Ömür poetik etiraf
kimi
Şair
Məmməd İsmayılın 85 illiyinə
Bu gün Məmməd İsmayıl yaradıcılığı
ilə tanış olan hər kəsə
məlumdur ki, o, bütün
yaradıcılığında öz taleyini yazıb. İndi onun yaradıcılığı haqqında
hamının qəbul
etdiyi bir fikir var: Məmməd İsmayıl tale şairidir.
Onun şeirlərində,
poemalarında, nəsr
əsərlərində məhz
onun taleyi öz əksini tapıb. Məmməd İsmayılın əsərlərində
müraciət etdiyi mövzular fərdi, olmaqla yanaşı, həm də milli və bəşəri mövzulardır. Əsərlərində
təsvir olunan hadisələr, faciələr
təkcə bir fərdin deyil, ümumi, milli və bəşəri problemlərdir.
Heç
şübhəsiz, İkinci
Dünya müharibəsi
mövzusu müharibənin
qurtarmasından keçən
onilliklər ərzində
uzun müddət ədəbiyyatımızın əsas mövzularından
biri olmuşdur. Bu əsərlərdə müharibənin
yaratdığı faciələr,
dəhşətlər, yüz
minlərlə məhv
olmuş, qırılmış,
yarımçıq qalmış
insan taleləri öz əksini tapıb. Əminliklə deyə bilərəm ki, Məmməd İsmayılın
"Xatın bibi",
"Aman təklik əlindən",
"Müqəddəs kədər",
"Ürəyimə daman səslər", "Əsir
saz", "Şər
oğlu" poemaları
İkinci Dünya müharibəsinə həsr
olunmuş ən maraqlı əsərlər
sırasındadır. Bu poemaların
sətirləri arasından
Məmməd İsmayılın,
onun atasının, anasının və doğmalarının acı
taleyi, yarımçıq
qalmış arzuları
boylanır. Bu əsərlərdə
təsvir olunan ürək göynədən
hadisələri həyəcansız
oxumaq mümkün deyil. Diqqət yetirək, şairin
"Aman təklik əlindən"
poemasının proloquna:
Biz dörd nəfər idik, -
Təpəl qoyun idi,
Gəzəl alma idi,
Anamdı,
məndim...
...Necə oxşayırdı
anam onları,
Dərd
qanan, dil bilən yoldaşı kimi:
Doğ,
a təpəl qoyun, yetiş, ay alma,
Balamın dadına yetis, ay Allah!
...Vaxtınız olanda sıxın bir məni,
Görün, bir nəyəm?!
- Ana çörəyiyəm,
Alma şirəsiyəm, qoyun südüyəm...
Bu misralar əslində Məmməd İsmayılın
İkincii Dünya müharibəsi mövzusunda
yazdığı şeir
və poemaların leytmotivini müəyyənləşdirir.
Müharibə illərində tək
bir qoyunun südünün, bir gəzəl almanın meyvəsinin ümidinə
qalan ana-balanın taleyi əslində yüz minlərlə ailənin taleyi idi. Ağır və dəhşətli müharibə illərində
hər şey cəbhəyə səfərbər
olunduğundan, insanlar
ancaq təbiətin yetişdirdiyi göy-göyərtinin,
mer-meyvənin ümidinə
qalmışdılar. Yadımdadı,
mənim də anam danışırdı
ki, insanlar yemək üçün heç nə tapa bilmirdilər və onların rəngi göy (pencər) yeməkdən gömgöy olmuşdu.
Məmməd İsmayıl həmin
illərin acılarını
aşağıdakı misralarla
xatırlayır:
...Ehtiyac qılıncımı?
- Şaxta gəzir havada,
Dolaşıb qapı-qapı, varı,
yoxu kürüyür.
Dəyirmanlar ac qalıb, Dəyirmançı
davada.
İndi də un yerinə üstünü qar bürüyür...
Məmməd İsmayılın yaradıcılığından
qırmızı xətlə
keçən ikinci mövzu yetimlik mövzusudur. Yetimlik onun tale qisməti idi. Yaş yarımında
atasını, 18 səkkiz
yaşında ilk məhəbbətini,
30 yaşında anasını
itirən Məmməd
İsmayıl həm də bir müddət
Vətəndən kənarda
yaşadı. Və bu itkilər onun həyatında dərin iz buraxmaqla
yanaşı, həm də yaradıcılığının
əsas qayəsini təşkil edir. Və şairin əsərlərində bir
hıçqırıq, kövrəklik,
nisgil, nida var. Atasını heç
zaman görməyən, onu
yalnız anasının
laylalarında, bayatılarında,
söhbətlərində tapan
körpə İsmayıl
sonralar "Aman təklik
əlindən" poemasında
yazırdı:
Gedənlər geriyə dönürdü
tək-tək,
Yenə
dan yerinə düşürdü
səda.
Hardasan,
hardasan, qayıt, görüşək,
Ay
"ana" sözündən yaranan "ata"!
İndi gəl, oğulsan, bu bir bəndlik
şeirin sətirləri
arasında cəmlənmiş
fikirlərin arxasında
gizlənmiş sirlərin
mənası qarşısında
dayan. Bircə " hardasan" sözunun iki dəfə işlədilən çağırışının
qarşısında , oğulsan, dayan. Nələr söyləyir bu bircə sözlə ifadə olunan harayın təkrar ifadəsi?! Etiraf edək ki, bu sətirlər heç vaxt üzünü görmədiyi və artıq heç zaman görə bilmədiyi bir övladın ata nisgilli həsrət
nəğmələridir. Bu sətirlər insanın varlığını göynədir.
Və ya poemanın digər bəndlərindəki
poetik ifadələrə
diqqət yetirək:
"Ay ana" sözündən yaranan "ata"" ifadəsinə:
Ata cəbhələrdən geri
dönmədi,
Soyuqdu şerimin sakit ləngəri...
Həsrət ocaqların odu sönmədi,
Kösövə dönsə də
illərdən bəri.
Evdə
paltarından aldıq
iyini,
Heç
kəsə yetimlik gəlməsin asan.
Ömründə bircə yol görmədiyini
Mümkünmü, bircə yol xatırlayasan?!
Ata həsrətiylə ürəkdir
susan,
Deyim, asan olsun dərdim
hamıya.
İlkin
ünvanımı soruşan
olsa,
Bağışla, bağışla, bağışla,
ata,
Anamın
adını verdim hamıya.
Yenə
də şairin poetik ustalığını
xatırlatmaq zorunda qalırıq. Bircə kəlmə "bağışla"
sözünün işlədilməsinin
arxasında əslində
şairin demək istədiyi hər şey var.
Ədəbiyyatımızda, xüsusən, poeziyamızda "Ana" mövzusu
həmişə şairlərimizin
yaradıcılığının baş mövzularından biri olub. Bu mövzuda
Cəfər Cabbarlı,
Mikayıl Müşfiq,
Səməd Vurğun,
Hüseyn Arif, Cabir Novruz, Nəriman
Həsənzadə və
adını çəkə
bilmədiyim neçə-neçə
müəlliflər şedevrlər
yaratmışlar. Hamısı
da möhtəşəm və
fərqli. Məmməd
İsmayılın "Ana"sı
da bu baxımdan tamamilə fərdi və fərqlidir. Məmməd İsmayılın
yaradıcılığında ana mövzusu onun yaradıcılığının baş mövzusudur. Cəmi 30 il birgə ömür sürmüş
anası Gülzar xanımın az qala, hər gününün yaşantıları
Məmməd İsmayılın
xatirələrinə, həm
də şeirlərinə,
yaradıcılığına köçüb. Məmməd
İsmayıl yaradıcılığının
az qala, hər sətrində Gülzar ananın hənirini duyur, ana qəlbinin döyüntülərini
hiss edirsən. Gülzar
xanımın Məmməd
İsmayılı tərk
etməsindən keçən
55 ildə onun xatirələri indi də Məmməd İsmayılı müşayiət
etməkdədir. Anası
Gülzar xanımın
xatirəsinə həsr
ediyi "Müqəddəs
Kədər" poemasının
epiqrafında şair yazır: "Ana mənim sevər və yaralı yerimdir. Otuz yaşımdan bu yana (elə
otuzdan əvvəl də), ilk sözüm o olub, yəqin son nəfəsim, son sözüm
də o olacaq".
Adını çəkdiyim poemada
Məmməd İsmayılın
anası ilə keçirdiyi acılı,
məşəqqətli, şirinli
günlərin əslində
xronologiyası təsvir
olunub. Poemada ana ilə balanın yaşantıları, qayğıları,
çətin günləri,
ağrı-acıları qabarıq
şəkildə, həm
də real həyat həqiqətlərinin ifadəsi
ilə öz əksini tapıb. Poemanın hər sətrində, hər bəndində acılar yaşayan ana ilə körpə balanın iztirab və məşəqqətlərlə dolu həyatı oxucuya təqdim olunur. Və bu illər o illər idi ki, lənətə gəlmiş
müharibə bütün
kişiləri cəbhəyə
cəlb etmişdi və arxada bütün işlər qadınların - anaların
üzərinə düşmüşdü:
Bu elə vaxt idi
ki, anamın ac tutarı
Çöldə kişi yerinə
kotana mac tuturdu.
Arıq
öküzlər qoca,
Höyüş torpaqdan qopan kəltənlər
Arxamızca...
Bütün bu əziyyət
və əzablara rəğmən, müəllif
anasının ən gözəl xüsusiyyətlərini
həm də oxucuya təqdim edir:
Mənim
anam qızıl buğda zəmisiydi,
Dolan bahar səmasıydı,
Yaxşıların simasıydı.
Doğruluğa tərəziydi mənim
anam,
Həqiqətin ağ yolunda
Gözüylə od görəsiydi mənim
anam.
Bir yaxşılıq toxumuydu,
səpilmişdi ürəklərə,
Tarlalara,
zəmilərə, küləklərə
-
Dünyanın bir zərrəsiydi
mənim anam!
Bütün bir yer kürəsiydi mənim anam.
Və bir də Məmməd
İsmayılın üz
tutduğu bir ünvan var ki, onun "son
nəfəsi və
son sözü" də
həmin ünvan olacaq:
Səhərlərin səs-küyünə,
qayğısına,
Misralara,
kitablara qarışdırıb
Unutduğum bir kənd də var - ana kəndi.
Qərib-qərib xatirəmə
Tapşırmışam mən o kəndi...
İnsafına buraxdığım
Başsız qalan bir yurd da var,
Dodağımda donub qalan bir söz də
var,
Yanılanda bağrım yanar:
Ana, Ana!
Əgər Azərbaycanın poeziya
tarixinə, poeziya dühalarımızın həyat
və yaradıcılığına
kiçicik xəyali bir səyahət etsək, tam əminliklə
deyə bilərik ki, bütün şairlərimizin
ən gözəl şeirləri ilk məhəbbətdən
yaranmışdır. Bu mənada,
Məmməd İsmayıl
da istisna təşkil
etmir. Məmməd İsmayılın hələ
ilk məhəbbət oxu
daşa dəyməmişdən
əvvəl şeirin
orbitinə düşdüyünü
nəzərə almasaq,
o da məlumdur ki, onun
ən cəlbedici və oxucunu çağıran şeirləri
şairin ilk məhəbbətə
dəlicəsinə vurulduğu
illərdən sonra yaranmışdır.
Məmməd İsmayıl artıq
şair kimi tanınanda biz orta məktəbin son siniflərində
oxuyurduq. Bu tarix 1970-ci
illərin ilk illərinə
təsadüf edir. O illərdə eşitmişdik
ki, Məmməd İsmayıl
adlı gənc bir şair var və o rayon qəzetində
müxbir işləyir.
O illərdə Məmməd
İsmayılın yazdığı
"Bir ildir" şeiri
və onun daşa dəymiş ilk məhəbbəti haqqında
rəvayətlər az
qala, dastana çevrilib ağızdan-ağıza
gəzirdi. Orta məktəbin son siniflərində
oxuyan və dəli bir uşaq
sevgisi yaşayan yaşıdlarımızın çoxunun
dillərindən düşmürdü
bu şeir. Onlar məktəbdə sevdiyi qızlardan biganəlik görəndə,
öz sevgilərini sevdiklərinə Məmməd
İsmayılın şeirləri
ilə bildirirdilər.
Həmin şeiri müəllif şair dostu, onunla bir
redaksiyada işləyən
Qazax mahalının dəyərli söz adamı Ələddin İncəliyə xitabən
yazmışdı:
Ay şair Ələddin, şair dostuyun
Açılmır qabağı-qaşı, bir ildir.
Olub məhəbbətdən illər
xəstəsi,
Ayrılmır sevdadan başı
bir ildir.
Yarın
soyuqluğu yara dağ olar,
Ürək istəməsə, unutmaq
olar.
Bilmirəm, nə qədər
yas tutmaq olar,
Qurumur gözünün yaşı
bir ildi.
Bu şeir təkcə yeniyetmə və gənclər arasında deyil, bütün Qazax mahalında (bəlkə də onun hüdudlarından kənarda) məşhur olmuşdu və aşıqlar bu şeir üstə dastan
da danışırdılar.
Şairin
özü də bu məhəbbət olayına, sözün birbaşa mənasında
dastan qoşub. Əslində
Məmməd İsmayıl
bu nakam məhəbbəti dastanlarda
olduğu kimi yaşamışdı, yaşaya-yaşaya
özü də bilmədən bu dastanın qəhrəmanına
çevrilmişdi. "Elçilər
qayıtdı" adlanan
bu dastan-poemanın proloqunda müəllif yazır: "Oxucum, sən bəlkə də bu poema
adlandırdığım yazını
həyəcansız, gözucu
oxuyacaqsan. Arzusu daşa dəyən, bic və hiyləgər
dünyanın hələ
istisinə, soyuğuna
alışmayan bir gəncin başına gətirilənlərdən xəbərin
olsa, bu yazını tamam başqa bir gözlə oxuyarsan. Belə oxuyacağına elə ümid etmək istərdim
ki!"
Və mən şairin nakam məhəbbəti haqqında bu dastan-poemanı bir oxucu kimi, məhz
müəllifin istədiyi
hisslərlə, həmin
ovqatda oxumağa çalışdım.
Ramiz Göyüş
Yazıçı-publisist
Ədəbiyyat
qəzeti.- 2024.- 10 avqust, ¹29-30.- S.26-27.