Möhtəşəm missiya

 

Dövrümüzün Mahmud Kaşğarisi, böyük türkoloq, unudulmaz müəllimim, akademik Tofiq Hacıyevin ruhuna rəhmət duası ilə...

 

əvvəli ötən saylarımızda

 

Haqqında danışdığım döyüş səhnəsi mükəmməl rejissor quruluşu sənətkarlıq həlli ilə heyrət doğurur. Rejissorun zərgər dəqiqliyi ilə gördüyü işi qüdrətli gen mühəndisinin möcüzələri ilə müqayisə etmək olar. Analitik xırdalıqlar sintetik bütövlüklə, analiz sintezin vəhdət yoluyla gedən rejissor döyüş səhnələrinin səbəb nəticə kontekstində real, realist mənzərələrini yarada bilir, ekranda türk döyüş sənətinin şanlı, şərəfli səhifələrinə imza atır. dünya dönə-dönə türkün tarixi qüdrətinə, çağdaş bayraktar möcüzələrinə şahid olur; dünya türklə düşmən yox, dost olmaq haqqında düşünür; bir sözlə, missiya qalib gəlir, məqsədə, murada qovuşur, ürəklərin məscid minarələrində ay-ulduzlu azan səsləri sayrışır. demək olar ki, sənətin qarşısına qoyulan dövlət məqamlı missiya, zamana uyğun səfərbərlik dalğası həyata keçirilir. Sənət qalib gəlir!

Mən milli mədəniyyətimizdə sənətin belə qüdrətli qələbə çağırışlarına M.F.Axundzadə komediyalarında C.Məmmədquluzadə tragediyalarında, M.Ə.Sabir "Hophopnamə"sində şahid olmuşam. hər dəfə ruhumun çöllərində sərgərdan bir kədərin boğuq iniltisinə diksinmişəm. Makedoniyalı fateh, "İskəndərnamə" əvəzinə, Avropanın xilaskar kimi gözlədiyi türk-hun fatehinə "Atillanamə" roman-poeması yazılsaydı, olardı, görəsən? Təxminən, 950 il əvvəl, 1070-ci illərdə yazılan Mahmud Kaşğari "Divani-lüğət-it-türk"ünə, Yusif Balasaqunlunun 13200 misralıq "Qütadqü-bilik" poemasına (Yadıma düşür ki, bu bənzərsiz poemanı çinlilər "Ədəbi-mülk, maçinlilər "Ayinül-məmləkət", ərəblər "Zinətül-üməra", farslar "Şahnameyi-türk" adlandırırdılar, təqdir təsdiq edirdilər - S.E.), Oğuzun şah əsəri, ana kitabı "Kitabi-Dədə Qorqud"a ölü, yad Sasani imperiyası əvəzinə, "Xəmsə" meydanı verilsəydi, olardı, görəsən? O köhnəlməyən köhnə kədər, o sərgərdan iniltilər öz ocağı başında Yəzdigürdlər, Xosrovlar, Bəhram Gurlar əvəzinə, Alp Ər Tonqalar, Atillalar, Babəklər görmək istərdi... Xalqlar xalqı Şumerin dilində öz sözləriylə danışan Azərbaycan dilinin buna halal haqqı vardı!

mən dahi Azərbaycan şairi İlyas Yusif oğlu Nizami Gəncəvinin türk oğlu türk olduğuna zərrə qədər şübhə etsəydim, onun "İskəndərnamə"də Məhəmməd peyğəmbəri vəsf edərkən, söylədiyi "Ərəb əbalı türküm" misrasına qəlbən inanmasaydım, bu qəfil, dar macalda bu sözləri yazmazdım. Ensiklopedik bilik, bəşəri zəka sahibi Şeyx Nizami Gəncəvinin ölü, yad imperiya modelini böyük poeziyanın gündəminə gətirməsinin, ona ədəbi ehya verməsinin, onu tədqiqatçıların intibah dövrü kimi dəyərləndirdiyi yeni epoxanın düşüncə hədəfinə çevirməsinin sirləri, bəlkə aşkar gizlinləri yəqin ki, tez-gec açılacaq; ən səmimi arzum odur ki, mənim bu balaca abzasda yazdıqlarım tamam yanlış ola...

 

***

 

Avroasiyanın cilovsuz çöllərində, dəlisov dağlarında bir atlı çapır... Ruhu özündən qabaqda şahin kimi şığıyır, xəyalları ruhundan da irəlidə qartal kimi qıy vurur...

Gözətçi sınağa çəkir, soruşur ki, "Yolun hayanadır?" Atlı cavab verir ki, "Qızıl almayadır"; "Mənzil haradır?" soruşur, "Şəhadətdir" deyir; "Vüsal haradır?" soruşulur, "Bütün dünyadır" deyilir...

sınaq başa çatmış, atlı "Yurdun uluları" məclisinə qovuşmuş, onu uzun çəkən həsrətin, xəyalın vüsalı ilə müjdələmişdilər; "Göytürk olub, Ali Səlcuq olub, indi "Ali Osman" zamanıdır, - demişdilər. Babası Süleyman şahdan, atası Ərtoğrul qazidən belə on illər boyu müqəddəs mücadilə meydanlarında göz qırpmayan Osman bəyin gözləri dolmuşdu; dolan gözlərin fırtınasıyla böyük oğul böyük atanın hüzuruna, məzarına can atırdı, ən böyük həqiqət anına tələsirdi...

"Quruluş: Osman" serialının 460-cı bölümündəki uğurlu səhnələrin sevdalı ab-havasını, qan qaynadan, göz güldürən epizodların ruhunu möhtərəm oxucuya çatdırmağa çalışdım...

Yurdun ulularıyla gizli görüşdə tarixi müjdə ilə yanaşı, Osman bəyə bir mühüm, taleyüklü tapşırıq da verilir: Monqol başçısı Əmir Çobanın öz övladı kimi sevdiyi Görklü xanla bizans şahzadəsi Mariyanın Konstantinopolda başlayan toyuna, yəni türkə qarşı Monqol-Bizans ittifaqına mane olmaq, şahzadənin toy karvanını ələ keçirmək...

beləliklə, tamaçaşı yeni bir intizar burulğanına çəkilir, Yaqub bəy tərəfdarları ilə Ali Osman qarşıdurmasının ayrılan qovuşan axınları mahir rejissor təqdimatında analiz sintez olunur, həqiqətə aparan yolların üfüqlərində şahin kimi şığıyan, qartal qüruruyla qıy vuran türk sevdası sayrışır; eynən min il sonrasının türk səmalarında Bayraktarlar sayrışan kimi; eynən Şuşanın azadlığına üz tutan "Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa, biz səni dirçəldəcəyik!" cümlələrində çırpınan, gözləri dolan xoşbəxt olan milli ruhumuz kimi; eynən yeni dünya nizamında yeni güc mərkəzlərindən birinə çevrilən Türk Dövlətləri Təşkilatının tarixi töhfələri kimi; eynən möhtəşəm Qarabağ quruculuğu kimi...

Ulu Bilgə xaqanın "Ey Türk, Oğuz bəyləri! Özünə dön! Sən özünə dönəndə böyük olursan!" çağırışı yenə at belindədir. Dövlətini bəyan etdiyi divanda "Qut ocağa düşdü, ocağımız alışdı", - dedi Osman bəy. "Boran, vur qopuzun tellərinə, sevincimiz şahə qalxsın!" - söylədi Osman Ərtoğrul oğlu. "Oyanışa", "Dirilişə", "Quruluşa" baxdıqca tariximizin bünövrə daşlarına dönən o müqəddəs, susmaz çağırışa, o alovlanan ocağın sönməz, əzəli-əbədi işığına, o şahə qalxan sevincin fateh zirvələrinə and içirsən; Orxan-Yenisey daşlarına - öz əlifbanla öz qəlbinə həkk etdiyin həqiqətlərlə unutqan dünyaya özünü, öz varlığını bir daha təqdim təsdiq edirsən; ruhumuzda, etnogenetik varlığımızda antimillətdən millətə, özgədən özə bütöv qayıdışa sevinirsən, heyrətlənirsən; bu müqəddəs mübarək qayıdışın sınmaz, sarsılmaz, daim səfərbər əbədi qalib olsun, Ulu türk!

 

Sadıq ELCANLI

 

Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.- S.23.