"Türki
bir çeşmə isə, mən onu dərya elədim"
"Heydərbabaya salam", Türk dili, Türk birliyi. Türkiyə, Təbriz
5 fevral 2010. Ərdəbildən
üzü Təbrizə
gedirik.
- O görünən dağ Savalandır... Bura Sərabdır.
- Təbrizə çox qalmışıq?
- Yox, ağa, Şəhriyar dağından
sonra Təbrizə çatırıq.
- Burada Şəhriyar dağı da var?
- Heydərbaba dağıdır.
Şəhriyara görə
belə adlandırırıq.
- Heydərbabanı yaxından
görə bilərik?
Sürücü Şəhriyar aşiqidir.
Sözümü yerə
salmır.
- Bu da Heydərbaba, - deyib maşını saxlayır.
Heydərbabaya yaxından baxıram.
Heydərbabanı da, Qayışqurşaq
kəndini də, Qaraçəmən yolunu,
Şəngüləvanı da uzaqdan-yaxından gözlərimə
yığıram...
Yolumuza davam edirik. Təbrizə
çatırıq...
Təbrizə elə qar yağıb, elə yağıb ki, hər tərəf, elə bil, işığa qərq olub. "Şəhriyar" hotelindəki
otağımda yerbəyer
olandan sonra gedəcəyim iki ünvandan birinə - Surxab məhəlləsindəki
"Şairlər Məqbərəsi"nə
- Şəhriyarın ziyarətinə
gəldim. İlk dəfəydi
ki, Təbrizdəydim. İlk dəfəydi ki, Şəhriyarı
ziyarət edirdim.
İlk dəfəydi ki, ömrümün
təbrizli bir gecəsində "Şəhriyar"
hotelinin ikinci mərtəbəsində, pəncərəsi
Təbrizin qarlı gecəsinə açılan
geniş və işıqlı otaqda
"Behcərabad xatirələri"ndəki
misralarla baş-başaydım:
Yatmış hamı, bir
Allah oyaqdır, daha bir mən,
Məndən aşağı kimsə
yox, ondan da yuxarı...
Heydərbaba. 1954-cü ildə panfarsizmin
qızmar siyasi bürküsündə, fars
alimlərinin İranda
danışılan Azərbaycan
dilinin dönmə bir dil olduğunu
iddia etdikləri, hətta əslən Təbrizdən olan Əhməd Kəsrəvinin
azərbaycanlıları türk
hesab etmədiyi, türkcə yazmağın
rəsmən qadağan
edildiyi (Türki olmuş qadağan, divanımızdan da xəbər
yox, / Şəhriyarın
dili də "vay!" deyə divan ilə getdi.) bir dönəmdə
özünün saf və təmiz türkcəsini İranın
içərilərinə əsdirdi,
mənəvi iqlimi türk ruhunun xeyrinə sabitləşdirdi.
İran türklüyünün XX yüzildə milli özünüdərk
prosesinə ən güclü təkan Şəhriyarın "Heydərbabaya
salam" poeması ilə gerçəkləşdi.
Hələ üstəlik,
bu şeir 44 yaşlı bir şairin doğma dildə yazdığı
ilk şeirdir:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı
qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadır şal sallamaq,
Bəy şalına bayramlığın
bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım.
Qulamgilə qaşdım, şalı
salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
"Heydərbabaya salam" Arazın hər iki sahilində Azərbaycanı dədə-baba
ocağı başına
toplayan, onu ayrılmağa qoymayan qeyri-adi ədəbiyyat hadisəsiydi. Şəhriyar
Heydərbaba dağı
barədə danışarkən,
"Dağ göylərə
yaxındır. Dağ
göylərə yaxın
olduğu üçün
peyğəmbərlər də
dağlara meyil ediblər" - deyirdi. Şəhriyarın poemasından
sonra Heydərbaba dağı da Elbrus, Qaz
(İda), Savalan və
Tanrı Dağları,
Qaf və mifoloji varlıqların yaşadığı Olimp, Tur, yaxud
Hira dağı kimi sakral dağlar silsiləsinə qoşuldu:
"Mən də Musa
kimi, Heydərbabadır
Tur dağım", yaxud,
"Bax ki, Heydərbaba
əfsanə tək olmuş bir Qaf, / Mən kiçik bir dağı sərmənzili-ənqa
elədim". Şəhriyarın
ən böyük hikməti bu nöqtədə - Heydərbaba
dağı ilə Turi-Sina bənzətməsində
gizlidir; Heydərbabaya
mifoloji anlam verməsində.
XX yüzilin ortalarından etibarən, Heydərbaba Azərbaycan türkcəsinin
tapınağına və
müqəddəs ruhların
barındığı milli yaddaşın rəmzinə
çevrildi. Hələ,
hətta professor Əhməd
Cəfəroğlunun yazdığı
kimi, "Şəhriyar
kimsənin xəyala gətirə bilmədiyi Heydərbabanı beynəlxalq
ədəbiyyat mövzularına
daxil etməyi bacardı".
1951-ci ildən etibarən, "Heydərbabaya salam" poeması türk dünyasının ortaq əsərinə çevrildi.
Azərbaycanın bütün
qədim sərhədləri
daxilində - Təbrizdə,
Bakıda, Kərkükdə
millətin müştərək
ədəbiyyatının əsərinə
çevrildi.
Türk
dili. Şeirlərinin
hər tərəfindən
türk dilinin ətri, rayihəsi yayılır. Şəhriyarın
"Türkün dili"
şeirini Pəhləvi
səltənətinin türk
dilinə münasibətinə
adekvat olaraq yazdığı bəllidir.
Şair panfarsist ideoloqlarun qorxunc münasibətinə qarşı
təkbaşına mücadilə
verirdi. Bu mənada, burda, yəni Şimali Azərbaycanda ana
dili ilə bağlı şeirlər
yazan şairlərin cəsarəti ilə, Güney Azərbaycanda türk dili ilə bağlı şeir yazan Şəhriyarın cəsarəti
heç müqayisəyə
gəlməməlidir. Çünki
Şimali Azərbaycanda
ana dili ilə yazmaq heç vaxt qadağan edilməyib. Cənubi Azərbaycanda nəinki ana
dilini vəsf etmək, yasaq olunmuş ana dilində ana
dilini vəsf edən şeir yazmaq fərqli anlam daşıyır.
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil,
əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri
eşidənlər, oxuyanlar
kəsil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli
şair pəxil olmaz.
Yaxud:
Türki
bir çeşmə isə, mən onu dərya elədim,
Bir soyuq mərəkəni məhşəri-kübra elədim.
...Əbədiyyətlə yanaşdım
doğula Hafizə tay,
Şirazın şahçırağın Təbrizə əhda elədim.
Türkinin canını almışdı
həyasız tağut,
Mən həyat aldım ona, həqq üçün əhya elədim...
Acı dillərdə şirin türki olurdu hənzəl,
Mən şirin dillərə qatdım onu həlva elədim.
Türki
vallah, analar oxşağı, lay-lay dilidir,
Dərdimi mən bu dəva ilə müdava elədim.
Türk
birliyi. Türkiyə.
Şəhriyar çeşməni
dərya etməklə
yetinmədi. İran ədəbiyyatına
Azərbaycan türkcəsinin
möhürünü vuran
Şəhriyarın idealları
arasında türk birliyi və Türkiyə amili də əsas yerlərdən birini tuturdu. Bu misralar, özünü "Azər
balası, Türk oğlu" olaraq təqdim edən Şəhriyarın "Türkiyəyə
xəyali səfər"
şeirindəndir:
Gəlmişəm nazlı hilal ölkəsinə,
Fikrətin incə xəyal
ölkəsinə.
Akifin marşı yaşardıb
gözümü,
Baxıram Yəhya Kamal ölkəsinə.
İlk dəfə 1990-cı ildə
dəyərli Yusif Gədiklinin ortaya çıxardığı bu
şeirdə həm Tevfik Fikrətin estetizmi, həm Türkiyənin "İstiqlal marşı"
xatırlanır, həm
Mehmet Akifin "İstiqlal
marşı"ndakı nazlı
hilala göndərmə
edilir, həm də birbaşa Mehmet Akifin "İstiqlal marşı"ndakı "Korkma,
sönmez bu şafaklarda yüzen al sancak; / Sönmeden yurdumun üstünde tüten en son ocak" misralarına qarşılıq verilir. Nəinki qarşılıq
verilir, şeirdəki
"Görüm, ay nazlı
hilalım, ey sancaq, / Parlasın get-gedə bu sönməz
ocaq" misralarının
anlam yükü xeyli çəkici və düşündürücüdür.
Şəhriyar həm
Cümhuriyyəti (nazlı
hilal ölkəsi, yaxud "Bura Jon Türklərin
paytaxtı / Atatürk intihabı
Türkiyədir"), həm
Osmanlını ("Qol-qanad
açdı geniş
bir mülkə / İmperatoriyi-islam", yaxud
"Görürəm Fatehi
etməkdə hücum,
/ Oxunub Fatiheyi dövləti-Rum"), həm
də bütövlükdə
türk dünyasını
("Dili, dini, qanı
bir qardaş idik / Sözü bizdənsə nə ağlar tarix") tərənnüm edir. Şəhriyar bu şeirinin alt qatında əslində turançı
bir şairdir və bu barədə
arzusunu, istəyini və idealını gizlətmir. Türk bayrağının və
türk ocağının
getdikcə daha çox parlamasını,
daha çox yayılmasını, daha çox dalğalanmasını
təmənna edir.
Şəhriyara görə nazlı
hilal ölkəsi həm Mövlana Ruminin, həm Fatehin, həm Yahya Kamalın, həm Mehmet Akifin, həm də Atatürkün vətənidir: "Baxıram
Yəhya Kamal ölkəsinə".
"Burada Rumi kimi ariflər var. / Sufilər abidəsi Koniyadır",
yaxud, "Atatürk heykəlinə
göz dikərək
/ Birdən alqışlayıram
Jon Türkü"...
O gözəllər gözəli
İslambul.
O dənizlər qızı,
dərya gəlini.
Sankı
dərya çiçəyi
nilufər
Qol açıb, sahilə atmış əlini...
"Türkiyəyə xəyali
səfər" şeirində
türk birliyinə aşkar işarətlər
var. Şəhriyar eyhamlarla
səfəvi-osmanlı savaşını
diqqətə gətirir.
Gəl sıxaq bir kərə qardaşlıq
əlin,
Lən edək naxələf əslafimizə.
Bunu
Nadir də o vaxt duymuşdu,
Qoy məhəbbət qala əxlafimizə.
Çıxaraq, tariximizdən çıxaraq,
Qan qaraldan o qara səhifələri...
Diqqət
yetirilməli məqamdır.
XX yüzilin əvvəllərində
Bakı panfarsistləri
Türkiyəni islam aləminin başı olaraq dəyərləndirdiyinə
görə Əli bəy Hüseynzadəni yarğılayırdı. Buna rəğmən,
əsrin sonlarında Şəhriyar Təbrizdən
səsini yüksəldir:
Əvət, İslam ocağı Türkiyədir,
Bir müsəllası Ayasofyadır.
Şəhriyarın türk sevdası fərqlidir.
"Yox, bu millət, bu həqiqət ölməz,
/ Çatacaq Xizrinə,
camın içəcək".
Yəni türk milləti Xızırdan dirilik suyunu alıb içəcək... Bu mənada, onu onun öz
sözlərilə dəyərləndirmək
yerinə düşür:
"Yaşasın, şair
əfəndi!"
Şəhriyar heç vaxt görmədiyi, səfər
etmədiyi Türkiyənin
poetik və xəyali obrazını yaratmışdı.
Hətta bu gününü də
hiss edərək yaratmışdı. "Yenə islam ələmin qaldıracaq / İmperatori
olan Osmanlı".
Təbriz.
Şəhriyar Təbrizi
"Şəmsin şəhəri,
Rum Mövlanəsinin Kəbəsi"
adlandırırdı. Qəribədir,
o gün hansı tərəfə getdimsə,
Təbrizdə nə gördümsə, hamısı
Şəhriyarı xatırlatdı.
Şah gölü - Şəhriyar onu vəsf edib. Talibiyyə mədrəsəsi
- Şəhriyar burda təhsil alıb. Eynalı dağı, Ərk qalası - Şəhriyar Bakıya
bu ucalıqlardan baxıb. "Üfüqlərə
röya rəngin yaxıram, / Eynalıdan, Ərk üstündən baxıram".
Talibiyyədə Şəhriyarla yanaşı,
Hüseyn Cavidi də düşündüm.
O da burda təhsil almışdı. Yadıma
Cavidin son yadigarı Turan Cavidin hüzr
məclisi düşdü.
2004-cü ilin sentyabrında
yaşadığı binanın
həyətində qurulmuş
çadırın qarşısında
mənə bir nəfər yaxınlaşıb
"Mən Hadiyəm"
demişdi. "Hansı
Hadi?" "Şəhriyarın
oğlu. Eşitdim Cavidin qızı dünyasını dəyişib.
Gəldim ki, başsağlığı
verəm". Şəhriyarln
oğlu Təbrizdən
Bakıya - Cavidin son yadigarının hüzn mərasiminə gəlmişdi...
Təbriz
Ərk qalası səmtindən baxanda daha dolğun görünür. Çünki
təbiətin və siyasətin həmlələrindən
divarları çat-çat
olmuş Ərk qalasının ətrafında
avtomobilli, atlı-arabalı
bir Təbriz var. O Təbriz ki, Şəhriyar
1958-ci ildə İranın
dəmiryolu xətti ilə Azərbaycan dəmiryolu birləşəndə
rəsmi törəndə
iştirak edən
İran şahı Məhəmməd
Rza Pəhləviyə
fars dilində xitab edib, onu,
yəni Təbrizi belə öymüşdü:
Padişah, bu anadək mən tərcüman oldum, yetər,
Dinlə,
qoy Təbriz desin öz dərdini
bitərcüman.
Şəhri-Təbrizəm, bəlalardan səni hifz etmişəm,
Qollarım bir cift qılınc, köksüm
sipər, bağrım
nişan.
Yüz vəliəhdə keşik
çəkmiş, beşik
olmuş sinəm,
Köksümün üstündə durmuş
qürrəli təxti-Kəyan.
Şərqi Qərbə, Qərbi
Şərqə bağlayan
yollar mənim,
Can mənim, karvan mənim, sarban mənim, mən bağrı qan!
(Tərcümə Xəlil
Rza Ulutürkündür)
Deyirlər, şeiri dinləyən
şah kövrəlib,
yerindən qalxıb Şəhriyara yaxınlaşıb
və Şəhriyarın
Tehranı tərk edib Təbrizə köçməsindən rəncidə
olduğunu bildirib. Bu,
doğrudanmı, belə
olub, bilmirəm. Şəhriyarın farsca yazdığı "Ey Tehranlı", türkcə
yazdığı "Şatır
oğlan" şeirlərinə
baxılırsa, Şəhriyarla
Tehran yönətiminin münasibəti
aydın olur. Özü də bunu "Şatır oğlan"da açıq
şəkildə bəyan
edib: "Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,
Qaçmışam Təbrizə,
qoy yaxşı-yaman bəllənsin".
Bu, həmin Təbrizdir. Çiskinli, dumanlı Təbriz...
8 avqust 2024
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2024.- 10 avqust, ¹29-30.- S.2-3.