Ömür dediyin...

 

Ömür dediyin nədi ki?

Yolu ayaqda yormaqdı.

Həyat adlı bağı eşqlə

Bağban olub suvarmaqdı.

 

Mənlə mən üzbəüz durub,

Biri dandı, biri qürub.

Saatı sevgiyə qurub,

Yatıb sevgiylə durmaqdı.

 

Ömür, döyünən ürəkdi,

O yaşadırsa, gerçəkdi.

Özün kimçünsə bölməkdi,

Özün özünə vurmaqdı.

 

Ömür suya əriməkdi,

Ömür qəlbə yeriməkdi,

Hər gün ölüb-dirilməkdi,

Ömür ölümü yormaqdı.

 

Aşiqlik...

 

Sevdinsə, dəyişər yaşam gözündə,

Gül açar daşların o daş sifəti.

Elə gözəlləşər dünya gözündə,

Olar gözəllərin adaş sifəti.

 

Sevdinsə, qaranlıq nura boyanar,

Ən qatı zülmətdə işıq görərsən.

İçində mürgülü var, oyanar,

Özünü hər şeyə aşiq görərsən.

 

Aşiqlik içindən - çölünə kimi,

Səfərbər olmaqdı eşq səhrasında.

Aşiqlik ölərək eşqi diriltmək,

Eşqin susuz çölü - Kərbəlasında.

 

Sevdim...

 

Sevdim hər gün Günəş doğan səhəri,

Mən törətdim həsrətimin qətlini.

Gün eşqiylə ulduz-ulduz doğradı

Gecələrin eşq sancısı bətnini.

 

Dan yerinin çığırtısı bürüdü,

Eşqdən uçdu qaranlığın türməsi.

Ta zülmətin qatılığın uddu da,

Göy ananın Günəş adlı körpəsi.

 

Sevdim belə əzmi, ruhu, inandım,

İnancımla çox zahirdə batinəm.

İlk gəlişdən qaranlıqlar yarmışam,

Mən doğuşdan əliqanlı qatiləm.

 

Bir adım da nurdur, elə işıqdır,

O işıq ki, sevdalara fırfıra.

Mən eşq ilə yaşayıram, ay adam,

Həsrət olan hər yer buzdu, sırsıra.

 

Sənsizlik...

 

Həsrətim bu gecə nəğmə toxuyur,

Hər nəqarəti qəm ironiyası.

Sükut ürəyimdə hay salıb, sanki,

Oxunur "Sənsizlik" simfoniyası.

 

Hiyləymiş niyyətin, məkrmiş andın,

Mən ki tanımışdım saf adam səni.

biləydim axı, xaliqi-hikmət

Yoxsul yaradıbdı vəfadan səni?!

 

Çəkirəm üstümə yorğan əvəzi

Göylərdən ayrılıq yağan gecəni.

Neynirəm, gəlməsin biryolluq daha,

Sən adlı sənsizlik doğan gecəni.

 

Ruh halı...

 

Ümidləri yıxılar

Qəlbə kibr geyənin.

Kürəyi yerə gəlməz,

Allaha söykənənin.

 

Əllər boş geri dönməz,

Açılmaqsa məqsədi.

Bütün vergüllər üçün

Son çarə var - nöqtədi.

 

O nöqtələrdən doğur

Sabahın sualları.

İsmin halları deyil

İnsanın ruh halları.

 

İnsanın ruh halında

İsa nəfəsi yoxsa,

Demək yaşamır, nolar

Vurur nəbzi, ha yoxla.

 

Eşqi ruha qalxan et,

Misri qılınc da batmaz.

Allaha söykənəndə,

Günah doğar, boy atmaz.

 

Gözəl

 

Sevirəm həyatın hər bir üzünü,

Qarası qaradı, ağı , gözəl.

Sevirəm dünyanın dağı, düzünü,

Aranı Arandı, dağı dağ, gözəl.

 

Viranə yurdun da ilki var, düşün,

Ayrılıq doğacaq isti görüşün.

Üzü qırışdıran o şax gülüşün

Qırışı qırışdı, şaxı şax, gözəl.

 

Elnur, uğur söylə, bəxti qoy dəmə,

Ümid et, sabahın pürrəng dəmlənə.

Hər pisə bəd baxıb pisdi, pis, demə,

Yetər ki, baxanda özün bax, gözəl.

 

Bilmədim...

 

Bir gün gəl-gəl dedin, bir gün get dedin,

Qaldım aralıqda, gələ bilmədim.

Yolları riyazi düsturla böldüm,

Tək sənlə yolumu bölə bilmədim.

 

Tam aça bilmədim bu sirr həyatı,

Ayrılıq qurtuma içir həyatı.

Mən səndə yaşadım əsir həyatı,

Niyə oldum sənə kölə, bilmədim.

 

Elnuram, axtardım elini, bildim,

Qarı dünya fitnə-felini bildim.

Quşların, otların dilini bildim,

Tək sənin dilini bilə bilmədim.

 

Vədə

 

Eşqin acısına susayanlardır

Həyatı şirinləşdirən.

Eşqin acısına susayanlardır

Fikirlərimizin səmasında

Bulud-bulud yerə sevgi hönkürən.

Eşq bir vədədir,

Vədə çağırışdı.

Bu çağırış qəlbdən gəlir,

Qəlb insanın güzgüsüdür,

Özünə baxa bilənlərə xoş,

Özünə baxa bilməyənlər eşqi dadmamış.

O bir vədədir,

Vədə...

Bu vədədən gəlir elə,

Vətəni, Ananı, Allahı, özünü sevmək .

Bəzən ölüm daha sevimli olur,

zaman ki vədə dolur.

Eşq belədir, əzizim!

Eşqi görmək istəsən,

Kərbəlaya bax,

Qarabağa bax.

Bir səhranın qumlarını göyərdən axan qan,

Eşq budur, inansan!

Eşq susuz dəvənin səhra göynəyidi,

Eşq Yusifin köynəyidi

Yaqubun gözlərini açan.

Eşq susadığında dözə bilməkdi,

Cadar-cadar olmuş dodaqlara ürəyin üsyanıdı.

Eşq aşiqin imtahanıdı,

Bu imtahanın bir adı var:

Kərbəla.

Vəd olunmuş o torpaqlara

Axan şəhid qanıdı eşq.

1400 il yaşayan bir ölü dirinin

Vədəsinin imanıdı eşq!

 

And olsun

 

And olsun, həqiqətin bağrında

Milyon illərdir göyərməyən qara daşa,

And olsun, yerin alt qatındakı dirilərin nəfəsinə,

İnsan uymasaydı nəfsinə,

Dünya bugünkü olmayacaqdı.

And olsun ki,

Anda susayıb bəşər,

Susuzluqdan yanan ürəyin su istədiyi təki.

And olsun, piano dillərindəki iniltiyə,

İnsanlıq inildəyə-inildəyə

İnsana yalvarır içindən çıxmaq üçün.

Bu gün.

Sən,

Mən,

O

Hamımız bir günah daşıyıcısıyıq.

Bu günahı yumağa bir zaman olmayacaq.

Bax, bu sonuncu dayanacaq,

Bu da sonuncu qatar.

Yubanma, bu qatar da getsə,

Ay yoldaş, səni kim aparacaq?

 

Bəlkə...

 

Bəlkə, bir gün doğulacağıq, deyə,

Hələ ki ölürük.

Biz nələrdən keçirik,

Nələrdən ötürük.

Bəlkə, bir gün doğulacağıq, deyə,

Sözümüz dilimizi,

Dilimiz əlimizi,

Əlimiz əməlimizi qaldırır bizdən yuxarı.

Bəlkə, bir gün doğulacağıq, deyə,

Həyat adlı bu müharibəyə

Sülh elan edirik.

gedirik,

Mütləq qayıdacağıq, deyə.

 

Elnur Uğur

 

Ədəbiyyat qəzeti.- 2024.- 10 avqust, №29-30.- S.23.