecə dil açıram şeirlə,
Söyləyirəm
dərdimi, həm Allaha, həm sənə.
Bu bəndin
növbəti misraları insanla danışır, xalq dilində
danışır, vətən dilində üsyan edir, tarixi
şəxsiyyətlər dilində susur, din, fəlsəfə
dilində oxucuya mesaj ötürür:
Ah,
İsmayıl, qoç kimi gah oluram qurbanın,
Gah
da Kəbə yanında oluram Zəmzəm sənə...
Mənə
bir tar verginən ki, ifşa etsin məni,
Bu
sevginin sirrini çalım zilü-bəm sənə...
Hürr
olmağa "Quran"ı oxumağa gərək yox,
Bəs
eyləyər, inan ki, hətta bir ayəm sənə...
İçimdəki
vulkanım partlayacaq haçansa,
Yanımda
olsan, yəqin, dəyəcək qəlpəm sənə...
Məndən
uzaq dur, ey dost, yoxsa, qəmim bir gecə,
Ya
olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə...
Bu kədərin
mənşəyin soruşma məndən əsla,
Elə
sirlər vardı ki, danışa bilməm sənə...
Məncə,
bu misralar Sayman Aruzun ağır missiyasını, məsuliyyətini,
vətəndaş mövqeyini göstərməklə
yanaşı, özü dediyi kimi, şeir dili ilə belə
danışa bilmədiyi məqamları, şair çarəsizliyinin
önündəki vətəndaş mübarizəsini
göstərir.
Elşad
Barat
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, ¹15.- S.41.