Keçən günlərin dastanı
Bir əsər xatırlamaq istədiyimdə, dərhal
gözümün önünə
mənə təsir edən dörd bioqrafik əsərin adı gəlir: Şevkət Süreyya Aydemirin "Suyu axtaran adam", Pablo Nerudanın "Yaşadığımı
etiraf edirəm", Ştefan Svayqın "Üç ustad" və İran Əli Rəhnəmin "Əli
Şəriati" əsərləri.
Təbii
ki, indiyədək yüzdən
çox bioqrafik əsər və xatirələr oxumuşam.
Amma bir imtahandan keçsəydim, ilk ağlıma
gələcək bioqrafiya
kitabları yuxarıda
yazdığım əsərlər
olardı.
Azərbaycan ədəbiyyatında oxuduğum ilk xatirə kitabları Manaf Süleymanovun "Eşitdiklərim,
oxuduqlarım, gördüklərim"
və Həmidə xanımın xatirələri
oldu. Onların hər ikisi təsirli kitablar idi və keçmiş
Azərbaycanı olduğu
kimi gözümüzün
önünə gətirirdi.
Əslində xatirələr
və ya tərcümeyi-hallar itirilmiş
zamana güzgü tutduğu üçün
gələcək tədqiqatçılar
üçün çox
vacibdir. Bəlkə də buna görədir
ki, "Müqəddəs", "Dəli", "Səyahətçi"
kimi gözəl kitabların müəllifi
Xəlil Cibran demiş, "Dünən
bu günün xatirəsidir, sabah isə bu günün
arzusudur". Təbii
ki, şair haqlıdır.
Dünənlə bu gün arasındakı emosional əlaqə sabahın xəyallarını
yaradacaq.
Alman dilini öyrənəndən
sonra universitetdə müəllimimdən soruşdum
ki, Almaniyanı daha tez tanımağa kömək edəcək hansı kitabları oxuyum? "Xatirələri
və ya bioqrafik əsərləri
oxuyun", - dedi. Mən də belə etdim. Ədəbiyyatşünas Raninzkinin
"Mənim həyatım"
adlı əsərini
alıb oxudum. Bu əsər nəinki son
alman ədəbiyyatını əhatə edirdi, həm də teatr, opera və incəsənətin müxtəlif
sahələrindən xəbər
verirdi.
Belə
memuarlarda və ya bioqrafik kitablarda
ictimai inkişaflar, siyasi gərginliklər, sənətdə və insan münasibətlərində
baş verən dəyişikliklər səlis
bir dillə izlənilə bilərdi.
Türkiyədə bəzi dostlarla
söhbət edərkən,
onların "Azərbaycanı
nə qədər yaxşı tanıyırsan"
dediklərini eşidəndə
içimdə bir az da qürur hissi yaranırdı. Amma Azərbaycandan bir-bir xatirə kitabları oxuduqca anladım ki, Azərbaycan haqqında çox az şey
bilirəm. Prof. Tofiq Məliklinin "Suyu axtaran adam" memuarında Stalin qorxusunu,
müharibədən sonrakı
Bakı həyatını,
türkologiyaya aşiq
bir gəncin nəfəs kəsən mübarizəsini, Türkiyə
ilə münasibətlərinin
enişli-yoxuşlu yollarını,
o qorxulu illərdə
türk yazıçı
və şairləri ilə əlaqələr və onların nəticələrini öyrəndim.
Sabir Rüstəmxanlının "Xətai yurdu" kitabında Dağlıq Qarabağ hadisələrindən
başlayaraq, müstəqillik
elan olunana qədər
bir dövrdə bir ziyalının milli hisslərinin, xalqın sarsılmaz iradəsinin zirvəsində gördüm.
Yenə Prof. Cəmil Həsənlinin "Zamanın
sınağında" memuarında
1960-cı illərdən başlayaraq
sovet kənd həyatını, Azərbaycan
xalqının maddi və mənəvi mübarizəsini addım-addım
izlədim. Yenə də Azərbaycanın
son otuz ilini kinokamera kimi əks etdirən Əjdər Olun panoramik "Lo" romanı
mənə çox şey öyrətdi.
Nəhayət, təsadüf nəticəsində
Prof. Nizami Cəfərovun
"Keçən günlər
dastanı" adlı
xatirəsini alıb oxudum. Prof. Nizami Cəfərov bu memuarda Bakıdakı universitet həyatını,
Tofiq Hacıyev, Abdulla
Vəliyev, Ağamusa Axundov kimi alimlərin
zəhmət və əməyini, xüsusən,
türkologiya və filologiya sahəsində çalışan alimləri,
onların zarafatlarını,
tələbələrlə münasibətlərini çox
canlı və axıcı bir dillə çatdırıb.
Qısa cümlələrlə,
səlis dillə yazılmış xatirələrdə
rəngarəng təsvirlər,
müfəssəl məlumat
olmasa da, şəxsiyyətlər
haqqında qaneedici məlumatlar var. Ola bilsin
ki, müəllif yaddaşındakı
fiqurların gördüyü
kimi yadda qalacağını
düşünürdü. Cəfərov öz müəllimləri ilə
yanaşı, Azərbaycan
ədəbiyyatının ən
mühüm simalarından
- Nəriman Həsənzadə,
İsmayıl Şıxlı
və İsa Hüseynov
kimi yazıçılarla
münasibətlərindən, xatirələrindən də
yazıb. O, vaxtaşırı
daxil etdiyi zarafatlarla kitabı daha axıcı edib.
Müəllifin, xüsusilə, İsmayıl
Şıxlı və
İsa Muğanna ilə
yaxın münasibəti
diqqəti cəlb edir. Müəllif gənc olsa da, ömrünün ən yetkin çağlarını
yaşayan bu böyük yazıçı
cəmiyyətin ağsaqqalları
ilə isti və səmimi münasibət qurmuş, onların bilmədiyi bəzi söz və davranışlarını
gözəl ifadə ilə gələcək nəsillərə çatdırmışdır.
Şair
Hüseyn Arifin həyəcanı,
sadəlövhlüyü, uşaq
xisləti, zarafatları
kitaba ayrı rəng qatıb. Hüseyn Arif Türkiyədən qayıtdıqdan
sonra qarşılaşdığı
hər kəsə bir xatirə danışır:
"Türkiyəyə getmişdim.
Yenicə gəlirəm.
Mənə Türkiyənin
xalq şairi adını verdilər. Dedilər ki, sən olmasaydın, urus sazı çoxdan sıxışdırıb
aradan çıxartmışdı,
sən ki, o urusun içində sazı qoruyub saxladın, böyük adamsan. Mükafat da verdilər, birələm puluydu.
Küçəyə çıxanda
Allah hoyuna yetişməmişin
birinə rast gəldim. Mənə dedi ki,
azərisənmi? Dedim: Hə... Sarıldı boynuma, dedi ki, səni buraxa bilmərəm, gedək restorana. Mən də dedim ki, yəqin yazıq nə müddətdən sonra yerlisinə rast gəlib, vətənin iyisini məndən alır. Getdik. Yaxşı yeyib-içdik.
Hesab gələndə
əlimi, canın üçün, yalandan cibimə saldım ki, hərifi qızışdırım.
Gördüm ki, heç
tərpənmir. Mən
özümə gələnə
qədər, cibimdən
nə qədər pul çıxartmışdımsa,
ofisiant alıb apardı... Qanım qaraldı. Durdum ki, gedəm mehmanxanaya. Hərif də düşüb böyrümə,
aman vermir ha. Vətən həsrətindən
danışır. Birdən
dayandım. Dedim:
- Aya, Qazağın hansı kəndindənsən?
- Şıxlıdan.
- Adın nədir?
- İsmayıl.
Dəli
olmadımmı?! Dedim:
"Aya, bir İsmayıl Şıxlıdan zorla canımı qurtarıb bura qaçmışam, burada da sənəmi rast gəldim?!.."
Xatirələrdə məni ən çox təsirləndirən sətirlər
müəllifin müştərək
dərsliklər hazırlamaq
üçün Türkiyəyə
səfəri oldu. Kitaba daxil olmasa
da, bu dövr təxminən, 1992-1993-cü illərdir.
Türkeşdən sonra
gənclərə millətçilik,
türkçülük mövzusunda
mühazirələr oxuyan,
Bozkurt Ayvaz kimi məşhurlaşan rəhmətlik
Ayvaz Gökdəmir kimi siyasətçilərin
Azərbaycan və digər Türk Cümhuriyyətlərinin ədəbiyyatı
haqqında məlumatsızlığını
heyrətlə oxudum.
Müəllif Nizami Cəfərov
kitabında ümumi dərsliklərin necə bitdiyini yazmır. İndi belə ümumi dərsliklərin olub-olmadığını
da bilmirəm. Amma son 30 ilin
səylərini izləyəndə
dəfələrlə şahidi
olmuşam ki, hər cəhd yalnız məlumatsızlıqdan qaynaqlanır.
Siyasətçilər nədənsə
çox az oxuyurlar, Azərbaycan və digər türk cümhuriyyətlərindən
söz düşəndə,
bu məsələləri
yaxşı bilən düzgün məsləhətçilər
almaq niyəsə ağıllarına da gəlmir.
"Keçən günlərin
dastanı" müəllifin
uşaqlığı və
valideynləri haqqında
yazdıqlarını nəzərə
almasaq, Azərbaycanın
son qırx ilinə bir pəncərə açır. Orada oxumaq əzmi və biliyi ilə heç bir arxa-dayağı olmayan bir gəncin
üzünə açılan
qapıları, Bakıdakı
akademik ab-havanı yaxından görürük.
"Günlər keçir.
Ancaq izsiz yox..." sətirləri Azərbaycan cəmiyyətinin
son qırx ildəki dəyişmə və çevrilişlərini ustalıqla
silinməz izə çevirib.
Orxan ARAS
Ədəbiyyat
qəzeti.- 2024.- 10 avqust, №-29-30.- S.7.