Kişilər gec ağlayır...

 

Fraqmental romandan parçalar

 

İlk dərs

 

Yeni dərs ilinin  ilk günü, sentyabr ayının 1-i idi. İlk dəfə əlində jurnal, müəllim kimi sinfə girəcəkdi.

Özünün birinci sinfə getdiyi günü yadına saldı. Elə bil  lap dünən idi. Anası ertədən onu yuxudan  oyadıb saçlarını dönə-dönə daramışdı, bant vurmuşdu. Sonra da qızcığaz atasının əlindən tutub yellənə-yellənə məktəbə getmişdi.

Məktəb həyətində birincilərdən çox, böyüklər, valideynlər idi. Bəzi uşaqların ata-anaları ilə yanaşı, babaları, nənələri,  hətta əmiləri, dayıları, bibiləri, xalaları da gəlmişdi.  Yaman gur, xoş çağlar idi.

O vaxt saçları bantlı qızlar da elə bil ki, kəpənək idilər - yerində qərar tutmayan, ora-bura uçuşan kəpənəklər...

İndi isə... Birincilərin sayı az idi, onları məktəbə gətirən valideynlərin ...

Doluxsundu. Bilirdi ki, məktəb deyilən bu binada qaçqın düşərgəsində yaşayan uşaqlar oxuyur. Onlardan bəzilərinin atalarının Vətən uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olmalarından da xəbəri var idi.

Bu da ilk zəng...

Şagirdlər siniflərə axışdılar.

Bu da ilk dərs... Uşaqlarla üz-üzə qalmışdı. Hələ bu uşaqların heç birini tanımırdı. Ancaq uşaqlar isə burasını bilirdilər ki, qarşılarındakı bu gülərüz, ancaq nədənsə fikirli tutqun cavan qız onların ilk müəllimləridir.

Bütün sinif müəllimin deyəcəyini gözləyirdi. Müəllim başa düşürdü ki, bu sükutu  birinci o pozmalıdır. Bəs hardan, nədən başlasın?.. Bəlkə onları yeni dərsi ili münasibəti ilə təbrik etsin? Yox, ilk zəngdən qabaq çıxış edən məktəbin ağsaçlı direktoru təbrik nitqi söyləmişdi. Bəlkə elə uşaqlara birinci gündən yaxşı oxumağı tövsiyə etsin?!. Axı, direktor elə bu məsələyə toxunmuşdu!

Bəs nədən, hardan başlasın?

, tapdı, tanışlıqdan, əlbəttə, tanışlıqdan...

Qətiyyətlə:

- Uşaqlar, gəlin, tanış olaq, - dedi, mənim adım...

Adını söylədi. İndi növbə uşaqların idi. Uşaqlar da bir-bir ayağa qalxıb adlarını deməyə başladılar. 25 şagird idi: 15-i oğlan, 10-u qız.

Oğlanlardan 5-6-sı adlarını demişdi ki, müəllim pərtləşdi, ona elə gəldi ki, oğlanlar onu ələ salırlar, adlarını deyən oğlanların çoxu  adaş idilər.

...Yenə eyni oğlan adları...

Yox, sifətlərindən sadəlövhlük, səmimilik, mehribanlıq yağan bu uşaqların öz müəllimlərini ələ salmaq ağıllarına belə gəlməzdi. Bəs bu idi?

Olmaya, ad qəhətliyi idi: əsəbiləşdi,  bir sinfin yaşıd oğlanlarının hamısının adları eyni idi...

"Onları bir-birindən fərqləndirmək çətin olacaq. Gərək familiyalarını yadımda saxlayım!" - Müəllim qayğılandı. Ancaq maraq ona güc gəlmişdi. "Yox, burada nəsə bir səbəb var. Axı, kəndlərdə uşağa ad qoyanda çox götür-qoy edirlər, çalışırlar ki, qoyduqları ad qohum-əqrəbada, qonum-qonşuda  olmasın ki, xətirlərinə dəyər..."

Cavan müəllimlərinin sinifdəki oğlanların adları ilə tanışlıqdan sonra çaşqınlığını görən dilli-dilavər bir qız (o, deyəsən, yoldaşlarından bir-iki yaş böyük idi, partadan kənara çıxanda ayağının birini çəkdiyi müəllimin iti nəzərlərindən yayınmadı) dil-dil ötüb:

- Müəllim, Yaşar bizim kəndin qəhrəman oğlu olub, - dedi, - anam deyir ki,  qaqaşım olanda onun da adını Yaşar qoyacağıq...

Uşaqlar gülmək istədilər, lakin müəllimin susduğunu görüb səslərini kəsdilər. Qızın da susduğunu görən müəllim:

- Sən danış, danış, - dedi, - sonra...

Qız müəlliminin sözlərindən cəsarətləndi:

- Yaşar təkbaşına ermənilərin üstünə gedib, onların qarşısını kəsib. Kəndimizin sakinləri düşmənin əlindən xilas olublar.

Qızcığazın səsi qırıldı, tez-tez burnunu çəkməyə başladı...

, demə, canı bahasına həyatlarını xilas etdiyi analar da sonralar  dünyaya gələn oğlanlarına bu igid həmyerlilərinin adını veriblərmiş... bu dəfə heç bir ana ad üstündə bir-birindən incik düşməyib... Neçə-neçə ana da qızcığazın anası kimi indidən oğlanlarına ad hazırlayıblar...

Şagirdlərlə tanışlıq qurtarmışdı. Bayaqdan bəri ilk dərsə necə, haradan başlayacağını fikirləşən müəllim indi nədən danışacağını bilirdi...

 

"Heç ata ola bilmədi..."

 

Şəhid İlkinin xatirəsinə

 

Evin əziz-xələf övladı idi. Neçə il sonra dünyaya gəlmişdi.

Ata-ana elə bil, bir ağacın budaqlarındakı tək yarpağın keşiyində duran kimi, aman-zaman yeganə övladlarının üstündə əsim-əsim əsirdilər. Qışın soyuğu, yayın istisi, payızın sazağı bir yana, hətta yazın yüngül mehindən belə qoruyurdular. Nazı ilə oynayır, az qala dilindən çıxan bircə sözü, arzusu, istəyi ilə oturub dururdular.

Dəcəl-şıltaq olsa da, oğlan çox ürəyiyumşaq idi. Ata-anasından saysız-hesabsız tələbi bir təkcə özü üçün yox, həm məhəllədə oturub durduğu həmyaşıd dostları üçün olardı. Əgər ona işıqsaçan avtomat oyuncaq alıblarsa, o avtomatdan təkcə özü yararlanıb kimə atəş aça bilər! "Düşmən" olmalı idi rəqib dostu üçün ata avtomat oyuncaq almalı idi. Ananın işi nisbətən yüngül idi. Amma günlərin bir günü məktəbdə "Baba turp" hekayəsini səhnələşdirərkən oğlu baba rolunu ona tapşırılmasını xahiş etmişdi. Müəllim həvəslə razılaşmışdı. Bilirdi ki, tamaşadakı rollar üçün məxsusi paltarlar lazımdı anası da oğlunun xətrinə bunları can-başla hazırlayacaq. Belə oldu... Oğlan baba rolunun öhdəsindən məharətlə, az qala peşəkar aktyorlar kimi gəldi. Tamaşaya yığışan valideynlər, sinif yoldaşları əl çalıb, onun oyununa baxa-baxa  uğunub gedirdilər. Tamaşadan sonra müəllimə ananı qucaqladı: "Gün o gün olsun ki, oğlunuz əsl baba olsun!"

 

***

 

Müəllimə bir gün bir vaxt dərs dediyi o keçmiş şagirdinin şəhid olduğunu eşidəndə için-için ağlayıb, əlini sinəsinə apardı, ovxalaya-ovxalaya elə hey öz-özünə həm pıçıldayırdı: "Baba yox, heç ata da ola bilmədi".

 

2020

 

Ulduzlar sönmür...

 

 ...Payızın ortaları idi. Havalar soyumuşdu. Qışın nəfəsi duyulurdu. Həmin gün hava çiskinli, qarışıq idi. Günortadan keçmişdi. Ancaq axşamtərəfi duman da, çən çəkildi. Səma indi aydın, təmiz idi. Qüruba enən vaxtları olsa da, birdən-birə göydən yerə günəşin ilıq şüaları yayıldı. Əsgərlər gec olsa, günəşin belə qəfil boylanmağına sevindilər. Elə bil bu payız günəşi birdən-birə onları isindirmiş, qızdırmışdı.

Sübh erkən, hələ hava işıqlanmamış taqım düşmən üstünə qəfil hücuma keçəcəkdi.

Artıq göy üzü qaralmışdı. Sonra zil qaranlıq çökdü birdən-birə o qaranlıq səmada əvvəlcə bir-bir, sonra isə topa-topa ulduzlar sayrışmağa başladı. Torpaq üstə uzanan, gözləri yuxarıya dikilən əsgərlərin kefləri birdən-birə düzüldü.

Çiyin-çiyinə baş-başa verən əsgərlərin gözləri göydə qalmışdı.

Birdən-birə, hərəsi səmadakı ən parlaq ulduzu bir-birinə nişan verib: - Bax, o mənim ulduzumdur, - deyə şövqlə dillənirdilər.

 

***

 

Birdən ulduzlardan biri kəhkəşandan ayrılıb sürətlə süzülə-süzülə aşağı enməyə başladı, çoxmu endi, azmı endi, bilən olmadı. Ulduz qəflətən sönüb, birdən-birə qeyb oldu.

Əsgər yoldaşlarından nisbətən yaşlı olan taqım komandiri köks ötürdü. Sonra da elə bil nağıl danışırmış kimi: - Uşaq vaxtlarım idi, - dedi, - yadımdadır, - yayın cırhacırında gecələr bürküdən sərinləmək üçün evimizin torpaq damına qalxardıq. Böyüklər ötənlərdən-keçənlərdən danışa-danışa baş qatardılar. Biz uşaqlar isə bekarçılıqdan gözümüzü zillədiyimiz göydəki ulduzları sayardıq. Bir, iki, üç... Göydəki ulduzları sayıb qurtarmaqmı olardı? Nənəm gülər: - Ay bala, özünüzü yormayın, - deyərdi, - yer üzündə hər kəsin sayı qədər göydə öz ulduzu var.

Gözümüz göy üzündə qalardı. Bəzən, bax, elə indiki kimi bir ulduz heç gözləmədiyimiz halda, beləcə sürətlə aşağı enə-enə axıb-axıb qəfil sönərdi. Nənəm vaysılanardı:

- Eh, fani dünya! Yəqin ki, hansı biçarəninsə ulduzu söndü, - deyə köks ötürüb ah çəkərdi. Biz uşaqların da kədərlənib qəhərləndiyini görən babamız səsini qaldırardı: - Nənənizin dediklərinə fikir verməyin, - deyib, bizi sakitləşdirib ovudardı. Sonra da: - Yadınızda saxlayın, xəbəriniz olsun ki, göydən ulduz axan vaxtda hər kim ürəyində arzu-dilək tutarsa, hökmən çin olar... - deyərdi.

O zamanlar, gözümüz ulduzlarda qalanda o ulduzların hansı birininsə axmasını gözlədiyimiz vaxtlar ürəyimizdə bir arzu, dilək tutanacan, həmin ulduz da bir andaca axıb-axıb sönərdi. Ulduz elə qəfil axıb sönərdi ki, ürəyimizdə arzu tutmağa macal tapa bilməzdik. Eh...

Komandir kövrəlib susdu... Əsgərlər fikrə getmişdilər. Hamısının gözü səmada, ulduz kəhkəşanında qalmışdı. Ulduzlarsa dərd-sərsiz, bir-birinə göz vururdular. Birdən ona elə gəldi ki, ulduzlar xoşbəxtdirlər. Axı, onlar heç vaxt darıxmırlar, tənha, yalqız deyillər. Aya yazığı gəldi - Göy üzündəki həmişə tənha, yalqız Aya...

Yuxuları qaçmış əsgərlərin gözləri isə hələ göydəki ulduzlarda qalmışdı. Ulduzlar isə yatmağı yaddan çıxarıb hələ bir-birlərinə göz vurmaqda idilər. Birdən aralarından bir ulduz ayrılıb sürətlə yerə sarı axdı. Ulduz axa-axa hələ ki, sönməmiş bütün taqım bir nəfər kimi: - Ura! - deyə yerlərindən qalxıb bağırdı. - Qələbə bizimlədir! Bütün əsgərlər bir-birini muştuluqlayırdı ki, ulduz axmağa başlayanda ürəklərində bir niyyət tutub, bir arzu keçiriblər...

 

***

 

...Taqım düşmən üzərində bu döyüşdə qələbə qazanmışdı. Qələbə ilə başa çatan, az qala, əlbəyaxa ağır vuruşmadan sonra növbəti döyüşə hazırlaşan əsgərlərimiz bu gecə gözlərini səmaya zilləmişdilər, yuxusuzluqdan hər birinin gözləri yumulurdu...

Səma yenə aydın, təmiz idi. Göy üzündə yenə ulduzlar bəxtəvərcəsinə bir-birinə göz vurub sayrışırdılar.

Amma bu dəfə əsgərlər, nədənsə ulduz kəhkəşanına baxmağa, sanki ürək eləmirdilər... Hərənin səmada bir ulduzu olduğuna inanırdılar. Ancaq heç biri səmada öz ulduzunu daha axtarmaq istəmirdi.

Ulduzlar sönməsə , səmada onların sayı bu dəfə azalmışdı...

 

2020

 

Qarabağ şikəstəsi

 

...Hələ orta məktəbin aşağı siniflərində oxusa da, adı təkcə öz kəndlərində yox, qonşu erməni kəndlərində dildə-ağızda gəzirdi. Bülbül! Daha onu öz adı ilə çağırmırdılar; hətta özü elə bil bu ada öyrəşməmişdi. Bülbül! Əsl adı ilə çağıranda dayanıb bir balaca duruxurdu. Bülbül ki, bülbül! Səsinə qulaq asıb heyran qalanlar: - Bülbüldür, bülbül! Bülbül kimi cəh-cəh vurur, - deyirdilər. Beləcə, ata-anasının verdikləri əsl adını az qala yaddan çıxartmışdılar. Məktəblərində, rayon tədbirlərindəki konsertlərdə həvəslə oxuyurdu. Kəndlərindəki toy-mağarlarında dilə tutub onu güclə oxudurdular. Cibinə xərclik basırdılar.

Tay-tuşlarına qoşular, özlərindən böyük oğlanların ardınca düşüb bəzən qonşu erməni kəndlərindəki toylara da elə-belə, cavanlıq həvəsilə tamaşa etməyə gedərdi. Səsi-sorağı elə oralara da gedib çatmışdı. Ata-anası ilə tanış-bilişlikləri, gediş-gəlişləri olan, onun səsinə bələd ermənilər onu dilə tutar, öz həmkəndliləri arasında onunla yaxınlıqdan öyünmək üçün oxutmaq istərdilər. Onların xahiş-minnətinə qulaq asmaz, sözlərini yerə salardı. Ancaq bəzən lap yaxın bildiklərinin sözlərini yerə salmağa üzü gəlməyəndə oxuyardı. Özü "repertuarında" həmişə bir ifa olardı: "Qarabağ şikəstəsi".

...Beləcə, günlərin bir günü, qonşu erməni toylarının birində mağarda qol qaldırıb oynayan şişman, yekəqarın, orta yaşlı bir erməni özündən razı halda əlini cibinə aparıb bir çəngə pul çıxartdı, şəstlə: - Ara, səsin xoşuma gəlib, - dedi. -Mənim sifariş verəcəyim bir mahnı oxuyacaqsan!

Erməninin bir çəngə pul uzatmış əlini geri itələmişdi...

 

***

 

Kəndləri nankor qonşuları, çörəkləri dizləri üstə olan qonşu ermənilər tərəfindən xaincəsinə işğal olunanda o da girov düşdü. Əsirləri boya-boy sıraya düzmüşdülər. Əliavtomatlı əsgərlərin qarşısındakı komandir onu görən kimi, dərhal tanıdı. Bir zaman pul çəngəli əlini geri itələdiyi şişman erməni idi. Hərbi mundirdə idi o hərbi mundirin paqonlarında iri-iri ulduzlar da var idi... Zabit əda ilə qarşısında durub zəndlə ona baxırdı.

- Tanıdım, - dedi. - Bülbül! Sonra da qəhqəhə çəkdi: - Ha-ha-ha... - Nədənsə birdən-birə bir anlıq susdu, sonra da yenə şaqqanaq çəkdi. - Ha, ha... Bax, sən bülbül indi qarşımda, ya ala qarğa kimi qarıldayacaqsan, ya da ki, bayquş kimi ulayacaqsan. Seçim özünündür... Qolundakı saata baxdı. Üçəcən sayacağam. Yoxsa...

Üzünü əliavtomatlı əsgərlərinə tərəf çevirdi. Gözlərindən qəddarlıq yağan əsgərlər əlbəəl atomatlarını sinələrinə sıxdılar... Hazır əllərini tətiklərə apardılar. Bir, iki...

 

***

 

Bülbül qəflətən səsini zilə qaldırdı. Yayılım atəş səsləri gurlasa da, "Qarabağ şikəstəsi" kəsilməmişdi...

 

2024

 

Aydın Tağıyev

 

Ədəbiyyat qəzeti.- 2024.- 10 avqust, ¹29-30.- S.20-21.