Allahım
vicdanımdır...
Bu səfərin
maraqsız və darıxdırıcı olacağını
düşünürdüm. Çünki nadir hallarda tək
istirahətə gedirəm.
Bir
psixoloq dostum söhbətlərimizin birində demişdi ki,
göründüyün kimi sosial deyilsən, əslində təbiətin
melanxolikdir və təkliyi, tənhalığı sevirsən.
Özün deyilsən, bu yaşadığın səndə
quramadır. Açığı, xeyli
gülmüşdüm. Amma bu söz qəlbimin dərinliyində
özünə yer etmişdi. Sanki özümü sınaqdan
keçirmək istəyirdim. Bir neçə gün yalnız
qalandan sonra təkliyin dadını aldım. Deyəsən,
dostum haqlı imiş; melanxolikliyin digər əlamətləri
ilə qətiyyən razı olmasam da, təklik, tənhalıq
fikri ilə razılaşa bilərəm. Ümumiyyətlə,
məncə, belə bölgülər heç bir halda
hamını ifadə etmir. İnsan özündə hərəsindən
bir az tapmış olur. Ona görə də çox az hallarda
kiminləsə tanış olmağa həvəs göstərirəm
belə səfərlərimdə.
Minsk
yaxınlığındakı gölün
qırağında oturub uzaqları, yelkənli
qayıqları, nə suda, nə də quruda özünə
yer tapa bilən ördəkləri seyr edirdim.
Düşünürdüm ki, bəzi insanlar da ördək
kimi həyat sürürlər. Yəni nə balıq olub suya
dala bilirlər, nə ceyran olub meşəyə,
çöllüyə qaça. Yarım-yarımçıq
həyat sürür, ölüb gedirlər... Elə
"ördəkkimilər fəsiləsi" ifadəsini
fikrimdən keçirib gülümsəmişdim ki, salam-kəlamsız
bir sual eşitdim və mənə
ünvanlandığını anladığım
üçün heç nə soruşmadım, cavab verdim.
Cavablar müzakirəyə çevrildi, beləcə, xeyli
danışmalı olduq.
Dialoqumuz
belə idi:
- Sən
gəl, bizim dinimizə qatıl!
- Sizin
din? O hansıdır elə?
- Vicdan!
- Tutaq ki,
qatıldım, sizin kitabınız, məramnaməniz, nəsə
bir şeyiniz var?
- Yox,
bizim kitabımız elə vicdandır.
- İbadəti
necə edirsiniz?
-
Özümüzü, daxili səsimizi dinləmək ən
vacib ibadətimizdir. Gündə bir dəfə böyük,
yüzlərlə kiçik dinləmələr ola bilər.
İçdən, ta dərindən özümüzü dinləyir,
daxili səsimiz nə deyir, onu dərk edib arınırıq.
Hər gün, hər an arınmaq mümkündür.
İnsanın arınmağa böyük ehtiyacı var.
-
Arınmaq dediyiniz, necə olur? Bəs özünüzü
dinləyəndən sonra nə olur?
- Gəl
bunu sizin dininizdəki tövbə ilə eyniləşdirək.
Əslində təkcə tövbə deyil, amma
oxşarlığı var. Xristianlar gedib bir keşişlə
danışır, bağışlanmasını ondan istəyir,
müsəlmanlar isə üzünü göyə -
Allahına, peyğəmbərinə tutur. Etiraflar... Etdiyin,
etdiyini düşündüyün pis və yaxşı əməllərin,
hərəkətlərin, hətta düşüncələrin
dilə gətirilib etiraf olunması. Amma bizim dinimizdə bu
prosesdə kimsə yoxdur - özünsən, daxilindəki
"mən"dir. Yəni etirafını özünə
edib, öz "mən"inlə danışıb,
özünü mühakimə edirsən. Hər şey
insanın əlindədir, özünü
bağışlayırsa, xətalarını bilirsə,
özünü dərk edirsə, deməli, arınır. Bir
növ, özünün fərqinə varır. Bir daha təkrar
etməmək şərtilə günahlarını bilib,
anlayıb, o xətaları ilə üzləşib
özünü qəbul etməyi bacarmaq... Vicdanla
düşünüb-daşınıb...
- Bəs
Allahınız?
- Hə-ə,
elə Allahımız da vicdandır. Vicdanın verdiyi qərarlar
bizim göstəricimizdir, yol fənərimizdir! Müxtəlif
dinlərdə, müxtəlif inanclarda Allah da müxtəlifdir.
Əslində sən kimsən, necəsənsə, Allahın
da odur, elədir. Dilimizdə, bir ifadə var ha-a:
"Allahın olsun!" Bax, bu ifadə demək istəyir ki,
vicdanın olsun. Bir düşün, necə ola bilər, kiminsə
Allahı olmasın? Allah təkdirsə... Ki buna inansaq, deməli,
hamının Allahı var. Amma el dilindəki bu ifadə o deməkdir
ki, özünü dərk et, tanı, içinə bax,
oradakı işığı gör. Görürsənsə,
deməli, vicdanlı insansan. Hamıya görə Allah olmaz,
olarsa, vicdanı ona sahiblik edir, deməkdir; bu da elə vicdan
dinidir.
- Axı
vicdan subyektiv olur...
- Bəli,
hərənin vicdanı onun məbədidir, kitabıdır,
Allahıdır! Amma bütün insanların genetikasında
eyni şeyə kədərlənmək, eyni şeyə sevinmək
kimi duyğu var. Bu da bizə ümumi məsələlərdə
dəstək olur, xırda məsələləri isə cəmiyyətin
vicdanı həll edir.
-
Güldürmə, sən vicdanın! Belə də din olar? O
zaman xaos yaranar, qan axar, qırğın düşər. Cəmiyyət
vicdanı nə idi bəs?
-
Heç nə olmaz, çünki özünə qulaq verməyən,
özü olmayan, daxili "mən"inə varmayanları
dinimizə qəbul etmirik! Bizim ümumi vicdan göstəricimiz
cəmiyyət vicdanı adlanır. Yəni hər birimiz nə
qədər vicdanlıyıqsa, topla, sonra orta nəticəni
hesabla. Bu bütün cəmiyyətlərdə belədir. Bir
xalqa ümumilikdə "vicdanlı", yaxud
"vicdansız" demək olmaz. Amma ümumi şkala
çıxarılsa, hökmən bir xalq digərindən
ümumi vicdan anlayışına görə fərqlənəcək.
- Axı
bu mümkün deyil, necə əmin olursunuz, kimsə ürəyinin
səsinə qulaq verə, daxili "mən"ini dinləyə
bilir, ya yox?
- Bizim
bilməyimizə gərək yoxdur. Kim ki özü dərk
edir, vicdanlı olur, rahat yaşayırsa, deməli, bizim
dinimizin nümayəndəsidir.
-
Yaxşı, bir sual da verim, mənim vicdanım, daxili səsim
deyir ki, səni döyüm. Çünki adam döyəndə
zövq alıram, rahatlaşıram.
- O sənin
vicdanın, daxili səsin deyil, "mən"inə pərçimlədiyin
ikinci "mən"dir. Diqqətlə dinləsən, lap dərinlərdən
gələn bir səs deyir ki, bu yaxşı şey deyil.
Özü də vicdan, adətən əməli törədəndən
sonra insana səslənir. Lap doğruya qalanda, vicdanı
güclü olanlarda o, qərarvermə anında prosesə
qoşulur, zəif olanlarda isə iş işdən keçəndən
sonra. Ən əsası da budur, iş işdən keçəndən
sonra vicdanı duya bilirsənsə, deməli, yolun
Ağdır! Və onu inkişaf etdirmək
mümkündür. Bunun üçün SafAğ elminə bələd
olmalısan! Vicdansız insan yoxdur, onu eşitmək istəməyənlər
var.
- Bəs
sizin aliminiz, üləmanız, müctəhidiniz, nə bilim,
keşişiniz, rahibiniz yoxdur?
- Dedim
axı, bizim hər şeyimiz vicdanımızdır!
Özünü dinlə, sakit ol, içindəki Ağ səsi
eşit, gör sənə nə deyir...
-
Əslində yaxşı fikirdir, amma hamının buna əməl
etdiyinə necə əmin ola bilərik?
- Sizin
probleminiz elə buradan başlayır. Birinci özünü
dinlə və vicdanlı ol, daxili səsinlə yaşa;
hamı ilə nə işin var? Səni bu dünyaya
hamının anası gətirməyib, hamının da dərdi
sənə qalmayıb. Nə düşünürsən, necə
istəyirsən, onu et, onu yaşa. Hər kəs hamını
yox, özünü düzəltsə, dünya gözəlləşməzmi?
- Bunun
ağıllısı, cahili var. Axı kimlərsə yol
göstərməsə, nəyisə öyrətməsə,
yaşamaq mümkün olmaz.
- Olar,
olar. İnsan birinci özünü kamilləşdirməlidir.
Kamil olduğunu dərk edən insansa başqalarının dərdini
çəkməz. Bu dünyaya hamı çılpaq gəlir,
əxlaqsız gəlir, amma vicdansız gəlmir. İnsanlarda
əxlaqı, hətta bəzən duyğuları da cəmiyyət
formalaşdırır. Hər cəmiyyətin də öz
orta statistik savadı, əxlaqı,
dünyagörüşü olur. Düşün ki, bizi
formalaşdırıb idarə edən, istiqamətləndirən
cəmiyyət olmasa, bu gün necə olardıq?! İnsan
şüurundan istifadə edib digərlərini
inandırır, yönləndirir. Amma özünü tapan
insanlar bu tələlərə düşmür. Hansısa
güclü, digərlərindən ağıllı, rəhbər
insan başqalarına öz fikirləri ilə istiqamət
verir. Çünki belə istəyir, ona belə sərf edir.
Beləcə, döngü davam edir...
-
Düşündürücüdür. Hər dinin altında,
yaxud üstündə nəsə siyasi, ideoloji maraq durur. Bəs
sizin? Bunu tam açıq deyə bilərsən mənə?
- Bizim
dinin daşıyıcıları xüsusi məkanlara
toplaşmır, kimsə onlara cənnət vəd eləmir,
hansısa fətvaya səsləmir. Bizim dinimizdən olanlar
heç bir-birilərini tanımırlar da. Buna ehtiyac yoxdur.
Sadəcə, daxili səsləri ilə hesablaşır,
yanlışını anlayıb acısını çəkir,
bir də səhv etməməyə çalışır.
Kiməsə yaxşı olsun deyə yaxşılıq etmir,
sadəcə, özü istəyir. Dinlərin
yararlandığı fikirlər də bizim dinimizi ifadə
edir, amma çoxu bunu anlamır. Deyirlər e-e, cəhənnəmə
hərə öz odunu aparır. Səncə, bu nə deməkdir?
Yəni sən əməllərinin qulusan, vicdanının əsirisən.
Ya onu həmişə saf tutmalı, daim tənbehləməli,
özünü idrak etməlisən, ya da vicdan əzabı səni
o biri dünyada da tək buraxmayacaq.
-
Ağlıma bir sual da gəldi. Bəs məncə,
vicdanlı olan nəsə başqasına görə
vicdanlı deyilsə? Və hər iki tərəf
özlüyündə haqlıdırsa?
- Yenə
müqayisə, yenə qarşılaşdırma? Axı
dedim, hərə öz vicdanının səsini eşidir,
amma onu dilə gətirmir. Sən özün ol,
özünü dinlə, özünlə hesablaş! O biri tərəf
də öz vicdanı ilə hesablaşır. Sən
özünə hesab verirsən, lap dərinlərdəki səs
səhv etdiyini deyirsə, onu dinləməlisən!
Özün olmalısan, özün! Əks halda,
dünyadakı missiyan tamamlanmayacaq. Əks halda, dünyaya gəlişin
və gedişin hesablanmayacaq. Çünki
yaradılışda sənə verilən
"özün"ün həyatını, taleyini
yaşayıb, düşüncələrini
reallaşdırıb tamamlamayacaqsan. "Vicdan dinin
hamısıdır" deyib birinci özün, daha sonra digərləri
ilə üzləşməsən, olmayacaq; sən olmayacaqsan!
Sənin missiyan tamamlanmasa, kainatın da missiyası bitməyəcək,
çünki sən kainatın özüsən, vicdan da
kainatın hərəkət qüvvəsi! Sən və
ÖZÜN!
- Guya mənim
missiyam var? Nədir ki mənim missiyam?
-
Hamının var! Səninki missiyaların lap alisidir! Ali dəyərləri
təbliğ edib yaymalısan! Bilirsən bunu! Bu bacarıq digər
yaradılanlara da verilib, amma öyüdçü kimi yox. Sən
dəyərlərin öyüdçüsüsən və
bunu unutmamalısan. Səni mayak bilib, görüb ardınca gələnlərə
də işıq tutmalısan. Sənin missiyan budur. Həmin o
işığı, SafAğı. On minlərə, yüz
minlərə, milyonlara çatdırmalısan. Dahilik nədir,
müdriklik nədir, insanlıq nədir öyrətmək
üçün! İndi nə deyirsən, özünsən?
Özün olursan?
- Tutaq ki,
daxili "mən"imi dinləməyi bacardım, onun istəyi
ilə yaşamağı seçdim. Sonra nə edirəm?
- Bax
görürsən, insanlığın ən böyük
problemi bundadır. Nə edəcəksən? Həyatını
yaşamalısan, ÖZ həyatını, özünü!
Vicdanla! Vicdanla! Vicdanla!
Bu səslər
qulaqlarımda hələ də cingildəyir. Bu sualları kim
verirdi, kim cavablandırırdı, hələ də bilmirəm.
Amma ona əminəm ki, tərəflərdən biri mən
idim. Bəlkə də, daxili səsimlə mən idim
danışan. Yoxsa, qeybdən gəlirdi?.. Bəlkə, sadəcə,
bunu xəyal edirdim... Hələ də tam anlaya bilmirəm...
Amma maraqlı müsahib idi. "Vicdan" kəlməsini elə
ilahi, elə möcüzəli demişdi ki! Sanki səs
dalğaları bütün bədənimi sarmışdı.
Vicdanla, Vicdanla, Vicdanla...
Demək,
mən vicdanlıyam.
Özümü
və "mən"imi tapıramsa... Bu səsləri,
sözləri eşidirəmsə... Özümlə
danışa bilirəmsə... Özümü
yaxşısı, pisi, yanlışı, doğrusu, müsbəti,
mənfisi, gücü, zəifliyi ilə duya bilirəmsə...
Üstəlik, vicdanım qarşısında bunların
hesabatını verə bilirəmsə... Mən
Vicdanlıyam!
London,
Brunel Universiteti kampusu
08.08.2024
Şəmil
SADİQ
Ədəbiyyat
qəzeti.- 2024.- 10 avqust, №29-30.- S.21.