Torpaq haqqı
Hekayə
Real hadisələr əsasında yazılmışdır
Ailəsi Xocalıdan köçkün düşəndən sonra Həsən müəllim, əvvəlcə, Bərdədə məskunlaşmışdı. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəsində yüksək bal topladığından onu Bakıdakı özəl liseylərdən birinə işə dəvət etmişdilər. Amma anası Pəri xala ağır yataq xəstəsi olduğundan böyük qayğılar içində idi. Həsən müəllimin yaşı çox olmasa da, bilirdim ki, Xocalı müsibəti onu taqətdən salıb, dərd alnının qırışlarına, üzünün çöhrəsinə hakim kəsilib.
Bir dəfə özümdən asılı olmayaraq soruşdum ki, Həsən müəllim, noolub, səni həmişə belə - dəvəsi ölmüş ərəb qiyafəsində görürəm... Köks ötürüb üzümə baxdı. Bu
baxışlarda dünyanın dərd yükünü
içində daşıyan bir insanın
qayğısını gördüm.
Başını
aşağı saldı, həmdərd kimi ürəyindəki
sirrini açıb danışdı. Məlum olurdu ki, erməni
quldurları Xocalını işğal edəndə
ayağı yer tutan mülki insanlar böyük bir müsibətlə
şəhəri tərk edib çıxarkən anası
onları yola salıb, amma özü getməyib, tövlədə
gizlənib. Sonra evdəki snayper tüfəngi ilə
silahlanıb, neçə-neçə ermənini güllələyib.
Qaranlıq və qarmaqarışıqlıq olduğundan ermənilər
güllənin hardan atıldığını belə, yəqinləşdirə
bilməyib. Xankəndidə hərbi müəllim işləmişdi
deyə, sərrast atıcılığı bacaran Pəri
bir həftə Xocalının kənarındakı mal
fermasının silos quyusunda gizlənir. Gecə saatlarında
isə oradan çıxıb ermənilər yaşayan Xanabad
kəndinə gedir. Növbəti günlərin birində
böyük risk və çətinliklə Qarqar
çayına enir və Ağdama gəlib çıxır.
Həsən
müəllim bunları danışdıqca əlləri əsirdi,
sonra başını ikiəlli qucaqlayıb hirsindən
bilmirdi neyləsin. Danışırdı ki, anası
acından ölməmək üçün gizləndiyi erməni
mal fermasında buzovlara verilən qarğıdalı və
arpa yemini axurdakı suda isladıb yeyirmiş. Gecələr isə
inəkləri sağıb südünü çiy-çiy
içərək sağ qalması üçün
ölümlə mübarizə aparırmış. Elə həmin
fermada süd aparmağa gələn iki sərxoş ermənini
də boğub öldürmüş, silahlarını
götürüb oradan qaçmışdı. Bu məşəqqətli
və qorxulu həyat isə sonralar Pərini ağır xəstəliyə
düçar etmişdi.
Pəri
Ağdama gələndən sonra xəbər tutmuşdu ki, bir
oğlunu və ərini ermənilər diri-diri
yandırıb. Ona görə də sonralar fikir-xəyaldan
beyin iflici keçirib, yataq xəstəsi olmuşdu.
***
Həsənin
anası haqqında danışdıqlarını eşidəndə,
Azərbaycan qadınının döyüş və
düşməndən qisas almaq ruhuna heyran qalırdım. Həmin
anda yadıma düşməndən öc alan qəhrəman
qadınlarımız -Tomris, Nigar, Həcər
düşdü; Birinci Qarabağ müharibəsində
Füzulidə qardaşı ilə bir yerdə
döyüşən və ermənilərə qan udduran
şəhid Gülbar Heydərova, 17 yaşlı kursant
oğlu ilə bir yerdə döyüşən, oğlu şəhid
olandan sonra onun qatilini tək tutaraq, diri-diri ürəyini
çıxarıb, şüşə bankanın içində
aparıb oğlunun qəbri üstə qoyan Nurcan Hüseynova,
o cümlədən, Pəri xala düşürdü və
onlar gözümüzün qarşısında müasir
dövrümüzün qəhrəmanlıq tarixini yazan
qadınlarımızdan idilər... Pəri xala əsl partizan
həyatı yaşamışdı və ermənilər onu
girov götürə bilməmişdi.
Bu qəhrəmanlıq
dastanını hər dəfə yadıma salanda dəhşətə
gəlirdim. Sanki neçə-neçə pristavları öldürərək
ələ keçməyən, günümüzün Həcəri
ilə üz-üzə idim... Ona görə də Həsənlə
rastlaşanda hər dəfə anasının səhhətini
xəbər alardım...
***
- Salam, ay
qonşu...
Həsən
müəllimi səsindən tanıdım. Qayğılı
olsa da, dərd onu üzsə də, bunu büruzə verməməyə
çalışdı.
-
Sabahın xeyir, Həsən müəllim. Necəsiz?
-
Yaxşıyam... Siz necəsiz?
- Mən
də babatam...
Həsən
müəllimin "babat" sözündən çox
xoşu gələrdi. O əhvalımı soruşanda mən
də qəsdən "Babatam" deyirdim. Həmişə də
gülərək: - Düz eliyirsən, indi əla olmaq məsuliyyətdir,
yaxşı olmaq isə çətin... Ən
yaxşısı babat olmaqdır. Yəni, nə elə, nə
də belə, - deyib gülərdi.
- Anan necədir?
Köks
ötürdü, üzümə baxıb başını
buladı:
- Bir dəri,
bir sümükdür... Xocalıdan çıxanda 55
yaşı var idi, indi səksəni ötüb... Amma dərd
onu bu günə saldı. Aparmadığımız həkim
yoxdur... İndi də eşidib ki, torpaqlarımız azad
olunub, gecə-gündüz zarıyır, vərəqə
yazıb başa salır ki, mənə Xocalıdan bircə
ovuc torpaq gətir, dərdim olmaz, rahat köçərəm
bu dünyadan, qəbrimə tökərsən, ay oğul... Təsəvvür
elə, nəfəsi də güclə gəlir, yazıq arvad
canını tapşıra bilmir. Hər gün evə gələndə
elə bil hənirtimi duyur, danışa bilməsə də,
uşaqlara işarə vurur, bilirlər ki, məni istəyir.
Əllərindən tuturam, dərdinə çarə tapa bilmədiyimə
görə özümü ən günahlı adam bilirəm.
Gözümüzün qabağında zülm çəkir...
Sonra
üzümə baxdı, əli ilə yanağında
muncuqlanmış yaş gilələrini silərək
kövrəlmiş baxışlarını gizlətməyə
çalışdı.
-
Ananı daha çox narahat edən nədir, Həsən
müəllim? - deyə soruşdum.
- Deyir, mənə
Xocalıdan bir ovuc torpaq gətirin... Düzdü, Xocalı
azad olunub, amma ora hələki heç kimi buraxmırlar.
Xocalıya bayraq sancılan gün yuxusuna girmişdi. Hansı
ki, televizora baxa bilmir. Hardan və necə duyuq
düşüb, bilmirik...
Birdən
nəsə yadına düşdü:
- O
günü oxudum ki, Ağdama getmisiniz...
- Hə,
media nümayəndələrini aparmışdılar. Ötən
ay da Zəngilana getmişdik, iki-üç günə
Şuşaya getməliyik...
Şuşanın
adını çəkən kimi üzümə baxdı:
- Qadan
alım, Xocalıya polis işçilərini buraxırlar, bəlkə
Şuşada olanda xahiş edəsən, Xocalıya nə məsafə
var ki, xərci-hörməti, qonaqlığı məndən,
bir ovuc torpaq gətirələr, anam bu torpaq həsrətindən
qurtula, - deyərək əlini cibinə atdı, 100
manatlıq əskinazı mənə uzatdı:
- Bunu da
halallıqla o polis əməkdaşlarına ver, mən əvəzdən
İsa Bulağının üstündə yeyib-içərlər...
Həsən
müəllimin əli havada qalmışdı. Amma bir də təkid
etdi:
- Sən
Seyid Lazım Ağanın cəddi, götür, bu
rüşvət deyil, sadəcə...
- Həsən
müəllim!!!
Səsimin
tonundan etirazımı dəyərləndirib susdu. Fikir onu
götürmüşdü. Hiss etdim ki, ümidsizliyə
qapıldı. Onu bu qayğıdan qurtarmaq üçün: -
Həsən müəllim, Şuşaya çatan kimi polis
işçilərinin birindən xahiş edəcəm, narahat
olma, - deyərək onu təsəlliləndirdim: - Bu problem mənlikdi,
arxayın ol, - deyib, qolundan tutaraq parka tərəf
addımladıq...
3 gün
sonra...
...Şuşaya
çatana qədər yolboyu Həsən müəllimin
xahişini necə yerinə yetirmək barədə
düşündüm. Birdən ağlıma gələn əcaib
suala cavab axtarmalı oldum: "Pəri ana ağır yataq xəstəsidir,
xəstə halı ona əzab verir. O, bu dünyanın o
zülmündən qurtarmaq istəyir, yalnız
Xocalının bir ovuc torpağı ananı bu əzablardan
xilas edə bilər və bu bir ovuc torpaqla ən böyük
arzusuna çatacaq. Amma belə çıxır ki, mən bir
tərəfdən o torpağı gətirməklə
ananı arzusuna çatdıracam, o biri tərəfdən də
onun ölümünə şərait yaratmış
olacam..."
Birdən
diksindim. Az qala havalanmışdım. "Özümü
heç vaxt bağışlaya bilmərəm, bir ana mənim
Xocalıdan gətirdiyim bir ovuc torpaqla ən müqəddəs
arzusuna çatır, amma həm də ağır yataq xəstəliyinin
illərdir yaşatdığı zülm və əzabdan,
ağrılarından canını qurtarır və həyata əlvida
deyir... Bunun hansı mənim savabıma, hansı
günahıma yazılacaq???" - deyə
düşündüm.
Şuşaya
çatanda şıdırğı yağış
yağırdı. Avtobusdan düşən kimi bizi
qarşılayan polis nəfərinə yaxınlaşdım,
hal-əhvallaşıb Xocalı ilə əlaqələrinin
olub-olmadığını soruşdum. Məlum oldu ki, o az
sonra Xocalıya növbə dəyişməyə gedir. Ona
bir xeyirxah yalan danışmalı oldum. Dedim ki, guya Xocalıda
əmimgilin evi olub, indi məndən xahiş edib ki, ordan bir
ovuc torpaq aparım ona...
Məğrur
görkəmli polis nəfəri söz verdi, amma bildirdi ki,
özü növbədə qalacaq, torpağı bir saata otelə
qayıdacaq başqa bir polis əməkdaşına verəcək,
o gətirəcək.
Dərhal
Həsən müəllimə zəng etdim, Xocalıdakı
evlərinin təxmini yerini-səmtini soruşdum, sonra onun
söylədiyi koordinatları polis nəfərinə
danışdım...
***
...Axşama
kimi gözləsəm də, polis nəfərindən xəbər
çıxmadı. Telefonuna zəng vurdum, zəngə cavab
verən bir nəfərsə bildirdi ki, telefonun sahibi olan polis əməkdaşı
minaya düşüb, amma xoşbəxtlikdən yüngül
yaralanıb, xəstəxanaya aparılıb.
Dərd məni
götürdü. Axı mən Həsən müəllimə
söz vermişdim, yəqin ki, o da anasına
pıçıldayıb. İndi ananın gözü
yoldadır ki, Xocalıdakı həyətlərindən torpaq
gətiriləcək.
Bu fikir-xəyal
ağuşunda özümə yer tapa bilmirdim. Birdən
hacı Cəlildən zəng gəldi. Hal-əhval elədi,
kefini soruşdum. Sən demə, Şuşaya gəldiyimi
eşidib, vəziyyəti öyrənmək istəyir.
Ətraflı nəql etdim... Sağollaşanda birdən Həsən
müəllimin torpaq məsələsi yadıma
düşdü, ətraflı danışıb hacıdan məsləhət
aldım. Dedim, hacı, Xocalıdan torpaq gətirməli polis nəfəri
minaya düşüb, bir yaxın yoldaşa söz vermişəm,
bilmirəm, neyləyim...
Dünyagörmüş
hacı Cəlil gülümsədi, Qurandan və Peyğəmbərimizdən(s.s.)
misallar çəkdi. Sonra mətləbə keçdi:
- Sən
indi hardasan?
-
Şuşada... Cıdır düzündə...
- Nəfəsin
dəyən o torpağa qurban olum... Xocalı da, Şuşa da
Vətən torpağıdır, nə fərqi var, ay
oğul, Şuşadan, yaxud Xocalıdan oldu, fərq etməz.
O ananın gözü yoldadır, ağır xəstədir,
onu arzusuna çatdırmaq ən böyük savabdır. Sən
ona Şuşadan bir ovuc torpaq gətir, amma oğluna demə,
ana da bilməsin. Bu xeyirxah yalan olsa da, günah deyil,
çünki gözü yol çəkən həsrətli
bir ananı arzusuna çatdırmadır!
Hacını
diqqətlə dinləyib məni neçə gündür
düşündürən suala cavab almaq istədim:
-
Hacı, axı bir məsələ də var: mən o
torpağı gətirən kimi yataq xəstəsi olan
ananın arzusu çin olacaq, onun Xocalı həsrətinə
son qoyulacaq, amma o biri tərəfdən ana canını
tapşıracaq. Belə çıxır ki, bir tərəfdən
savab qazanıram, o biri tərəfdən isə bir insanın
ölümündə günahkar oluram, elə deyil?!
Hacı
duruxdu, telefonda səsi eşidilmirdi. Nəhayət, hənirtisi
gəldi:
- Yox... Sən
bir xəstə insanı uzun illərin yataq xəstəliyi əzabından
qurtarmış olacaqsan. Axı, onsuz da ölüm haqdır!
Bu isə günaha yazılmır. Tibb elmində, Quranda da,
müqəddəs kitablarda da oxşar izahlar var...
Hacının
məsləhəti məni xeyli ürəkləndirdi.
Yağışa baxmadan Cıdır düzünə tərəf
qaçdım, sürüşkən yamacdakı kolun dibini
eşib balaca məxməri kisəyə torpaq doldurdum,
üç dəfə öpüb islanmasın deyə gödəkçəmin
altında gizlətdim.
***
...Bakıya
gecə saat 03:00 radələrində çatdıq. Səhər
yarıyuxulu yerimdən qalxıb işə tələsdim.
Redaksiyaya təzəcə çatmışdım ki, Həsən
müəllimin zəngi gəldi. Torpaq maşında idi. Hələ
də məni sakit buraxmayan tərəddüdlərin
arasında çabalayırdım. "Axı mən necə
yalan danışım? Yox, - hacı dedi, bu günaha
yazılmayan müqəddəs yalandır, nə fərqi var -
Xocalıdan, ya Şuşadan olsun, ikisi də vətən
torpağıdır, müqəddəs
ünvanımızdır. Yaxşı, bəs torpağı
verəndən sonra ana canını tapşırsa, onda necə?!"
Yenidən
bu suallar məni havalandırdı. Amma yadıma saldım ki,
Şuşada olanda Həsən müəllimlə
danışmışdım, anasını soruşdum, dedi,
dünəndən gözlərini açmır, hissiyyatı
demək olar, yoxdur, can verir, su da qəbul etmir. Həkimlər
də iki gün əvvəl deyiblər ki, dava-dərman verib
incitməyək, Allahın məsləhəti belədir, qoyun
rahat canını tapşırsın. Axund da belə məsləhət
görüb...
Bu həm
də mənim üçün ağır imtahan idi.
İndi
ananı o müdhiş əzabdan qurtarmağın yeganə
yolu bir ovuc torpağın ruhunda, sirrində yatırdı...
***
...Həsən
müəllimin ardıcıl zənginə, nəhayət,
cavab verməli oldum. "Allah, günahımdan keç, amma
izn ver, bu torpağı bir gün də gecikdirim, verməyim,
ananın ömrünü bir gün də mən uzadım ki,
əbədi təsəllim bu olsun", - ürəyimdə
pıçıldadım. Sonra Həsən müəllimə
zəng etdim, hal-əhval tutub mətləbə keçdim:
-
Qardaş, gözünüz aydın olsun, düz sizin həyətin
girəcəyində, qalıqları qalmış
darvazanın yanından topaq gətiriblər, məndədir.
Amma təcili iş çıxıb, Gəncəyə dəyib
qayıdıram...
Telefonda
hıçqırtısını aydın eşidirdim... Mən
də susub danışmasını gözlədim. Hannan-hana
dilləndi:
- Qadan
alım, xəcalətindən necə çıxacam, bilmirəm,
Allah köməyin olsun, bu mənim üçün, ailəmiz
və anam üçün qiymətsiz bir hədiyyədir...
Səsi
titrəyirdi. Dərindən ah çəkib susdu... Bildim ki,
dindirməyin yeri yoxdur, sağollaşıb telefonu
qapatdım...
1
gün sonra
Axşam
saatlarında maşını Həsən müəllimgilin
binasından xeyli aralıda, gözədəyməz bir yerdə
saxlayıb ona zəng etdim. Yüyrək addımlarla mənə
tərəf tələsirdi. Nəfəsi təntimişdi.
Pencəyinin
düymələrini açdı, əynindən
çıxarıb bükmələdi, sonra səliqə ilə
sol qolunun üstünə aldı. Uşaq sevinci ilə
torpağı götürdü. Üç dəfə
öpüb gözünə sıxdı... Yaz buludu kimi
dolmuşdu. Bir neçə addım geri çəkilib dayandı.
Səkinin kənarındakı yaşıllıqda yerə
oturdu, bardaş qurub torpağı ən əziz bir adamın
tabutu başında dayanıb ağı deyirmiş kimi
qarşısına qoyaraq süzdü, əlini
qoşalaşdırıb Tanrıya dua etdi. Sonra əlini torpaq
kisəsinin üstünə qoydu. Yasin oxudu... Ardınca
başını qaldırıb gülümsədi,
üzümə baxdı. Nəyə görəsə
çox sevinirdi... Özündə deyildi. Birdən
qaşlarını çatdı, üzünə qeyri-adi bir
hüzn çökdü, bayaqkı sevinc çalarları
göz yaşlarında yuyulub yox oldu... Hönkürüb
ağlayırdı. Dodağının altında kiməsə
ağı deyirdi...
***
...Səhəri
gün işə çatdım... Fikrim Həsən müəllimin
yanında qalmışdı. Əlimi telefona uzadıb zəng
etmək istəyirdim ki, özündən zəng gəldi. Demək,
telepatiya var, o məni hiss edir və duyurdu.
- Həsən
müəllim...
O,
sözümün ardını deməyə qıymadı:
- Allah
sizdən razı olsun... Mən sizə dərin minnətdarlığımı
bildirirəm...
- Nə
üçün, Həsən müəllim? Axı mən
neyləmişəm?!
Həsən
müəllim kövrəlmişdi. Hüznlü səslə:
-
Anamı həkimlərin on ildir qurtara bilmədiyi əzablardan
xilas etdiyinizə görə...
Həsən
müəllimin hıçqırıqlı səsi məni xəyallardan
ayırdı. Məsələ aydın idi. Ürəyimdə
gücüm yalnız bu sözləri deməyə
çatdı: "Bu, otuz ildir əsirlikdə qalmış
torpağın möcüzəsi, gücü deyildimi?!"
Asif
MƏRZİLİ
Ədəbiyyyat
qəzeti.- 2024.- 10 avqust, ¹29-30.- S.24-25.