Füzuli yaradıcılığı  Həmid Araslının gözü ilə

 

Elmi araşdırma

 

əvvəli ötən sayımızda

 

Füzulinin zəngin söz yaradıcılığı haqqında çoxsaylı tədqiqatların aparıldığı ölkələr sırasında, şübhəsiz ki, Türkiyə birinci sırada dayanır. Ancaq Türkiyədə aparılan tədqiqatlar sırasında da naqisliyin olduğunu təəssüflə qeyd edən alim nəhayət ki, "Çox zaman qədim təzkirəçilərə tənqidi yanaşa bilməyən Füzulini bir osmanlı şairi kimi öyrənmək istəyən tədqiqatçıların işinə Köprülüzadə yekun vura bilmişdir", - fikri ilə Köprülüzadənin əməyinə mülahizələrinə böyük əhəmiyyət verdiyini gizlətmir. Bunun əsas səbəbinə gəlincə, bir qədər sonra alim öz fikrini daha da dəqiqləşdirərək yazır: "Köprülüzadənin yazıları ilk vaxtlar qüvvətli müqavimətə rast gəlsə , bütün türk tədqiqatçılarının Füzulini bir Azərbaycan şairi kimi tanımalarında mühüm görmüşdür". Burada bir məsələni xüsusilə vurğulamaq istərdik ki, alimi türk həmkarlarından narazı salan əsas səbəb bir sıra türk tədqiqatçılarının Füzulini osmanlı şairi kimi təqdim etmələri olmuşdur. Bunu yanlış hesab edən alim iddianı qəti şəkildə qəbul etməmişdir. nəinki qəbul etməmiş, hətta bu məsələyə həssaslıqla yanaşaraq daima xüsusi olaraq diqqətdə saxlamış, məhz bu problemi yeri gəldikdə, qabartmış, ən xırda detalları belə gözdən qoymamışdır. Belə ki, Lətifi təzkirəsindən bəhs edərkən alimin bu tədirginliyinin, narahatlığının bir daha şahidi oluruq. Lətifi təzkirəsindən sitat gətirən Həmid Araslı yazır: ""Nəvai tərzinə yaxın ürək ovlayan bir tərzi, gözəl üslubu vardır" cümləsi göstərir ki, şairin dil üslub cəhətdən Rum, yəni osmanlı şairlərindən fərqlənməsi, o dövrün ədəbiyyatşünasları tərəfindən təsdiq edilmişdir". Eləcə azərbaycanlı alim Abdulla Surun Füzulinin azərbaycanlı olması fikrinə xüsusi olaraq diqqəti yönəldir ki, bu barədə irəlidə danışılacaqdır. Akademik Füzulinin əsərlərinin siyahısının elmi surətdə tərtib edilməsini Köprülüzadənin Füzuli ilə bağlı atdığı təqdirəlayiq addım kimi qəbul etmişdir. Lakin bu fikirlər qədər ürəkaçan dəyərli olsa da, Köprülüzadənin "Söhbətül əsmar"ın Füzuliyə aidliyini şübhə altına almasını Həmid Araslı müsbət qarşılamamış bunu səhv addım kimi dəyərləndirmişdir.

Türk alimlərindən Köprülüzadənin yolu ilə gedən "Azərbaycan ədəbiyyatı tarixi" əsərinin müəllifi İsmayıl Hikmətlə yanaşı, Füzulinin tədqiq nəşrində zəhməti olan Kamal Ədibin, Əli Nihad Tərlan Əbdülbaqi Gölpınarlının adları da Həmid Araslının tədqiqatında Füzulinin nəşri sahəsində gördükləri işlərə görə hörmətlə vurğulanmışdır. Ancaq "sovet alimlərinin tapıb aşkar etdikləri əsərləri elm aləminə yeni tapılmış əsər kimi təqdim edirlər", - fikrini söyləməklə onların öz tədqiqatlarına kölgə saldığını da nəzərə çatdırmaq istəmişdir.

Həmid Araslı Türkiyədə aparılmış araşdırmalar sırasında Əbdülqadir Qaraxanın "Füzuli, mühiti, həyatı şəxsiyyəti" Hasibə Mazıoğlunun "Füzuli Hafiz" tədqiqatından bəhs etməyi xüsusilə zəruri hesab etmişdir. Əbdülqadir Qaraxanın "Füzuli, mühiti, həyatı şəxsiyyəti" əsərini aparılmış tədqiqatların ümumiləşdirilməsi kimi qiymətləndirən Həmid Araslı Əbdülqadir Qaraxanın Füzulinin bir sıra əsərlərindən xəbərsiz olmasını araşdırmasını yanlış nüsxələr üzərində qurmasını da açıqca söyləmişdir.

Bəs Həmid Araslı zəngin materiallar üzərində qurulan Hasibə Mazıoğlunun tədqiqatı ilə bağlı nəyi nöqsan yanlış hesab edirdi? Daha aydın ifadə etmək üçün həmin iradları aşağıdakı kimi sistemləşdirə bilərik.

1. Füzuli ilə bağlı aparılmış tədqiqatların hamısına müraciət olunmur.

2. Dünya türk mətbuatında deyilmiş fikirlər təkrarlanır.

3. Azərbaycan ədəbiyyatşünaslığından heç kimin əsəri tədqiqata cəlb olunmur. Sadəcə, Həmid Araslının adı qeyd edilir.

4. Füzulinin işlətdiyi bir çox ifadələr yanlış mənalandırılır. Bu da dillə bağlı səhv nəticələrə yol açır.

Alim son iradını isə böyük təəssüf hissi ilə qeyd edərək yazır: "Müəllif hökmlərini bəzi formal ifadələr üzərində qurur ki, bu ifadələr Hafizə mənsub olmayıb, ümumiyyətlə, Hafizlə müasir olan Hafizdən çox əvvəl yazıb-yaratmış Azərbaycan şairlərinin əsərlərində vardır. Füzuli yaradıcılığının Hafizin müasiri olan Hafizdən qabaq yazan Azərbaycan şairlərinin poetik ənənələri əsasında inkişaf etdiyini, heç kəsə bənzəmədiyini, Füzulinin orijinal bir sənətkar olduğunu müəllifin özü bilməmiş deyildir. Lakin çox təəssüf ki, müəllif mövzu xatirinə belə bir təsir axtarmaq məcburiyyətində qalmış, oxucunu inandırmayan həqiqətə uyğun gəlməyən bir sıra misallar verməli olmuşdur". Bununla da Türkiyə tədqiqatçıları ilə bağlı araşdırmalarına yekun vuran Həmid Araslı artıq Füzulinin Çin hüdudlarında uyğurlar tərəfindən araşdırıldığını sevilərək öyrənildiyini qeyd etməyi özünə borc bilmişdir.

Azərbaycanda aparılmış tədqiqatlardan bəhs edən alim ilkin olaraq Seyid Əzim Şirvaninin təzkirəsində şairin əsərlərindən nümunələr verildiyini, kiçik mülahizələr söyləndiyini qeyd edir. "İlk geniş məlumat XX əsrdə ədəbiyyatşünas Abdulla Tofiq Sur tərəfindən verilmişdir". Müəllif ilk dəfə Füzulinin poetik xüsusiyyətlərini təhlil etməyə təşəbbüs göstərən Abdulla Surun "Füyuzat" jurnalında çap edilmiş "Füzuliyə bir nəzər" başlıqlı iki məqaləsindən bəhs edərkən onun təşəbbüsünü bu cür qiymətləndirir: "Doğrudur, iki məcmuə məqaləsində Füzulinin nəinki bütün yaradıcılıq irsinin, hətta onun çap olunmuş əsərlərinin bədii xüsusiyyətlərini belə ətraflı surətdə təhlil etmək mümkün deyildir. Bununla belə Abdulla Surun məqaləsi bu sahədə atılan ilk addım olduğu üçün qiymətlidir".

Abdulla Surun məqaləsində ən önəmli məsələlərdən biri şairin dili ilə bağlı söylədiyi fikirlərdir. Abdulla Surun fikirlərinin ciddiliyinə şübhə etməyən Həmid Araslı bunun əsas səbəbini aşağıdakı fikirlərlə izah etmiş olur: "Əsas təhsilini İstanbulda almış, türk ədəbiyyatı dilini dərindən bilən A.Sur Füzulinin dil etibarilə azərbaycan olduğunu sübut edərək şairin dili haqqında belə bir mülahizə yürütmüşdür: "Füzuli lisanında məfuli-bihlər ilə bəzi siğeyi-feiliyyələrdə azərbaycanlılığın hiss olunması, əcdadının Azərbaycan türklərindən olması haqqında bir zənn veriyor". Həmçinin alim Abdulla Surun şairin işlətdiyi ifadələrdən nümunə gətirməsini, bir çoxunun yalnız Azərbaycanda işlədilməsi fikrini rəhbər tutaraq yuxarıdakı fikirlərin doğruluğuna heç bir şübhə qalmadığını da əminliklə söyləyir.

"Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının müəllifi tədqiqatçı Firudin bəy Köçərli Füzuli yaradıcılığını araşdıran ilk alimlərimizdəndir. Həmid Araslının fikrincə: "Köçərli Füzuli yaradıcılığının ictimai məzmununu özündən əvvəl yazan şərqşünasların hamısından, sonra yazanların çoxundan düzgün anlamışdır". Nöqsan kimi isə: "Nişançı Paşaya məktub" "Şikayətnamə"ni ayrı-ayrı əsərlər hesab etmək kimi sadəlövhlük göstərmişdir", - fikrini söyləmişdir.

Sovet dövründə Füzuli ilə bağlı tədqiqatların genişləndiyini nəzərə çatdıran müəllif Abdulla Şaiqin, Bəkir Çobanzadənin, Cəfər Cabbarlının, Mir Cəlalın bu sahədə tədqiqatlarının olduğunu qeyd edir. Abdulla Şaiqin Füzulini təsəvvüf şairi adlandıranlara qarşı çıxmasını, şeirlərindən nümunələr gətirməklə onun real həyatla bağlı olmasını sübut etməsini düzgün qiymətləndirir. Elə buradaca Bəkir Çobanzadənin tədqiqatçı ilə eyni mövqeni paylaşdığını diqqətə çatdırır.

Akademik bildirir ki, həmin dövrdə mətbuatda Füzulinin təsəvvüf şairi olub-olmaması məsələsi mübahisə doğurmuşdur. O, Füzulini təsəvvüf şairi adlandıranlara əks mövqeyini belə ifadə edirdi. "Öz istiqamətlərini Köprülüzadədən alan yazıçılar Füzuli yaradıcılığındakı təsəvvüf-dini təsirləri şişirdir, onu yalnız təsəvvüflə, din ilə bağlamağa çalışaraq Füzulidəki məhəbbətin dünyəvi, həyati əsaslarını inkar edirdilər". Fikrimizcə, burada Füzulinin təsəvvüf şairi olması fikrinin inkar edilməsi sovet rejiminin təsiri ya Füzulini sovet rejimindən qorumaq yolunda atılmış bir addım idi.

Alim şair haqqında öz mülahizələrini bildirən Cəfər Cabbarlının Füzuli böyüklüyünü ifadə etdiyi "Füzuli Azərbaycan ədəbiyyatını fars ərəb girdablarından dartıb çıxarmış dörd yanını sarmış boşluq içərisində yeni doğulmuş ədəbiyyatı çiyinlərinə almış, öz yenilməz addımlarıyla ta yüksəklərə qaldırıb vaxtına təqdim etmişdir" - fikirlərini qədər ürəkdən qəbul edib dəyərləndirsə , "Dörd əsr bundan əvvəl yazdığı əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər" - iddiasını o qədər haqsız hesab etmişdir.

Beləliklə, Həmid Araslının Füzuli yaradıcılığı ilə bağlı apardığı tədqiqat zənginliyi, dərinliyi ən əsası, Füzuli yaradıcılığı ilə bağlı ilk böyük monoqrafiya olması ilə yadda qalır.

 

Səltənət Əliyeva

Fil.f.d., AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu Orta əsrlər

Azərbaycan ədəbiyyatı şöbəsi

 

Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.14.