Rəşad Məcidin şeir dünyası
Rəşad Məcidi
çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı
münasibətin tarixi
40 ilə çatır.
Onda tələbə Rəşad "Elm və
həyat" jurnalında
əməkdaşlıq edirdi,
cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən,
baxışlarından şair
olduğunu zənn edirdim. Və səhv etməmişdim,
1981-ci ildə "Azərbaycan
gəncləri" qəzetində
ustad şairimiz Hüseyn Arif onun şeirlərinə
"Uğurlu yol"
yazmışdı. Onda
Rəşadın 17 yaşı
vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua
verib, o, şeirdə,
şairin xislətində
təbiilik axtarırdı
və Rəşadın
şeirlərində də
təbii hisslər, duyğular qol-qanad açırdı. Mən
Rəşadı "dünyaya
təzə söz verən" (Yesenin), hər
şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi
tanıyıram. 1993-cü ildə
çapdan çıxan
"Hələ ki vaxt
var" şeirlər kitabında
belə bir şeir vardı:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən
ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya
yaşıdı Gün
işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Əlbəttə, Rəşadın ayaq
basdığı torpaq
öz suyuynan, havasıynan, çiçəyiynən
onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti - şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir - bunu ustadlar - Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin,
Ramiz Rövşən də
vaxtında təsdiq ediblər. Amma istəyirəm
onun bir şair kimi özünəməxsusluğundan söz açım.
"Həyat haradadırsa, poeziya da oradadır" (Belinski) - Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə,
yaşadığı həyatın
sevinclərini, ağrılarını,
gözəlliklərini, sevgi
dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair
üçün romantik,
ya realist olmağın
fərqi nədir? Sən ay işığına
baxıb ürəyini
o ay işığına kökləyərsən,
təbiətin gözəlliklərini
öz içindəki
təbiətlə qovuşdurarsan,
"Arazlaşan, Kürləşən
Vətəni" köksünə
sıxasan, ya bir cənublu yaşıdının azadlıq
çağırışına səs verəsən... Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən
ilhamlanmağının, "onu həm öldürüb,
həm yaşadanın"
gəlişindən "göylərə
ucalıb, səmaya qalxdığının" poetik
yaşantıları ilə
rastlaşdım. Ona indi
dəbdə olan "ovqat şairi" demək istəmirəm. Yaşadığın ovqat
(kədərdən, ya
sevincdən) keçici
də ola bilər, məsələ onu həyatının unudulmayan
anına çevirməkdədir.
Deyəndə ki: "heç
nə istəmirəm...heç yana baxmaq. Heç kimi görmək istəmirəm...gözlərimi
yumub səni düşünmək istəyirəm"
- bu səni tərpədən, qayğılandıran
gözəl bir duyğudur.
Rəşad Məcidin şeirləri
haqqında yazdığım
bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki
ay işığına tamaşa
edərkən yazılıb.
Bu dağlarda ay işığı
-
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Ay işığının poeziyasını
şeirimizə Ramiz Rövşən
gətirdi, bu ay işığı Rəşadın
şeirlərində "Ürəyim
yol gedir ay işığında" örnək
misraya çevrildi. Ay
işığını sadəcə,
bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib
gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında
"cahana od ələyən, pillə-pillə
qanadlanıb şimşək
kimi çaxan"
"Yanıq Kərəmi"nin,
tarixin möcüzə
sərgisi Cıdır
düzünün, tənha
iydə ağacının,
soyulmuş dərisinin
arxasından doğan cəsarət günəşinin
- Nəsiminin, sahili olmayan ümman - Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz
Araz çayının
əksini gördüm.
Böyük şairimiz Məmməd
Arazın bir misrasını xatırlayıram:
"Təbiəti şeirə
gətir!" Rəşad
Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar
da, dəniz də, tənha iydə ağacı da, yağış
da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. "Səni
anlamağa çalışdım,
gördüm ki, səhər
açılır". "Qupquru quruyan quyu öz suyunu
arzuladığı qədər
təşnəyəm sənə".
"Hələ ki, qar
kimisən - Təzə,
bol, rahat, yumşaq, geniş... Əridikcə çıxacaq
üzə gizlətdiyin
hər nə var".
Azərbaycan şeiri bütün
Şərq şeiri orbitində bədii təsvir vasitələrinin,
şeirə naxış
vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə
qadir olduğunu göz önünə gətirək. Və XX=XXI
əsrin şairi Rəşad Məcidin şeirlərində də
"Füzulidən bir
dad, bir duz" olduğunu görürsən.
Çoxlu misallar gətirə bilərəm,
amma Rəşadın
yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir
başdan-ayağa məcazlar
üstündə qurulub
-
"Əllərimin qabarı, ürəyimin qabarı"
Bir pöhrə ağacdı
- tumurcuqlayıb,
Bir parça çəməndi
- güllü, çiçəkli.
Bardı,
bərəkətdi
Əllərimin qabarı.
Gözümdə çaxan şimşəkdi,
Alnıma
söykənən əlim.
Qəlbimi yandıran qəmim,
kədərim,
Sonrakı ağlım, Araz
dərdim.
Ağ varaqlarda çırpınan
duyğularım -
Ürəyimin qabarı.
Deyə
bilmədiyim sözdü
- boğulub qalıb,
İki damla yaşdı,
Gözlərimdə sıxılıb
qalıb
Ürəyimin qabarı,
Əllərimin qabarı.
Yaşıl-yaşıl gözəlliyini,
Budaq-budaq
barını gördüm,
Sən neylədin, ürəyimin
qabarı?!
Rəşadın "Çiyələk qadın" kitabındakı
şeirlərin hamısı
sevgidəndir. Təbiət
gözəlliklərini şeirlərində
özünəməxsus orijinal
bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də
bənzərsizdir. O mənada
ki, yaşanılmış hisslərini qələmə
alır. Biz bu hisslərin "ərazisində"
vüsal-hicran dolaylarında
yol gedən, bəzən uğursuzluğa
düçar olub göz yaşları içində qıvrılan,
bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını
bu müqəddəs,
bu ali hissin
sözün yaxşı
mənasında əsiri
olduğunu görürük.
Sevgi varsa, yaşamağa dəyər!
Sev-ucalarsan! Sev-mənən
zəngin olarsan! Sev-gözəllik duyğusuyla
yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda
bulun, onu ürəyinin taxtı-tacı
bil, həyat sənin üçün gözəlləşər, ülviləşər...
Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz
məhəbbətini etiraf
edir:
Surquclayıb yüz ağrını,
əzabı,
Dərd
içində səadətdən
gülmüşəm.
Xoş anların yapışmışam
yalından,
Göz yaşımı gülüşümlə
silmişəm.
Ustadımın heykəlinin önünə,
Aşıb-daşan məhəbbətlə
gəlmişəm.
Mən nə deyim bu
halətə, bu hala?
Demək,
hələ çalxalanır
dənizim,
Sevgimizdən qımıldanır.
Bir neçə gün bundan əvvəl "Azərbaycan" jurnalının
7-8-ci qoşa sayında
Rəşad Məcidin
"Şuşa dəftəri"
silsiləsindən təqdim
etdiyi şeirlərini
oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi:
"Şuşa dəftəri"nin
poetik yaddaşı həm tarixidir, həm çağdaşdır,
həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin
başında, sol cibdə
gəzdirilməyə layiq
Qarabağ himnləridir!".
Bu silsilədə hər
şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə,
bir şairin sözlə hördüyü
poetik rənglərdir,
naxışlardır. Mən
Rəşad Məcidi
- illər boyu şeirlərini oxuduğum
bu şairi heç vaxt "Şuşa dəftəri"
silsiləsində olduğu
kimi nikbin görməmişdim. "Şuşa
dəftəri" müasir
poeziyamızda təzə
bir sözdürdür.
Süzülür dan yerindən tarixlərin
işığı -
Dahilər şəhərinin işıqlı
yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib
bayrağı vicdanıyla!
İslanıb hər qarışı
şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Rəşad Şuşa havasının
sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman
şaxtasının və
s. Şuşaya məxsus
görüntülərin sözlə
çəkilən rəsmlərini
Rəşadın şeirlərində
gördüm.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 10 avqust, №29-30.- S.9.