Göylərin
adamı
Maqsud
babanın əziz xatirəsinə ithaf edirəm!
Yenə
soyuq küçələrə sükut
çökmüşdü. Gecə saat 2, 3 olardı ki,
artıq insanlar evlərinə toplanmışdılar. Bu sərt
rüzgarın baxışları simama elə bil şillə
vurmuşdu. Qarşımda uzun yol vardı, ancaq hansı
küçədən gedəcəyimi bilmirdim. Şimşək
də çaxırdı. Ah! Mən nə edəcəkdim?
Kimsəsiz bir uşağın fəryadını kim
duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?
Dözə
bilmirdim. Qəflətən diz çöküb
hönkürtü çəkdim. O qədər dərindən
çəkdim ki, sanki bu dəqiqə ürəyim qopub
düşəcəkdi. Hamı məni uşaq bilirdi. Elə
düşünürdülər ki, mənim ürəyim
yoxdu. Bu necə insafsızlıqdır?! Nolsun yaşım
azdır? Mənim duyğularım ola bilməz? Sualıma cavab
verin, insanlar niyə bu qədər əclafdır, kinlidir?
Sualıma cavab verəcəksiniz? Yox.. Ya bu sualların
cavabını bilmirsiniz, ya da "Kimi kimsəsi yoxdur.Yenə
boş-boş danışır" - deyib keçəcəksiniz.
Hönkür-hönkür
ağlayarkən küçənin ortasında diz
çöküb qalmışdım. Yaralanan əllərimlə
dizlərimin ağrısını ağlamaqdan belə hiss
etmirdim. Demək, insan ağrını ürəyində də
hiss edərmiş. Mən indi qəlbən hiss edirəm. Bir
insan çevrilib heç soruşmurdu ki, "qızım, nəsə
istəyirsən?" Bu fikri almaq qalsın bir yana, üzümə
baxan yox idi.
Şimşəyin
çaxması yağış yağacağına işarə
edirdi. Yenə həmişə olduğu kimi sərt rüzgar
mənə əzab verəcək, yağış damlaları
da isladıb üşüdəcəkdi. Kaş... Kaş ki, səsimi
duyan olsaydı. Tanrım, ya al yanına, ya da məni bir mərhəmətli
insanla qarşılaşdır!
Qəfildən
arxadan kişi səsi eşitdim.
-
Qızım, niyə küçədəsən? Atan, anan
yoxdur?
Arxama
dönüb baxmağa qorxdum. Məndən daha da dərindən,
hətta hayqırış səsi ilə dolu
hönkürtü qopdu.
Yanıma
yaxınlaşdığını hiss etdim. Mən qorxub
divarın küncünə tərəf qaçdım.
- Məndən
qorxma, qızım. Adım Maqsuddur. Bəs sənin adın nədir?
Bu saatda niyə küçədəsən?
- Adım
Fəridədir. Mən... Mənim kimsəm yoxdur...
"Kimsəm
yoxdur" sözünü söylədikdə ürəyimdən
bir parçamın qopub düşdüyünü hiss etdim.
Deyirlər ki, "insan uzun müddət ağrılarıyla
yalnız yaşadıqda alışır". Deyəsən,
mən də alışmışdım...
- Atan,
anan səni qoyub gedibmi? Yoxsa?
- Yox, getməyiblər.
Qohumlardan eşitdiyimə görə, mən doğulduqda anam
dünyasını dəyişib. Atam da anamın itkisinə
dözə bilməyib ürəyi partlayıb. Atam ilə
anamı, hətta "Dəli sevdalılar"
adlandırardılar. Bir-birini uzun illər seviblər. Sonra
taleləri onları məndən ayırıb...
- Fəridə,
qızım, çox üzüldüm. Söz tapa bilmirəm.
Gəl belə edək. Sən mənimlə gələcəksən.
Səni həyat yoldaşım Səkinəylə
tanış edəcəyəm. Bundan sonra bizim yanımızda
qalacaqsan.
- Yox, yox!
! Elə şey olmaz. Mən kimsəyə yük olmaq istəmirəm.
- Aaa! Bir
də belə danışdığını eşitməyəcəm.
Nə yük? Sən də nəvəm yaşındasan. Maqsud
baban səni hamıdan qoruyacaq!
Maqsud
babayla söhbət etməmişdən qabaq çox
qorxmuşdum. Bu gözəl insanın simasında qəribə
bir ifadə vardı. Kənardan çox zəhmli görünən
Maqsud kişi,əslində bir körpənin ürəyi kimi
yumşaq, mərhəmətlidir. Demək, insanları
tanımaq üçün ünsiyyətdə olmaq
lazımdır. Mən hər şeydən məhrum imişəm...
-
Əlini mənə ver, gedək, Fəridə, qızım.
Maqsud
babanın əlindən tutdum. Öz evinə aparırdı.
Araya dərin sükut çökmüşdü. Deyəsən,
mənim simamdakı narahatlığı duyub bu sükutu
pozdu:
- Fəridə,
sənin neçə yaşın var, qızım?
- Beş
yaşım var, Maqsud baba.
- Sən
həmişədən burda olmusan, yoxsa, kiminləsə gəlmisən?
- Yox,
Gülzar adında xalam vardı. Onunla gələrdim həmişə.
Ancaq o...
Bir
anlıq duruxdum. Qorxdum ki, xəbər tutar
danışdıqlarımdan. Əlindən zorla qaçıb
gəlmişdim buraya. Maqsud baba mənim susduğumu
görüb başımı sığallayıb dedi:
- Qorxma,
qızım. Maqsud babandan da heç nəyi gizlətmə.
Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.
-
Gülzar xala, əslində mənim doğma xalam deyildi. Məni
himayəsinə almışdı. Sadəcə, çox
incidirdi. Məni həmişə döyər, söyərdi.
Donumun
qolunu qaldırıb o qadının etdiklərini göstərdim.
-
Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs
sən necə qaçıb gəldin?
- Biz
Bakıda yaşayırıq. Bir neçə gün bundan
qabaq telefonla danışdığını eşitdim. Məni
"uşaq evinə" qoyub Qazaxa gələcəyini duydum.
Necə gedəcəkdim? - deyə heç bir fikrim yox idi. Qərara
gəldim ki, Gülzar xala yatanda telefonu alıb həmin gün
qaçım.
- Bəs
necə gəldin?
- Maqsud
baba, qorxa-qorxa yolda tanımadığım qadından kömək
istədim. O da təsadüfən Qazaxa gedirmiş. Məni
avtobusa mindirdi. Sağ olsun, məni yedizdirdi, içizdirdi.
Qazaxa gəldikdə, yalandan dedim ki, məni
qarşılayacaqlar. Buraya qoyub gedin. O da elə etdi. O vaxtdan bu
soyuq, tənha küçələrdə mən də kimsəsiz
bir uşaq kimi dolaşıram.
- Sənin
bu kiçik ürəyində nə böyük dərd
varmış, qızım...
Maqsud
babanın kövrəldiyini hiss etdim. Mövzunu tez dəyişdim:
- Maqsud
baba, Qazax necə bir yerdir?
- Fəridə,
qızım, Qazax cənnətdir, cənnət! Yurdu,
havası, suyu, torpağı canım-ciyərimdir mənim! Mən
uşaqlıqdan, ta bu yaşıma kimi Qazaxın
havasını içimə çəkib, suyunu
içmişəm. Qazax bütün ellərdən
doğmadır!
- Mən
də gəzib görmək istəyərdim.
- Gəzəcəksən,
görəcəksən! Maqsud baban hər səhər saat 6-da
işə durub gedir. Bir gün boş olanda səni
çoxluca gəzdirərəm! Hə, bax, gəldik,
çatdıq.
Darvazanı
açdıqda özümü başqa bir dünyada hiss
etdim. Maqsud babanın ocağı mənim doğma yurdum, evim
idi. Bu ocağın hələ doğma insanları da
vardı.
- Səkinə,
mənəm! Aç qapını.
- Ay
xoş gəlmisən, Maqsud! Bu balaca qızımız kimdir?
- Səkinə,
bir dayan, evə girim, nəfəs alım, sonra
danışaram. Sən de görüm, pürrəngi
çayın varmı?
- Hə, əlbəttə!
Gəl, gəl!
- Fəridə
qızımı götür. Paltarını dəyiş,
rahatlat, mən sənə hər şeyi danışacam.
Səkinə
nənə məni o qədər gözəl
qarşıladı ki, aradabir gözlərimdən yaş
damladığını hiss etdim. Mənə yemək, isti
çay verdi. O qədər gözəl qarşıladı
ki, özüm belə təəccübləndim, çünki
heç vaxt bu sevgini hiss etməmişdim. Məni qucaqlayıb
dedi:
- Saat
çox gecdir, Fəridə, qızım. Gəl aparım,
yatırdım səni.
- Səkinə
nənə.
- Ay can!
De, balam, ürəyin nə istəyir?
-
Olarmı ki, əvvəlcə Maqsud babaya təşəkkür
edim, sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az
qaranlıqdan qorxuram.
Əslində
qaranlıqdan qorxmurdum. Kimsəsiz bir uşağın istəyi
nə ola bilərdi? İsti qucaq, sevgi, qayğı.. Tanrım
bunu mənə çox görməsin!
- Əlbəttə,
gözəl balam. Mən sənə gözüm kimi baxacam,
amma əvvəlcə nə etmək lazım? Təbii ki, səni
qəşəngcə çimizdirmək lazımdır!
Heç narahat olma!
Səkinə
nənə məni hamama salıb yaxşıca yuyundurdu.
Hamamdan çıxanda qaça-qaça Maqsud babanın
yanına gəldim. Boynuna atlayıb bərk-bərk
sarılıb:
- Maqsud
baba, hər şey üçün çox təşəkkürlər!
-
Qızım, şükürlər olsun ki, Tanrım səni mənim
qarşıma çıxartdı! İndi get, yat. Hələ
qabaqda gözəl günlərimiz olacaq.
Qaçıb
Səkinə nənənin əlindən tutub otağa getdim.
Yatağa uzandıqda ürəyimin qopan
parçalarının bir-birinə
bağlandığını hiss etdim. Deyəsən, qopub
düşən parçalar geri dönürdü, ya da məni
tərk etməmişdilər. Çox şey istəmirdim ki,
az da olsa, sevgi...
Hər
gün səhər tezdən qalxar, Səkinə nənəmin
yanında dolaşardım, həm də oynayardıq. Bəzən
olardı ki, məni də özü ilə aparıb
sürpriz hədiyyələrlə sevindirərdi. Hər
gün xoşbəxtliklə oyanardım ki, Səkinə nənəmlə
gəzintiyə çıxacağıq! Maqsud babanın
çox işi olurdu deyə, məni tez-tez gəzintiyə
çıxara bilmirdi. Demək olar, bütün
günümü Səkinə nənəmlə keçirər,
əylənərdim. Günlərin necə tez keçdiyini
bilməzdim. Sanki zaman əllərimdən qaçıb
gedirdi. Axşamları Səkinə nənə samovar
çayı hazırlayardı. Maqsud babanın tez-tez
qonaqları gələrdi. Bu dadlı söhbətin
havasında Aşıq Kamandarın səsi gələrdi. Bəzən
olardı ki, səhərə kimi Aşıq Kamandar
çalar, Maqsud baba qonaqları ilə şənlənərdi.
Mən uşaq olduğumdan çox vaxt görə bilmirdim,
çünki tez yatırdım. Siz bilirsinizmi, hüzuru hiss
etmək necə böyük xoşbəxtlikdir? Mən ən
böyük xoşbəxtliyimi tapa bilmişdim. Artıq
yalnız deyildim, çiyinlərimdə özümdən
ağır yük daşımırdım. Maqsud baba və Səkinə
nənənin şirin, dadlı-duzlu söhbətlərini dinləyib
bəzən yuxuya dalardım eləcə.
Bu
böyük xoşbəxtlik bir neçə il davam etdi. Həyatımda
ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə
doldurdu. Bu ocağa sığındığım gündən
bəri mən ən böyük xoşbəxtliyimi
yaşayırdım. Bəzən qorxurdum ki, bu xoşbəxtlik
əllərimdən qaçıb gedəcək. Elə
qaçıb getdi də...
Yenə
bir yay axşamı idi. Səkinə nənə ilə həyətdə
gəzişirdik. Maqsud baba bir neçə günlük
Bakıya gedəcəkdi. Artıq yola
çıxmışdı. Ancaq nədənsə ürəyimdə
böyük bir narahatlıq vardı. Həmişə getməmişdən
qabaq alnımdan öpüb, başıma sığal çəkib
deyərdi ki, "Özünə yaxşı bax, Fəridə,
qızım. Bir gün mən yanında olmaya bilərəm. Məndən
sonra çox göz yaşı tökmə. Bax, Səkinəyə
də, sənə də bərk-bərk tapşırıram!"
Mən isə üzümü turşudar, hətta küsərdim.
Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni
tapmamışdan öncəki halımda idim. O dərin
boşluğu hiss edirdim. Səkinə nənə süfrəni
yığışdırırdı. Yanına
yaxınlaşıb:
- Səkinə
nənə, gəl, mən də sənə kömək edim.
- Yox,
balam, sən otur. Mən özüm edəcəyəm.
Deyəsən,
Səkinə nənə simamdakı narahatlığı hiss
etmişdi. Əlindəkiləri yerə qoyub mənə
yaxınlaşdı.
-
Qızım, nolub? Nəsə narahatlığın var?
Nə qədər
gizlətməyə çalışsam da, alınmadı.
Göz yaşlarımı gizlədə bilmədim.
- Bir az hə.
Maqsud baba çatıbmı, görəsən?
- Gözəl
qızım, bir neçə saatdan sonra çatacaq Bakıya.
Zəng vuracaq. Sən niyə ağlayırsan?
- Bilmirəm.
Səkinə nənə, olarmı sizə sarılsam?
- Can!
Əlbəttə, olar. Gəl!
Səkinə
nənəni bərk-bərk qucaqlayanda bir az
rahatladığımı hiss etdim, ancaq o boşluq keçməmişdi.
Yenə yağış yağacaqdı, çünki göy
üzünü qara buludlar almışdı.
- Gəl,
qızım, keçək içəri. Mən də
süfrəni yığışdırdım artıq.
Əlini ver mənə, Fəridə, keçək içəri.
Səkinə
nənənin əlindən tutub içəri keçdik.
Divana keçib uzandım. Sadəcə, dincəlim deyə,
uzanmışdım, ancaq elə də yuxu aparmışdı
məni.
Bir
neçə saat sonra qəflətən
qışqırıq səsinə oyandım. Səkinə nənənin
hayqırtısını eşitdim. Otaqdan çıxıb,
qaça-qaça həyətə düşdüm. Səkinə
nənə dizlərinə döyə-döyə "Maqsuuud!
Maqsud, bizi niyə qoyub getdin!" - deyə
hayqırırdı. Qaça-qaça yanına gəlib Səkinə
nənənin boynuna atlayıb:
- Səkinə
nənə, Maqsud babama nolub?
- Maqsud
babanı itirdik, qızım! İtirdik!!!!
"İtirdik"
kəlməsi qulaqlarımdan hələ də getməyib.
Gözlərimdəki yaş bir anlıq qurudu.
- Necə
yəni itirdik, Səkinə nənə?
Bu
sözü dedikdən sonra huşumu itirdim. Çox yaşanan
hadisəni xatırlamıram, ancaq xatırladığım tək
şey var. O da Səkinə nənənin "Maqsud babanı
itirdik" sözünü söyləməsi idi. Oyananda
başımın üstündə Səkinə nənənin
saçlarıma sığal çəkərkən
hönkür-hönkür ağladığını
gördüm. Yataqdan qalxıb Səkinə nənənin
göz yaşlarını kiçik barmaqlarımla silməyə
çalışıb dedim:
- Səkinə
nənə, Maqsud babam cənnətəmi getdi?
- Hə,
qızım. Tanrı evinə...
- Bəs
biz? Bizi niyə tək qoyub getdi?
- Gözəl
qızım, Maqsud baban bizim yanımızdan cismani olaraq
ayrılıb. Onun ruhu yenə səninlədir, mənimlədir.
- Bəs
mən indi kimə səhər oyanıb "Sağ-salamat,
Maqsud baba" deyəcəm? Kimdən o dadlı-duzlu söhbətləri
dinləyəcəm?
Bu
sözləri dedikdən sonra dərindən
hönkürtü çəkdim. Artıq taqətim
qalmamışdı. Başımı Səkinə nənənin
çiyinlərinə söykəyib daha da dərindən
ağladım. Bu ağır itkinin ağrısını indi
çiyinlərimdə deyil, bütün vücudumda hiss
edirdim...
İllər,
aylar keçdi. Artıq Maqsud babasız tam 5 il keçirdi. Mənim
15 yaşım vardı. Gənc qız olmuşdum. Artıq
kimsəsiz Fəridə böyüyüb boya-başa
çatmışdı. Bu 15 il ərzində çiyinlərimdə
nə yük daşımışam ki? Mənim ən
böyük yüküm Maqsud babanın itkisi oldu.
Məzarına
gəlib yaxınlaşdım. "Məzar daşı"
sözünü belə deməyə dilim gəlmir! Axı o
ölməyib! Deyəsən, çox danışa bilməyəcəm.
Bir az söhbətləşdikdən sonra qayıdıb evə
gəldim. Evə gəldikdə, Səkinə nənə evdə
yox idi. Nədənsə qəlbim səslədi ki, Maqsud
babanın otağına keçim. Otağa keçdikdə,
"stolunun yanındakı siyirməni açıb şəkillərə
baxaram" - deyə düşündüm. Şəkillərin
altında saralmış köhnə bir məktub
parçası gördüm. Məktubun üstündə
"qızım Fəridəyə"
yazılmışdı. Bu, Maqsud babanın məktubu idi. Məktubu
açıb oxumağa başladım:
Fəridə,
qızım, sən bu məktubu yəqin ki, mən bu
dünyadan köçdükdən sonra oxuyacaqsan. Məni
bağışla, ancaq Tanrı artıq vaxtımın
çatdığını deyir. Getməliyəm. Mən də
getməmişdən öncə düşündüm ki, bu
kiçik məktubu yazıb elə gedim. Bir azdan yola
çıxacam. Başıma nə gələcək? Nə
olacaq? Bilmirəm. İnsan ağır fikirlərlə
yaşadıqda daha tez qocalar. Bunu unutma ki, özünü
ağır fikirlərlə yükləmə. Bu sənə
Maqsud babanın tapşırığıdır!
Səni
heç vaxt kimsənin əlinə qoymayım, qoruyum,
boya-başa çatdırım deyə
düşünürdüm. İndi isə Səkinə nənənlə
birlikdə qalacaqsan. Bəlkə də bu məktubu oxuduqda sən
artıq həddi-buluğa çatmış bir qız
olacaqsan. Səni nə qədər də qorusam, kədərdən,
acıdan qoruya bilmərəm. Qızım, zaman elə qəddardır
ki, bizim bütün sevdiklərimizi əlimizdən alıb
aparır. Səndən yeganə xahişim var ki, güclü
ol! Səkinə nənəni incitməyəcəyindən tam
əminəm, ancaq xahiş edirəm ki, mənim qara xəbərim
gəldikdə ağlamayın. Bu ağrını
yaşamağa artıq dözə bilmərəm...
Əziz
övladım, Maqsud baban səni həmişədən
çox sevib. Həmişə səni göz bəbəyim
kimi qoruyacağıma söz vermişdim! "Əgər bir
gün yanında olmasam, nə edəcəksən, necə bu
insanlarla başa çıxacaqsan?" - deyə
düşündükdə, dərd məni alıb aparır,
amma sonra deyirəm ki, mənim qızım əzmkardır!
Bir azdan
qatar gələcək. Cəfalı Səkinəmlə,
özünə yaxşı bax! Yadından çıxarma ki,
Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!
Məktubda
son cümləni oxuyub bitirdikdə göz yaşlarımın
Maqsud babanın son yazdığı cümləni
islatdığını gördüm. "Maqsud baban səni
heç vaxt unutmur və unutmayacaq da!"
Bir
gün göylərdə görüşərik, Maqsud baba!
Səma MUĞANNA
Ədəbiyyat
qəzeti.- 2024.- 10 avqust, №29-30.- S.28-29.