Çoxlu ürək...

 

Hekayə

 

Həvva öləndə Adəm tarlada darı əkirdi...

 

Qaş qaralanda Mirzə oğurluğa gedən adam kimi dəvikə-dəvikə Firudinin qapısını iki dəfə astadan döydü. Əvvəlcə içəridən Firudinin hıqqıltısı eşidildi:

- Gəlirəəəm ə, gəlirəm...

Gəldi . Əlində çay dəsmalı, qapını Mirzənin üzünə açıb onu uşaq kimi danladı:

- Ə, gəl çıx da, zalımın balası, elə bil dağ dalına getmisən...

Mirzə burnunu çəkdi, əlinin dabanında gətirdiyi payı Firudinə ötürdü, yanpörtü qapıdan içəri keçib çaxmaq gözləriylə bir anda evə göz gəzdirdi. Allahüçünə ev səliqə-səhmanlıydı. Heç demzədin, bu evdə on üç ildir qadın yaşamır.

Gözü açıq süfrəyə sataşanda: "Rəhmətlik qaynanam məni çox istəyirdi, hələ istəyir..." - deyib ürəkdən güldü.

Firudin çay süzə-süzə "İndi istəməsin", - dedi.

Mirzə oturmağına oturdu, bu dəfə gözü qırağı güllü nimçədəki ürək formalı şirniyyata ilişdi, eyni açıldı, kefi duruldu, qımışa-qımışa:

- Yenə ürəkləri isti-isti bişirib yığmısan haaa...

- Yaxşıdı, eləmi?

Mirzə gözünün birini yumub, birini açdı, müştəri gözüylə qırmızı ürəkləri gözdən keçirib:

- Yaxşıdı nədi, bu dəfə quşu gözündən vurmusan, Mirzə canı, bazara çıxarsan, göydə gedər. Sən ürəksatan Firudin kimi qəsəbədə ad-san qazanarsan. Hələ bəlkə qarşına halal südəmmişin biri çıxar.

Firudin utandı.

- Kiri ə, gic-gic danışma, dadına bax, - deyib çayı süfrəyə qoydu.

- Qıymaram! Adam ürəyə toxunar?! Bunlar yemək üçün deyil, sənətkar, baxmaq üçündür, necə ki, sənət əsərləri olur ha, adamlar uzaqdan baxır, baxır, baxır, ürəyi titrəyir, elə bir şeydir.

Mirzə sözünü qurtaranda dodağı qaçdı, qızıl dişlərinin işığı qəfil çaxan şimşək kimi üz-gözündə dolaşdı.

- Onda ürəyin istədiyi qədər bax, - dedi Firudin.

Araya sükut çökdü. Yaqut rəngli ürəklər hərəsinin ağlını alıb bir yana apardı. Elə bir yerə ki, o yerə getməyə indi ürəkləri gəlməzdi...

Mirzəylə Firudin kiçik qəsəbədə yaşayırdılar. Qohum deyildilər, heç qonşu da sayılmazdılar, özləri ayrı-ayrı işin-gücün qulpundan yapışırdılar, yatanda da biri Yaxın Şərqə, biri Uzaq Şərqə baxırdı. Onları bir-birinə yaxınlaşdıran dərdləriydi. İkisi ahıl çağında arvaddan yetim qalmışdı. Bu yaşdan sonra evlənməyə hamı pis baxır axı, o da ola oğul, uşaq, nəvə ola... Amma bir gün oğul-uşaq hərəsi öz yuvasına çəkiləndə Mirzəylə Firudin damın altında tək-tənha qaldılar, balaca qəsəbənin gözü canlı kamera kimi üstlərində...

Bilənlər bilirdi, Mirzənin günü pis keçmirdi. Dərd Firudinin dərdiydi. Qadın görəndə özünü itirir, əl-ayağı bir-birinə dolaşır, yaxınlaşmağa da ürək eləmirdi. Arvadı Gülsənəmlə bir dastanlıq ömür yaşamışdı, gül kimi sevgisinin üstünə toz qondurmağa ürəyi gəlmirdi. Dünyada belə kişilərin olduğunu düşünəndə qəsəbə arvadları doluxsunur, "Firudinin qadasını alaq, başına dolanaq, kül bizimkilərin kişi başına" - deyirdilər. Allı-güllü sözlər Firudinin qulağına çatar-çatmaz, başındakı qarışıq sevda küləkləri pırr eləyib Qaf dağınacan uçur, bir müddətdən sonra daşlara sinə-sinə geri qayıdırdı. Düzdü, Firudin sədaqətli kişiydi, amma ölü deyildi, nəfəs alırdı, nəfəs verirdi, yeyirdi, içirdi. Yaşayırdı? Bax, bu yalan olardı. Yaşamırdı! Yaşamaq başqa şeydi. Səksən yaşlı nənəsi öləndə babası Savalan kişi demişdi ki, sevgi bağı qırılanda adam ölür. Arvadının qırxı çıxmamış çəliyini əsdirə-əsdirə kəndin ən kifir qarısına elçi düşmüşdü. Pis eləmədi ki, səkkiz il bir-birinə söykənib yaşadılar. Firudin ölmək istəmirdi, sevmək istəyidi. Amma onun sevgi limitinin üstünə "abır" etiketi yapışdırıb qəsəbənin gözəgəlimli yerindən asmışdılar. O da yaşamaq üçün özündən sevgi oyunları uydurur, ürək formalı peçenyelər, şirniyyatlar bişirib özünü ovudur, hərdən bişirdiyi ürəkləri sevib əzizləyir, hərdən ağzına atıb yeyirdi.

Amma Mirzə özünü başqa cür ovudurdu. Yolunu tez-tez qadın alt paltarları satan Səmayənin dükanından salır, guya ondan nəsə soruşur, imkan tapan kimi gözünü yarıçılpaq, incəbelli manikenlərə dikib bir anlıq dünyadan zövq alırdı.

Səmayə ütük arvadıydı, Mirzənin qarnının azarını bildiyindən:

- Ə, bunlardan birini al, dayna, - deyib onunla məzələnirdi.

Mirzə söz altında qalmırdı:

- Onu niyə, ay Səmayə, gəl elə səni alım, - deyirdi.

 Firudingildə, ürəkli süfrənin arxasında Mirzə ürəklərə baxa-baxa ürəkləndi:

- , Firudin kişi, deyirəm, Səmayə yaxşı kadındı, - dedi.

Firudinin eyni açıldı:

- , yaxşıdı, çox yaxşıdı, indi elə kadını gün işığında çıraqla da axtarsan, tapa bilməzsən, - dedi.

Mirzə diksindi, çəpəki Firudinə baxdı. Mirzənin qarnının dərdindən xəbərsiz olan Firudin başındakı sevda quşlarını uçurdub, yenə ürəklərdən söz saldı.

- Xavarın var, yeni ürək qəlibləri hazırlamışam: incə, kök, butavari, ürəklər... Gələn dəfə gələndə hayıl-mayıl qalacaqsan.

Mirzə qəfil yerindən qalxıb "day gedim, işim var", - deyəndə Firudin əl-ayağa düşdü.

- Ə, hara gedirsən, kefin istəyən kəllə-paça bişirmişəm, kənddən başıxamurlu da göndəriblər, getmə, - dedi.

Başqa vaxt olsaydı, Mirzə əlüstü razılaşar, sevindiyindən sümükləri oynayardı. Amma bu dəfə belə olmadı.

Mirzə gedəndə Firudin ürəklərdən üç-dördünü kağıza büküb dərd ortağının cibinə qoydu. Mirzə havalı-havalı çıxıb getdi.

Səhərin gözü açılar-açılmaz xəbər gəldi ki, bəs, bu gecə Mirzəylə Səmayə kəbin kəsdiriblər. Firudin xəbəri eşidəndə həyətdəki kötüyün üstünə çökdü, çiyinləri büküldü, səsi titrəyə-titrəyə: neyləsin, hamıya ikinci ürək lazımdır, - deyib köks ötürdü.

O gün Firudin ürək bişirmədi...

 

Təranə Vahid

 

Ədəbiyyat qəzeti.- 2024.- 10 avqust, №29-30.- S.25.