Günəşi gözləyirik

 

Ədəbi aləm (proses...) eyni tipli, eyni səviyyəli, eyni nöqtədə tərəddüd edən, yaxud tərəddüdsüz mətləbsiz bədii mətnlərlə dolanda, şübhəsiz ki, nəfəs darlığı yaranır, hamı, sanki durmadan, dayanmadan yazır, buna görə bir süni arasıkəsilməzlik effekti yaranır. Hər şey yaxşıdır, hər şey daha da yaxşı olacaq. Bu öz yerində. Ancaq... bütün bunlar sabit mühafizəkarlıq ovqatı yaradır. Zaman keçir, bu ovqat qadağaya dönür; gözün önündə kitablardan hörülmüş bir Çin səddi (Çin...) ucalır, onu keçmək olmaz, yaxud istəsən , keçə bilməzsən. Çünki hamı eyni cür yazır, hamı özünü dahi, qüdrətli yazar hesab edir, bu ifadəni dilinə gətirməsə , başqası bu sözləri deyəndə, başını yerə dikib utanır (obraz...)...

Bu mənada, Mirzə Cəlilin hekayələri əvvəldən sona Azərbaycan ədəbi-mədəni mühitinin sükutunu dəhşətli şəkildə pozan bir hadisəydi.

Haqverdiyevin hekayələri, bir "Xortdanın cəhənnəm məktubları"...

Yusif Vəzir Çəmənzəminli gülüşü... Bir az qüssəli, bir az küsəyən... Bir az içinə kölgə salan birdən o kölgəni kəsib, doğrayıb çölə atan...

Bir sözlə, klassikadan ləzzətlə oxuduğumuz hekayələr var, elə Mirzə Cəlilin "Ölülər" pyesini hekayə bilib, hər il ən azından bir dəfə oxuyasan. Müasir dövrün emblem olan əsərləri var, bunlardan: "Dantenin yubileyi", "Ceviz ağacının nağılı", "Qatar, Pikasso, Latur", "Dünyanın arşını", "Gələcək gün", "Pərvanə", "Gözmuncuğu", "Astana", "Bayatı-Şiraz", İsi Məlikzadə...

Həmişə hansı əsərlər üçün darıxırıq? Darıxa biliriksə, yəni oxumaq ehtiyacdırsa, artıq sən onu dost, insan gözündə görürsən. Oxumaq həm susmağın bir növüdür, özünlə danışa bilmək fürsətidir. Heminquey deyirdi: insan uzağı, iki yaşında dil açıb danışır, susmağı əlli il çəkir... Yazmaq oxumaq susmaq sənətidir.

Oxuduğumuz əsərlərdən təsadüfi fraqmentlər qəfil yadımıza düşür, yaddaş yuvasından ayılıb gerçəkliyə qarışır, sən yaddaşla gerçəklik arasında qalırsan, yaxud o fraqment ikiqat pəncərə şüşəsi arasında qalmış arıya dönər. Səs, uğultu gəldikcə o mətnin dəyişdiyini, hətta bunu sənin elədiyini sanarsan. Yəni bizim həyatımızı dəyişən mətnlərin özləri zaman qarşısında dəyişir, yanıb külə dönür, olması bilinmədən okean sularına səpilir...

Yenə, hansı əsərlər üçün darıxırıq? Dünya ədəbiyyatından, türk xalqları nəsrindən ötrü. Özbək, qırğız, qazax ... hekayələrini, həm ən müasir, bizim günlərin nasirlərinin hekayələrini oxuyub müzakirə eləməyin, tənqid əsaslı diskussiyalar aparmağın vaxtı deyilmi?

Amma yuxarıda qabartmaq istədiyimiz məqam unudulmur: bəzən ədəbi proses meydanı o qədər darlaşır, o qədər virtuallaşır ki, göz gözü görmür, hamı eyni avazla oxuyur, demək olar, eyni zəngulələri vurur.

Şair demişkən, kimsə gəlməlidir, hansısa mətn zühur etməlidir, hər şey, hər kəs çaş-baş qalmalı, hamını bir anlıq susduran mühit yaranmalıdır. Səs-küydən baş-qulaq getdi axır...

Ədəbi aləmdəki nifrət, qarğış, təşviş, gənckən qocalıq sindromunun meydan sulaması... dalğaları bir möhtəşəm mətnlə susmalıdır. Ancaq bəzən dağıdıcılıq gözəl şeylərin canında olur. Tez-tələsik acıqla yazdığın dəyərləndirmə, qiymət, yəni tənqid hər şeydən qabaq sənin özünü faş edər. Belə bir təsbit var: tənqid daha çox onu yazan adama sarılar, onun özünü nişan verər. Bu, öz boşluqlarını doldurmaq istəyən adamın cəsarətidir.

Bütün bunlar baş vermir, gözümüzün qarşısındakı səhnədə oynanılır.

Anarın hekayəsi ətrafında gedən müzakirələr: boş tərif boş tənqidlər, şübhəsiz ki, mətni - bu yeni bədii mətni oxuya bilən gözlər köhnə suvağı qopartmasa da, titrəyiş hiss edildi. "Bədii mətn nədir?" - bunu heç hamı bilmir.

Bizə, yaxşı mənada, gözlənilməz adamlar lazımdır... Tozdan qat kəsmiş adamlardan bezdik...

Mirzə Cəlildən qalma bir dərs var: elə yaz ki, səni hərfən təqlid eləyə bilməsinlər, səndən ibrət alsınlar, dərs götürsünlər. Çünki onun da dərdi bir idi: Məktəb.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2024.- 10 avqust, №29-30.- S.15.